Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-821/2024 01.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-368/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-296/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4(dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, həbsdə və dustaqlığında olduğu l(bir) ay 13(on üç) gün təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 3(üç) il 10(on) ay 17(on yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Cavabdeh cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2018-cı il tarixdən hesablanması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi höhm edilmişdir. Zərərçəkmiş şəxslər X2, X3, X1 və İddiaçı, vurulmuş maddi ziyanla bağlı hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxs Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-296/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmününün məzmunundan görünür ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edərək, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Saray qəsəbəsində yerləşən evinin hərraca çıxarılıb satılacağı, həmin evin hərracdan alınacağı və İddiaçı adına sənədləşdiriləcəyini yalan vəd verib, aldadaraq vahid qəsdlə xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən Aygün şadlıq evinin qarşısında 4000 manat, xx.xx.2016-cı ildə "xxxx" QSC-nin Sumqayıt filialında 20000 manat, xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən Aygün şadlıq evinin qarşısında 22000 manat və xx.xx.2017-ci ildə Sumqayıt şəhəri, “4Qardaş” şadlıq evinin qarşısında 350 manat alıb ələ keçirərək, ümumilikdə zərərçəkmiş İddiaçı 46350 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 46350 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2016-cı ilin dekabr ayının 20dən 2017-ci ilin 10 sentyabr tarixinə qədər olan dövr ərzində iddiaçını aldadaraq, etibarından sui-istifadə edərək əvəzsiz olaraq iddiaçının 46350 (qırx altımin üç yüzəlli) manat pulunu ələ keçirərək dələduzluq etdiyinə görə iddiaçının və digər zərərçəkən şəxslərin şikayəti ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Barəsində CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə cinayət işi başlanmış istintaq aparılaraq məhkəməyə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018- ci il tarixli hökmü ilə Cavabdeh AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hazırda təyin olunmuş cəzasını çəkərək azadlığa çıxmışdır. Cavabdeh azadlıqda olmasına baxmayaraq iddiaçıya vurduğu 46350 manat zərəri ödəməkdən boyun qaçırır və gizlənir. Ona görə də hesab edir ki, ona vurulan 46350 manat zərər cavabdehdən məhkəmə qaydasında alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsində göstərilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-368/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 46350 (qırx altı min üç yüz əlli) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 21, 152.1, 157.2 , 157.4 , 1091.1, 1091.2, 1093.1, 1096.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 82.1, 82.4, 217.4cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Sumayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-368/2024 nömrəli qətnaməsinin ləğv olunması, qətnamədə qeyd olunan 46350 (qırx altı min üç yüz əlli) manat borc məbləğinin azaldılaraq 5000 (beş min) manat qeyd olunmala yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçıya qeyd olunan məbləğdə borcu yoxdur, borc hədsiz dərəcədə şişirdilmişdir. Onun 5000 (beş min) manat borcu vardır. Bunun üçün maddi və tutarlı sübutları var. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ləğv olunmalı, qətnamədə qeyd olunan 46350 (qırx altı min üç yüz əlli) manat borc məbləği azaldılaraq 5000 (beş min) manat qeyd olunmala yeni qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
14. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki,hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasavə ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
22. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
23. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, Cavabdeh qətnamənin ləğv olunmasını, qətnamədə qeyd olunan 46350 manat borc məbləği azaldılaraq 5000 manat məbləğində pul vəsaitin tutulmasına dair yeni qətnamənın çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Saray qəsəbəsində yerləşən evinin hərraca çıxarılıb satılacağı, həmin evin hərracdan alınacağı və İddiaçı adına sənədləşdiriləcəyini yalan vəd verib, aldadaraq zərərçəkmiş İddiaçı 46350 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-296/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyanla bağlı Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Sonradan Cavabdeh 46350 manatı bugünədək iddiaçıya qaytarmadığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur.
33. Qanunvericiliyin tələbini rəhbər tutan məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tələb iddiaçının cavabdeh tərəfə vermiş olduğu pulun qaytarılması barədədir.
34. Belə olan halda tərəflər arasındakı mülki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.
35. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli,
2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
36. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, onun iddiaçıya qeyd olunan məbləğdə borcu yoxdur, borc hədsiz dərəcədə şişirdilmişdir. Onun 5000 manat borcu vardır. Bunun üçün maddi və tutarlı sübutları var.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq əvvəla qeyd edir ki, iddiaçının tələbinin əsasını borc münasibətləri deyil, cavabdehin törətdiyi cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi təşkil edir. Qeyd olunan vurulmuş ziyan məbləği qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Cavabdeh apellyasiya şikayətinin dəlilində məbləğin şişirdilməsini, maddi və tutarlı sübutlarının olmasını bildirsə də buna dair hər hansı sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiya məhkəməsində təqdim etməmişdir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
39. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
40. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
42. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin Cavabdeh ilə bağlı gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
43. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi, tutulması qət edilmiş məbləğin dəyişdirilməsi üçün əsas ola bilməz.
44. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-368/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-368/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.