Məhkəmə qərarları › İş №2(105)-831/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-831/2022

19.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-831/2022 19.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2 (067) -1076/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2 (067) -1076/2021 saylı qətnaməsi ilə (hakimS.Səmədzadə) iddia təmin edilərək, İddiaçı cavabdehlərin istifadəsində olan Xaçmaz rayonu, Arzu kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 157.9 kv.m, yaşayış sahəsi 84.8 kv.m, köməkçi sahəsi 73.1 kv.m olan evdə yaşayış sahəsindən istifadə hüququnun tanınması və onun həmin yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2 (067) - 1076/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.09.2021-ci il tarixli, 2(105)-2498/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişlər. AR Ali Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(102)-637/2022 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2021-ci il tarixli, 2(105)-2498/2021 saylı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh2 Sahib oğlu və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə rəsmi nigah bağlamaqla cavabdehlərdən Cavabdeh2la ailə həyatı qurmuş və həmin tarixdə də cavabdehin valideynləri Saib Tairova və Cüməqız Tairovaya məxsus Xaçmaz rayonu Arzu kəndində yerləşən evə gəlin köçmüşdür. Birgə nikahdan iki övladı var-24 sentyabr 2006 təvəllüdlü X8 və 2 noyabr 2007-ci il təvəllüdlü X4. Cavabdeh2la evləndiyi ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Cavabdeh2 ilk uşağı olandan sonra içki içməyə başlamış, sonra içkinin aludəçisinə çevrildiyindən artıq ilk vaxtlar olan gözəl ailə əlaqələri pozulmuş və məişət zorakılığına gətirib çlxarmışdır. Cavabdehlərdən Cavabdeh2 onu və övladlarını tez-tez döydüyündən o, məhkəməyə müraciət etmiş və 2018-ci ildə nikahları pozulmuşdur. Ona görə də o, məcburiyyət qarşısında qalaraq 2018ci ildən valideynlərinin evində yaşayır. Cehiz əmlaklarının əksəriyyəti gəlin köçdüyü Xaçmaz rayonu Arzu kəndindəki evdə qalmışdır. Gəlin köçdüyü evə övladları ilə birgə qayıdıb orada yaşamaq istəyir. Lakin cavabdehlər buna imkan vermir. DƏDRX-in 5 saylı Ərazi İdarəsinin 04.06.2020-ci il tarixli **********61№-li məktubdan görünür ki, 5 saylı Xaçmaz İdarəsinin Arxiv sənədlərinə əsasən Xaçmaz rayonu Arzu kəndində yerləşən fərdi yaşayış evi Dövlət reyestrində hal-hazırda **********5210301 reyestr nömrəli çıxarışla Cavabdeh1 adına qeydə alınmışdır. O isə gəlin köçən vaxt evin hər hansı sənədi mövcud olmamışdır. O, rəsmi nikah əsasında Cavabdeh2 ilə ailə həyatı quraraq cavabdehin valideynlərinə məxsus evə gəlin köçdüyündən həmin evdə onun yaşamaq hüququ əmələ gəlmiş və onun Xaçmaz rayonu Arzu kəndində yerləşən evdən istifadə hüququ tanınmalı və o həmin evə köçürülməlidir. Bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hərtərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək Mənzil Məcəlləsinin 123 və 53-cü maddələrini, habelə Mülki Məcəllənin 180-ci maddəsini tətbiq etmişdir. Hal-hazırda mübahisəli ev DƏDRX-nin 12 avqust 2020-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli qeydə əsasən tam mülkiyyət hüququ ilə onlara məxsusdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2454/2017 saylı, 21.06.2017-ci il tarixli qətnaməsi ilə A.Tahirova ilə Cavabdeh2 arasında 20 may 2006-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. Məhkəmə bilərək həmin qətnamənin tarixini göstərməmişdir. İddiaçı mübahisəli evə ilk dəfə 23 sentyabr 2003-cü ilə köçürüləndən sonra orada 2019-cu ilədək yaşamışdır. Belə olan halda iddiaçının mübahisəli yaşayış evindən istifadə etməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə çıxardığı 06 may 2021-ci il tarixli, 2(067)-1076/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Apellyasiya baxışı zamanı cavabdehlərin nümayəndəsi, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə etdi ki, iddiaçının köçmək istədiyi ev onun mülkiyyətindədir, cavabdehlərə aidiyyatı yoxdur. Ev ilkin olaraq atasına məxsus olmuş və keçən əsrdə tikilmişdir. Evin texniki pasportu 1987-ci ilin dekabrında tərtib edilmişdir. Lakin mülkyyət sənədləri itmişdir. Atası evi ona vəsiyyət etmişdir. Ona görə də ev son nəticədə onun mülkiyyətinə keçmişdir. İddiaçı onun qardaşı arvadıdır. İddiaçı özü 2016-cı ildən evdən gedərək atasına məxsus iki mərtəbəli evdə yaşayır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, köçmək istədiyi evə 2005-ci ildə gəlin getmişdir. 2016-cı ilədək orada yaşamışdır. Keçmiş əri onu döyüb incitdiyi üçün məcbur olub atası evinə qayıtmış. Həmin evdə atası və anası yaşayır. O da onlarla yaşamışdır. Hazırda kirayədə yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. - Azərbycan SSR Xaçmaz rayonu Arzu kəndində yerləşən X21 və X2 məxsus fərdi yaşayış evinin dekabr 1987-ci ildə tərtib edilmiş texniki pasportu. Həmin pasportdan məlum olur ki, ev 1966-cı ildə inşa edilmişdir, altında yerləşən torpaq sahəsi sənəd üzrə 1210 kv.m, faktiki 1848 kv.m-dir; - AR DİN Xaçmaz rayon Polis Şöbəsinin, mərhum X21 fərdi yaşayış evinə dair verilmiş 338 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin tapılmaması barədə,14.01.2020-ci il tarixli məktubu; - AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış. Həmin Çıxarışdan görünür ki, Xaçmaz rayonu Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 157,9 kv.m, torpaq sahəsi 0,19 ha-dır. Evin 2/1 hissəsi X21, 2/1 hissəsi X2 məxsusdur, torpaq sahəsi 6 nəfərin ümui birgə mülkiyyətindədir. Hüquqların qeydiyyat tarixi 30.12.2019; - Xaçmaz rayonu Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindəki 22.07.2018-ci ildə ölmüş X22 payına dair X14 verilmiş 23.01.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə; - Xaçmaz rayonu Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindəki 21.04.1991-ci ildə ölmüş X1 payına dair X9 verilmiş 05.03.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə; - AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış. Həmin Çıxarışdan görünür ki, Xaçmaz rayonu Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 157,9 kv.m, torpaq sahəsi 0,19 ha-dır. Evin 2/1 hissəsi Cavabdeh2 Sahib oğluna, 2/1 hissəsi Cavabdeh1 məxsusdur, torpaq sahəsi 4 nəfərin ümumi birgə mülkiyyətindədir. Hüquqların qeydiyyat tarixi 11.03.2020; - 02.04.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi. Müqaviləyə əsasən Xaçmaz rayonu Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evində olan paylarını X15, X3 və Cavabdeh2 Sahib oğlu anaları Cavabdeh1 bağışlayırlar; - AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış. Həmin Çıxarışdan görünür ki, Xaçmaz rayonu Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 157,9 kv.m, torpaq sahəsi 0,19 ha-dır. Cavabdeh1 mülkiyyətindədir. Hüquqların qeydiyyat tarixi 23.04.2020; - 06.07.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi. Müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evini və torpaq sahəsini oğlu X10 bağışlayır; - AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış. Çıxarışdan görünür ki, Xaçmaz rayon Arzu qəsəbəsində yerləşən 157.9 kv.m sahəsi olan fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə 12.08.2020-ci ildən X6 xüsusi mülkiyyətindədir; - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli, **********38№-li məktub. Məktubdan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində X11 xüsusi mülkiyyətində olan Xaçmaz rayon Arzu qəsəbəsində yerləşən 157.9 kv.m sahəsi olan fərdi yaşayış evinə dair 2006-ci ili əhatə edən sənədlər aşkar edilməmişdir; - 01.11.2006-cı il və 26.11.2007-ci il tarixli doğum haqqında Şəhadətnamələr. Həmin Şəhadətnamələrdən görünür ki, X7 və Cavabdeh2 birgə nikahından 24.09.2006-ci il X8 və 02.11.2007-ci ildə X4 doğulmuşdur; - nikahın pozulması haqqında Şəhadətnamə. Şəhadətnamədən görünür ki, Cavabdeh2 və X18 arasında olan nikah 9 fevral 2018-ci ildə pozulmuşdur, nikah ləğv olunduqdan sonra qadına Məhərrəmova soyadı verilmişdir; - Xaçmaz Rayon Məhkəməsinin 21.09.2017-ci il tarixli, 2(067)-2454/2017№-li qətnaməsi. Qətnamədən görünür ki, X18 ilə X12 arasında 20 may 2006-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş övladları X7 himayəsində saxlanılmış, birgə nikahdan doğulmuş övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat sabit məbləğdə aliment alınaraq X13 verilməsi qət edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və mübahisə üzrə Ali Məhkəmənin mövqeyini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, X18 ilə X12 20 may 2006-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan iki övladları olmuş, Xaçmaz Rayon Məhkəməsinin 21.09.2017-ci il tarixli, 2(067)-2454/2017№-li qətnaməsi ilə nikahları pozulmuşdur. Tərəflər nikaha daxil olarkən Aygün Tahirovanın(hazırda Məhərrəmova) Xaçmaz rayonunun Arzu qəsəbəsində yerləşən hazırda istifadə hüququnun tanınıb köçmək istədiyi evə gəlin gəlməsi işin mübahisəsiz halıdır. İşin tədqiq halından görünür ki, iddiaçı 2016-cı ildə yaşadığı evi tərk edərək atası evinə getmiş və orada atası və anası ilə birgə yaşamışdır. İşdən görünür ki, qeyd edilən fərdi yaşayış evi cavabdehlərdən Cavabdeh2 Sahib oğlunun atası, Cavabdeh1 isə əri olan X21 və X2 məxsus olmuşdur. Fərdi yaşayış evinin dekabr 1987-ci ildə tərtib edilmiş texniki pasportuna əsasən 1966-cı ildə inşa edilmişdir, altında yerləşən torpaq sahəsi sənəd üzrə 1210 kv.m, faktiki 1848 kv.m-dir. Yəni həmin ev özbaşına tikili olmamışdır. Yuxarıda da qeyd edildiyi kimi evin qeydiyyat vəsiqəsi itmiş, axtarışı nəticə verməmişdir. Mübahisəli evin mülkiyyətçləri bir neçə dəfə dəyişmiş, 12.08.2020-ci ildən X6 xüsusi mülkiyyətindədir . Başqa sözlə, iş üzrə cavabdehlər həmin mənzilə dair sərəncam hüququna malik olan şəxslər deyillər. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, iddianı təmin edən birinci instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 180-cı maddəsi və 01.10.2009-cu ildək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 123-cü maddələri ilə əsaslandırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 avqust 2020-ci il tarixli çıxarışının surəti ilə müəyyən olunur ki, mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsi və fərdi yaşayış evi üzərində X5 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Baxılan iş üzrə iddia ərizəsi 09.03.2021-ci ildə məhkəməyə daxil olmuşdur. Birinci istansiya məhkəməsində işə baxılarkən iş üzrə cavabdeh qismində cəlb olunmuş Bəxtyar Tahirov və Cüməqız Tairova evin mülkiyyətçisi olmamışlar. Həmin vaxt evin və onun altında yerləşən torpaq sahəsinin mülkiyyətçisi Zülfüqar Tairov olmuşdur. İddiaçı mübahisələndirilən evə 2005-ci ildə Cavabdeh2la nikaha daxil olduqdan sonra köçdüyünü, 2018-ci ilədək orada yaşadığını və həmin tarixdən özündən asılı olmayan səbəbdən evdən çıxdığını, əmlakının olduğu evə köçmək istədiyini qeyd edir və başqa yaşayış yerinin olmamasına istinad edir. Lakin işin halları ilə müəyyən olunur ki, iddiaçı mübahisəli evdə 2016-cı ilin sonunadək yaşamış və bundan sonra həmin evi tərk etmiş və atası evinə köçmüş, göstərildiyi kimi hazırki iddia tələbini 09.03.2021-ci ildə irəli sürmüşdür. Belə olan halda onun mübahisəli ünvana köçürülməsinə dair iddiası o zaman əsaslı ola bilər ki, həmin evə ehtiyacının olması və daimi əsaslarla mübahisəli mənzili tərk etməməsinə dair sübutlara malik olsun, dörd ildən artıq bir müddətdə evə köçmək istəyinin olmamasının səbəblərini aydınlaşdırsın. İddiaçının məhkəmədə verdiyi izahatından məlum olur ki, atasına məxsus iki mərtəbəli ev vardır və həmin evdə atası və anası yaşayır. O da məhz onlarla birlikdə həmin evdə yaşamışdır. Bununla yanaşı birinci instansiyası məhkəməsi mübahisənin həlli üçün maddi hüquq normasını tətbiq edərkən işin yuxarıda qeyd olunan faktiki hallarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə almamışdır. Belə ki, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Birinci instansiyası məhkəməsi tərəfindən evin hüquqi statusu, mülkiyyətçisinin kim olması, mülkiyyətçiləri dəyişilərkən iddiaçının ona münasibətdə istifadə hüququnun yaranması, mövcudluğu və bunun əsasları araşdırılmamışdır. Bundan əlavə birinci instansiyası məhkəməsi iddianı təmin edərkən iddiaçının hazırki mülkiyyətçinin ailə üzvü olub-olmamasını aydınlaşdırmamışdır. Halbuki, bu hal yuxarıda sadalanan maddi hüquq normaları baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Ona görə də, qətnamə ləğv edilməli və iddia rədd edilməlidir. İşdən həmçinin görünür ki, cavabdeh tərəf mübahisə üzrə iddia müddətinin tətbiqini xahiş edərək iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddianı qaldırarkən 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Belə ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Göründüyü kimi qanunverici ər-arvadın ümumi əmlakının bölünməsi halı üçün 3 illik müddət nəzərdə tutmuşdur. Hazırki halda isə mübahisə ər-arvadın ümumi əmlakının bölünməsi barədə yox, evə köçürmə ilə bağlıdır. Başqa sözlə, bu halda müddət ümumi iddia müddətinə aiddir. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisə üzrə iddia digər əsaslar üzrə rədd edilməli olduğundan iddia müddətinin tətbiqinə zərurət də yoxdur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Onun sübutları mötəbər və legitim olmayıb, əsaslı şübhələrdən kənar deyildir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehlər apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, mübahisəli ev iş üzrə cavabdeh olmayan digər şəxsin mülkiyyətindədir, tərəflər arasında əmlakdan istifadə ilə bağlı yazılı razılıq bağlanmadığından iddiaçının uşaqları ilə birlikdə oraya köçürülməsi əsaslı hesab oluna bilməz. Hazırkı halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli evdə vaxtilə yaşamasına əsaslanması və buna görə də həmin evə köçürülməli olması barədə dəlili əsassızdır və bu hal, evin mülkiyyətçsi olan Z.Tairovun hüquqlarının pozulması, o cümlədən İddiaçı öz hüququndan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir, halbuki bu qanunla qadağandır (Mülki Məcəllənin 560-cı maddəsi). Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2 (067) -1076/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, cavabdehlərin apellyasiya və kassasiya şikayətləri verilməsi üçün ödədikləri cəmi 20,80 manat dövlət rüsumunun əvəzi iddiaçıdan tutularaq onlara ödənilməlidir.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2 (067) - 1076/2021 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin olunmasın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya və kassasiya şikayətləri verilməsi üçün ödədikləri cəmi 20,80 manat dövlət rüsumunun əvəzi İddiaçı tutularaq onlara ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar