Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-832/2024 13.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2(060)-33/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17950 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh evində kirayədə yaşayan Ramin adlı şəxsin vasitəsilə tanımışdır. Aralarında normal tanışlıq münasibəti yaranmış və bir-birilərinə etibar etmişlər. 2022-ci ilin fevral ayında cavabdeh ondan borca pul istəmişdir. O, cavabdehdən pulu nə üçün istədiyini soruşduqda sonuncu bildirmişdir ki, gül salonu var və ora müxtəlif çeşiddə güllər vurmalıdır. Bunun üçün də pula ehtiyacı vardır. O, cavabdehə aralarında səmimiyyət olduğundan inanmışdır. Buna görə də o, cavabdehə hissə-hissə olaraq 2022-ci ilin fevral ayından balayaraq xx.xx.2022-ci ilə kimi 19100 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin puldan 2022-ci ilin oktyabr ayında 1000 manat, 2023-cü ilin yanvar ayında isə 150 manat qaytarmışdır. Cavabdeh ona cəmi 1150 manat pul qaytarmışdır. Hazırda cavabdehin ona 17950 manat məbləğində borcu vardır. Dəfələrlə cavabdehə müraciət edərək, pulunu tələb etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınır. Bunun üçün də o, cavabdehin barəsində 2022-ci ilin sonlarında Sumqayıt ŞPİ-nin 1-ci PB-nə şikayət etmişdir. Həmin vaxt həm cavabdehin, həm də onun izahatını almışlar və cavabdeh ona borcu olduğunu etiraf etmişdir. Həmçinin aralarında olan telefon danışıqları, “Whatsapp” yazışmaları ilə də cavabdeh ona borcu olduğunu etiraf etmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-dən ona izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etsin. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 17950 manat pul cavabdehdən alınıb ona verilməlidir. Cavabdeh iddiaya etiraz ərizəsində bildirmişdir ki, qardaşının gül-bitki biznesi üçün pul lazım olduğundan İddiaçı 2000 manat faiz ödəmək şərtilə pul almış və faizləri ödəmişdir. Bundan sonra da ayrı-ayrı vaxtlarda iddiaçıdan pul almış və artıqlaması ilə qaytarmışdır. Hətta maaş kartını iddiaçıya vermiş, iddiaçı dörd ay müddətində hər ay 1400, cəmi 10135 manat pul çıxarmışdır. 2022-ci ilin may ayında iddiaçı onun kartından çıxardığı 1630 manatın yarısını ona vermişdir. Qalan 9335 manatı isə iddiaçı özü götürmüşdür. O, iddianı 2000 manat hissədə qəbul edir. Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2(060)-33/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 6015 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 80.15 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2(060)-33/2024 nömrəli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh evində kirayədə yaşayan Ramin adlı şəxsin vasitəsilə tanımışdır. Aralarında normal tanışlıq münasibəti yaranmış və bir-birlərinə etibar etmişlər. 2022-ci ilin fevral ayında cavabdeh ondan borca pul istəmişdir. O, cavabdehdən pulu nə üçün istədiyini soruşduqda cavabdeh bildirmişdir ki, gül salonu var və ora müxtəlif çeşiddə güllər vurmalıdır. Bunun üçün də pula ehtiyacı var. O, cavabdehə inanırdığından və aralarında səmimiyyət olduğundan cavabdehə hissəhissə olaraq 2022-ci ilin fevral ayından başlayaraq xx.xx.2022-ci ilə kimi 19100 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin puldan 2022-ci ilin oktyabr ayında 1000 manat, 2023-cü ilin yanvar ayında isə 150 manat qaytarmışdır. Cavabdeh ona cəmi 1150 manat pul qaytarıb. Hazırda cavabdehin ona 17950 manat məbləğində borcu var. Dəfələrlə cavabdehə müraciət edərək, pulunu tələb etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınır. Bunun üçün də o, cavabdehin barəsində 2022-ci ilin sonlarında Sumqayıt ŞPİ-nin 1-ci PB-nə şikayət etmişdir. Həmin vaxt həm onun, həm də cavabdehin izahatımı almışlar və cavabdeh ona borcu olduğunu etiraf etmişdir. Həmçinin aralarında olan telefon danışıqları, whatsapp yazışmaları ilə də cavabdeh borcu olduğunu etiraf emişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-dən ona izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etsin. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh etiraf etmişdir ki, ondan ilk öncə 7500 manat, daha sonra 2500, 3000, 2000, 3500 manat pul alıb. Yəni, cəmi 18500 manat. Lakin qətnamədə qeyd olunub ki, guya cavabdeh 7500, 3000, 3000, 2000, 1000 manat alıb və qaytarıb, yəni cəmi 16500 manat. Halbuki məhkəmə iclasında cavabdeh məhz 18500 manat aldığını etiraf edib. Qaytarması ilə bağlı isə mötəbər sübut təqdim etməyib. Məhkəmə iclasında isə o, bildirib ki, cavabdehin kartından xx.xx.2022-ci ildə 1430 manat, xx.xx.2022-ci ildə 1400 manat, pul çıxarmışdır. Həmin pulları isə cavabdehlə yarı yarıya bölmüşlər. Lakin cavabdeh bildirmişdir ki, guya pulların hamısını kartdan o, çıxarıb və yalnız 1600 manat puldan 800 manatını cavabdehə vermişdir. Təbii ki, o, bunu qəbul etmir və kartdan cəmi 2830 manat pul çıxarmışdır və həmin pulun yarısını cavabdehə vermişdir. Cavabdeh isə 800 manat pulun iddiaçı tərəfindən ona verildiyini etiraf edir. Belə olan halda müəyyən olunur ki, o, cavabdehin kartından 2830 manat pul çıxarıb və 800 manatını cavabdehə verib və onda qalan pul məbləği 2030 manat olub. Lakin məhkəmə belə nəticəyə gəlib ki, guya kartda olan pulların hamısını o, çıxarıb. Lakin o, cəmi 2830 manat pul çıxardığını etiraf edir. Qalan pulları isə etiraf etmir. Cavabdeh məhkəmə iclasında 18500 manat aldığını etiraf edib (hissə-hissə olaraq 7500+2500+3000+2000+3500=18500). O, iddia tələbində 17950 manat tələb edir. İddia tələbində isə qeyd edir ki, cavabdehə 19100 manat pul verib. Həmin 19100 manat puldan cavabdehin ödədiyi 1150 manatını çıxaraq 17950 manat tələb edir. Yəni iddiaçının cavabdehə verdiyi pul vəsaiti 17950 manat yox, 19100 manatdır. Cavabdeh isə məhkəmə iclasında 18500 manat aldığını və həmin pulu qaytardığını və 2000 manat borcu qaldığını etiraf edir. Hesab edir ki, o, cavabdehə 19100 manat pul verdiyini bildirsə də, cavabdeh məhkəmədə həmin məbləğin 18500 manat olduğunu etiraf etdiyindən həmin 1150 (yəni iddia tələbində iddiaçının etiraf etdiyi) və 2030 manat (yəni kartdan çıxardığını etiraf etdiyi) məbləğində pul çıxılmalı və qalan məbləğ 15320 manat cavabdehdən alınıb ona verilməlidir. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməyib. Çünki məhkəmə heç bir əsas olmadan belə nəticəyə gəlib ki, o, cavabdehin kartından 10135 manat pul çıxarıb. O, isə təkidlə bunu qəbul etmir. Onun kartdan iki dəfə pul çıxarması, onun kartdan digər pulları da çıxarması kimi qiymətləndirilə bilməz. İddiaçı kartdan 2830 manat pul çıxardığını etiraf edir və həm iddiaçı, həm də cavabdeh 800 manat pulun cavabdehə verilməsini etiraf edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilməli, cavabdeh X1 8015 (səkkiz min on beş) manat tutularaq İddiaçı verilməlidir. İş materiallarında olan birinci instansiya məhkəməsində sorğu əsasında məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin məktubla göndərilən Cavabdeh Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-də verdiyi izahatın surətindən görünür ki, Cavabdeh İddiaçı 5-6 ay ərzində ümumilikdə 16-17 min manat pul götürdüyünü bildirmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən tərəflərin iştirakı ilə tədqiq edilən səs yazısında bildirilir ki, cavabdeh 1600 manat pulun yarı-yarıya bölünməsini iddiaçıya təklif etmiş, eyni zamanda onun 1400 manat verəcəyinin olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin Cavabdeh adına olan 5103-0647-4620-0915 saylı kartından xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək hansı ünvanlarda yerləşən bankomatdan hansı tarixlərdə istifadə olunması, kim tərəfindən və hansı məbləğdə pul çıxarılması barədə məlumatlar və görüntülər (fotoşəkil və.s) "xxxx" ASC-dən məhkəməyə təqdim edilməsi barədə qərardadı əsasında məhkəməyə ünvanlanmış "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, bankın müştərisi - Cavabdeh adına olan 5103-0647-4620-0915 saylı kartdan "xxxx" ASC-nin Qubadlı filialının 207 №-li və 378 №-li ATM-lərindən xx.xx.2022-ci ildə 1430 manat, xx.xx.2022-ci ildə 1050 manat və 350 manat, xx.xx.2022-ci ildə 100 man.; 300 man.; 200 man.; 330 man. və 500 manat, xx.xx.2022-ci ildə 1400 manat, xx.xx.2022-ci ildə 1445 manat, xx.xx.2022-ci ildə 1400 manat və xx.xx.2022-ci ildə 1630 manat pul çıxarılmışdır (Cəmi: 10135 manat). Eyni zamanda həmin məktubda qeyd olunmuşdur ki, nağdlaşdırma zamanı nəzarət kameralarında qeydə alınan görüntülər ilə bağlı məlumatların əldə edilməsi üçün bankomatlar "xxxx" ASC-yə məxsus olduğundan həmin banka müraciət edilməlidir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında məhkəməyə ünvanlanmış "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan dövrdə "xxxx" ASCyə dair plastik kartla "xxxx" ASC-yə məxsus ATM vasitəsilə aparılan nağdlaşdırma əməliyyatlarına dair görüntülərin saxlanma müddəti bitdiyi üçün görüntülərin təqdim olunması mümkün deyildir. Birinci instansiya məhkəməsində araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan müəyyən məbləğdə pul almış, bundan 1150 manat sonuncuya qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya qaytardığı pula münasibətdə düzgün hüquqi nəticəyə gəlsə də, onun aldığı pula münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin aldığı pula münasibətdə qeyd etmişdir ki, cavabdehin iddiaçıdan 16500 manat pul alması birincinin məhkəmə araşdırması zamanı özünün bildirdikləri ilə müəyyən olunur ki, bu da onun polis orqanlarında verdiyi izahatındakı məbləğə (16000-17000 manat) uyğun gəlir. Cavabdehin başqa məbləğdə pul almasını təsdiqləyən hər hansı sübutu iddiaçı məhkəməyə təqdim etməmiş, eləcə də belə hal iş materiallarından görünmür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh 23 avqust 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçıdan ilkin olaraq 2 dəfəyə 7500 manat və ondan da əlavə müxtəlif vaxtlarda 2500, 3000, 2000, 3500 manat məbləğində borc pul aldığını etiraf etmişdir.Beləliklə məhkəmə kollegiyası cavabdehin 18500 manat borc pul aldığını etiraf etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya 18500 manat borcu olmuşdur. Cavabdehin iddiaçıya qaytardığı pula münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci intansiya məhkəməsinin "xxxx" ASC-yə verdiyi sorğu əsasında iddiaçının taksi fəaliyyəti ilə məşğul olduğu yerin bilavasitə yanındakı bankomatdan 10135 manat məbləğindən pulun çəkildiyi təsdiq edilmişdir. Həmin pul məbləğindən sonuncu çıxardığı maaşdan 800 manatını iddiaçının cavabdehə qaytarması cavabdehin iddia ərizəsinə münasibətində öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçı iddia ərizəsində 1000 manat və 150 manat, cəmi 1150 manat pulun cavabdeh tərəfindən ona əlbəəl verildiyini etiraf etmişdir. Beləliklə, qeyd edilənlərdən müəyyən edilir ki, cavabdehin iddiaçıya cəmi 10485 manatı qaytardığı işin halları ilə təsdiq edilir. Yuxarıda qeyd edilən xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya 18500 manat borcu olduğunu öz izahatında bildirmiş, həmçinin 10485 manat pulun qayatarılması yuxarıda qeyd edilənlərə əsasəın müəyyən edildiyindən cavabdehin iddiaçıya işin hazırki halına əsasən 8015 manat borcu vardır. Məhkəmə kollegiyası cavabdehin kartdan cəmi 2830 manat pul çıxarması və onun 800 manatını iddiaçıya verməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh bu halı sübut edən dəlilini məhkəməyə təqdim edə bilməmişdir.Cavabdehin maaş kartının iddiaçıda olması və onun taksi fəaliyyəti ilə məşğul olduğu bankomatın yanından çəkilməsi, həmin pul məbləğinin iddiaçı tərəfindən bankomatdan çəkildiyini təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilməli, Cavabdeh 8015 (səkkiz min on beş) manat tutularaq İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı maddi hüquq normalarına istinad edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Birinci instansiya məhkəməsi həmin maddi hüquq normalarına əsasən qeyd etmişdir ki, cavabdehin iddiaçıdan pul alması hər hansı müqavilə, yazılı sazişə söykənmədiyindən alınmış məbləğin qanunvericilikdə yazılı formada müqavilə bağlanması imperativ şəkildə nəzərdə tutulan kredit məbləğindən də artıq olduğundan iddianın maddi hüququ əsası əsassız varlanmadır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanunvericinin Mülki Məcəllənin 739-cu maddəsində borc müqaviləsinə verdiyi tərifə görə həmin müqavilə konsensual müqavilədir. Buna görə müqavilənin yazılı formasına əməl olunmaması borcun verilməsinədək olan münasibətlərə aid hüquqi məsələdir.Borc verildikdən sonra yaranan münasibətlərə isə onun yazılı formasına əməl edilməsindən asılı olmayaraq borc müqaviləsinə aid maddi hüquq normaları tətbiq olunmalıdır. Lakin buna baxmayaraq məhkəmə kollegiyası qeyd edir ki, həm borc müqaviləsinin predmetini, həm də əsassız valanmanın predmetini “cinsi əlamətləri ilə müəyyən edilmiş əşyalar” təşkil etdiyindən birinci instansiya məhkəməsi mahiyyət etibarilə düzgün yönümdə araşdırma apardığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv deyil, yuxarıda göstırilənlərə əsaslara görə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2(060)-33/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 8015 (səkkiz min on beş) manat tutularaq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-832/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-832/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver