Məhkəmə qərarları › İş №2(105)-836/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-836/2023

11.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-836/2023 11.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(060)- 452/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məxsus, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin, 9 nömrəli mənzilinə Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 2(060)-3362/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 30 dekabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 18 oktyabr 2022-ci il tarixli “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışdan göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzildə Cavabdeh3 qeydiyyatda olmaqla yaşayır. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhər 16 saylı MİS-nin xx.xx.2014-cü il tarixli arayışına əsasən, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(060)-452/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(060)-452/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qarşı tərəfin təqdim etdiyi sübutlara əsaslanmaqla heç bir araşdırma aparmadan hazırki qətnaməni qəbul etmişdir. Onun və ailə üzvlərinin bu mənzilin iddiaçıya satılmasından, ümumiyyətlə keçirilmiş hərracdan məlumatları belə olmamış və hərrac onların iştirakları olmadan aparılmışdır. Hərrac keçirilərkən onların hüquqları pozulmuş və onlar iddiaçı qarşısında bu mənzili boşaltmaq barədə hər hansı bir öhdəlik götürməmişlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2018-ci il tarixli, 2(060)-3362/2018 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə 2014-cü il 28 noyabr tarixli kredit müqaviləsi üzrə 29102,91 ABŞ dolları əsas, 18686,75 ABŞ dolları faiz, 3,97 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 47793,63 ABŞ dolları (qətnamənin icra olunduğu gönə olan manat məzənnəsi ilə) məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, tutmanın Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 63.38 kv.m ümumi, 39.6 kv.m yaşayış sahədən ibarət 27 nömrəli evin 9 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 63.38 kv.m. ümumi, 39.6 kv.m yaşayış sahədən ibarət 27 nömrəli evin 9 nömrəli mənzilin ilkin satış qiymətinin 50000 (əlli min) manat məbləğində müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunacaq məbləğin iddiaçı "xxxx" İKB-nin xeyrinə ödənilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3362/2018 saylı, 24 iyul 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2496/2019 saylı, 03 aprel 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfinfən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 63.38 kv.m. ümumi, 39.6 kv.m. yaşayış sahədən ibarət 27 nömrəli evin 9 nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsusdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti MKT İstehsalat Birliyinin 16 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2014-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar. Birinci instansiya məhkəməsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 63.38 kv.m ümumi, 39.6 kv.m yaşayış sahədən ibarət 27 nömrəli evin 9 nömrəli mənzil İddiaçı ASC-yə məxsusdur. Həmin əmlak açıq hərracda İddiaçı ASC tərəfindən əldə edilmişdir. Cavabdehlərin mübahisəli əmlaka dair hazırda heç bir hüquqları yoxdur, onun həmin mənzilin istismarını dayandırmaması və əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verməməsi mülkiyyətçinin maraqlarına ziddir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1.) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun qeyd edilən maddəsinin mənasından belə nəticəyə gəlmək olur ki, tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldildikdə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər həmin daşınmaz əmlakı əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaltmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 63.38 kv.m ümumi, 39.6 kv.m yaşayış sahədən ibarət 27 nömrəli evin 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin daşınmaz əmlaka dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı ASC-nin Sumqayıt şəhəri, 10cu mikrorayonda yerləşən, 3 otaqlı, 63.38 kv.m ümumi, 39.6 kv.m yaşayış sahədən ibarət 27 nömrəli evin 9 nömrəli mənzilin cavabdehlər tərəfindən boşaldılmasına, bütün əşyaların çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsinə dair tələbi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini “mənzilin iddiaçıya satılmasından, ümumiyyətlə keçirilmiş hərracdan məlumatlarının olmaması” ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, iddiaçı Cavabdeh1 cavabdehlər “Yelo Bank" ASC-yə və "xxxx" MMC-yə qarşı "hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsində hərracın keçirilməsindən, eləcə də "xxxx" MMC ilə “Yelo Bank" ASC ilə bağlanmış alqı-satqı müqaviləsindən onun və ailə üzvlərinin məlumatlarının olmadığını qeyd etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3417/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2335/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3417/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(060)-452/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar