Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-816/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi , İddiaçı QSC BOKT-nın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması tələbinə dair” mülki iş üzrə Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(068)-34/2024 nömrəli qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Xızı Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(068)-34/2024 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən iddiaçının xeyrinə 1343,47 manat əsas borc, 35,70 manat faiz borcu olmaqla cəmi 1379,17 manat məbləğində kredit borcunun və ödənilmiş 33,80 manat dövlət rüsumu əvəzinin müştərək qaydada tutulması tələbinə dair iddiası təmin edilməmişdir (hakim İlqar Cabbarov). Qətnamədən İddiaçı QSC BOKT apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 1343,47 manat əsas borc, 35,70 manat faiz borcu olmaqla cəmi 1379,17 manat kredit borcunun və ödənilmiş 33,80 manat dövlət rüsumu əvəzinin müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 12 fevral 2014-cü il tarixli, 0101 saylı “Birgə borclularla kredit müqaviləsi” bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən heyvandarlıq məqsədilə cavabdehlərə illik 27 faizlə, 24 ay müddətinə, cəmi 3500 manat (Cavabdeh2 1500 manat, Cavabdeh1 və Cavabdeh3 hərəsinə 1000 manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən birgə borclular qrupunun hər biri kredit məbləğini qəbul etməyi, bu müqavilədə göstərilən şərtlər daxilində borcu və hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduqları kredit borclarının ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə 04 dekabr 2023-cü il tarixinə iddiaçıya 1343,47 manat əsas borc və 35,70 manat faiz borcu olmaqla cəmi 1379,17 manat borcu yaranmışdır. Bank ilə cavabdehlər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Birinci instansiya məhkəməsində işə sadələşdirilmiş icraat qaydasında baxılarkən cavabdehlər tərəfındən məhkəməyə iddia müddətinin tətbiqi barədə birgə ərizə göndərilmişdir. Məhkəmə iddiaçı "Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının iddia müddəti ötürüldükdən sonra iddia tələbi ilə məhkəməyə müraciət etdiyi qənaətinə gələrək, cavabdehlərin isə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə göndəmələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək, Xızı Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e-2(068)-34/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı "Aqrarkredit” QSC BOKT apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından müəyyən olunur ki, "Aqrarkredit” QSC-nin Bakı fılialı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 va Cavabdeh1 arasında 12 fevral 2014-cü il tarixli 0101 saylı "Birgə borclularla Kredit Müqaviləsi” bağlanmışdır. Kredit müqaviləsinə əsasən heyvandarlıq məqsədilə Cavabdeh2 1500 manat, Cavabdeh3 1000 manat və Cavabdeh1 1000 manat illik 27% tətbiq edilməklə 24 ay müddətinə, toplamda 3500 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfındən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında malumat verilmiş və onların tez bir zamanda ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin cavabdehlər öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişlər. Belə olduğu təqdirdə borc tələbinin cavabdehlərdən tutulmasına dair məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozmaqla işə baxmış, cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə kifayətlənmiş, lakin iddia müddətinin keçib-keçməməsini dəqiq araşdırmamışdır. Belə ki, apellyasiya şikayətinə əlavə ediləcək hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə 2018, 2019, 2021-ci illərdə mütəmadi olaraq ödənişlər edilib. Son ödəniş xx.xx.2021-ci il tarixdə 400 (dörd yüz) manat məbləğində Cavabdeh2 tərəfindən icra edilmişdir. Lakin məhkəmə cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə iddiaçını tanış etməmiş, yaxud iddiaçını məhkəməyə həmin məzmunda müraciətin daxil olması barədə məlumatlandırmaqla münasibət bildirilməsini təklif etməmişdir. Bununla iddiaçı müvafiq sübutları birinci instansiya məhkəməsinə təqdim etmək imkanından məhrum olmuşdur. Hazırkı apellyasiya şikayətinə əlavə ediləcək sənədlər təsdiq edir ki, "AqrarKredit” QSC tərəfındən cavabdehlərə qarşı iddia verilməsi üçün qanunda nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Ona görə də hesab edir ki, Xızı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(068)-34/2024 saylı qətnaməsi məhkəmə tərəfındən işin faktiki halları tam, obyektiv va hərtərəfli araşdırılmadığına görə ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. MPM-in 394-1.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə kollegiyası iş üzrə əlavə araşdırma aparılmasına zərurət olduğunu nəzərə alaraq işə şifahi icraat qaydasında baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC BOKT-nın nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, əlavə təqdim etdiyi sənədlər nəzərə alınmaqla apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin qeyd etdi ki, “birgə borclular” qrupunun rəhbəri Cavabdeh2 olduğundan kredit müqaviləsi üzrə maliyyə əməliyyatlarının aparılması üçün bank hesabı onun adına açılmış, digər iki borclunun da ödəmələri həmin hesab vasitəsilə aparılmışdır. Buna görə hesabdan çıxarış da Cavabdeh2 adına tərtib olunmuşdur. BOKT tərəfindən 2019-cu ildə Cavabdeh2 ərizələrinə əsasən ona verilmiş cavab məktublarında onun kredit müqaviləsi üzrə öz öhdəliklərini tam yerinə yetirməsi, yəni ona verilmiş 1500 manat kredit məbləğini hesablanmış faizlərlə birlikdə gecikdirmə olmadan tam qaytarması göstərilmişdir. Lakin həmin məktublardakı məlumat digər iki borcluya aid olmamışdır. Buna baxmayaraq onlar “birgə borclular” olduğundan qalan kredit borcu eyni dərəcədə Cavabdeh2 da aiddir və BOKT qalan borcu “birgə borclular”ın hər üçündən tələb etmişdir. Apellyasiya məhkəməsinə təqdim olunan hesabdan çıxarışdan və kassa mədaxil orderindən görünür ki, BOKT-yə axırıncı dəfə xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adından 400.0 manat ödəniş edilmişdir. Həmin orderdən həmçinin görünür ki, ödəmə Cavabdeh3 borcuna aid olmuşdur. Ondan əvvəl kredit borcundan xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2018-ci il tarixdə 150 manat və s. ödənişlər edilmişdir. Qanunvericiliyə uyğun olaraq hər dəfə iddia müddətinin axımı axırıncı ödənişin tarixindən təzələnmişdir. Ona görə də iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahat və çıxışını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Xızı Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e-2(068)-34/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 12 fevral 2014-cü il tarixli, 0101 saylı “Birgə borclularla kredit müqaviləsi”nə əsasən cavabdehlərə illik 27 faizlə 24 ay müddətinə, cəmi 3500 manat məbləğində kredit ayrılmışdır. Müqavilədən və kassa məxaric orderlərindən həmçinin görünür ki, həmin məbləğdən Cavabdeh2 1500 manat, Cavabdeh3 1000 manat və Cavabdeh1 1000 manat verilmişdir. İşdə olan maliyyə arayışına əsasən, cavabdehlərə (birgə borclulara) cəmi 3500 manat məbləğində kredit verilmiş, həmin kredit üzrə əsas borcdan 2156,53 manat, faiz borcu 1764,47 manat ödənilmiş, cavabdehlərin 04 dekabr 2023-cü il tarixə iddiaçıya 1343,47 manat əsas və 35,70 manat faiz borcu olmaqla cəmi 1379,17 manat kredit borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 33,80 manat, apellyasiya şikayətinin verilməsi üçün 17,0 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş 06 noyabr 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehlərə 10 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş hesabdan çıxarış və kassa mədaxil orderindən görünür ki, İddiaçı QSC BOKT-yə 0101 saylı BBQ (birgə borclular qrupu) tərəfindən axırıncı dəfə xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adından (Cavabdeh3 borcu ilə əlaqədar) 400.0 manat ödəniş edilmişdir. İşdən göründüyü kimi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 12 fevral 2014-cü il tarixli “birgə borclularla kredit müqaviləsi”nə əsasən İddiaçı QSC BOKT-dan kredit götürmüş, lakin müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, bu səbəbdən kredit təşkilatına əsas və faiz borcları yaranmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək əsas və faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Cavabdehlər məhkəməyə ərizə göndərərək, mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi əsası ilə iddianın təmin edilməməsini xahiş etmişlər. Cavabdehlərin ərizəsi onu ehtiva edir ki, onlar iddiaçıya borclu olduqlarını qəbul edir və borcun məbləğini mübahisələndirmirlər, bununla belə, iddia müddətini ötürülmüş hesab edərək həmin müddətin tətbiq olunmasını və iddia müddətinin keçməsi əsası ilə iddianın təmin olunmamasını xahiş edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 372-ci maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həm iş materialları ilə, həm də iddiaçının apellyasiya şikayəti və nümayəndəsinin apellyasiya baxışı iclasında verdiyi izahatla təsdiq olunur ki, birinci instansiya məhkəməsi cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsinin surətini tanış olmaq üçün iddiaçıya göndərməmiş, nə də iddiaçını məhkəməyə həmin məzmunda müraciətin daxil olması barədə məlumatlandırmaqla münasibət bildirilməsini təklif etməmişdir. Ona görə də iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etməsinə zərurət olmamışdır. Məhkəmə iddia müddətini tətbiq etməklə iddianı rədd edəndən sonra həmin sübutların artıq apellyasiya məhkəməsinə təqdim olunmasına zərurət yaranmışdır. Beləliklə, iddiaçının müvafiq sübutları birinci instansiya məhkəməsində icraat zamanı təqdim etməsinin mümkün olmaması ondan asılı olmayan səbəblərdən irəli gəlmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi yeni sübutları iş materiallarına əlavə edərək digər sübutlarla birgə tədqiq etmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə müvafiq olaraq, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bu normanın mahiyyəti baxımından konkret halda birgə borclulardan birinin xx.xx.2021-ci il tarixdə kredit borcundan ödəniş etməsi ilə iddia müddətinin axımı həmin tarixdən yenidən başlanmış, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə veriləndə iddia müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi isə BOKT tərəfindən 2019-cu ildə Cavabdeh2 ərizələrinə əsasən ona verilmiş cavab məktublarına və cavabdehlərin iddia müddətinin tətbiqi barədə birgə ərizəsinə istinadən iddia müddətinin axımını 2019-cu ilin iyul-avqust ayından hesablamışdır. Halbuki, Cavabdeh2 verilmiş cavab məktublarındakı məlumatlar yalnız onun özünə aid olmuş və onun kredit müqaviləsi üzrə öz öhdəliklərini tam yerinə yetirməsini, ona verilmiş 1500 manat kredit məbləğini hesablanmış faizlərlə birlikdə gecikdirmə olmadan tam qaytarmasını təsdiqləmiş, digər iki borcluya aid olmamışdır. xx.xx.2021-ci il tarixli kassa mədaxil orderindən isə görünür ki, həmin orderlə edilən 400 manat ödəniş Cavabdeh3 borcundan olmuşdur. Mülki Məcəllənin 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 503-504-cü maddələrinə görə, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Birgə borclulardan biri ilə bağlı faktlardan yalnız həmin şəxs barəsində istifadə edilə bilər. Həmin Məcəllənin 509-cu maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən, əgər borclulardan birinin ödəniş qabiliyyəti olmazsa, ona düşən pay ödəniş qabiliyyətli bütün digər borclular arasında mütənasib surətdə bölüşdürülür. Həmin Məcəllənin 512-ci maddəsinə əsasən, birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur. Beləliklə, istinad edilən normalara və işin müəyyən edilmiş hallarına əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir və birinci instansiya məhkəməsinin iddia müddətinin keçməsi barədə qənaəti əsassız olmuş, məhkəmə iddia müddəti tətbiq etməklə iddia tələbini rədd etməkdə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunvericiliyin müddəalarından göründüyü kimi, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borcun ödənilməmiş qalan hissəsini (1343,47 manat) və ona hesablanmış faiz borcunu (35,70 manat) tələb etməkdə haqlıdır. Ona görə iddia təmin edilməlidir. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iddia müddətini ötürülmüş hesab etməkdə və iddia müddəti tətbiq etməklə iddia tələbini rədd etməkdə düzgün olmayan nəticəyə gəlmiş, mübahisənin həllinə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Mülkü Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. MPM-in 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.5-ci maddəsinə görə isə, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "Aqrarkredit” X5 Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xızı Rayon Mahkemesinin xx.xx.2024-cü il tarixli, e-2(068)-34/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 1343,47 manat əsas borc və 35,70 manat faiz borcu olmaqla cəmi 1379,17 manat (bir min üç yüz yetmiş doqquz manat 17 qəpik) məbləğində kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş cəmi 50,80 manat (əlli manat 80 qəpik) dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq iddiaçı "Aqrarkredit” X5 Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-816/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-816/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver