Məhkəmə qərarları › İş №2(105)-813/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-813/2024

06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-813/2024 06.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , İddiaçı nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, e-2(074)-1023/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi kimi 2000 manat, dövlət rüsumunun əvəzi kimi 40 manat, hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil Bürosuna ödənilmiş 200 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onun qonşusudur və Şamaxı rayonunun Əngəxaran kəndində yaşayırlar. Belə ki, cavabdehlərdən Cavabdeh4 2021-ci ildə Şamaxı Rayon Məhkəməsində ona və qardaşı X1 qarşı iddia tələbi ilə çıxış edərək, əmlaka edilən qəsdlərə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-276/2021 saylı qətnaməsi ilə ona məxsus evin arxasında yerləşən 7 ədəd qoz ağacının çıxarılaraq, başqa yerə köçürülməsi, maddi və mənəvi zərər kimi 804 manat pulun Cavabdeh4 xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, xx.xx.2021-ci il tarixdə icra üçün Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamənin icrası zamanı, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar, 7 ədəd qoz ağacı çıxarılaraq, mütəxəssisin təyin etdiyi digər əraziyə köçürülmüşdür. Həmin 7 ağacın köçürülməsi zamanı, cavabdehin qərəzli tapşırığı nəticəsində, ona məxsus 3 ədəd qoz ağacına zərər yetirilmişdir. Belə ki, həmin ağaclardan birinin kötüyünə zəhərli maddə tökülmüş və ağac qurumağa başlayaraq, inkişafdan dayanmış və bar verməmişdir. Digər 2 ədəd qoz ağacı isə məhkəmə qətnaməsinə zidd olaraq, cavabdehlər tərəfindən qərəzli şəkildə kəsilmişdir. Beləliklə, ona 2000 manat maddi zərər vurulmuşdur. Şamaxı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, e-2(074)-1023/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Fərid Yaqubov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, e-2(074)-1023/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİ VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ İddiaçı iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti vermiş, həmçinin qeyd etmişdir ki, onun tərəfindən məhkəmə araşdırması zamanı müvafiq olaraq mütəxəssis rəyi və ağacların kökünə tökülmüş “Uraqan-Forte” adlı kimyəvi dərmanın tərkibi ilə bağlı sübut təqdim edilmişdir.Bundan əlavə məhkəmə onun iddia tələbini sübut edəcək hər hansı dəlili olmamasını qeyd etsə də, onun tərəfindən video-görüntü və ağacların müxtəlif mövsümlərdə çəkilmiş şəkilləri sübut qismində təqdim edilmişdir. Cavabdeh1 apellyasiya şikayətinə etiraz vermiş və onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində əsl cavabdeh olan şəxsləri müəyyən edib işə cəlb etməmişdir.İddiaçının qaldırdığı iddia Şamaxı Rayon Məhkəməsinin 2(074)-276/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar qisas məqsədilə qaldırılmış iddia idi. Ən azından cavabdehlar sırasında olan onun həyat yoldaşı ve övladlarının video görüntüdə hansınınsa görünməsi əks olmamışdır. O özü də həmin görüntüdə yoxdur. Belə olan halda keçiriləcək ve alınacaq ekspert rəyi ilə müəyyən olunacaq zərərin əvəzinin hansı cavabdehdən tutulması müəyyən edilmir. Onlar orada olmaya-olmaya, onlardan zərərin əvəzi tutula bilməz. Video-görünütüdə də görünür ki, orada olan şəxslər iddia ərizəsində olan cavabdeh olacaq şəxslər deyil. Heç orada qadın cinsindən olan şəxs də yoxdur. Amma iddiada cavabdeh olan şəxslər sırasında onun həyat yoldaşı Cavabdeh2 da göstərilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan qanuni qüvvəyə minmiş Şamaxı Rayon Məhkəməsinin 2(074)- 276/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh4 cavabdehlər X4 və İddiaçı qarşı əmlaka edilən qəsdlərə cavabdehlər tərəfindən son qoyulmasına dair iddiası qismən təmin edilərək, cavabdehlər X4 və İddiaçı tərəfindən əmlaka edilən qəsdlərə son qoyulması, onların həyətində iddiaçı Cavabdeh4 məxsus evin arxasında əkilmiş 7 ədəd qoz ağaclarının çıxarılaraq, başqa yerə köçürülməsi, cavabdehlər X4 və İddiaçı müştərək qaydada 804 manat maddi ziyanın əvəzinin alınaraq, iddiaçı Cavabdeh4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tərəflərin, o cümlədən borclu İddiaçı, hal şahidlərinin və mütəxəssisin iştirakı ilə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-276/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar, "xxxx" MMC-nin nümayəndələri tərəfindən 7 ədəd qoz ağacı çıxarılaraq, mütəxəssisin müəyyən etdiyi digər əraziyə köçürülmüşdür. İcra zamanı hər hansı hadisə və ya insident baş verməmişdir. Tərəflərə hüquq və vəzifələri izah olunmuş, borcluya icra sənədində göstərilən tələbkarın əmlakına qəsd edilməsi ilə tələb izah olunaraq, məsuliyyət elan edilmiş, tərtib edilmiş akt ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarından göründüyü kimi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-276/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar, xx.xx.2023-cü il tarixdə baş tutmuş icra hərəkətləri zamanı, qoz ağacları çıxarılaraq, mütəxəssisin müəyyən etdiyi digər əraziyə köçürülmüş, icra zamanı hər hansı hadisə baş verməmiş və həmin zaman borclu İddiaçı heç bir etirazını bildirməyərək, tərtib edilmiş aktın doğruluğunu imzası ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı məhkəmə qətnaməsinin icrası ilə əlaqədar, 7 ədəd qoz ağacının köçürülməsi zamanı, ona məxsus 3 ədəd qoz ağacına zərər yetirildiyini, digər 2 ədəd qoz ağacının isə cavabdehlər tərəfindən kəsildiyini göstərsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddiaçı iddianı qaldırarkən, konkret şəxsin mübahisəli hüquq münasibəti üzrə vəzifələr daşıdığını güman edir və onu cavabdeh kimi göstərir. İddia ərizəsindən görünür ki, cavabdeh kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 göstərilsə də, konkret şəxsin mübahisəli hüquq münasibəti üzrə hansı vəzifələr daşıdığı birinci instansiya məhkəməsi üçün aydın deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə nəticə etibari ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Lakin iş materialları ilə də müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən ona məxsus 3 ədəd qoz ağacına cavabdehlər tərəfindən zərər yetirilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının apellyasiya şikayətində iddia tələbini sübut edəcək video-görüntünün olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, video-görüntülər ilə ağacların dibinə məhz “Uraqan-Forte” adlı kimyəvi maddənin tökülməsi, qeyd edilən hərəkətlərin cavabdehlər tərəfindən edilməsi sübut edilmir. Həmçinin birinci instansiya məhkəməsinə video-görünütünü təqdim edən iddiaçının nümayəndəsi və vəkili də ağacların dibinə kimyəvi maddəni tökən şəxslərin şəxsiyyətini müəyyən edə bilmədiklərini etiraf etmişdir (i/v 105). Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda cavabdeh apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, e-2(074)-1023/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar