Məhkəmə qərarları › İş №2(105)-83/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-83/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-83/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(029)-771/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Vəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh cəmi 2300 (iki min üç yüz) manat məbləğində borc pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı X1 Elxan Əladdin oğluna qarşı 3120 (üç min yüz iyirmi) manat borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ümumi borclu qaldığı 3120 (üç min yüz iyirmi) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qusar rayonu Kufoba kəndində yaşayır və həmin kənd məktəbində müəllim işləməklə yanaşı heyvandarlıq təsərrüfatı ilə məşğul olub, ailəsini dolandırır. Qusar rayonu Samur qəsəbə sakini Cavabdeh xx.xx.2020-ci il tarixdə çətin vəziyyətə düşdüyünü bildirmiş, ondan 1500 (min beş yüz) manat borc pul istəmiş və 1 ay müddətində qaytaracağına söz verib razılaşma müqaviləsi əsasında ondan borc pul almış və bu günə kimi qaytarmamışdır. 26 mart 2021-ci il tarixdə öz maşını ilə Qusar rayon Mərkəzi Xəstəxanasına ikinci vaksinasiya olmaq məqsədilə getdiyi zaman Samur qəsəbəsindən keçərkən cavabdeh ona yaxınlaşaraq təcili 800 (səkkiz yüz) manat borc pul istədiyini və 15 gün ərzində yəni aprelin 10-da əlavə 100 (yüz) manatda hörmət edib 900 (doqquz yüz) manat qaytaracağını bildirmiş, o da, cavabdehə əvvəl aldığı pulu hələ də qaytarmadığını və özündə həmin məbləğin olmadığını bildirdikdə cavabdeh, ona təzə işə başladığını və əvvəl borc aldığı 1500 (min beş yüz) manatı da hazırkı borc pul ilə birlikdə qaytaracağına söz verib pulu verməsini xahiş etmişdir. Həmin vaxt o, tam cavab verməmiş, Qusar şəhərinə çatanda tanış yoldaşlarından xahiş edib kömək edəcəyinə söz vermişdir. Bundan sonra, cavabdehlə alacağı borcun 15 günə-yəni aprelin 10-da qaytarılmasına dair öz aralarında yazılı müqavilə bağlayaraq cavabdehə şərtləri izah etmiş və müqavilə imzalanandan sonra 800 (səkkiz yüz) manat pulu sayıb cavabdehə vermiş, təkrarən cavabdehə müqavilənin şərtlərini başa salaraq demişdir ki, əgər 10 apreldən sonra borcu gecikdirərsə hər gecikdirdiyi sutka üçün 1 AZN-ə bir qəpik əlavə olunacaqdır. Cavabdeh ona söz vermişdir ki, qaytaranda heç bir problem olmayacaq və onun etdiyi hörməti unutmayacaq. Aprelin 10-u cavabdehə zəng edib borcun qaytarılmalı olduğu vaxtı yadına salanda cavabdeh ona 2 günə qaytaracağını söz vermişdir. 2 gün keçəndə cavabdehə zəng etsə də telefonu açmamışdır. Bir neçə gün keçəndən sonra təsadüfən Samur qəsəbə məktəbinin yanında cavabdehlə rastlaşmış, cavabdehi yanına çağıraraq müqavilənin şərtlərini xatırlatmış və pulu başqa tanış yoldaşından alıb verdiyini və həmin yoldaş gecikdirilən sutkaların pulunu ondan istəyəcəyini başa salmışdır. Cavabdeh ona bildirmişdir ki, bir az gecikəcək sutkaya 1 manata 1 qəpik əlavə edilməsi problem deyil və pulu qaytaracaq. Sonra cavabdeh yenə telefonuna dəfələrlə zəng etsə də qəsdən cavab verməmiş, sonradan öyrənmişdir ki, cavabdeh ondan aldığı pullarla Aşağı Tahircal kəndində evin tikintisinə başlamışdır. Sonradan cavabdehi yaxından tanıyan adamlardan öyrənmişdir ki, cavabdeh yalançılıqla, dələduzluqla yaşayan bir adamdır. Cavabdeh onun insanlara qarşı olan inamından sadəcə istifadə etmişdir. xx.xx.2021-ci il tarixində Samur Polis bölməsinə cavabdehin ikinci dəfə aldığı 800 (səkkiz yüz) manatın qaytarılması barəsində şikayət vermiş, cavabdeh isə izahatında 500 (beş yüz) manatın aldığını və yaxın günlərdə qaytaracağını bildirmişdir. 3 ay vaxt keçməsinə baxmayaraq cavabdeh bu borc məsələsini tamamilə unutmuşdur. Cavabdehin ikinci dəfə aldığı 800 (səkkiz yüz) manat pula, cavabdehin razılığı əsasında hər gecikən sutkaya 1 manata 1 qəpik əlavə olunmağına müqavilə əsasında razılaşdırılmış, bu qaytarılma vaxtı cavabdeh 3 aydan yuxarı gecikdirmiş və 800 (səkkiz yüz) manata 100 manat əlavə pulu həmin ümumi məbləğin üstünə əlavə olunarsa, 820 (8 manat x 90 gün= 720 manat +100 manat= 820 manat) (səkkiz yüz iyirmi) manat təşkil edir. Elxan ona yalan danışıb iki dəfəyə aldığı pulu vaxtında qaytarmadığına və qaytarmaq istəmədiyini nəzərə alaraq ona verilən həmin 820 manatı da ondan tələb edir. Ümumilikdə tələb olunan məbləğ 3120 (üç min yüz iyirmi) manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qusar Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla iddiaçı arasında belə bir yazılı razılaşma olmamışdır. Həmin razılaşma ilə bağlı onun heç xəbəri yoxdur, razılaşmada qeyd olunan imza ona məxsus deyildir. Məhkəməyə təqdim olunan razılaşma iddiaçı tərəfindən saxtalaşdırılmışdır. Orda edilən imza ona məxsus deyildir. Onun tərəfindən ondan borc alınmamışdır. Maddi normalara ümumiyyətlə istinad edilmədən qətnamə qəbul edilmişdir. Məhkəmə işin halların tam araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə heç bir faktı əsaslandırmadan və onun sübutlarını araşdırmadan qərar çıxarmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş yazılı razılaşmanın həqiqətən də cavabdeh tərəfindən imza etdiyini, ümümiyyətlə bu razılaşma barədə cavabdehin xəbəri olub-olmaması araşdırılmamışdır. Razılaşmada qeyd olunan imza həqiqətən də cavabdehə məxsus olub olmaması aydınlaşdırılmamışdır. İş üzrə iddiaçı tərəfindən təqdim olunmuş razılaşmanın həqiqətən onun tərəfindən imza etdiyini araşdırılmamış, bununla bağlı məhkəmə xətşünaslıq ekspertizası təyin etməli idi, lakin bunu etməmiş və onun müdafiəsi üçün öz sübutlarını təqdim etmək üçün şərait yaradılmamışdır. Onun iştirakı olmadan işə baxıb qərar qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi ilə əsaslandırmışdır. Cavabdeh bu nəticədən narazı qalaraq, qətnamədən apellyasiya qaydasında şikayət vermiş, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İş materiallarında olan müqavilədəki imzanın cavabdeh tərəfindən icra edilibedilməməsi məsələsinin araşdırılması məqsədilə mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1054 nömrəli 19 iyul 2023-cü il tarixli ekspert rəyi ilə ekspertizaya təqdim olunmuş mülki işin 91ci vərəqində xx.xx.2020-ci il tarixli müqavilənin aşağı hissəsində “Şərtləri və mətni ilə tanış oldum:” yazıları qarşısındakı imza və “2 ci tərəf:/X6/” yazıları arasında olan imza; mülki işin 92-ci vərəqində 26 mart 2021-ci il tarixli müqavilənin aşağı hissəsində “Mətni ilə tanış oldum: /CavabdehƏ/” yazıları arasında olan imza və “2-ci tərəf:/Cavabdeh Ə./ yazıları arasında olan imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtinə görə iddiaçı ilk növbədə tələb etdiyi məbləği cavabdehə verdiyini sübut etməlidir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh pulun ona verildiyini mübahisələndirməsin. Lakin işdən göründüyü kimi cavabdeh iddiaçıdan borc aldığını deyil, onun tələb etdiyi məbləğdə pul almadığını mübahisələndirir. Belə ki, iş materiallarında olan Cavabdeh 25 aprel 2021-ci il tarixli Qusar rayon X9 Polis Bölməsində verdiyi izahatında İddiaçı 500 (beş yüz) manat borc pul aldığını bildirmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı cavabdehə 3120 (üç min yüz iyirmi) manat məbləğində borc verdiyini iddia etdiyi halda, bunu təsdiq edən sübut təqdim etməsə də, cavabdeh iddiaçıdan 500 (beş yüz) manat məbləğində pul aldığı Qusar rayon X9 Polis Bölməsində verdiyi izahatında öz təsdiqini tapmışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünü bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Göründüyü kimi 500 manat məbləğində pulun cavabdeh tərəfindən alınması öz təsdiqini tapdığından, iddia tələbi qismən təmin edilərək, iddiaçının tələb etdiyi məbləğdə deyil, cavabdehdən 500 manat pul tutulub iddiaçıya verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya qaydasında işə baxan məhkəmə işin şərh olunan hallarında düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də iş üzrə səhv nəticəyə gələrək işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 125 (yüz iyirmi beş) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 125 (yüz iyirmi beş) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar