Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-828/2025 21.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: prosessual pozuntu, məhkəmə aidiyyətı) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(077)-105/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, Cavabdeh 19250 manat pulun və 148 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlayaraq cavabdehə məxsus “Toyota Prius” markalı, 77- BU-901 dövlət qeydiyyat nişanlı minik avtomobilini kredit yolu ilə əldə etmişdir. Razılaşmaya əsasən taksi fəaliyyəti ilə məşğul olmaq üçün əldə etdiyi avtomobilin müqabilində 1000 manat ilkin ödəniş, günlük 25 manat olmaqla 36 ay ödəniş etməli idi. Müqavilənin rəsmi qaydada bağlanmasını tələb etdiyi üçün cavabdeh onu həmin tarixdə Günəşlidə yerləşən Notariat ofisinə çağırmış, guya müqavilənin rəsmi qaydada bağlanması formasını yaratmış və hüquqi savadının olmamasından istifadə edərək qeyd edilən müqaviləni imzalamışdırlar. İlk öncə heç bir problem yaşamadan günlük ödənişləri ödəyirdi. Hətta iki ildən artıq müddət ərzində avtomobilin texniki problemlərini və zamanla əmələ gəlmiş problemlərini də öz vəsaiti hesabına təmir etdirmişdir. İki il ərzində ara-sıra səhhətində yaranan problemlərdən və şəxsi vəziyyətindən dolayı günlük ödənişlərin ödənilməsində bəzən bir həfətəyə qədər fasilələr olsa da, Nurlan narahat olmamasını bildirərək ödəniş üçün vaxt vermişdir. Lakin 24 ay müddətində heç bir zaman borclu qalmamışdır. Taksi fəaliyyəti ilə məşğul olmadığı günlər üçün də ödənişi etmişdir. Lakin ötən ilin 5 fevral tarixdə bir neçə nəfər tanımadığı başqa adamlarla birlikdə yaşadığı ünvana gələrək avtomobili əlindən məcburi şəkildə almışdır. Səbəb kimi isə 90 manat borcunun olmasını göstərmişdir. Lakin cavabdehin özü qeyd edilən borcun ödənilməsi üçün vaxt vermişdir. Belə ki, ağır xəstə olduğu üçün bir neçə gün işə çıxa bilməyəcini Nurlana bildirmiş, o isə problem olmadığını bildirmişdir. Lakin məlum olmayan səbəblərdən qəfil şəkildə borcu tələb etmiş, yaxın günlərdə ödəyəcəyini bildirsə də, razılaşmadan avtomobili aparmışdır. Daha sonra anlamışdır ki, cavabdeh tərəfindən ona qarşı əvvəldən hazırlanaraq dələduzluq əməli törədilmişdir. Çünki cəmi 19250 manat ödəniş etdiyi bir zamanda avtomobilin əlindən alınmasında başqa bir məna görmür. Qeyd edilən avtomobilin bazar qiyməti 10000 manatdan çox deyildir. İki il avtomobilin dəyərini ödədikdən sonra cəmi 90 manata görə avtomobil əlindən alınmış, pulları da mənimsənilmişdir. Üstəlik qeyd edilən “müqavilə” üzrə 11 ay ödəniş etdikdən sonra avtomobil onun mülkiyyətinə keçməli idi. Cavabdehin bu hərəkətlərindən pulu qaytarmayacağını anladığı üçün məcbur qalıb Daxili işlər Nazirliyinin “102” xidmətinə müracət etmişdir. Müraciəti əsasında Nərimanov rayon Polis İdarəsində aparılmış araşdırma zamanı izahatı alınmış cavabdeh onun haqqında yalan olan ifadələr işlətməklə yanaşı ödənişdən guya imtina etdiyini bildirmişdir. Nəticədə, Nərimanov rayon Polis İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Beləliklə hesab edir ki, savadsızlığından və ailə vəziyətində olan problemlərdən dolayı cavabdehin aldığı 19250 manat vəsait əsassız şəkildə əldə edildiyindən geri qaytarılmalıdır.
3. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yerləşdirdiyi elanla əlaqədar olaraq İddiaçı mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq elanda göstərilmiş “Toyota Prius” markalı 77-BU901 dövlət qeydiyyat nömrəli avtomobili almaq istədiyini bildirmişdir. Həmin tarixdə günorta saatlarında Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən notariusda aralarında bağlanmış müqaviləyə əsasən İddiaçı avtomobili almaq üçün ilkin olaraq 1000 manat, daha sonra isə hər gün 25 manat olmaqla 36 ay müddətinə ödəniş etməsi, ödənişi tam şəkildə etdikdən sonra avtomobilin onun adına keçirilməsi, ödəniş zamanı gecikmə günləri 1 gündən artıq olduqda isə avtomobilin geri alınması nəzərdə tutulmuşdur. Bundan sonra iki il ərzində Natiqə dəfələrlə ödəməli olduğu ödənişi gecikdirmiş, lakin xanım olduğu, ailəisini dolandırmaq məcburiyyətində qaldığı üçün ona bu barədə heç nə deməmişdir. 2023-cü ilin dekabr və 2024-cü il yanvar ayı ərzində bu hal mütəmadi olaraq baş vermiş, İddiaçı borcu yaranmışdır. Müqavilədə 1 gün göstərilsə də, İddiaçı xəstə olduğu üçün onu 1 həftə gözləmişdir. 1 həftədən sonra, yəni xx.xx.2024-cü il tarixdə İddiaçı zəng edərək ödəniş barəsində məlumat almaq istəyərkən ona hazırda işdə olduğunu, günün sonuna qədər ödəniş edəcəyini bildirmişdir. Saat 19:00 radələrində yenidən zəng edərək ödəniş barəsində soruşduqda Natiqə artıq bezdiyini, avtomobili yandırcağını heç bir ödəniş etməyəcəyini bildirmişdir.O, Natiqədən ödənişi nə vaxt edə biləcəyini soruşduqda Natiqə ona qəti şəkildə heç vaxt ödəniş etməyəcəyini bildirmişdir. Bu səbəbdən Natiqənin avtomobilə ziyan vuracağını düşünərək xalası oğlu X3 ilə birlikdə İddiaçı yaşadığı ünvanın qarşısına getmiş və mobil telefon vasitəsi ilə zəng edərək avtomobilin yanına gəlməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra əvvəlcə İddiaçı həyat yoldaşı, daha sonra isə özü gələrək avtomobildə olan özünə məxsus bütün əşyaları götürmüş və avtomobilin açarını ona təqdim edərək daha işləmək istəmədiyini, həmçinin avtomobili qaytarmaq istədiyini bildirmişdir. Bu səbəbdən avtomobilə əyləşib idarə edərək oradan uzaqlaşmışdır. Göstərilənləri nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh (bundan sonra “Avtomobilin sahibi”) ilə İddiaçı (bundan sonra “Sürücü”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, “Avtomobil sahibi” “Sürücü”yə “Toyota Prius” markalı **-BU-*** dövlət qeydiyyat nömrəli avtomobili etibarnamə ilə müvəqqəti sürməyə ilkin olaraq 1000 manat, gündəlik 25 manat olmaqla 36 ay müddətinə vermişdir. Müqavilənin şərtlərinə əsasən, “Sürücü” gündəlik gedişlərin edilməsinə və ona görə yığılan ödənişlərin gündəlik edilməsinə görə məsulliyyət daşıyır (bənd 7). “Sürücü” müqavilədə qeyd olunan gündəlik gedişlərə görə ödənişləri ən gec növbəti gün aparmadığı (apara bilmədiyi) təqdirdə avtomobili “Avtomobil sahibi”nə geri qaytarır (bənd 8). İddiaçı müqavilə ilə tanış olduğunu, məsuliyyətini tam dərk etdiyini bildirmiş və razılığını imzası ilə təsdiq etmişdir (bənd 15).
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
5. Şuşa Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(077)-105/2025 nömrəli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) İddiaçı Cavabdeh qarşı cavabdehdən 19250 manat pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddianın verilməsi üçün ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.5, 389.1, 390.1, 390.4, 404.1, 675, 700.1, 700.2, 700.3, 691.4, 691.4.1, 691.4.2, 14.1, 5.3, 425.1, 385.1 və 386.1-ci maddələri, Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9, 119, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Şuşa Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(077)-105/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
9. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
10. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
11. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
14. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarı: 12-ci bənd. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hüquq münasibətinin xarakterinə gəldikdə kollegiya bildirir ki, mübahisə üzrə hüquq münasibətinin xarakterinə dair tələblər iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən CƏDVƏL).
15. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 10. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 6.1.2. Vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə Vergi Məcəlləsinin 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Maddə 384.0.4. İşə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Maddə 387.2.9. İşə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Maddə 387.3. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: Maddə 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini işdə iştirak edən tərəflərin izahatı və iş materialları ilə birlikdə tam və hərtərəfli araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(077)-105/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
19. Kollegiya ilk növbədə hazırkı mübahisənin aidiyyət məsələsinə xüsusi diqqət yetirərək qeyd edir ki, məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) fərdi sahibkar statusuna malik olmaları müəyyən edilmişdir.
20. Həmçinin elektron çıxarışlardan görünür ki, İddiaçı və Cavabdeh VÖEN statusları aktivdir və dayandırılmamışdır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların vergi orqanında fəaliyyətinin aktiv olmaması və ya onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur.
22. Çünki bu məsələlər Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir.
23. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
24. Qeyd olunmalıdır ki, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm predmetinin və hüquq münasibətlərinin xarakterinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
25. Beləliklə, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, araşdırılan iş üzrə tərəflər fərdi sahibkar statusuna malik fiziki şəxs olmaqla subyekt tərkibi, eləcə də hüquq münasibətlərinin xarakteri, irəli sürülmüş tələbin tərəflərin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməsi kommersiya mübahisələrinin şərtinə uyğun gəlir.
27. Bu baxımdan hazırki mübahisəyə yuxarıda istinad edilən prosessual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının müddəalarına uyğun olaraq kommersiya mübahisəsi kimi mahiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.
28. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmə aidiyyəti qaydaları ilə bağlı tələbləri pozulduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(077)-105/2025 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
29. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şuşa Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(077)-105/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilə bilər.