Məhkəmə qərarları › İş №2(105)-813/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-813/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-813/2025 17.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh3 hüquqi varisi X3 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əsas borcun və hesablanmış faizlərin tutulması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(026)-338/2015 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC-nin Cavabdeh1 ilə aralarında bağlanmış 06 mart 2012-ci il tarixli 4210-ŞM saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 30 faiz olmaqla 5000 manat kredit verilmişdir.

2. İddiaçı ASC-nin Cavabdeh2 Xanış oğlu və Cavabdeh3 ilə aralarında bağlanmış 06 mart 2012-ci il tarixli 4210-ŞM saylı zaminlik müqaviləsinin surətindən görünür ki, borclu Cavabdeh1 bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazımınca icra etmədikdə zaminlər Cavabdeh2 və Cavabdeh3 tam həcmdə birgə məsuliyyət daşıyır.

3. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 4242.32 manat əsas borcu, 2687.44 manat faiz borcu və 2000 manat dəbbə borcu qalmışdır.

4. İddiaçı ASC-nin xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi üçün Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun, kredit üzrə yığılmış faizlərin və cərimə borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Qobustan Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(026)-338/2015 nömrəli qətnaməsi ilə (hakim Qalib Hacıyev) iddia təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4242,32 manat əsas borc, 2687,44 manat faiz borcu və 500 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı ASC-yə verilməsi qət edilmişdir.

7. Qobustan Rayon Məhkəməsinin Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 28 sentyabr 2015-ci il tarixli məktubdan görünür ki, Qobustan Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(026)-338/2015 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi icra edilməsi üçün Qobustan rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.

8. Qobustan rayon İcra və probasiya şöbəsinin 01 oktyabr 2015-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(026)-338/2015 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icraata başlanılmışdır.

9. Cavabdeh3 11 mart 2025-ci il tarixində ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Qobustan Rayon Məhkəməsinin 2(026)-338/2015 saylı qətnaməsinin surətinin ona verilməsini xahiş etmişdir.

10. Qobustan Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli məktubu ilə Qobustan Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(026)-338/2015 saylı qətnaməsinin surəti Cavabdeh3 göndərilmişdir.

11. Bundan sonra 10 aprel 2025-ci il tarixdə cavabdeh Ağayev X4 Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(026)-338/2015 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermiş, ərizədə Qobustan Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(026)- 338/2015 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Qobustan Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(026)-338/2025 nömrəli qərardadı ilə (hakim Samir Mayılov) ərizə təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 14 avqust 2015-ci il tarixli, 2(026)-338/2015 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət Cavabdeh3 münasibətdə bərpa edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ona aid olan hissədə ləğv edilib rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamənin ümumiyyətlə mövcudluğundan məlumatı olmamışdır. Nə ona rəsmi bildiriş gəlmiş, nə də xəbərdar edilmişdir. Yalnız mart ayında ona bildirilmişdir ki, onun pensiyasından qətnaməyə əsasən tutulma olacaqdır. Maraqlandıqda məlum olmuşdur ki, Qobustan Rayon Məhkəməsində 2015-ci il tarixdə əleyhinə qətnamə çıxmışdır. Həmin qətnamədən məlumatlı olmadığndan ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmiş və qətnamə rəsmi şəkildə onu almadığı üçün 12 mart 2025-ci il tarixdə ünvanına göndərilsə də, ona rəsmi şəkildə poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə verilmişdir. O, qətnamə ilə razı deyil, çünkü Cavabdeh1 06 mart 2012-ci il tarixdə İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq bankdan 5000 manat kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə onunla Bank arasında 06 mart 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit 2 il müddətinə bağlanmışdır. Həmin kredit müqaviləsinin üzərindən 13 ildən yuxarı müddət keçsə də o, 2025-ci ilin mart ayında pensiyasından tutulma olan zaman bilmişdir ki, kredit müqaviləsi üzrə ondan pul tutulub. Halbuki icrası müddəti müəyyənləşdiurilmiş öhdəliklər üzrə zaminə qarşı öhdəliyin icra müddəti başa çatdıqdan sonra 1 il müddətində tələb irəli sürülməzsə o zaman zaminliyə xitam verilir. Ona Royalbank nə bir bildiriş, nə bir sənəd göndərməmiş, eyni zamanda da məhkəmədən bildiriş gəlmədiyindən o, rəsmi müraciət edən zaman qətnamənin almadığından həmin qətnamə işin içərisində qəbzdə mövcud olmuş və həmin qətnamənin ona verilməsi təmin edilmişdir. Belə olan halda icrası müddəti müəyyənləşdirilmiş öhdəlik üzrə 13 il sonra tələbin irəli sürülməsi zaminliyin xitamı üçün birbaşa əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə etirazda qeyd edilmişdir ki, cavabdeh apellyasiya şikayətində kredit müqaviləsinin müddətindən 13 il keçməsinə əsaslanaraq zaminliyə xitam verilməsinə əsaslanır. Lakin cavabdeh həmin müddətin 1 illik müddətin məhkəmədə kreditorun iddia qaldırmaq hüququ olduğunu nəzərə almamışdır. Belə ki, kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixə yaranmış borca görə iddiaçı LPO İddiaçı ASC tərəfindən 1 illik iddia müddəti ötürülmədən iddia qaldırılmış və həmin iş üzrə qətnamə qəbul edilmişdir. İcra vərəqi üzrə icraatın 13 il davam etməsi, zaminliyin xitamına əsas deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2, 367.2 və 384.0.1-ci maddələrini rəhbər tutaraq Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Qobustan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(026)-338/2015 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 hüquqi varisi X6 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

22. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

23. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

24. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

25. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.4. Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılır.

26. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

27. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

29. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

30. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

33. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 aid hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

36. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh3 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Cavabdeh3 Cavabdeh3 hüquqi varisi qismində tanınmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh3 aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir.

38. İddiaçı ASC 02 iyun 2015-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun, kredit üzrə yığılmış faizlərin və cərimə borcunun tutulması xahiş etmişdir.

39. Birinci instansiya məhkəməsi iddianı təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4242,32 manat əsas borc, 2687,44 manat faiz borcu və 500 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı ASC-yə verilməsi qət edilmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh (zamin) Cavabdeh3 münasibətdə təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

41. İşdə olan İddiaçı ASC-nin Cavabdeh1 ilə aralarında bağlanmış 06 mart 2012-ci il tarixli 4210-ŞM saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 30 faiz olmaqla 5000 manat kredit verilmişdir. İddiaçı ASC-nin Cavabdeh2 Xanış oğlu və Cavabdeh3 ilə aralarında bağlanmış 06 mart 2012-ci il tarixli 4210-ŞM saylı zaminlik müqaviləsinin surətindən görünür ki, borclu Cavabdeh1 bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazımınca icra etmədikdə zaminlər Cavabdeh2 və Cavabdeh3 tam həcmdə birgə məsuliyyət daşıyırlar.

42. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

43. Məhkəmə kollegiyası hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 06 mart 2014-cü il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan vaxtında istifadə etməmiş və bu müddətdə zamin Cavabdeh3 qarşı heç bir tələb irəli sürülməmiş, yalnız 02 iyun 2015-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

44. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.

45. Digər tərəfdən, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılması işdən müəyyən olunmamışdır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı zaminə qarşı Mülki Məcəllənin 477.0.4cü maddəsində nəzərdə tutulmuş müddət ötürülməklə məhkəməyə müraciət etdiyindən və zaminliyə xitam verilməli olduğundan, iddia tələbinin Cavabdeh3 (zamin) münasibətdə təmin edilməsi əsassız olmuşdur. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin zaminlə bağlı iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir.

47. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

48. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış halarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Qobustan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(026)-338/2015 nömrəli qətnaməsi qismən – Cavabdeh3 aid hissədə ləğv olunaraq həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və həmin hissədə iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(026)-338/2015 nömrəli qətnaməsi qismən – Cavabdeh3 aid hissədə ləğv olunsun və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar