Məhkəmə qərarları › İş №2(105)-823/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-823/2022

11.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-823/2022 11.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Cavabdeh2 və X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(029)-287/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(029)-287/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Adil Vəliyev) İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş rabitə xəttinin kənarlaşdırılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Qusar rayonu, Samur qəsəbəsində yerləşən və xx.xx.2012-ci il tarixli, seriya MA ******* saylı, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış 0,46 ha torpaq sahəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Quba-Rusiya istiqamətində 76,5 metr uzunluğunda yeraltı çəkilmiş (0,70 sm dərinliyində) rabitə kabel xəttinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həmin torpaq sahəsindən kənarlaşdırılması qət edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 Qovşağı tərəfindən torpaq mülkiyyətçisi ilə razılaşdırılmadan, Qusar rayonu, Samur qəsəbəsi ərazisində yerləşən, onun xüsusi mülkiyyətində olan 0,46 ha torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş rabitə xəttinin həmin ərazidən kənarlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 Qovşağı rəhbərliyinin qanunsuz sərəncamı əsasında Qusar rayonu Samur qəsəbəsi ərazisində yerləşən, onun xüsusi mülkiyyətində olan 0.46 ha torpaq sahəsindən mülkiyyətçi ilə razılaşdırılmadan rabitə xətti inşa etdirilməklə istismara vermişdir. Onun xüsusi mülkiyyətində olan 0,46 ha torpaq sahəsindən qanunsuz rabitə xəttinin tikintisinə narazılığını bildirərək xx.xx.2015-ci il tarixdə Qusar rayon Telekommunikasiya Qovşağına, xx.xx.2015-ci il tarxidə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 Qovşağının rəhbərliyinə dəfələrlə rəsmi və şifahi müraciətlər etməsinə baxmayaraq, qanunsuz olaraq çəkilmiş rabitə xətti hal-hazıra qədər onun mülkiyyətində olan 0.46 ha torpaq sahəsindən çıxarılmamışdır. Qusar rayonu, Samur qəsəbəsi ərazisində olan 0.46 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeyidyyata alınaraq MA seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) tərəfindən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 135+000- 192+500 km hissəsinin (Xaçmaz şəhərini dövrələməklə keçən) tikintisi” layihəsinin həyata keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yolun trassının təqdim olunmuş planının razılaşdırılması və müvafiq texniki şərtin alınması məqsədi ilə xx.xx.2009-cu il tarixli məktub ünvanlanmışdır. Həmin məktuba əsasən "xxxx" ASC avtomobil yolunun tikintisi üçün həmin ərazidən keçən rabitə kabellərinin olub-olmaması barədə texniki şərtin alınması üçün müraciət etmişdir. Müvafiq orqan tərəfindən sənədlər "xxxx" MMC-yə daxil olduğu gündən qeydiyyata alınmış və təqdim edilən məlumatların həqiqiliyi texniki idarənin mütəxəssisləri tərəfindən yoxlanılmış və həmin məktuba cavab olaraq "xxxx" MMC tərəfindən xx.xx.2009-cu il tarixli texniki şərt verilmiş, lakin "xxxx" ASC həmin razılaşmanın şərtlərini pozmuşdur. Bunun nəticəsi olaraq xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatda olmuş 0,46 ha sahəsində "xxxx" MMC-yə məxsus Quba-Rusiya istiqamətində 76,5 metr uzunluğunda 0,70 sm dərinliyində çəkilmiş rabitə kabel xətti "xxxx" ASC tərəfindən kənarlaşdırılmamışdır. Məhkəmənin rabitə kabelinin kənarlaşdırılması öhdəliyini "xxxx" ASC ilə yanaşı, "xxxx" MMC-nin də üzərinə qoyması barədə gəldiyi nəticə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iş materiallarında olan verilmiş texniki şərtin 5-ci bəndinə müvafiq olaraq, kabellərin köçürülməsi ilə əlaqədar ayrılacaq torpaq sahəsinin və müvafiq razılaşmaların alınması işləri "xxxx" ASC tərəfindən aparılmalı, bu barədə sənədlər gecikdirilmədən "xxxx" MMC-yə verilməli və bundan sonra kabelin köçürülməsinə başlanılmalıdır. Həmin texniki şərtin 14-cü bəndinə əsasən yalnız verilmiş razılaşmanın bəndlərinə əməl olunaraq kabellər köçürüldükdən və ya mühafizə olunduqdan sonra kabellər keçən ərazidə torpaq və tikinti-qazıntı işləri aparıla bilər. Texniki şərtin 17-ci bəndinə görə, verilmiş texniki şərtin bəndlərinin hər hansına əməl edilməzsə, razılaşma öz hüquqi qüvvəsini itirir, sifarişçi təşkilat qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Tərəflər arasındakı razılaşmaya əsasən "xxxx" ASC tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 135+000-192+500 km hissəsinin (Xaçmaz şəhərini dövrələməklə keçən) tikintisinin yalnız həmin ərazidən keçən rabitə kabellərinin köçürülməsi halında qanuni qüvvəsi olacağı qeyd olunmuşdur. Lakin işin hallarından göründüyü kimi, "xxxx" ASC həmin ərazidən keçən müvafiq rabitə kabellərinin qanuna müvafiq olaraq torpaq sahəsinin mülkiyətçisi ilə razılaşmaqla, köçürülməsi il bağlı "xxxx" MMC-yə vəd verməsinə baxmayaraq həmin köçürməni qanunsuz olaraq etmişdir. "xxxx" ASC müvafiq yol tikintisini həyata keçirərkən "xxxx" MMC-yə məxsus Quba-Rusiya istiqamətində 76,5 metr uzunluğunda, yeraltı çəkilmiş 0,70 sm dərinliyində rabitə kabel xəttini Qusar rayonu, Samur qəsəbəsində yerləşən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatda olmuş 0,46 ha torpaq sahəsinə qeyri-qanuni olaraq köçürmüşdür. İddiaçı iddia ərizəsində rabitə kabel xəttinin köçürülməsi ilə bağlı "xxxx" MMC-nin müvafiq qurumuna məktubla müraciət etdiyini və cavab almadığını bildirmişdir, lakin "xxxx" MMC-nin X3 Qovşağı tərəfindən həmin məktuba xx.xx.2015-ci il tarixli cavab məktubu göndərilmiş və qeyd olunan rabitə kabel xəttinin kənarlaşdırılması məsələsinin "xxxx" ASC ilə torpağın mülkiyyətçisi arasında razılaşdırılmalı olduğu qeyd olunmuşdur. Eyni zamanda, "xxxx" MMC-nin X3 Qovşağı tərəfindən "xxxx" ASC-nin sədrinə iki dəfə məktub ünvanlanaraq kabel xətlərinin köçürüləcəyi ərazinin mülkiyyətçisi ilə razılaşdırılmanın təmin olunması barədə göstəriş verilməsi xahiş edilmişdir. Müvafiq məktuba əsasən "xxxx" ASC tərəfindən heç bir hərəkət edilməmişdir. Məhkəmə qətnamədə həmin məktubun göndərilməsini qeyd etmiş və bununla da qeyd olunan faktı təsdiq etmişdir, lakin yekun qərar qəbul edərkən bunu nəzərə almamışdır. Tərəflər arasındakı texniki şərtin müddəalarına əsasən "xxxx" ASC razılaşmanın şərtlərini pozmuş və buna görə də verilmiş texniki şərt öz qüvvəsini itirmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/5963 saylı ekspert rəyindən görünür ki, Qusar rayonu, Samur qəsəbəsindən keçən Bakı- Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun çiyin xətti ilə İddiaçı məxsus 0,46 ha torpaq sahəsi arasındakı ən qısa məsafə 5,3 metrdir. Rabitə kabel xəttinin həmin ərazidən çəkilməsinin (yerinin dəyişdirilməsinin) mümkün olub-olmamasını müəyyən etmək ekspertin səlahiyyətləri xaricində olduğundan ekspert buna münasibət bildirməmişdir. Məhkəmə qeyd edilən faktları dəqiq araşdırmamış və tərəflər arasında mövcud olan texniki şərtin mövcudluğunu nəzərə almamışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin "xxxx" MMC-yə dair olan hissədə ləğv olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olmaqla yanaşı, hər hansı bir araşdırma aparılmadığından və ümumi sözlərlə əsaslandırılmağa çalışıldığından ləğv olunmalı və iddia tələbi təmin olunmamalıdır. Məhkəmə qətnaməsini onunla əsaslandırmağa çalışmışdır ki, Qusar rayonu Samur qəsəbəsində yerləşən və xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış 0,46 ha torpaq sahəsinin qərb istiqamətindən, mülkiyyətçi İddiaçı heç bir razılığı olmadan "xxxx" ASC-nin sifarişi ilə "xxxx" MMC-yə məxsus 76,5 metr uzunluğunda, 0,70 sm dərinliyində yeraltı rabitə kabel xətti çəkilmiş və bununla da, həmin şəxsin mülkiyyət hüququna əsassız müdaxilə baş vermişdir. Halbuki, həmin kabel xətti çəkilərkən mütləq şəkildə torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı bu barədə razılığı alınmalı və ya həmin xəttin çəkilməsi ictimai maraqlar naminə olmuşdursa, həmin torpaq sahəsi dövlət ehtiyacları üçün dəyəri ədalətli şəkildə ödənilməklə alınmalı idi. Bundan məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı mülkiyyət hüququna olan müdaxilə qanuni və əsaslı olmamış, həmin şəxsin qanunla qorunan mülkiyyət hüququnu əsassız şəkildə pozmuşdur. Bu səbəbdən də, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, Qusar rayonu, Samur qəsəbəsində yerləşən və xx.xx.2012-ci il tarixli, Seriya MA ******* saylı, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış 0,46 ha torpaq sahəsində "xxxx" MMC-yə məxsus Quba-Rusiya istiqamətində 76.5 metr uzunluğunda yeraltı çəkilmiş (0,70 sm dərinliyində) rabitə kabel xətti "xxxx" MMC və "xxxx" ASC tərəfindən həmin torpaq sahəsindən kənarlaşdırılmalıdır. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 135+00-198+550 km hissəsinin (Xaçmaz şəhərini dövrələməklə keçən) tikintisi ilə əlaqədar cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən göndərilmiş 4/03-5799 saylı, xx.xx.2009-cu il tarixli məktuba cavab olaraq "xxxx" MMC-nin TLŞ tərəfindən TLŞ-232/1 saylı xx.xx.2010 tarixli texniki şərt hazırlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim olunmuşdur. Həmin texniki şərtin 4-cü bəndində yolun km 191+950-km192+550 hissəsində TAA FO-24, FO- 12 kabel magistrallarının yolun və yol qovşaqlarının altında qalan hissələrinin mühafizəsi ilə əlaqədar yolun sağında 9 ədəd d/beton KKS-2 tipli quyulardan ibarət 2 kanallı telefon kanalizasiyasının tikilməsi və çəkiləcək yolun və yol qovşağının altında qalan FO-24 və FO-12 kabellərinin köçürülməsi tələbi qoyulmuşdur. Eyni zamanda bu texniki şərtin 5-ci bəndində göstərilmişdir ki, kabellərin köçürülməsi ilə əlaqədar ayrılacaq torpaq sahəsinin və müvafiq razılaşmaların alınması işləri tərəfindən aparılmalı və bundan sonra kabelin köçürülməsinə başlanmalıdır. Həmin texniki şərtin bu hissəsi üzrə iş başa çatdığından onlar cavabdeh olaraq üzərinə düşən vəzifəni icra etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Cavabdeh2 və X8 məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X2 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin "xxxx" MMCyə dair olan hissədə ləğv edilməsinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu, Samur qəsəbəsində yerləşən 0,46 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş A322851 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 01 sentyabr 1998-ci il tarixli, 15/1 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün 4600 kv.metr torpaq sahəsi verilmiş və X12 kitabında 01 fevral 2011-ci il tarixdə 148 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 Qovşağının İddiaçı ünvanladığı xx.xx.2015-ci il tarixli, KMMŞ-06/1648 saylı məktubundan görünür ki, Quba XQ-nin rəhbəri E.Həsənov tərəfindən rabitə xəttinin Qusar rayonu Samur qəsəbəsi ərazisindəki 0,46 ha torpaq sahəsindən keçdiyi əraziyə baxış keçirilmiş və müvafiq olaraq sxem tərtib edilmişdir. Bu sxemdən görünür ki, çəkilən rabitə xətti inşası tamamlanmamış Quba-SDK avtomobil yolunun mühafizə zonasına düşür və kabel-kanalizasiya qurğularının tikintisi işləri "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Digər tərəfdən, əgər bu qurğular Sizin mülkiyyətinizdə olan torpaq sahəsinə düşürdüsə, bu barədə razılaşma "xxxx" ASC tərəfindən aparılmalı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 Qovşağının "xxxx" ASC-yə və İddiaçı ünvanladığı xx.xx.2015-ci il tarixli, KMMŞ-06/1733 saylı məktubundan görünür ki, Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 135+00-198+550 km hissəsinin (Xaçmaz şəhərini dövrələməklə keçən) tikintisi ilə əlaqədar "xxxx" ASC tərəfindən göndərilmiş 4/03-5799 saylı, xx.xx.2009-cu il tarixli məktuba cavab olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin TLŞ tərəfindən TLŞ-232/1 saylı, xx.xx.2010-cu il tarixli texniki şərt hazırlanaraq "xxxx" ASC-yə təqdim olunmuşdur. Həmin texniki şərtin 4-cü bəndində yolun km191+950-km192+550 hissəsində TAA FO-24, FO-12 kabel magistrallarının yolun və yol qovşaqlarının altında qalan hissələrinin mühafizəsi ilə əlaqədar yolun sağında 9 ədəd d/beton KKS-2 tipli quyulardan ibarət 2 kanallı telefon kanalizasiyasının tikilməsi və çəkiləcək yolun və yol qovşağının altında qalan FO-24 və FO-12 kabellərinin köçürülməsi tələbi qoyulmuşdur. Eyni zamanda bu texniki şərtin 5-ci bəndində göstərilmişdir ki, kabellərin köçürülməsi ilə əlaqədar ayrılacaq torpaq sahəsinin və müvafiq razılaşmaların alınması işləri "xxxx" ASC tərəfindən aparılmalı və bundan sonra kabelin köçürülməsinə başlanmalıdır. Həmin texniki şərtin bu hissəsi üzrə iş başa çatdırılmışdır. Lakin işlərin icrası zamanı Qusar rayonu Samur qəsəbəsi ərazisində kabellərin köçürülməsi ilə əlaqədar ayrılacaq torpaq sahəsinin müvafiq razılaşmaları alınmamışdır. Bununla əlaqədar Qusar şəhəri Hacıməhəmməd küçəsi 1 nömrəli evdə yaşayan İddiaçı tərəfindən X7 Qovşağına xx.xx.2015-ci il tarixdə daxil olmuş məktubda Qusar rayonu Samur qəsəbəsi ərazisində onun mülkiyyətində olan 0,46 ha torpaq sahəsindən mülkiyyətçi ilə razılaşdırılmadan rabitə kabel xəttinin çəkilməsi göstərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti TLŞ tərəfindən verilmiş bu texniki şərtin 5-ci bəndinə uyğun olaraq rabitə kabel xətlərinin köçürüldüyü ərazinin mülkiyyətçisi ilə razılaşdırılması barədə müvafiq göstəriş verilməsi "xxxx" ASC- dən xahiş edilmişdir. İş materiallarında olan Qusar rayon İHB tərəfindən İddiaçı ünvanlanmış FŞ/769 saylı, 15 sentyabr 2015-ci il tarixli məktubdan görünür ki, rayonun Samur qəsəbəsində özünə məxsus olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün məlumatlandırma icraatı çərçivəsində Rayon İcra Hakimiyyətinə təqdim etdiyi fərdi yaşayış evinin eskiz layihəsi Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2021-ci il tarixli, 10/5963 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Qusar rayonu, Samur qəsəbəsində yerləşən və xx.xx.2012-ci il tarixli, seriya MA, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış 0,46 ha torpaq sahəsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Quba-Rusiya istiqamətində 76,5 metr uzunluğunda yeraltı çəkilmiş (0,70 sm dərinliyində) rabitə kabel xətti keçir, kabel xətti 0,46 ha torpaq sahəsinin qərb istiqamətindən keçir. Qusar rayonu, Samur qəsəbəsindən keçən Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolunun çiyin xətti ilə İddiaçı məxsus 0,46 ha torpaq sahəsi arasındakı ən qısa məsafə 5,3 metrdir. Rabitə kabel xəttinin həmin ərazidən çəkilməsinin (yerinin dəyişdirilməsi) mümkün olub-olmamasını müəyyən etmək ekspertin səlahiyyətləri xaricində olduğundan qərardadın 2-ci sualının 2-ci hissəsi üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı deyildir. Belə ki, işdən görünür ki, Qusar Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşdur. Qusar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(029)-287/2021 saylı qətnaməsi ilə Qusar rayonu, Samur qəsəbəsində yerləşən və xx.xx.2012-ci il tarixli, seriya MA ******* saylı, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış 0,46 ha torpaq sahəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Quba-Rusiya istiqamətində 76,5 metr uzunluğunda yeraltı çəkilmiş (0,70 sm dərinliyində) rabitə kabel xəttinin həm də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həmin torpaq sahəsindən kənarlaşdırılması qət edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi rabitə kabel xəttinin torpaq sahəsindən kənarlaşdırılmasınımübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin də üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İşdən görünür ki, iddia tələbi "xxxx" ASC-yə (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə) yönəlməmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin yönəlmədiyi, yəni cavabdeh olmayan şəxsə qarşı iddia tələbini təmin etmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuş, bu isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. “Avtomobil yolları haqqında” qanunun 15-ci maddəsinə görə avtomobil yollarının mühəndisi kommunikasiyalarla (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) kəsişməsi və bu məqsədlə təhkim zolağından istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud standartlara, texniki normativlərə və digər normativ hüquqi aktlara uyğun olaraq müəyyənləşdirilir. Avtomobil yollarının təhkim zolağında xüsusi xidmət kommunikasiyaları istisna olmaqla, hər hansı yeni kommunikasiyaların çəkilməsinə, bir qayda, olaraq yol verilmir. Mövcud avtomobil yollarından keçən və yenidən qurulan kommunikasiyalar yalnız avtomobil yolları mülkiyyətçilərinin və müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə qüvvədə olan normativtexniki şərtlər və layihə-smeta sənədləri əsasında həyata keçirilə bilər. Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması haqqında müraciətlərə 10 gün müddətində baxılır. Kommunikasiya xətlərində baş vermiş qəza hallarında müraciətlərə dərhal baxılır. Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması işlərinə başlamazdan əvvəl bu kommunikasiyaların mülkiyyətçiləri avtomobil yollarının saxlanılmasını həyata keçirən yol təsərrüfatı orqanları ilə müvafiq müqavilə bağlamalıdırlar. Avtomobil yollarında mühəndisi kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsini təmin etməli və bu işlərlə bağlı bütün xərcləri ödəməlidirlər. Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun sahibi avtomobil yolunu ilkin vəziyyətə gətirməli və sifarişçilərə qarşı bununla bağlı sərf etdiyi xərclərin ödənilməsi barədə iddia irəli sürmək hüququna malikdir. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyu yerləşən mövcud mühəndisi kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli, 44 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin səkkizinci hissəsinə əsasən hazırlanmışdır və avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca müvafiq olaraq təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərinə (bundan sonra - mühəndisi kommunikasiyalar) daxil olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələrini və qurğularını istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydasını müəyyən edir. Həmin Qaydanın 1.5-ci bəndinə görə mühəndisi kommunikasiyaların inşası, dəyişdirilməsi, yenidən qurulması və ya əsaslı təmiri (fövqəladə hadisələr, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zərurəti ilə əlaqədar hallar istisna olmaqla) işləri avtomobil yollarının mülkiyyətçilərinin (sahiblərinin) və digər mühəndisi kommunikasiyaları istismar edən qurumların verdikləri texniki şərtlərə əsasən hazırlanmış layihə-smeta sənədlərinə uyğun həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu işlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş qaydada yerinə yetirilir. Tikinti layihəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün avtomobil yollarının mülkiyyətçilərindən (sahiblərindən) və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən razılığı tikintiyə icazə verən orqan (qurum) alır. İş materiallarında olan Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" ASC ilə razılaşdırılmış texniki şərtin 5-ci bəndinə müvafiq olaraq, kabellərin köçürülməsi ilə əlaqədar ayrılacaq torpaq sahəsinin və müvafiq razılaşmaların alınması işləri "xxxx" ASC tərəfindən aparılmalı, bu barədə tərtib olnmuş sənədlər vaxtında və gecikdirilmədən "xxxx" İB-nə verilməli, bundan sonra kabelin köçürülməsinə başlanılmalıdır. Həmin texniki şərtin 14-cü bəndinə əsasən yalnız verilmiş razılaşmanın bəndlərinə əməl olunaraq kabellər köçürüldükdən və ya mühafizə olunduqdan sonra kabellər keçən ərazidə torpaq və tikinti-qazıntı işləri aparıla bilər. Texniki şərtin 17-ci bəndinə görə verilmiş texniki şərtin bəndlərinin hər hansına əməl edilməzsə, razılaşma öz hüquqi qüvvəsini itirir, sifarişçi təşkilat qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Göründüyü kimi, Texniki şərtin tələblərinə görə kabellərin köçürülməsi ilə əlaqədar ayrılacaq torpaq sahəsinin və müvafiq razılaşmaların alınması işləri "xxxx" ASC (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) tərəfindən aparılmalı idi və "xxxx" ASC texniki şərtin tələblərinin pozlmasına görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Belə olan halda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırki iş üzrə cavabdeh ola bilməzdi. Birinci instansiya məhkəməsi işin halların hərtərəfli, tam və obyektiv araşdırmamış, yuxarıda qeyd edilən prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki halda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh qismində cəlb edilməsi onun prosessual hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Belə ki, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin prosessual hüquqları bir-birindən fərqlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş ödənilmiş 5 manat İddiaçı tutularaq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595 hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Qusar Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(029)-287/2021 saylı qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı torpaq sahəsindən qanunsuz olaraq çəkilmiş rabitə xəttinin kənarlaşdırılması tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş ödənilmiş 5 (beş) manat İddiaçı tutularaq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar