Məhkəmə qərarları › İş №2(105)-827/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-827/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-827/2025 30.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-111/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli, 1791-xx.xx.2017-SM0142 saylı kredit müqaviləsi üzrə 261,07 manat əsas borc, 1,58 manat faiz borcu olmaqla, cəmi 262,65 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə X6 arasında bağlanmış 1791-xx.xx.2017SM0142 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən borc alana 36 ay müddətinə, illik 27 faiz dərəcəsi hesanlanmaqla 1400 manat məbləğində nağd kredit verilmişdir. Borc alan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün Cavabdeh ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Cavabdeh 1791-xx.xx.2017-SM0142 nömrəli, xx.xx.2017ci il tarixli kredit müqaviləsinə əsasən 261.07 manat əsas və 1.58 manat faiz borcu qalmışdır. Cavabdeh X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də vəsait banka geri qaytarılmamışdır. Bundan başqa hazırki mübahisə üzrə iddia qiyməti cəmi 262,65 manat olduğundan, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir.

3. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, X6 ilə bank arasında bağlanmış kredit müqaviləsinin müddətinin bitməsindən 4 il sonra bank ona qarşı iddia qaldırmışdır. Bununla da tələbkar iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələblərinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-111/2025 nömrəli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1791-xx.xx.2017-SM0142 saylı kredit müqaviləsinin icra müddəti xx.xx.2020-ci il tarixə qədər müəyyən olunmuşdur. Belə olan halda üç illik müddətin axımı həmin tarixdə başlayaraq xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra, xx.xx.2025-ci il tarixdə verilmişdir. xx.xx.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsindən sonra da iddiaçı vərəsəyə qarşı iddia irəli sürmək hüququndan vaxtında istifadə etməmiş və müvafiq iddia müddətini buraxmışdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 442, 445.1, 448.1, 1151.1, 1243.2, 1306.1, 373.2, 375.1, 375.2ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2023cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-111/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanun üzrə vərəsəlik şəhadətnaməyə əsasən vərəsə Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Kredit öhdəliyi borcalanın ölümü ilə aradan qalxan öhdəliklərə aid deyil. Borcalanın mirasını qəbul etmiş vərəsəsi miras qoyanın öhdəlikləri üzrə məsuliyyət daşımalıdır. Cavabdeh adına vərəsəlik işinin açılması və miras əmlakın olması barədə məlumat kreditora xx.xx.2021-ci il tarixdə məlum olmuşdur. Yəni iddia müddətinin axımı həmin vaxtdan axmağa başlamışdır. Bundan başqa Mülki Məcəllənin qeyd edilən müvafiq maddələrinin mahiyyətindən də görünür ki, kreditorun vərəsəliklə bağlı tələb hüququna ümumi iddia müddəti, yəni 10 il şamil olunur. Buna görə də iddia müddəti ötürülməmişdir. Odur ki, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 9.Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, kredit öhdəliyi borclunun ölümü ilə xitam olunan öhdəlik olmadığından, borclu qəbul etdiyi miras aktivinə əsasən miras passivinə də cavabdehdir. Bu səbəbdən 10 illik iddia müddəti tətbiq edilməlidir. Müştərinin vəfat etməsi barədə məlumatrı xx.xx.2021-də müəyyən etmişlər.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, borclu xalası olmuş, vəsiyyətnamə əsasında mirası qəbul etmişdir. Xalası ilə birgə yaşamış, borcu olduğunu bilmişdir. Xalasının ölümündən sonra Bankın Sumqayıt filialına yaxınlaşmış, ölümlə əlaqədar 600 manat müavinəti götürəndə bildirmişdir ki, qalan borcu ödəyə bilər. Pensiya kartından hər ay 55 manat çıxlıb. Bildiriblər ki, ölüm haqqında şəhadətnaməni gətirsin. Şəhadətnaməni verərkən bildiriblər ki, borc tamamilə bağlanıb. Həmin vaxtdan 1 il keçəndən sonra ev onun adına qeydiyyata alınanda ona məktub gəlib ki, borcdan qalıq qalmışdır. Bu zamanda iddia müddətinin keçməsi barədə ərizə verib.

İşdə olan sübutlar

12. "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1791-xx.xx.2017SM0142 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 36 ay müddətinə, illik 27 faiz dərəcəsi hesanlanmaqla 1400 manat məbləğində nağd kredit verilmişdir.

13. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X5 xx.xx.2017-ci il tarixli, 1791-xx.xx.2017-SM0142 saylı kredit müqaviləsi üzrə banka 261,07 manat əsas borc, 1,58 manat faiz borcu olmaqla, cəmi 262,65 manat borcu vardır.

14. AZ-İİ seriyalı 096949 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixində vəfat etmişdir.

15. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sorğusuna Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli cavab məktubunun və əlavə olunmuş xx.xx.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdehdır və miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən 23 saylı mənzildən ibarətdir.

16. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1254. Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı.

1. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

20. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-111/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. İş materialları ilə müəyyən edilir ki, iddiaçı bank ilə cavabdehin xalası X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1791-xx.xx.2017SM0142 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana 36 ay müddətinə, illik 27 faiz dərəcəsi hesanlanmaqla 1400 manat məbləğində nağd kredit verilmiş, X1 xx.xx.2020-ci il tarixində ölmüşdür. Müqavilənin icra müddəti xx.xx.2020-ci il tarixə qədər müəyyən olunmuş, xx.xx.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsindən sonra, iddiaçı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmsə də qanunla müəyyən edilmiş 3 illik iddia müddətini buraxmışdır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir.

23. Məhkəmə kollegiyası mübahisəyə on illik ümumi iddia müddətinin tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddia tələbi üzrə mübahisəsinin əsasını cavabdehin vərəsəsi olduğu X6 ilə bank arasında bağlanmış kredit müqaviləsi təşkil etmişdir. Yuxarıda istinad olunan maddi hüquq normalarına və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən isə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilir.

24. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-111/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-111/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar