Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-829/2024 06.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması, uşağın xəstəliyinə görə əlavə xərc tələbi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi, uşağın xəstəliyinə görə əlavə xəclərə cəlb olunma və uşağın xəstəliyi üçün ödənilmiş pul tələbinə” dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(060)-108/2024 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 159 nömrə ilə qeydə alınmış nikahın pozulmaı, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, 31 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatana kimi ananın saxlanılması üçün 70 (yetmiş) manat Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
3. AZ-İV 346958 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X7 adlı övladları doğulmuşdur.
4. AZ İ 415363 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin 16 may 2021ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022- ci il tarixdə 233 nömrə ilə qeyd edilmişdir.
5. "xxxx" MMC tərəfindən verilmiş 014 nömrəli xx.xx.2023-cü il tarixli, 006 nömrəli xx.xx.2023-cü il tarixli, 015 nömrəli xx.xx.2023-cü il tarixli, 016 nömrəli xx.xx.2023-cü il tarixli, 007 nömrəli xx.xx.2023-cü il tarixli, 022 saylı xx.xx.2023-cü il tarixli, 021 saylı xx.xx.2023-cü il tarixli, 043 saylı xx.xx.2023-cü il tarixli, 044 saylı xx.xx.2023-cü il tarixli və 045 saylı xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, aparılmış terapiyalar üçün ümumilikdə 8965 (820+820+905+860+900+900+920+940+1000+900) manat pul ödənilmişdir.
6. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ruqəyya Məmmədovanın "xxxx" MMC-də psixiatr qəbulu ilə əlaqədar 120 manat ödəniş edilmişdir.
7. xx.xx.2020-ci il tarixli, A01210553 saylı, xx.xx.2021-ci il tarixli, A01289594 nömrəli (2 ədəd), xx.xx.2021-ci il tarixli A01403009 nömrəli (2 ədəd) ödəniş qəbzlərindən görünür ki, X18 MMC-yə ümumilikdə 197 (50+34+12+51+50) manat ödəniş edilmişdir.
8. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 30 manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, “German” Hospitala 50 manat ödəniş edilmişdir.
9. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ruqəyya Məmmədovanın trvamatoloq Ortoped müayinəsi üçün 100 manat ödəniş edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də agent işləyir və 600 manat əmək haqqı alır.
10. AR SN-in Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 74/492 nömrəli həkim–psixiatr komissiyasının rəyinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X5 uşaq autizmi, nitq artikulyasiyasının spesifik pozuntusu-F-80.0 müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin artırılması ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin dəyişərək, birgə nikahlarından olan 27 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi, birgə nikahlarından olan 27 sentyabr 2019-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar olaraq ödədiyi 14.947 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi, birgə nikahlarından olan 27 sentyabr 2019-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar olaraq hər ay cavabdehdən 900 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumun da cavabdehə aid edilməsini xahiş etmişdir.
12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları var: 27 sentyabr 2019-cu il təvəllüdlü X7. Sumqayıt şəhər məhkəməsinin 2(060)- 3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 27 sentyabr 2019-cu il təvəllüdlü X2 onun yanında qalması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 175 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana kimi 70 manat maddi yardımın tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh Sumqayıt şəhər məhkəməsinin 2(060)- 3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və onun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi uşaq üç yaşına çatana kimi ananın saxlanılması üçün hər ay 70 manat pulun tutulması hissəsində dəyişdirilmiş, uşaq üç yaşına çatana kimi ananın saxlanılması üçün hər ay 30 manat pulun tutulub ona verilməsi qət edilmişdir. Bildirir ki, uşaq üç yaşına çatdığından ananın saxlanılması üçün hər ay 30 manat pulun tutulub ona verilməsi dayandırılmışdır. Hazırda o, 175 manat aliment alır. Həmin məbləğlə övladını saxlamaqda çətinlik çəkir. Belə ki, övladı autizm xəstəsidir. Onun yemək xərcini və xəstəliyi ilə əlaqədar xərclərini qarşılamaqda çətinlik çəkir. Hər ay 900 manat xəstəliyi ilə əlaqədar pul ödəyir. Bu günə kimi uşağın xəstəliyi ilə əlaqədar olaraq 10287 manat pul ödəmişdir. Həmçinin hazırda da o, uşağın xəstəliyi ilə əlaqədar olaraq hər ay 900 manat pul ödəyir. Hesab edir ki, alimentin məbləği artırılaraq 220 manat müəyyən olunmalıdır. Həmçinin uşağın xəstəliyi ilə əlaqədar olaraq ödədiyi 10287 manat məbləğində pul və hər ay uşağın xəstəliyi ilə əlaqədar olaraq ödəməli olduğu 900 manat pul hər ay cavabdehdən alınıb ona verilməlidir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir
13. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(060)-108/2024 saylı qətnaməsi ilə ( hakim G.Tanrıverdiyeva) iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3650/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 27 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, - miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, - Cavabdeh 4731 (dörd min yeddi yüz otuz bir) manat pul və 27 sentyabr 2019-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar olaraq hər ay 375 (üç yüz yetmiş beş) manat məbləğində əlavə xərc tutularaq İddiaçı ödənilməsi, - Cavabdeh 25 (iyirmi beş) manat mediasiya xərci tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3650/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşağın saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Bu səbəbdən məhkəmə hesab edib ki, Sumqayıt Şəhər Məhkəməsinin (060)-3650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək 235 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin cavabdehin xx.xx.2019-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar çəkilmiş xərcin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edib ki, Ailə Məcəlləsinin 81-ci maddəsində yetkinlik yaşına çatmayan uşaqların yalnız ağır xəstə və ya şikəst olduğu hallarda valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. Bu hissədə məhkəmə hesab edib ki, İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar 9462 manat xərc çəkdiyini sübuta yetirə bilmişdir. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 "xxxx" MMC-də 2023-cü ildə müalicəsi ilə əlaqədar 8965 manat xərc çəkilmişdir. Həmçinin məhkəmə onu da qeyd edib ki, məhkəməyə əvvəlki illərə aid “Loqos” Psixoloji və X15 aid olduğu iddia edilən çoxsaylı qəbzlər təqdim edilsə də, həmin qəbzlər möhürlə təsdiq edilməmiş, qəbzlərin məzmunundan ödənişin kim tərəfindən edilməsi və ödənişin əsaslarını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə həmin xərcləri hesablayarkən yalnız "xxxx" MMC tərəfindən arayış verilməklə təsdiq olunan məbləğləri nəzərə almışdır. Eyni zamanda işdə olan sənədlərdən görünür ki, uşağın müxtəlif xəstəxanalarda analizlərdən keçirilməsi və həkim müayinələri üçün daha 497 (120+100+197+30+50) manat pul xərclənmişdir. Beləliklə uşağın müalicəsi üçün iddiaçı tərəfindən ümumilikdə 9462 (8965+497) manat pul xərclənmişdir. Uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edib ki, çəkilən xərcin yarısı – yəni 4731 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü Məmmədova Ruqəyyə qızının xəstəliyi ilə əlaqədar hər ay 900 manat məbləğində maddi yardımın tutulub iddiaçıya verilməsi hissəsində də iddianı qismən təmin edən məhkəmə qənaətini belə əsaslandırıb ki, məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X2 hər hansı xəstəlikdən əziyyət çəkməsini və onun daimi olaraq müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8” X16 xx.xx.2023-cü il tarixli 837/KEŞ saylı rəyindən qeyd olunub ki, ekspertiza nəticəsində X2 adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi onun “Ekspressiv reseptiv nitq pozuntusu (ASP xüsusiyyətlər)” xəstəliyindən əziyyət çəkdiyi və Rüqəyya Məmmədovanın düçar olduğu xəstəliklə əlaqədar mütəmadi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. Beləliklə xx.xx.2019-cu il təvəllüdlü X2 mütəmadi olaraq müalicəyə ehtiyacı olduğu öz təsdiqini tapdığından Cavabdeh övladının müalicəsində iştirak etməyə cəlb edilməlidir. Məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X2 aylıq müalicə xərcini hesablayarkən onun müalicəsi üçün 2023-cü ildə yalnız mütəmadi olaraq çəkilmiş xərcləri ilin aylarının sayına bölməklə müəyyən etmişdir ki, R.Məmmədovanın müalicəsi üçün hər ay təxminən 750 (8965 manat/12 ay) manat pul tələb olunur. Bu səbəbdən məhkəmə bir daha uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edib ki, xx.xx.2019-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar olaraq gələcəkdə çəkiləcək xərclərlə bağlı hər ay cavabdehdən 375 manat məbləğində əlavə xərc tutularaq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 81, 100.2, 112.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19cu maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarına, «Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minumumu haqqında» Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103, 206, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətlərinin dəlilləri
16. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər.
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamənin 27 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsində mübahisələndirmir. Həmin hissədə qərarla razıdır. Qətnaməni 27 sentyabr 2019-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar 14947 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində qismən təmin edilməsi barədə məhkəmənin mövqeyini əsassız hesab edir. Belə ki, məhkəmə hesab edib ki, İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar 9462 manat xərc çəkdiyini sübuta yerə bilmişdir. Ona görə də həmin məbləğin yarısının iddiaçıya verilməsini təmin etmişdir. Məhkəmə bu hissədə təqdim edilmiş mötəbər sübutları nəzərə almamışdır. Bundan əlavə məhkəmə hesab edib ki, iddia tələbi cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü Məmmədova Ruqəyyə qızının xəstəliyi ilə əlaqədar hər ay 900 manat məbləğində maddi yardımın tutulub iddiaçıya verilməsi hissəsində də qismən təmin edilməlidir. Məhkəmə bu hissədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Eksperza və X8” X16 xx.xx.2023-cü il tarixli 837/KEŞ saylı rəyinə istinad edərək hesab edib ki, həmin rəyə əsasən X2 mütəmadi olaraq müalicəyə ehtiyacı olduğu öz təsdiqini tapdığından Cavabdeh övladının müalicəsində işrak etməyə cəlb edilməlidir. Məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X2 aylıq müalicə xərcini hesablayarkən onun müalicəsi üçün 2023-cü ildə yalnız mütəmadi olaraq çəkilmiş xərcləri ilin aylarının sayına bölməklə müəyyən etmişdir ki, R.Məmmədovanın müalicəsi üçün hər ay təxminən 750 (8965 manat/12 ay) manat pul tələb olunur. Bu səbəbdən məhkəmə hesab edib ki, xx.xx.2019-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar olaraq gələcəkdə çəkiləcək xərclərlə bağlı hər ay cavabdehdən 375 manat məbləğində əlavə xərc tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinə əlavə edilən qəbzlərdən görünür ki, iddiaçı uşağın xəstəliyi ilə bağlı "xxxx" MMC-yə hər ay 900 manat pul ödəyir . Belə olan halda məhkəmə ən pis halda 450 manat pul tutmalı idi. Hazırkı vəziyyətdə isə məhkəmə 375 manat məbləğində pul tutmaqda haqlı olmamışdır. Göründüyü kimi məhkəmə təqdim edilmiş sənədləri nəzərə almamışdır. Uşağın xəstəliyi ilə əlaqədar olaraq çəkilmiş 14947 manat məbləğində pula dair qəbzlər iş materillarına əlavə edilsə də, məhkəmə heç bir əsas olmadan iddia tələbini həmin hissədə qismən təmin etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin iddia tələbinin qismən təmin olunan hissəsində dəyişdirərək, iddia tələbinin həmin hissələrdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən, iddia ərizəsində göstərilənlərə əsaslanmış, ailə qanunvericiliyinin tələbinə görə alimentin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyətini deyil, məhz “Yaşayış minimumu haqqında” Qanunun normalarını əsas götürməklə alimentin miqdarını artırmışdır. Halbuki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, həmin məbləğin tam ödənilməsi vəzifəsinin əlavə sübutlar olmadan valideynlərdən birinin (cavabdehin) üzərinə qoyulması yolverilməzdir. İddia ərizəsində iddiaçı guya cavabdehin uşağın saxlanılması üçün 175 manat alimentdən başqa ödəniş etmədiyini, uşağı ilə maraqlanmadığı barədə həqiqəti əks etdirməyən və heç bir dəlilə sübuta əsaslanmayan məlumatlar qeyd edilmişdir. Əksinə iddiaçı tərəf (ana) uşağı qərəzli olaraq bilərəkdən cavabdehə göstərmədiyi halda cavabdeh uşağına görə imkanı çatacaq səviyyədə alimentin miqdarını hər ay 200 manatdan ödəmiş və bugünə kimi də ödəməyə davam edir (bu barədə qəbzlər şikayətə əlavə olunur). Nədənsə birinci insatnsiya məhkəməsi alimentin miqdarını artırarkən bu xüsusatı araşdırmamış, birtərəfli qaydada qətnamə qəbul etmişdir. Bundan başqa iddiaçı cavabdehin əmək haqqısından daha yüksək gəlirlərə malik olmasına, əlavə qazanc yeri olmasına dair sübutlar təqdim etməmişdir. Cavabdeh hazırda “MURAD” LTD-də satış üzrə menecer vəzifəsində çalışır və əmək haqqısı sabit olmaqla 441.5 manatdır. Bu məbləğ ilə dolanmaq eləcə də hər ay 235 manat aliment ödəmək mümkün deyildir. Cavabdehin əlavə gəliri və qazancı yoxdur. Uşağın saxlanılması üçün tərəflər birgə və bərabər məsuliyyət daşıdıqlarından, bütün xərclərin bir tərəfə həvalə edilməsi məqsədə müvafiq hesab edilə bilməz. Bundan əlavə alimentin miqdarının çox olması ilə əlaqədar vaxtlı-vaxtında ödənilməməsi uşağının mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasına səbəb olacaqdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Ali məhkəmənin müvafiq plenum qərarında da göstərildiyi kimi Cavabdeh maddi vəziyyəti (özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s hallar), eyni zamanda diqqətəlayiq digər hallar (himayəsində 2-ci qrup xəstə anası və 2-ci qrup xəstə qardaşı olmasını, və s) nəzərə alınmamışdır. Həmçinin məhkəmə yalnız cavabdehin işləyib-işləməməsi məsələsini araşdırsa da, nədənsə iddiaçının işləyibişləməsini, hər hansı gəlirə malik olmasını araşdırmamışdır. Bundan başqa qətnamənin cavabdehin xx.xx.2019-cu il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar çəkilmiş xərcin - 4731 (dörd min yeddi yüz otuz bir) manatın cavabdehdən tutulması və gələcəkdə çəkiləcək xərclərlə bağlı hər ay cavabdehdən 375 manat məbləğində əlavə xərcin tutulması hissəsi ilə də razı deyil. Belə ki, uşağın autizm xəstəsi olması ilə bağlı məhkəmə kifayət qədər araşdırma aparmamış, bu kimi xəstə uşaqlarda müalicənin dövlət hesabına icbari tibbi sığorta üzrə ödənilməsinin nəzərdə tutulub-tutulmamasını, həmin xəstəliyin ağır xəstəliklər kateqoriyasına aid olub-olmamasını araşdırmadan ekspert rəyinə istinad etməklə əsassız qətnamə qəbul etmişdir. Halbuki, məhkəmənin özünün də qətnamədə qeyd etdiyinə görə Ailə Məcəlləsinin 81-ci maddəsində yetkinlik yaşına çatmayan uşaqların yalnız ağır xəstə və ya şikəst olduğu hallarda valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi tibbi ekspertiza təyin edərkən yalnız xx.xx.2019-cu il təvəllüdlü X4 hansı xəstəlikdən əziyyət çəkməsi və onun xəstəlikdən əziyyət çəkirsə daimi müalicəyə ehtiyacının olub-olmaması barədə ekspertlər qarşısında sualları qoysa da, Azərbaycan Respublikasi Ailə Məcəlləsinin 81-ci maddəsində göstərildiyi kimi uşaqda xəstəliyinin dərəcəsi (ağır xəstə və şikəst olması) olub-olmaması ilə bağlı məsələni araşdırmadan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8” X16 xx.xx.2023-cü il tarixli 837/KEŞ saylı rəyindən də görünür ki, ekspertiza nəticəsində X2 “Ekspressiv reseptiv nitq pozuntusu (ASP xüsusiyyətlər)” xəstəliyindən əziyyət çəkdiyi və onun düçar olduğu xəstəliklə əlaqədar mütəmadi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. Nitq pozuntusu xəstəliyi özülüyündə ağır xəstəlik deyildir və sadəcə Autizmin yüngül forması hesab edilir. Beləliklə 235 manat aliment + 375 manat əlavə xərcləri və əlavə olaraq 4731 manat ödəmək məcburiyyətində qalmaq gələcəkdə cavabdehin çox böyük problemlərlə qarşı qarşıya qalmağına səbəb olacaqdır. Odur ki, göstərilən hallar məhkəmə kollegiyası tərəfindən araşdırılmalı və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı mübahisələndirilən qətnamənin 27 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində razıdır, digər hissələrdə isə qətnamədən narazıdır. Belə ki, iddiaçı tərəfindən uşağın xəstəliyi ilə əlaqədar ödənilmiş 14947 manat məbləğində pula dair qəbzlər məhkəməyə təqdim edilsə də, məhkəmə qeyd olunan məbləğdə xərc çəkilməsinin qəbzlərlə sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Halbuki iddiaçı tərəf qəbzlərlə yanaşı arayışlar da təqdim etmişdir. İş üzrə ekspertiza təyin edilmiş və uşağın xəstəliyi ekspert rəyi ilə təsdiq olunmuşdur. Bu xəstəliyin müalicəsi ilə əlaqədar hər ay 900 manat məbləğində maddi yardımın cavabdehdən tutulub iddiaçıya verilməsi tələb edilsə də, məhkəmə bu məbləği hər ay 375 manat həddində müəyyən etmişdir. Uşağın xəstəliyi ilə əlaqədar bütün xərcləri bu günə qədər iddiaçı çəkmişdir, cavabdeh tərəfindən yalnız aliment ödənilir. Göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən uşağın xəstəliyi ilə əlaqədar bugünə qədər ona məlumat verilməmişdir. O, satış təmsilçisi işləyir və 400 manat əmək haqqı alır. Əvvəlki məhkəmə qətnaməsi ilə tutulan aliment hər ay 175 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, o, imkanı çatdığı qədər bu məbləği hər ay 200 manat məbləğində ödəmişdir. Bunu təsdiq edən qəbzlər məhkəməyə təqdim olunmuşdur. İddia tələbini digər hissələrdə ümumiyyətlə qəbul etmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-108/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisələndirilən qətnamə ilə alimentin məbləğinin artılaraq hər ay 235 manat məbləğində müəyyən edilməsi və uşağın xəstəliyi ilə əlaqədar cavabdehdən hər ay 375 manat məbləğində pulun tutulması ilə cavabdehin üzərinə ağır öhdəlik qoyulmuşdur. Bundan əvvəlki məhkəmə qətnaməsi ilə cavabdehdən hər ay 175 manat məbləğində alimentin tutulması müəyyən edilsə də, cavabdeh hər ay 200 manat məbləğində aliment ödəmişdir, Bu da göstərir ki, cavabdeh qayğıkeş və övladı ilə maraqlanan valideyndir. Keçən müddət ərzində cavabdehin qazancında heç bir dəyişiklik olmayıb və onun əlavə qazanc yeri yoxdur. Bu halda aliment məbləğini artıran məhkəmənin mövqeyi anlaşılan deyildir. Bundan başqa cavabdehin əlavə xərclərə cəlb olunmasına da əsas yoxdur. Əvvəla keçən müddət ərzində uşaqda hər hansı xəstətliyin olması barədə cavabdehə məlumat verilməmişdir. Belı olan halda müəyyən müddət ərzində ödənilmiş müalicə xərclərinin toplam şəkildə bölünməsi əsassızdır. Ailə Məcəlləsinin 81-ci maddəsində yetkinlik yaşına çatmayan uşaqların yalnız ağır xəstə və ya şikəst olduğu hallarda valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. Hazırda tərəflərin övladı X2 “Ekspressiv reseptiv nitq pozuntusu (ASP xüsusiyyətlər)” xəstəliyindən əziyyət çəkdiyi və onun düçar olduğu xəstəliklə əlaqədar mütəmadi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. Nitq pozuntusu xəstəliyi özülüyündə ağır xəstəlik deyildir və sadəcə Autizmin yüngül forması hesab edilir. Birinci instansiya məhkəməsi tibbi ekspertiza təyin edərkən ekspert qarşısında uşaqda müəyyən edilən xəstəliyin ağır xəstəlik olub-olmaması barədə sual qoymalı idi, lakin ekspert qarşısında belə bir sual qoyulmamışdır. Göründüyü kimi məhkəmə natamam araşdırma nəticəsində əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də nümayəndə cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-108/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
23. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
24. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyası Maddə 3 Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
25. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Maddə 81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
26. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
27. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(060)-108/2024 saylı qətnaməsini iddianın təmin edilməyən hissəsində, cavabdeh isə həmin qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.
30. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(060)-108/2024 saylı qətnaməsini mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə əlavə xərcin məbləğinə münasibətdə dəyişdirilməlidir.
32. Hazırki iddia tələbinin məzmunundan görünür ki, tələb bir neçə hissədən-aliment məbləğinin artırılmasından, çəkilmiş xərcin yarısının verilməsindən, o cümlədən “uşağın xəstəlik xərcinin qarşılanması” barədədir.
33. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, birgə nikahlarından anadan olmuş 27 sentyabr 2019-cu il təvəllüdlü X7 xəstədir, qızında autizm xəstəliyi və yaşıdlarına münasibətdə inkişafdan geri qalma müşahidə olunur. Müvafiq kurslara, müalicələrə getməlidir ki, xəstəliyi ağırlaşmasın. Loqoped və psixoloq yanına getməlidir. Aldığı dərmanlar və müalicələr kifayət qədər xərc tələb edir.
34. Cavabdeh tərəf isə ümumiyyətlə iddianı heç bir hissədə qəbul etmir və etirazını onunla əsaslandırır ki, iddiaçı keçmiş arvadı olmaqla, həm də əmisi qızıdır. Uşaqda hər hansı xəstəlik olması barədə onda məlumat yoxdur, bundan əlavə aylıq qazancı kifayət qədər aşağıdır. Deyilən xərcləri qarşılamaq imkanında deyil.
35. Kollegiya ilk olaraq iddiaçı tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq bildirir ki, birinci instansiya məhkəməsi səlahiyyətləri çərçivəsində kifayət qədər geniş araşdırma aparmış və iddia tələbi ilə bağlı yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.
36. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, hər hansı əlavə mötəbər sübuta əsaslanmadan şikayəti tam təmin etmək, qarşı tərəfin də çıxılmaz vəziyyətə düşməsi ilə nəticələnə bilər. Ona görə də kollegiya bildirir ki, bu xarakterli mübahisələrin həlli üzrə istər iddia tələbinin, istərsə də apellyasiya şikayətinin dəlillərinə qiymət verilərkən tərəflər arasındakı qarşılıqlı münasibətlə yanaşı, onların hazırki və gələcək maddi durumu, qarşılaşacağı vəziyyət nəzərə alınmalı və qəbul edilmiş qətnamə uzun müddət icra olunmamaq halı ilə nəticələnməməlidir. Bu səbəbdən kollegiya iddiaçı tərəfin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
37. Cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya bildirir ki, sonuncunun apellyasiya şikayətində göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək, o cümlədən əlavə xərcləri qarşılamaq vəzifəsindən ümumiyyətlə azad etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment və əlavə xərc ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi anasının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər (himayəsində xəstə anası və qardaşı olması kimi) onu aliment öhdəliyindən azad edə bilməz.
38. Lakin qeyd olunanlarla yanaşı, işin faktiki halları və yuxarıda, bundan əvvəlki bənddə göstərilənlər də nəzərə alınmalıdır.
39. Belə ki, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
40. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yet kinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.
41. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.
42. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.
43. Kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
44. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.
45. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.
46. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və eyni zamanda əlavə xərclərdən iddiaçının azad olması sübuta yetirilmir.
47. Ona görə də kollegiya uşağın mənafeyini, əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq alimentin hər ay 235 manat (yaşayış minimumuna uyğun) məbləğdə müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
48. Araşdırılan işdən görünür ki, iddiaçı birgə nikahdan olan 27 sentyabr 2019-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar olaraq 14947 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi tələb edilmişdir. Lakin iş materiallarına əsasən İddiaçı tərəfindən xx.xx.2019-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar 9462 manat xərc çəkildiyi sübuta yetirilmişdir. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 "xxxx" MMC-də 2023-cü ildə müalicəsi ilə əlaqədar 8965 (820+820+905+860+900+900+920+940+1000+900) manat xərc çəkilmişdir. Eyni zamanda işdə olan sənədlərdən görünür ki, uşağın müxtəlif xəstəxanalarda analizlərdən keçirilməsi və həkim müayinələri üçün daha 497 (120+100+197+30+50) manat pul xərclənmişdir. Beləliklə uşağın müalicəsi üçün iddiaçı tərəfindən ümumilikdə 9462 (8965+497) manat pul xərclənmişdir.
49. İşə baxan məhkəmə uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq çəkilən xərcin yarısı – yəni 4731 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir ki, kollegiya bu barədə də məhkəmənin mövqeyini əsaslı hesab edir.
50. Nəhayət iddia tələbinin xx.xx.2019-cu il təvəllüdlü X2 daimi müalicəyə ehtiyacı olması, buna görə isə hər ay 900 manat alimentin (əlavə xərcin) cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, işdən göründüyü kimi məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X2 hər hansı xəstəlikdən əziyyət çəkməsini və onun daimi olaraq müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8” X16 xx.xx.2023-cü il tarixli 837/KEŞ saylı rəyində qeyd olunub ki, “ekspertiza nəticəsində X2 adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi onun “Ekspressiv reseptiv nitq pozuntusu (ASP xüsusiyyətlər)” xəstəliyindən əziyyət çəkdiyi və Rüqəyya Məmmədovanın düçar olduğu xəstəliklə əlaqədar mütəmadi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir.”
51. Lakin kollegiya birinci instansiya məhkəməsinin əlavə xərcə görə hər ay 375 manat məbləğində müəyyən etdiyi məbləğlə tam razılaşmır və qeyd edir ki, bu məbləğ kifayət qədər yüksəkdir.
52. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə tam razılaşmır və hesab edir ki, tələbin yuxarıda qeyd olunan formada təmin edilməsi, tərəflərə münasibətdə balanslaşdırılmamış nəticə yarada bilər.
53. Ona görə də məhkəmə kollegiyası bütün yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh 27 sentyabr 2019-cu il təvəllüdlü X2 müalicəsi üçün müəyyən edilmiş əlavə xərcin məbləği dəyişdirilərək, hər ay 150 (bir yüz əlli) mаnаt məbləğində müəyyən edilməlidir.
54. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edlərək, qətnamə hər ay ödənilməsi müəyyən olunmuş əlavə xərcin məbləğinə münasibətdə dəyişdirilməli və bu məbləğ 150 (yüz əlli) manat müəyyən edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
55. Kollegiya sonda qeyd edir ki, hər iki tərəfin mübahisələndirdiyi məbləğ 5000 manatdan çox olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilər.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(060)-108/2024 nömrəli qətnaməsi Cavabdeh 27 sentyabr 2019-cu il təvəllüdlü X2 müalicəsi üçün alınmalı (tutulmalı) olan əlavə xərcin məbləği ilə bаğlı hissədə dəyişdirilsin və həmin əlavə xərcin məbləği hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən (uşaq tələbi ilə bağlı hissəsindən) tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.