Məhkəmə qərarları › İş №2(105)-821/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-821/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-821/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” İKB-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” İKB-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(012)-5923/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. “Bank Standard” İKB və Cavabdeh arasında bağlanmış 11 dekabr 2014-cü il tarixli, 1xx/xx/88499/14 saylı kredit müqaviləsindən müəyyən edilir ki, QSC “Bank Standard” İKB tərəfindən Cavabdeh illik 26 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir.

2. “Bank Standard” İKB və Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2016cı il tarixinə kimi hər ay banka 107.75 manat ödəməklə qaytarmalıdır.

3. 08 noyabr 2019-cu il tarixli bildirişdən müəyyən olunur ki, QSC “Bank Standard” İKB tərəfindən Cavabdeh banka olan 1686.90 manat borcun 3 gün müddətinə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

4. “Bank Standard” İKB-nin xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh 11 dekabr 2014-cü il tarixli 1xx/xx/88499/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə QSC “Bank Standard” İKB-yə 785,35 (yeddi yüz səksən beş manat, 35 qəpik) manat məbləğində əsas borc, 578.61 (beş yüz yetmiş səkkiz manat, 61 qəpik) manat məbləğində faiz borcu, 667,44 (altı yüz almış yeddi manat, 44 qəpik) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 232.21 (iki yüz otuz iki manat, 21 qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 2263.61 (iki min iki yüz altmış üç manat, 61 qəpik) manat borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” İKB Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, QSC “Bank Standard” KB və Cavabdeh arasında bağlanmış 11 dekabr 2014-cü il tarixli, 1xx/xx/88499/14 saylı kredit müqaviləsi üzrə 785,35 (yeddi yüz səksən beş manat, 35 qəpik) manat məbləğində əsas borc, 578.61 (beş yüz yetmiş səkkiz manat, 61 qəpik) manat məbləğində faiz borcu, 667,44 (altı yüz almış yeddi manat, 44 qəpik) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 232.21 (iki yüz otuz iki manat, 21 qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 2263.61 (iki min iki yüz altmış üç manat, 61 qəpik) manat məbləğində pulun və 42.64 (qırx iki manat, 64 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı və Cavabdeh arasında 11 dekabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/88499/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 785,35 (yeddi yüz səksən beş manat, 35 qəpik) manat məbləğində əsas borc, 578.61 (beş yüz yetmiş səkkiz manat, 61 qəpik) manat məbləğində faiz borcu, 667,44 (altı yüz almış yeddi manat, 44 qəpik) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 232.21 (iki yüz otuz iki manat, 21 qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 2263.61 (iki min iki yüz altmış üç manat, 61 qəpik) manat məbləğində borcu qalmışdır.

7. Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(012)-5923/2022 nömrəli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia qismən təmin edilib, Cavabdeh 11 dekabr 2014-cü il tarixli 1xx/xx/88499/14 saylı kredit müqaviləsi üzrə 785,35 (yeddi yüz səksən beş manat, 35 qəpik) manat məbləğində əsas borc, 578.61 (beş yüz yetmiş səkkiz manat, 61 qəpik) manat məbləğində faiz borcu, 66 (altmış altı) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 232.21 (iki yüz otuz iki manat, 21 qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 1662.17 (min altı yüz altmış iki manat on yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumu üçün 40 manat alınaraq Ləğv prosesində olan QSC “Bank Standard” İKB-yə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə banka ödənilməmiş borcu qalmaqdadır.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 445.7, 448.1, 449.1, 462.1, 465.2, 743, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ləğv etmə prosesində olan QSC “Bank Standart” İKB ilə aralarında bağlanmış 11 dekabr 2014-cü il tarixli, 1xx/xx/88499/14 saylı kredit müqaviləsinə asasən 26 faiz ödanilməsi şərti ilə 24 ay müddətinə 2000 manat məbləğində kredit götürmüşdür. Götürdüyü kredit məbləğini qrafikə uyğun olaraq vaxtlıvaxtında ödəniş etmişdir. Sonradan bank bağlandığında görə qalan borcun hara ödənilməli olduğunu bilməmiş va bununla bağlı onunla heç kim alaqə saxlamamışdır. Göründüyü kimi kredit borcun icra olunmamasının sabəbi ondan asılı olmayan səbəblərdən, bankın bağlı olması və bununla bağlı malumatlandırılmamağı olmuşdur.

12. Ona görə də, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(012)- 5923/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də “Bank Standart” dan 2000 manat məbləğində kredit götürmüşdür. Bir müddət ödəniş etdikdən sonra Bank bağlandığından hara ödəniş edəcəyini bilməmişdir. Üstündən xeyli müddət keçəndən sonra Bank ondan artıqlaması ilə pul tələb edir. Hansıki onun bir neçə ay borcu qalmışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı LPO QSC “Bank Standard” İKB-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin qalıq əsas borcu 785.35 manat təşkil etdiyindən məlum Fərmanın təsir dairəsinə düşür. Bank tərəfindən cavabdeh bir dəfə məhkəməyə verilmiş, lakin iddia baxılmamış saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 742.1-ci mаddəsinə görə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(012)-5923/2022 nömrəli qətnaməsi faiz, cərimə və illik 5% məbləğinin təmin olunmuş hissəsində ləğv edilməlidir.

19. Hazırki iddia tələbindən görünür ki, iddiaçının tələbi mövcud kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas və faiz borcunun) cavabdehdən alınması barədədir.

20. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsi bağlanmış, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməmişdir.

21. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəlində razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır.

22. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.

23. Bununla belə kollegiya bildirir ki, birinci instansiya məhkəməsi iddianı cavabdehdən 578.61 manat faiz, 66 manat məbləğində cərimə, 232.21 manat gecikdirilmiş günlər üçün 5% məbləğində pulun tutulmasını qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmiş, həmin hissədə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur

24. Apellyasiya instansiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən Cavabdeh əsas kredit borcu 785.35 manat müəyyən edilmişdir (i/m səh. 78-80).

25. Lakin bununla əlaqədar birinci instansiya məhkəməsi iddia tələbi üzrə borc məbləğinin hansı hüquqi əsasla qeyd olunan Fərmanın tələblərinə zidd olaraq faiz və cərimə tutulmasına hüquqi qiymət verməmiş, həmin tələbin qalıq borcuna uyğun olubolmamasını araşdırmamışdır.

26. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən birinci cavabdehə hesablanmış 5826.39 manat məbləğində kompensasiya ödənişi sonuncunun bankdakı borcuna yönəldildilmiş, qalıq borcun isə restrukturizasiya olunması nəzərdə tutulmamışdır. Kompensasiya ödənişi birinci cavabdehin bankdakı borcuna yönəldildikdən sonra birinci cavabdeh qalıq borcundan ödəniş etməmiş və kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi üçün yenidən faiz və cərimələr hesablanmışdır. Borcun məhkəmədən kənar qaydada ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər.

27. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 1.1-ci bənd 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi.

28. Fərmanın 2-ci bəndinə görə bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir.

29. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir.

30. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 6********.0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 2********.0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0.5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

31. Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

32. Məhkəmə kollegiyası həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab etmişdir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur.

33. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir.

34. Qeyd olunan Fərman hazırki iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli sayılmalıdır.

35. Göründüyü kimi Cavabdeh kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(012)-5923/2022 nömrəli qətnaməsi qisməncavabdehdən 578.61 manat faiz, 66 manat məbləğində cərimə, 232.21 manat gecikdirilmiş günlər üçün 5% məbləğində pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi bu hissələrdə təmin edilməməlidir.

37. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(012)-5923/2022 nömrəli qətnaməsi qismən, yəni - Cavabdeh 578.61 manat faiz, 66 manat məbləğində cərimə, 232.21 manat gecikdirilmiş günlər üçün 5% məbləğində pulun tutulması hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissələrdə təmin edilməsin. Qətnamə Cavabdeh 785.35 manat əsas borcun və dövlət rüsumu kimi ödənilmiş 42.64 manatın alınıb iddiaçı LPO QSC “Bank Standard” İKB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar