Məhkəmə qərarları › İş №2(105)-817/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-817/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-817/2024 22.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, öhdəliyin icrası müddəti, iddia müddətinin tətbiqi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(068)-24/2024 nömrəli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra-İddiaçı QSC) Bakı filialı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında 13 iyun 2013-cü il tarixli 39 saylı “Birgə borclularla” kredit müqaviləsinə əsasən cavabdehlərə illik 27 % tətbiq edilməklə, 24 ay müddətinə hər birinə 1000 ( bir min) manat olmaqla, 3000 (üç min) manat məbləğində kredit verilmişdir.

2. Maliyyə arayışına əsasən cavabdehlərin 04 dekabr 2023-cü il tarixinə iddiaçıya 2022,44 manat əsas borc, 19,67 manat faiz borcu olmaqla, cəmi 2042,11 manat borcu vardır.

3. 06 noyabr 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehlərə 10 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, əks təqdirdə məhkəməyə müraciət edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 2022,44 manat əsas borc, 19,67 manat faiz borcu olmaqla, cəmi 2042,11 manat borcun və ödənilmiş 40,43 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 13 iyun 2013-cü il tarixli, 39 saylı birgə borclularla kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən heyvandarlıq məqsədilə cavabdehlərin hər birinə 1000 manat olmaqla, illik 27 faizlə 24 ay müddətinə, cəmi 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən birgə borclular qrupunun hər biri borcu qəbul etməyi, bu Müqavilədə göstərilən göstərilən şərtlər daxilində borcu və hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürür. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehlərin kredit müqaviləsi üzrə 04 dekabr 2023-cü il tarixinə iddiaçıya 2022,44 manat əsas borc, 19,67 manat faiz borcu olmaqla, cəmi 2042,11 manat borcu yaranmışdır. Bank ilə cavabdehlər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

6. Xızı Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(068)-24/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Cabbarov) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 13 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından kredit götürmüş, lakin müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirməmiş, bu səbəbdən banka əsas və faiz borcları qalmışdır. Buna görə iddiaçı əsas və faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edib. Cavabdehlər məhkəməyə ərizə göndərərək, mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə ərizəni nəzərə almış və göstərmişdir ki, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Ona görə də məhkəmə iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 385.1, 372.1, 372.2, 373.2, 375.2, 739.1, 739.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-1, 284-6-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Bakı filialı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında 13 iyun 2013-cü il tarixli 39 saylı “Birgə borclularla” kredit müqaviləsi bağlanması və müqavilə əsasında cavabdehlərə illik 27 % tətbiq edilməklə, 24 ay müddətinə hər birinə 1000 ( bir min) manat olmaqla, 3000 (üç min) manat məbləğində kredit verilməsi işin mübahisəsiz halıdır. Cavabdehlər kredit vəsaitini əldə etsələr də, banka olan borclarını ödəməmişlər. İddiaçı tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və borcun tez bir zamanda ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin cavabdehlər öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişlər. Nəticədə borcun cavabdehlərdən tutulmasına dair məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla işə baxmış, cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə kifayətlənmişdir. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmiş, işə baxmış məhkəmə də bunu qəbul etməklə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsaslanmaqla kifayətlənmiş, işin hallarının obyektiv araşdırılmasına təşəbbüs göstərməmişdir. Bundan başqa apellyasiya şikayətinə əlavə ediləcək hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixdə E-manat ödəmə terminalı vasitəsi ilə 20 (iyirmi) manat məbləğində kredit ödənişi icra edilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 394-1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 372. İddia müddəti anlayışı.

372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.

Maddə 375. İddia müddətinin tətbiqi.

375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Maddə 377. İddia müddətinin başlanması.

377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Madə 739.1. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MMin 740-cı maddəsi).

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3-cü maddəsinə görə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

15. Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

19. Araşdırılan işdən müəyyən edilir ki, hazırkı iş üzrə tərəflər arasında 13 iyun 2013-cü il tarixli, 39 saylı “Birgə borclularla” kredit müqaviləsi bağlanması və müqavilə əsasında cavabdehlərə illik 27 % tətbiq edilməklə, 24 ay müddətinə hər birinə 1000 ( bir min) manat olmaqla, 3000 (üç min) manat məbləğində kredit verilməsi habelə sonuncuların müqavilə üzrə əldə etdikləri vəsaiti qrafik üzrə düzgün ödəməmələri, nəticədə iddiaçıya borclu olmaları işin mübahisəsiz halıdır.

20. Kollegiya qeyd edir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

21. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir.

22. Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyil, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni, müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

23. Araşdırılan işin faktiki hallarından göründüyü kimi iş üzrə cavabdehlər iddia tələbini borca münasibətdə mübahisələndirməmiş, yalnız iddia müddətinin tətbiqi barədə ərizə verməklə hazırkı iş üzrə iddiaçının iddia tələbi üzrə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməsini qeyd etmişlər. İşə baxan məhkəmə həmin ərizəyə münasibət bildirmiş və qeyd olunan əsaslan iddia tələbini rədd etmişdir ki, məhkəmə kollegiyası bu mövqeyi işin faktiki hallarına uyğun və əsaslı hesab edir.

24. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «... iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı».

25. Məlum olduğu kimi, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

26. Qeyd olunanları hazırkı işə tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında kredit müqaviləsi 13 iyun 2013-cü il tarixində 24 ay müddətində bağlanmışdır.

27. Müqavilənin qüvvədə olduğu müddət 13 iyun 2015-ci il tarixində bitmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edildiyindən iddiaçı cavabdehlərdən borcu 13 iyun 2018-ci ilə qədər tələb edə bilərdi. Lakin iddiaçı məhkəməyə 18 dekabr 2023-cü ildə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən hazırkı mübahisə üzrə iddia müddətinin ötürülməsi öz təsdiqini tapmışdır.

28. Apellyasiya instansiya məhkəməsi izah etmişdir ki, Mülki Məcəllənin 380.1-ci maddəsində göstərilən hallar yalnız iddia müddəti bitmədən baş verdikdə iddia müddətinin axımı kəsilə bilər.

29. Kollegiya iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi hesabdan çıxarışla bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin sənədə istinad edərək Cavabdeh3 hesabına xx.xx.2023-cü il tarixdə 20 manat məbləğində ödəniş edilməsini və bununla da iddia müddətinin ötürülməməsini bildirir ki, onun bu barədə dəlili mötəbər hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən ödənildiyi iddia edilən ödəniş məbləğinin icra tarixi artıq həmin kredit müqaviləsi üzrə iddia müddətinin bitməsindən (xx.xx.2018-ci il) sonrakı tarixə təsadüf etmişdir.

30. Kollegiya bildirir ki, kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarının 31-33-cı səhifələrdəki ərizədən də göründüyü kimi cavabdehlər ayrı-ayrılıqda iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(068)-24/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar