Məhkəmə qərarları › İş №2(105)-819/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-819/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-819/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma, iddia müddəti) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-551/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2022-ci il tarixli, TT**********89638100 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 38100 manat məbləğində pul köçürülmüşdür.

2. xx.xx.2022-ci il tarixli, TT**********62841000 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 41000 manat məbləğində pul köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 79100 manat pul vəsaitinin, dövlət rüsumu üçün ödənilmiş 327 manatın ümumilikdə 79427 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə Kapital Bank vasitəsi ilə bank qəbzi əsasında 38100 manat, xx.xx.2022-ci il tarixdə Kapital Bank vasitəsi ilə bank qəbzi əsasında 41000 min manat, ümumilikdə 79100 manat pul vəsaiti "xxxx" MMC-nin direktoru vəzifəsində işləməsi ilə bağlı etibar edərək, cavabdehə məxsus şirkətin və daimi gəlirləri olmasını nəzərə alaraq, külli miqdarda rəsmi qəbzlər əsasında borc pul vəsaiti verilmişdir. Cavabdehin borcunun olmasına dair, əlyazma ilə yazılmış möhürlü ərizəsi vardır. Cavabdeh ilə iddiaçı arasında olan razılaşmaya əsasən, ümumilikdə 79100 manat pul məbləğini geri qaytaracağına dair razılaşma olmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtı-vaxtında yerinə yetirməmiş qeyd olunan pul külli miqdarda vəsaitini geri qaytarmaqdan qəsdən boyun qaçırmışdır. Hazırda cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında İddiaçı öz vəkili və nümayəndəsinin izahatına uyğun izahat vermişdir.

6. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, sözügedən 38000 və 41000 manat məbləğləri Kapital Banka olan ipoteka kreditinin faiz və gecikdirilmiş cərimə məbləğinə ödənilmişdir. Bundan əlavə qeyd edir ki, AR MPM-nin 739.2-ci maddəsinə əsasən, borc məbləği 3000 manatdan yuxarı olduqda yazılı qaydada müqavilə bağlanılmalıdır. Lakin göründüyü kimi tərəflər arasında heç bir yazılı müqavilə yoxdur. Bu səbəbdən də, bu əhəmiyyətsiz əqd hesab edilməlidir. Əhəmiyyətsiz əqdlərdə iddia müddətinin 1 il olduğu nəzərə alınsa, iddia ərizəsi 2023-cü ilin may ayınadək verilə bilərdi. Bundan əlavə iddia əsl cavabdehə qarşı, yəni Kapital Banka qarşı yönəlməmişdir. Burada cavabdehin məqsədi əsassız varlanma deyildir, banka olan borcun ödənilməsidir. Yəni sözügedən məbləğlər cavabdehə deyil, banka ödənilmişdir. Bundan başqa AR Mülki Məcəlləsinin öhdəliklə bağlı 385 və 442-ci maddələri bu münasibətə tətbiq edilə bilməz. Belə ki, burada cavabdehin heç bir öhdəliyi yoxdur. Odur ki, qeyd edilənlərə əsasən, o, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmədə şahid qismində ifadəsi alınmış Şahid1 ifadəsində bildirmişdir ki, o, 2019-2023-cü illərdə Cavabdeh şirkəti olan "xxxx" MMC-də işləmişdir. Bu şirkət dayanacaqlar, köşklərin istehsalı məşğul olmuşdur. Lakin sonradan İddiaçı gələrək, "xxxx" MMC-nin ləğv edilərək, MMC Yapı formasına keçəcəyini bildirmişdir. İddiaçı tərəf bununla bağlı şirkətdə bir neçə ay qalmışdır. Həmin müddət ərzində şirkət İddiaçı, istehsal isə Mayıs adlı şəxsə tapşırılmışdır. Bundan əlavə o, 2-3 aydır ki, əmək haqqını almamışdır. Bu səbəbdən şirkət tərəfindən ona 1800 manat məbləğində pul verilmişdir. Bu zaman otaqda Cavabdeh olub-olmadığını dəqiq xatırlamır.

8. Məhkəmədə şahid qismində ifadəsi alınmış Şahid2 ifadəsində bildirmişdir ki, o, Cavabdeh şirkəti olan "xxxx" MMC-də 2019-2022-ci illərdə mühəndis olaraq işləmişdir. O, ilk əvvəl İddiaçı bir sifarişi ilə bağlı tanımış, daha sonra da şirkətdə görmüşdür. Belə ki, artıq Cavabdeh işçilərin maaşını verə bilmirdi. Bu dövrdə 2022-ci ilin aprel-may aylarında o, ofisə gələrkən İddiaçı görmüş və artıq şirkətin idarəsini İddiaçı davam etdirəcəyi deyilmişdir. Onu da bildirir ki, İddiaçı ona verilməli olan 4000 manatın 200 manatını ona Kafedə vermiş, qalan 3800 manatını isə ofisdə vermişdir. O, pulları alarkən Cavabdeh da orada olmuşdur. Onu da bildirir ki, həmin dövrdə şirkət Türkiyədən avadanlıqlar almışdır və buna görə də şirkətin çox borcu var idi. Bundan sonra şirkət Kapital Bankdan kredit götürmüşdür. Bununla əlaqədar Kapital Bankın kredit şöbəsinin əməkdaşı da şirkətə gəlmişdir. O, İddiaçı şirkətin kreditinə görə banka ödəniş etdiyini eşitmişdir.

9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-551/2025 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh 79100 (yetmiş doqquz min yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 327 (üç yüz iyirmi yeddi) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 157.2, 377.1, 1091, 1092.1, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 119.2, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verib Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-551/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Hazırkı işdə də 41000 və 38100 manat olmaqla ümumilikdə 79100 manatı həmin kredit hesabından silinməsi üçün cavabdehin aralıq hesabına köçürülmüşdür. Tərəflər arasında borc müqaviləsi olmamış, həmin vəsait cavabdehə yox, şirkətin öhdəliklərinin ödənilməsi üçün bank tərəfindən hesabdan çıxılmışdır. Hazırki iddia tələbi üzrə iddiaçı Mülki Məcəllənin 739-cu maddəsinə əsaslanmışdır. Halbuki tərəflər arasında ümumiyyətlə borc münasibətləri olmamışdır. Bu səbəblər AR Mülki Məcəlləsinin öhdliklə bağlı 385 və 442-ci maddələri bu münasibətə tətbiq edilə bilməz. Hazırkı münasibət əsassız varlanma ilə əlaqədar yaranmış münasibətdir. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Hazırki işdə də borc verildiyi iddia olunan pul vəsaitləri 2022-ci ilin fevral ayında bank hesabına köçürülmüşdür. Əsassız varlanma üçün 2 illik müddətin keçməsi səbəbindən iddiaçı tələb hüququnu itirmiş hesab olunmaldır. Qətnamənin 4-cü səhifə 9-cu abzasında qeyd edilir ki, iddiaçı ona pulun qaytarılmaması və bununla da hüququnun pozulmasını pulun köçürüldüyü vaxt deyil xeyli sonra bilmişdir. Belə ki, tərəflər arasında işgüzar münasibətdən irəli gələn pulun qaytarılmaması müvafiq vaxtın xeyli müddət keçməsindən sonra iddiaçıya məlum olmuşdur. Çünkü gəlirin əldə edilməsi üçün ən azı 6 aydan 1 ilədək vaxt lazım olur. İddiaçı həmin müddəti gözlədikdən sonra pulun ona verilməməsini anlayaraq hüquqlarının pozulduğunu bilmiş və məhkəməyə müraciət etmişdir. Lakin bu yanaşma tamamilə əsasızdır. Tərəflər arasında heç bir işgüzar münasibət olmamışdır. Cavabdehin 2022-ci ildən bəri şirkətlə heç bir əlaqəsi olmamışdır. Həmin məbləğ işgüzar münasibətlər zəminində gəlir əldə etmək üçün yox, məhz şirkətin kredit borcunun ödənilməsi üçün hesaba köçürülmüşdür. Pul vəsaiti Cavabdeh deyil, MG Construction MMC-yə verilmişdir. Belə ki, MG Construction MMC-nin bank hesablarında sərəncam olduğundan İddiaçı pul vəsaitini Cavabdeh aralıq hesabına ona görə qoymuşdur ki, həmin pul vəsaiti kredit müqaviləsinə əsasən Kapital Bank ASC tərəfindən silinsin. Həmin dövrdən məhkəməyə müraciət olunan vaxta qədər isə 2 illik kəsici müddət keçmişdir. Məhkəmə öz mövqeyini kifayət qədər əsaslandıra bilməmişdir. Belə ki, tərəflər arasında işgüzar münasibətlərin olmasını sübut edən hər hansı sübutlar, həmin məbləğin borc olaraq verildiyini təsdiq edən hər hansı müqavilə sübut qismində təqdim edilməmişdir.

13. Lakin hazırkı işdə məhkəmə iş üçün vacib olan iddiaçının qeyd etdiyi pul vəsaitinin hansı müqavilə əsasında və nə səbəblə silinməsi iş üçün vacib olan hallardan biri olsa da məhkəmə bu halı müəyyən etmək üçün təşəbbüs göstərməmiş, qətnamədə bu faktı əsaslandırda bilməmişdir.

14. Hazırki işdə iddiaçı tərəf Cavabdeh ilə aralarında işgüzar münasibətlərin olduğunu və sözügedən məbləğlərin borc olaraq verdiyini iddia edir. Lakin şəxslər arasında nə borc mübasibətlərini təsdiq edən borc müqaviləsi, nə də onların işgüzar münasibətini sübut edən heç bir sübut təqdim olunmamışdır (Belə ki, cavabdeh 2022-ci ildən müəssisəni tərk etmiş, həmin şirkət ilə heç bir bağlılığı olmamışdır). Məhkəməyə isə yalnızca məbləğlərin ödəniş qəbzləri təqdim olunmuşdur. Lakin qeyd etmək istəyirlər ki, iddiaçının qeyd etdiklərinin əksinə olaraq pul vəsaiti Cavabdeh deyil, MG Construction MMC-yə verilmişdir. Belə ki, MG Construction MMC-nin bank hesablarında sərəncam olduğundan İddiaçı pul vəsaitini Cavabdeh aralıq hesabına ona görə qoymuşdur ki, həmin pul vəsaiti kredit müqaviləsinə əsasən Kapital Bank ASC tərəfindən silinsin.

15. İddiaçının qeyd etdiyi pul vəsaitinin hansı müqavilə əsasında və nə səbəblə bank hesabından silinməsi ilə bağlı Kapital Bank ASC-yə sorğu verilməsi ilə bağlı əsaslandırılmış qərardad qəbul olunmamışdır. İddiaçı ilə cavabeh arasında borc və işgüzar münasibətlərin mövcud olması faktı sübuta yetirilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

21. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

28. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

29. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

35. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Səfərli X3 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-551/2025 nömrəli qətnaməsinin tam ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

39. Birinci instansiya məhkəməsi iddianı təmin etdiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam həcmdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.

41. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri və mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir.

42. Baxılan işin mübahisəsiz hallarına görə İddiaçı tərəfindən Cavabdeh hesabına xx.xx.2022-ci il tarixdə 38100 manat, xx.xx.2022-ci il tarixdə isə 41000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Pulun köçürülməsini bank qəbzləri təsdiq edir. Pulu geri qaytarılmayan iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

43. İddianı təmin edən birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni əsassız varlanmadan irəli gələn mübahisə kimi qiymətləndirmiş, öhdəliyin icra edilməməsi və əsassız varlanmaya dair Mülki Məcəllənin müvafiq normalarına istinad edərək iddianı təmin etmişdir.

44. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh tərəfindən birinci instansiya məhkəməsi icraatı zamanı iddia müddətinin tətbiqinə dair verilmiş ərizəyə düzgün qiymət verməyərək iddia müddətini hazırkı mübahisəyə tətbiq etməməklə və iddianı təmin etməklə səhvə yol vermişdir.

45. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçı ona pulun qaytarılmaması və bununla da hüququnun pozulmasını pulun köçürüldüyü vaxt deyil xeyli sonra bilmişdir. Belə ki, tərəflər arasında işgüzar münasibətdən irəli gələn pulun qaytarılmaması müvafiq vaxtın xeyli müddət keçməsindən sonra iddiaçıya məlum olmuşdur. Çünkü gəlirin əldə edilməsi üçün ən azı 6 aydan 1 ilədək vaxt lazım olur. İddiaçı həmin müddəti gözlədikdən sonra pulun ona verilməməsini anlayaraq hüquqlarının pozulduğunu bilmiş və məhkəməyə müraciət etmişdir.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqe ilə aşağıda qeyd olunanlara əsasən razılaşmır.

47. Belə ki iş materiallarında olan (iş vər. 52-53) “Whats up” yazışmasından görünür ki, iddiaçı artıq xx.xx.2022-ci il tarixində cavabdehdən onun tərəfindən verilmiş pulu geri tələb edirdi. Hazırki mülki iş üzrə iddia isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Həmin yazışmanın iddiaçıya məxsus olması 23.07.25-ci il tarixli apellyasiya məhkəməsinin iclasında iddiaçı tərəfindən etiraf edilmişdir.

48. Qeyd olunmalıdır ki, əvəz edilən əşya olan pulun iddiaçı tərəfindən verilməsi hazırki iş üzrə qəbzlər ilə öz təsdiqini tapdığından, iddiaçı həmin pulun geri tələb etməkdə haqlı olmuşdur. İddia tələbinin qanuni əsasını isə əsassız varlanmaya dair qanunvericiliyinin müddəaları təşkil edir. Lakin birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməli olduğu halda əsassız varlanmaya dair 2 illik iddia müddətini tətbiq etməmişdir.

49. Beləliklə, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək iddia həll edilməlidir.

50. Belə olan halda tərəflər arasındakı mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.

51. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli,

2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

52. Beləliklə işin hallarından görünür ki, iddiaçı öz hüququnun pozulduğunu xx.xx.2022-ci il tarixində bilməsinə baxmayaraq, hazırkı iddia ilə məhkəməyə xx.xx.2024cü il tarixdə müraciət etmişdir.

53. Belə olan halda, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlili ilə razılaşır və hesab edir ki, iddiaçının sözügedən pul vəsaitini geri tələb etmək üçün hərəkətsiz qalmaması, pulun ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixində müraciət etməsi, iddiaçının cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 79100 manat pul vəsaitini geri qaytarmaq üçün Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddətin keçməsi anlamına gəlməyə əsas verir.

54. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

55. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

57. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-551/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-551/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar