Məhkəmə qərarları › İş №2(105)-833/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-833/2025

25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-833/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızına qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: əvəzsiz istifadə, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), X6 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızının, nümayəndəsi Nümayəndə iştirakı ilə, Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-6/2025 nömrəli qətnaməsindən cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Təyyar Rzaquliyevin 13 aprel 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur.

2. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli avadanlıqların qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus 3 ədəd az işlənmiş “playstation 3” aparatı, 3 ədəd az işlənmiş “playstation 4” aparatı, 100 ədəd yeni oyun idarəetmə pultu, 25 ədəd oyun bayrağı, 2 ədəd az işlənmiş 109 diaqonal “Shivaki” markalı televizor, 1 ədəd yeni 109 diaqonal “Shivaki” markalı televizor və 1 ədəd az işlənmiş 109 diaqonal “LG” markalı televizorun 2019-cu il üçün bazar dəyəri cəmi 5470 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızına qarşı pul tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus ümümi dəyəri 5000 manat olan - az işlənmiş 3 ədəd “playstation 3, 500 gb super slim”, az işlənmiş 3 ədəd “playstation 4, 500 gb super slim” markalı playstationlar, tam yeni 100 ədəd idarəetmə pultu, tam yeni 120 manat dəyərində futbol bayraqları, az işlənmiş 2 ədəd 109 ekran diaqonalında “Shivaki” markalı, 1 ədəd tam yeni 109 ekran diaqonalında “Shivaki” markalı və az işlənmiş 109 ekran diaqonalında “LG” markalı televizorları alınaraq ona verilməsi, əmlakların alınması mümkün olmadıqda isə həmin əmlakların ümumi dəyəri 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi, məhkəməyə müraciət üçün çəkilmiş xərclərin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin, ümumilikdə 5100 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2019-cu ildə iş yoldaşı X7 adına Ağcabədi rayonunda yerləşən Kapital Bankın filialından 5400 manat məbləğində kredit götürmüşdür. Bundan sonra “Tap.az” sosial şəbəkəsindən baxıb az işlənmiş vəziyyətdə 6 ədəd “playstation 3, 500 gb super slim”, avadanlıqları ilə birlikdə, az işlənmiş 5 ədəd “Shivaki” markalı 109 ekran diaqonalında, az işlənmiş 1 ədəd “LG” markalı 109 ekran diaqonalında televizor, tam yeni 120 manat dəyərində futbol bayraqları və tam yeni 100 ədəd idarəetmə pultu almışdır. Həmin aldığı şəxsin özü barədə məlumatlar yadında deyildir. Tam dəqiq vaxt yadında olmadığından təxminən 6 ay sonra həmin “playstation 3, 500 gb super slim” avadanlığının 3 ədədin satıb az işlənmiş “playsation 4,500 gb super slimlə” əvəz etmişdir. Təxminən 2022-ci ilin aprel ayında dostu Aydan Kazımovaya oyun zalı açdığı üçün ona məxsus ümümi dəyəri 5000 manat olan həmin oyun avadanlıqlarını müvəqqəti istifadə etmək üçün ünvan 1 ünvanında yerləşən “Tək qapı” playstation oyun klubuna vermişdir. xx.xx.2022-ci il tarixində Aydan ilə əlaqə saxlayıb ona verdiyi malları geri istədikdə, Aydan oyun klubunun bağlandığını və malları isə tanışı X2 olduğunu demişdir. İddiaçı whatsapp tətbiqi vasitəsilə Süleyman ilə əlaqə saxladıqda, sonuncu ona həqiqətən həmin malları götürdüyünü, Binəqədidə evinə qoyduğunu, lakin oradan oğurlandığını bildirmişdir. Həmin malları Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızına verdiyinə görə sonuncudan da, tələb etmək məqsədilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət etmişdir. Müraciətinə əsasən izahatı alınarkən X11 bildirmişdir ki, iddiaçı 2020-ci ildə sosial şəbəkə vasitəsi ilə tanış olmuş, dost kimi münasibətləri 2022-ci ilin sentyabr ayınadək davam etmişdir. O, görüşlərinin birində playstation oyun klubu açmaq istədiyini iddiaçıya bildirmişdir. İddiaçı da cavabdehə kömək məqsədi ilə playstation avadanlıqlarını müvəqqəti istifadə etmək üçün ona verə biləcəyini deyərək razılaşmışlar. 2022-ci ilin iyun ayında tanışı X8 onun adından ünvan 2 ünvanında yerləşən “Tək qapı” playstation oyun klubunun sahibi ilə danışıb, təhvil-təslim etdikdən sonra o, söz verdiyi oyun avadanlıqlarını gətirib qeyd olunan ünvana yerləşdirmişdir. Bir müddət sonra Aydan Kazımova başqa işi ilə bağlı obyektdən uzaqlaşmış və orada olan hər bir əşyalara cavabdehlik məsuliyyətini tanışı Süleyman Süleymanov öz boynuna götürmüşdür. 2022-ci ilin dekabr ayında iddiaçı Aydana zəng edib verdiyi oyun avadanlıqlarının geri qaytarmasının bildirmiş, sonuncu isə Süleymana zəng edərək onunla əlaqə saxlamağını xahiş etmişdir. İddiaçı Süleymanla whatsapp tətbiqində danışdıqda sonuncu avadanlıqların qohumunun oğurladığını, bu səbəbdən polisə şikayət etmədiyini bildirmiş və qarşılığında avadanlıqların pul dəyərini ona ödəməyi təklif etmişdir. Sonradan isə “sən malları Aydana vermisən, get Aydandan da al” demişdir. Daha sonra isə iddiaçıya məlum olmuşdur ki, oyun avadanlıqları oğurlanmamış və Süleymanın pulu olmadığı üçün lombarda qoyub pul götürmüşdür. Aydan Kazımova bu barədə Süleymanla əlaqə saxlamış, Süleyman ona “sənlik bir məsələ yoxdur” deyib guya özü iddiaçı ilə razılaşdığını bildirmişdir. Göründüyü kimi cavabdeh tərəfindən məqsədyönlü şəkildə istiqamət dəyişdirilməsi planı qurulmuş və iddiaçını Süleymana yönəltmişdir. Lakin iddiaçı malları Aydana verdiyi üçün hesab edir ki, sonuncudan da geri almalıdır. Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi tərəfindən izahat alındıqdan sonra cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilərək iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun bu məsələ ilə bağlı qızını Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə çağrılarkən məlumatı olmuşdur. Hal hazırda qızı hamilə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Qızı birbaşa bu məsələdə vasitəçi olmuş, həmin vaxt qızı obyektdə işlədiyi üçün əmlaklar da ona təhvil verilmişdir. Lakin 2 aydan sonra qızı işə getməmiş və sonradan həmin obyektin sahibi Süleyman adlı şəxs qızına həmin əmlakların obyektdən oğurlanması barədə məlumat vermişdir. Bununla bağlı araşdırma getmiş və həmin əmlakların Süleyman adlı şəxsin qaynı tərəfindən oğurlanması müəyyən olunmuşdur. Bu səbəbdən oğurluqla bağlı polisə şikayət olunmamış və Süleyman məsələni özü həll edəcəyini bildirmişdir. Hazırda iddiaçının iddia ərizəsində qeyd etdiyi avadanlıqların cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızından tələb etməsi yanlışdır. Belə ki, həmin avadanlıqlar iddiaçının razılığı ilə Süleyman adlı şəxsə verilmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

6. Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-6/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızından 5000 manat məbləğində pul və 100 manat hüquqi yardıma görə ödənilmiş xidmət haqqı olmaqla, cəmi 5100 (beş min yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, İddiaçı azad edildiyi 70 (yetmiş) manat dövlət rüsumunun cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızından alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (hakim İlqar Cabbarov).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 152.1, 157.2, 443.1, 732, 734.1, 735, 736.1, 736.2, 736.3, 736.4, 736.4, 1096.1, 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 124.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızı apellyasiya şikayəti verib Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-6/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-6/2025 nömrəli qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə ki, o Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Tək Qapı” playstation oyun zalında xəzinədar vəzifəsinə işə düzəlməli idi. İddiaçı sosial şəbəkə vasitəsi ilə tanımışdır. Elvin ona bildirmişdir ki, onun playstation oyun avadanlıqları var. O, bu barədə “Tək Qapı” playstation oyun zalının icarəçisi X4 bildirmişdir. Süleyman həmin avadanlıqları qəbul etməyə razılıq vermiş və 2022-ci ilin iyul ayında Elvin həmin avadanlıqları “Tək Qapı” playstation oyun zalına gətirib Süleymana təhvil vermişdir. Təxminən 1 ay yarım həmin obyektdə işlədikdən sonra o işdən çıxmışdır. Həmin vaxt Süleyman ona dedi ki, bu avadanlıqları almaq istəyir, Elvindən soruş, əgər satırsa, o alsın. O, Elvinə zəng vurub demişdir ki, işdən çıxıb və Süleyman onun avadanlıqlarını almaq istəyir, onunla əlaqə saxlasın. Bundan bir neçə müddət sonra məlum olmuşdur ki, Süleyman və Elvin həmin avadanlıqların alqı-satqısı barədə öz aralarında danışıb razılığa gəlmişlər. Hətta bu barədə onların arasında olan VhatsApp yazışmaları 1-ci instansiya məhkəməsində məhkəməyə təqdim edilmişdir. Lakin, məhkəmə Süleymanla Elvin arasında olan VhatsApp yazışmalarına heç bir əhəmiyyət verməmiş və Süleymanı 3-cü şəxs qismində mülki işə cəlb etməmişdir. 2023-cü ildə onu Bakı şəhəri Nərimanov rayon Pİ-nin 18-ci PB-nə dəvət etmişlər və orada məlum olmuşdur ki, İddiaçı ona məxsus avadanlıqların ondan alınaraq ona qaytarılması barədə ərizə ilə polisə müraciət etmişdir. Faktla bağlı polis bölməsində araşdırma aparılmış və onun izahatı alınmışdır. İzahatında bildirmişdir ki, “Tək Qapı” playstation oyun zalından işdən çıxmışdır və Elvinə məxsus avadanlıqlar həmin obyektdə Süleymanın istifadəsində qalmışdır. Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinin təhqiqatçısı Təyyar Rzaquliyevin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X16, həm də məhkəmə araşdırması zamanı bildirmişdir ki, o bu işdə yalnız vasitəçi olmuşdur. Həmin vaxt o “Tək Qapı” playstation oyun zalında xəzinədar işlədiyi üçün göstərilən avadanlıqlar ona təhvil verilmiş, 1 ay yarımdan sonra o işdən çıxmış və həmin avadanlıqlar obyektin icarəçisi Süleymanın istifadəsində qalmışdır. Süleyman isə həmin avadanlıqların obyektdən oğurlanmasını bildirmiş, lakin avadanlıqların onun qaynı tərəfindən oğurlandığı müəyyən olunduğuna görə, bu səbəbdən polisə müraciət edilməmiş və məsələni özü həll edəcəyini bildirmişdir. Nəticədə, həmin avadanlıqlar iddiaçının razılığı ilə Süleymanın öhdəsində qalmışdır. Bundan sonra, 2024-cü ilin iyul ayında Xızı Rayon Məhkəməsindən ona bildiriş gəlmiş və məlum olmuşdur ki, Elvin həmin avadanlıqların və yaxud onların dəyər qiymətinin ondan alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Faktla bağlı məhkəmə araşdırması aparılmış və məhkəmə yuxarıda göstərilən qətnaməni qət etmişdir. Lakin, məhkəmə yuxarıda göstərilən bəzi faktlara heç bir aydınlıq gətirmədən əsassız və qanunsuz bir qərar qəbul etmişdir. Faktlar isə belədir ki, o işdən çıxmışdır, playstation avadanlıqları Süleymanın istifadəsində qalmışdır. Süleyman mülki işə cəlb edilməmiş və izahatı alınmamışdır. Playstation avadanlıqları barədə Süleyman bildirir ki, onlar oğurlanıb, lakin Elvinlə olan VhatsApp yazışmalarında həmin avadanlıqların alqı-satqısından danışırlar. VhatsApp yazışmalarından görünür ki, Elvin öz avadanlıqlarına 2.500 manat dəyərində qiymət qoymuş, lakin iddia ərizəsində bu rəqəmi 5.400 manat göstərmişdir. 1-ci instansiya məhkəməsi bu faktların heç birini araşdırmamışdır. Məhkəmə araşdırması birtərəfli və qərəzli aparılmışdır. Süleyman Süleymanov əsl cavabdeh və yaxud 3-cü şəxs qismində mülki işə cəlb edilməmiş, onunla Elvin arasında playstation oyun avadanlıqlarının alqı-satqısı barədə aparılmış VhatsApp yazışmaları məhkəmə tərəfindən araşdırılmaqla hüquqi qiymət verilməmiş və iş üzrə qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə bu faktların hamısına göz yumaraq iddiaçının xeyrinə qanunsuz və əsassız qətnamə çıxarmış, hətta araşdırmamışdır ki, 4–5 ədəd televizor və 6 ədəd playstation avadanlığı içərisində həqiqətən 100 ədəd idarəetmə pultu olmuşdurmu ? Bundan başqa, iddia tələbi az işlənmiş 3 ədəd “playstation 3.500 qb super slim”, az işlənmiş 3 ədəd “playstation 4.500 qb super slim” markalı playstationlar, tam yeni 100 ədəd idarəetmə pultu, tam yeni 120 manat dəyərində futbol bayraqları, az işlənmiş 2 ədəd 109 ekran diaqonalında “Shivaki” markalı, 1 ədəd tam yeni 109 ekran diaqonalında “Shivaki” markalı və az işlənmiş 109 ekran diaqonalında “LG” markalı televizorların, həmin əmlaklar olmadıqda isə, onların dəyər qiymətinin ondan alınaraq iddiaçıya verilməsi tələbindən ibarət olsa da, məhkəmə həmin əmlakların mövcudluğunu və onun qanunsuz sahibliyində olub-olmamasını müəyyən etmədən, qərəzli mövqe tutaraq birbaşa həmin əmlakların 5.000 manat məbləğində dəyər qiymətinin ondan tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Hesab edir ki, prosessual normaların tələblərini pozaraq tam və obyektiv məhkəmə araşdırması aparmadan ədalətsiz qətnamə qət edilmişdir. İddiaçı qarşısında onun heç bir öhdəliyi olmamışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi "Brumaresku Rumıniyaya qarşı" iş üzrə xx.xx.1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 88, 217 və 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi çəkişmə prinsipinə əməl etməmiş, araşdırmanı birtərəfli aparmışdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə tərəfindən təqdim edilmiş sənədləri tam tədqiq etməmişdir. AR MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. AR MPM-nin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. AR MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

11. Mübahisəli məhkəmə qətnaməsində AR Mülki Məcəlləsinin 736.4-cü maddəsinə istinadən göstərilmişdir ki, əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı 3-cü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını 3-cü şəxslərdən də istənilən vaxt tələb edə bilər. Məhkəmə araşdırması zamanı dəfələrlə şifahi vəsatət verilməsinə baxmayaraq, məhkəmə X5 3-cü şəxs qismində mülki işə cəlb etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızı, nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

16. Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.

17. Maddə 734.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir.

18. Maddə 735. Kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur.

19. Maddə 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.

20. Maddə 736.2. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər.

21. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.

22. Maddə 736.4. Əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

30. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Qəhrəmanzadə (Kazımova) X14 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-6/2025 nömrəli qətnaməsinin tam ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etdiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam həcmdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, lakin iddiaçı iddiasının əsasını təşkil etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübuta yetirə bilmişdir. Tərəflərin izahatından və iş materiallarından görünür ki, İddiaçı özünə məxsus 3 ədəd az işlənmiş “playstation 3” aparatı, 3 ədəd az işlənmiş “playstation 4” aparatı, 100 ədəd yeni oyun idarəetmə pultu, 25 ədəd oyun bayrağı, 2 ədəd az işlənmiş 109 diaqonal “Shivaki” markalı televizor, 1 ədəd yeni 109 diaqonal “Shivaki” markalı televizor və 1 ədəd az işlənmiş 109 diaqonal “LG” markalı televizoru cavabdeh Qəhrəmanzadə (Kazımova) Aydan Nadir qızının əvəzsiz istifadəsinə vermiş, lakin cavabdeh həmin əşyaları iddiaçıya geri qaytarmamışdır. Bununla da, iddiaçının cavabdehə qarşı əvəzsiz istifadəyə götürülmüş əşyaların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iclaslarında iştirak edən cavabdeh isə iddiaçının dəlillərini təkzib edən hər hansı bir əsaslı sübut təqdim etməmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində qeyd olunan avadanlıqlar iddiaçının əmlakı hesab edildiyindən, o, mülkiyyətçi olaraq həmin əmlaklarını cavabdehdən geri tələb etməkdə haqlıdır, həmin əşyalar mülkiyyətçisi olan iddiaçıya qaytarılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin əmlaklar mövcud olmadığından, həmin əmlakların dəyərinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi nəticəyə gəlmişdir.

41. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, məhkəmə araşdırması zamanı dəfələrlə şifahi vəsatət verilməsinə baxmayaraq, məhkəmə X5 üçüncü şəxs qismində mülki işə cəlb etməmişdir, tələb edilən əşyalar Süleymanın istifadəsində qalmışdır.

42. Kollegiya göstərilən dəlillərlə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

43. İş materiallarında olan birinci instansiya məhkəməsinin iclas protokolların məzmunundan görünür ki, cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə verdiyi izahatına görə Cavabdeh mübahisə predmeti olan əşyalarını özü təhvil almışdır (iş vər. 65, 105). Belə olan halda kollegiya hesab edir ki, iddiaçı haqlı olaraq cavabdehi Cavabdeh seçmiş, əşyalar hazırkı cavabdehə verildiyindən həmin iddiaya cavab verməli şəxs kimi məhz Cavabdeh çıxış etməlidir. Cavabdehin bir müddət sonra işə getməməsi və əşyaların sonradan X1 qalması isə onun üçüncü şəxs qismində cəlb olunması üçün əsas deyildir.

44. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

45. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

46. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

47. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

48. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)- 6/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-6/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar