Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-832/2022 04.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Nxçıvan şəhəri 3 saylı Notariat Ofisinə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(060)-271/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilib, İddiaçı və onun qanuni nümayəndəsi olduğu 22.05.2004 tarixdə anadan olmuş X5, 03.10.2007 tarixdə anadan olmuş X6, X7 mərhum X8 hüquqi varisi kimi tanınmış, İddiaçı mərhum əri X9 və Cavabdeh arasında imzalanmış 06 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 (otuz beş min) ABŞ dolları, 07 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 7620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları, 15 iyun 2015- ci il tarixli borc müqaviləsi üzrə 2857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3810 (üç min səkkiz yüz on) ABŞ dolları, 26 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları, cəmi 78811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Cavabdeh 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X2 xeyrinə,1/8 hissəsi X3 xeyrinə və 1/8 hissəsi X4 xeyrinə tutulması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi və ekspertiza tədqiqatının dəyərləri 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Lətifə Məmmədova) 25 iyun 2021-ci il tarixli, 2(105)- 1576/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(060)-271/2021 saylı qətnaməsi qismən - «İddiaçı və onun qanuni nümayəndəsi olduğu 22.05.2004 tarixdə anadan olmuş X5, 03.10.2007 tarixdə anadan olmuş X6 və 23.10.2011-ci il tarixdə anadan olmuş X7 mərhum X8 hüquqi varisi kimi tanınsın» hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə - «İddiaçı mərhum əri X9 ilə Cavabdeh arasında imzalanmış 06 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 (otuz beş min) ABŞ dolları, 07 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 7620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3810 (üç min səkkiz yüz on) ABŞ dolları, 26 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5714 (beş min yeddi yüz on dörd) ABŞ dolları, cəmi 78811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla Cavabdeh 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X2 xeyrinə,1/8 hissəsi X3 xeyrinə və 1/8 hissəsi X4 xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 27 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) cavabdehin kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(105)-1576/2021 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və onun qanuni nümayəndəsi olduğu 22.05.2004 tarixində anadan olmuş X2, 03.10.2007 tarixində anadan olmuş X3, X4 mərhum X8 hüquqi varisi kimi tanınması, İddiaçı mərhum əri X9 ilə Cavabdeh arasında imzalanmış 06 aprel 2015-ci il tarixli borc müqaviləsi üzrə 35.000 ABŞ dolları, 07 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 7.620 ABŞ dolları, 15 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 2.857ABŞ dolları, 25 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 3.810 ABŞ dolları, 26 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 23.810 ABŞ dolları, 27 iyun 2015-ci il tarixli borc müqaviləsi üzrə 5.714 ABŞ dolları, cəmi 78.811 (yetmiş səkkiz min səkkiz yüz on bir) ABŞ dolları borcun 5/8 hissəsi İddiaçı xeyrinə, 1/8 hissəsi X2 xeyrinə,1/8 hissəsi X3 xeyrinə və 1/8 hissəsi X4 xeyrinə Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla mərhum əri X9 10.06.2003-cü il tarixində nikaha daxil olmuşlar, birgə nikahdan onların üç qız övladı anadan olmuşdur. Sonradan 08.11.2018-ci il tarixində onun əri X9 özünə intihar edərək öz həyatına son qoymuşdur. Sonradan ona məlum olmuşdur ki, mərhum əri Zaur Əliyevlə Cavabdeh arasında borc müqavilələri olmuş, həmin borclar cavabdeh tərəfindən bu günə qədər ödənilməmişdir. Belə ki, X9 ilə Cavabdeh arasında: 06 aprel 2015-ci il tarixində imzalanmış 35.000 (otuz beş min) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 06 aprel 2016-cı il tarixində geri qaytarılmalıdır. 07 iyun 2015-ci il tarixində imzalanmış 7.620 (yeddi min altı yüz iyirmi) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 07 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. 15 iyun 2015-ci il tarixində imzalanmış 2.857 (iki min səkkiz yüz əlli yeddi) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 15 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. 25 iyun 2015-ci il tarixində imzalanmış 3.810 (üç min səkkiz yüz on) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 25 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. 26 iyun 2015-ci il tarixində imzalanmış 23.810 (iyirmi üç min səkkiz yüz on) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 26 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. 27 iyun 2015-ci il tarixində imzalanmış 5.714 (beş min yeddi yüz on dörd) ABŞ dolları məbləğində borc müqaviləsi üzrə borc pul 27 iyun 2016-cı il tarixində geri qaytarılmalıdır. Buna baxmayaraq, borc pullar bugünki günə qədər ödənilməmişdir. Cavabdehlə borcun qaytarılması ilə əlaqədar dəfələrlə danışıqlar aparılmış, buna baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Cavabdeh öz növbəsində bildirir ki, qeyd olunan müqavilələr üzrə borcunu mərhum Zaur Əliyevə qaytarmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 14.03.2020-ci il tarixində cavabdeh Elmar Ağayevin ona ünvanladığı məktubdan görünür ki, guya o, yuxarıda sadalanan müqavilələr üzrə mərhuma olan borcunu ödəmiş, yalnız 10.100 manat borcu qalmışdır ki, onu da ödəməyə hazır olduğunu ifadə edir. Hesab edir ki, cavabdehin borcun qaytarılması ilə əlaqədar verdiyi məlumat həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş mərhumun 08.11.2018 tarixində yazdığı ərizənin surətindən görünür ki, qeyd olunan müqavilələr üzrə borc məbləğləri Əliyev Zaur intihar edənə qədər cavabdehdən ona geri qaytarılmamışdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, borc müqavilələrində borcun valyutası ABŞ dolları kimi göstərilib, lakin cavabdeh borcunun manatla qaldığını qeyd edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 09 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2-ci maddələrinin və Azərbaycan Resublikası MPM-nin 9.1, 14.2, 77.1, 88, 217.1, 217.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, Zaur Əliyevin hüquqi varisi İddiaçı isə məhrum olan olması, Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni iddianın təmin edilmiş hissəsində ləğv edərək, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi, apellyasiya şikayətinin əsas dəlili iddia müddətinin tətbiqi barədə məsələnin müzakirə edilməməsi olsa da, bu məsələyə ümumiyyətlə qəbul etdikləri məhkəmə aktında hüquqi qiymət vermədiklərini, apellyasiya instansiyası məhkəməsi işin mübahisəli faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını tətbiq etmədən, tərəflərin apellyasiya şikayətinin və ona etirazın dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə ədalətlə məhkəmə araşdırma hüququnu pozmuş olduğunu, qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbi borcun tutulması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. İşdən göründüyü kimi cavabdeh iddiaçının tələb etdiyi pulun ona verilməsini deyil, pulun ondan tələb edilməsi üçün müddətin ötürülməsini mübahisələndirildiyindən, iddiaçı pulun cavabdehə verildiyini sübut etmək yükündən azaddır. Məhkəmə kollegiyası Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (Mülki Məcəllənin 373.2. maddəsi). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). İddia müddətinin axımının kəsilməsinin əsasları Mülki Məcəllənin 380.1. maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddia irəli sürülməsi dedikdə, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi başa düşülür. “Qanunla müəyyən edilmiş qaydada iddia qaldırması” o deməkdir ki, iddiaçı iddia qaldırması ilə bağlı qanunvericilikdə qoyulmuş qaydalara–aidiyyət və məhkəmə aidiyyəti qaydalarına, iddianın verilməsi şərtlərinə (o sıradan iddia ərizəsinin forması və məzmununa, dövlət rüsumunun ödənilməsi), prosessual qanunvericilikdə nəzərdə tutulan başqa tələblərə əməl etməlidir. Şübhəsizdir ki, belə iddia iddia müddəti ərzində irəli sürülməlidir ki, iddia müddətinin axımı kəsilsin. Qeyd olunan normalara əməl etmədən irəli sürülmüş iddia müəyyənləşdirilmiş qaydada irəli sürülmədiyindən, iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia müddətinin axımı davam edir. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış 6 ədəd müqavilələr hər biri 1 il müddətinə bağlanmış, sonuncu müqavilə üzrə müddət 27.06.2016-cı il tarixdə bitsə də, iddiaçı məhkəməyə 27.06.2020-ci ildə müraciət etmiş və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Cavabdehin iddianı etiraf etməsi barədə iddiaçının dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin ərizə 14.03.2020-ci il tarixdə, yəni iddia müddəti (27.06.2016-27.06.2016-cu il tarix) bitdikdən sonra edildiyindən, iddia müddətinin axımını kəsmir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin yuxarıda qeyd edilən dəlili iddia müddətinin axımının kəsilməsi üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı borcun tutulması hissəsində iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi müddətin ötürülməsi əsası ilə təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 124 (yüz iyirmi dörd) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikası Nxçıvan şəhəri 3 saylı Notariat Ofisinə qarşı borcun tutulması barədə iddia tələbi rədd edilsin. İddiaçı ekspertiza xərci 124 (yüz iyirmi dörd) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-832/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-832/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver