Məhkəmə qərarları › İş №2(105)-837/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-837/2025

04.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-837/2025 04.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(060)-397/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ İşin halları

1. İsmayıllı rayonu Diyallı kəndində yerləşən 2.8279 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır.

2. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, idiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, “Buta” adlanan şirkətin Tural və Samir adlı işçiləri özbaşına ona məxsus 2,83 ha torpaq sahəsində çəkdiyi çəpərləri sökərək həmin ərazidə 2 il əkin işləri aparmışlar. Həmin şəxslər söz versələr də, ona vurduqları maddi ziyanı bu günə kimi ödəməmişlər və buna görə də həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir.

3. Qeyd edilən qərarla cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ərizədə göstərilən məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. 4.Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-82/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" şirkətindən 20434 manat məbləğində maddi zərərin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1219/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-82/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Qərardadda göstərilmişdir ki, iddiaçının tələbi cavab verməli şəxsə qarşı qaldırılmamışdır, birinci instansiya məhkəməsi isə mülki işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmışdır.

6. Qeyd edilən iş üzrə təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8448 saylı ekspert rəyindən görünür ki, İsmayıllı rayon Diyallı kənd ərazisində yerləşən mülki iş materiallarında və qərardadda göstərilən qeyd olunan materiallar istifadə etməklə (qara işlərdə nəzərə alınmaqla, yeni materialların daşınması, turbaların rənglənməi, quyuların qazılması, turbaların basdırılması, sement, qum palçığın qarışdırılması, qaynaq işlərinin aparılması, turbaların basdırılması, sement, qum, palçığın qarışdırılması, qaynaq işlərinin aparılması, tikanlı məftillərin turbalara birləşdirilməsi, qapının qoyulması) həmin torpaq sahəsinin çəpərlənməsi üçün yerinə yetirilməli müxtəlif növ tikinti təmir və quraşdırma işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 20434 manat məbləğində olduğu müəyyən edilir. 7.Sumqayıt Şəhər Məhkəməsinin sorğusuna “X5 İnstitutu” publik şəxsin mütəxəssisləri tərəfindən verilmiş rəydən görünür ki, ümumilikdə texnoloji xəritəyə görə 3 ha torpaq sahəsində kartofun səpilməsinə texniki xidmətin göstərilməsi və məhsulun yığılmasına çəkilən xərc orta hesabla 37071 manatdır. Bu sahədən alınan 75 ton məhsulun bir hissəsinin ərzaqlıq, bir hissəsinin toxumluq, bir hissəsinin isə yem kimi istifadə oluna biləcəyini və hər 1 kq-nın orta satış qiymətinin həmin dövr üçün 0,70 man olduğunu nəzərə alsaq, 3 ha-dan ümumi gəlirin 52500 manat, xalis gəlirin tsə 15429 manat ola biləcəyi məlum olur. 8.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, hüquqi ünvanı Sumqayıt şəhəri, 2-ci mkr, ev 37/20 mənzil 46 olan Cavabdeh MMC-nin (VÖEN **********) xx.xx.2019-cu il tarixdən fəaliyyəti dayandırılmışdır. 9.2 saylı Ərazi Vergilər Departamentinin Cavabdeh MMC-yə ünvaladığı məktubdan görünür ki, Cavabdeh MMC-nin fəaliyyəti MMC-nin xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır

10. 2 saylı Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixl məktubundan görünür ki, Cavabdeh (VÖEN **********) AZ KÜBRƏ və AZ TOMATO adlı filiallarının olması barədə hüquqi şəxslərin dövlət reyestrində məlumat aşkar edilməmişdir.

11. İsmayıllı rayonu, Diyallı Bələdiyyəsinin 86 nömrəli 25 dekabr 2024-cü il tarixli arayışından görünür ki, "xxxx" MMC (hüquqi təmsilçisi X10) şirkəti tərəfindən İsmayıllı rayonu, Diyallı kəndi ərazisində 2019-2021-ci illərdə hər il 80 ha-dan artıq olmaqla kartof əkilərək tədarük edilmişdir. İddiaçı məxsus 2.83 ha torpaq sahəsi də həmin şirkət tərəfindən kartof əkilərək tədarük edilmişdir.

12. İsmayıllı rayon, Kürdmaşı Bələdiyyəsinin 04 nömrəli, 11 fevral 2025-ci il tarixli məktubundan görünür ki, ”Buta Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin İsmayıİİı rayon Kürdmaşı kəndində fəaliyyət göstərən “Az Kübrə” filialı 2018-ci ildə fəaliyyət göstərmişdir. ”Az Tomato” isə fəaliyyət göstərməyib. “Aqro Park” adlı filialın İsmayıllı rayon Kürdmaşı kəndində 2018-2020-ci illərdə fəaliyyət göstərib və kartof istehsal edib. 2021- 2024-cü illərdə fəaliyyət göstərməyib.

13. İsmayıllı Rayon Təzəkənd Bələdiyyəsinin 04 iyun 2025-ci il tarixli, 30 saylı arayışından görünür ki, İddiaçı İsmayıllı rayonu Təzəkənd bələdiyyəsinə daxil olan kəndlərdən Diyallı kənd ərazisində mülkiyyətində 2.8279 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Onlarda olan məlumata görə həmin torpaq sahəsi və onun ətrafında olan digər vətəndaşların mülkiyyətində olan əkin sahələri Cavabdeh MMC tərəfindən 2019 və 2021-ci il tarixlərində kartof əkilərək tədarük edilmişdir.

14. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı X13 Mərkəzinin 04 iyun 2025-ci il tarixli, 08 saylı arayışından görünür ki, Cavabdeh MMC İsmayıllı rayonu ərazisində 2019-cu ildə 176 hektar, 2021-ci ildə isə 210 hektar kartof əkini aparmışdır.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə Cavabdeh MMC-dən ru90000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı iddia ərizəsində göstərir ki, cavabdeh "xxxx" Şirkəti tərəfindən ona vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehin hüquqi ünvanı ünvan 3əli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunan sənədlər baxılmadan geri qaytarılmışdır. Eyni məzmunlu iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(060)- 82/2024 nömrəli xx.xx.2024-cü İİ tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verib. Həmçinin cavabdeh tərəfindən birinci istansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaya cavab verməli olmayan "BUTA AQRO MMC" cavabdeh şəxs qismində işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 54.4-cü maddəsinə uyğun olaraq əsil olmayan tərəfin "BUTA GROUP MMC" əvəz olunmasını və işə yenidən baxılmasını məhkəmədən xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsininxx.xx.2024-cü il tarixli qətnaməsi ilə birinci istansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə apellyasiya şikayəti qismən təmin edilmiş və iş üzrə yeni qətnamə çıxarılması qət edilmişdir. Göstərilənləri nəzərə alaraq yenidən məhkəməyə müraciət etmək məcbiriyyətindədir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Diyallı kənd ərazisində yerləşən 2.83 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti İdarəsi tərəfindən verilmiş RX ******* saylı çıxarışına əsasən xx.xx.2018-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi diametri 7 sm, uzunluğu 2 metr 50-60 sm qazma işlərində istifadə olunan divarları qalın cəmi 276 ədəd turbalar basdıraraq ara məsafələri 12-15 sm olmaqla tikanlı məftillərlə çəpərlənmişdir. Həmin çəpər "BUTA GROUP MMC" şirkətinin əməkdaşları Tural (mob tel: ***-***-**-**) və tanımadığı digər şəxslər tərəfindən gizli yolla talanaraq oğurlanıbdır. Çəpərin turbaları və tikanlı məftillərini Diyallı kənd sakini Çingizin idarə etdiyi traktora yükləyərək, ona məlum olmayan istiqamətə aparıblar. Çingizlə əlaqə saxlayıb, o bildirib ki, turbaların cuzi miqdarını onun qapısına töküblər. Sonradan isə onun qapısına tökülən turbaları da yığaraq qalan əksər qismini isə Tural və Samir adlanan şəxslər hara apardıqlarını bilməyibdir. Hazırda həmin turbaların tikanlı məftillərin bazar qiyməti, eləcə də çəpərin çəkilməsi 20 min manatdan artıq edir. 2019-cu ilin yaz mövsümündə həmin torpaq sahəsi, ondan xəbərsiz və gizlincə "BUTA GROUP MMC" şirkəti tərəfindən şumlanaraq kartof səpilərək payız mövsümündə yığılıbdır. 2020-ci ildə həmin torpaq sahəsinə onun razılığı ilə İsmayıllı rayon sakini Dəmirov Akif tərəfindən taxıl əkilibdir. 2021-ci ilin aprel ayının əvvəllərində Tovuz rayon sakini əvvəllər tanımadığı Sakit adlı şəxsdən 1 kq 75 qəpikdən ibarət 9 ton 600 kq kartof toxumu alaraq səpmək üçün həmin torpaq sahəsinə gəlib. Lakin yenə də "BUTA GROUP MMC" şirkətinin əməkdaşları tərəfindən torpaq sahəsinin şumlanaraq, kartof səpildiyini görmüşdür. Onlara bildirdi ki, bu nə özbaşınalıqdır, sizə kim icazə verib, nə əsasında başqasının yerini özbaşınıza istifadə edirsiniz. Onlardan aldığı cavabın məzmunu isə bu oldu: “Sən bilirsən ki, "BUTA GROUP MMC" şirkəti kimə məxsusdur, get kimə şikayət edirsən et, bizə heçnə edə bilməzsən”. Məcbur olub aldığı kartof toxumunu İsmayıllı şəhərində avtovağzalın yanında olan keçmiş kəlağayı sexinin anbarına boşaldıb, alıcı axtarmağına baxmayaraq tapa bilməyib. Məcbur olub, Tovuz rayonuna aparmış, lakin əkin-səpin mövsümü başa çatdığından sata bilməmişdir. Toxum göyərərək istifadə üçün tam yararsız hala düşmüş, beləliklə də 8.300 manat ziyana düşmüşdür. "BUTA GROUP MMC" şirkətinin əməkdaşı Tural adlı şəxslə əlaqə saxlayıb. Tural da ona bildirdi ki, şirkətin məsul işçisi X6 bu barədə məlumat verib. Onlar ancaq onun göstərişlərini yerinə yetirirlər. Quliyev Bəşirlə bir neçə dəfə telefon əlaqəsi saxlayıb. Onların bu qanunsuz hərəkətləri barədə məlumat verib və ona vurulan zərərin ödənilməsini tələb edib. O, da Bakıda onunla şirkətdə görüşməyini məsləhət bilmişdir. Nəhayət onunla Bakı şəhərində yaşadığı mənzildə görüşüb. Yuxarıda qeyd etdiklərini ona bildirib. O, da özünü ona məxsus torpağın mülkiyyətçisi kimi apararaq bildirdi ki, 1 ha torpağa illik 400 manat icarə haqqı verir, istəyirsə budur, istəmirsə də budur, get kimə şikayət edirsən et. O, bununla da tabeliyində olan şəxslərin yuxarıda qeyd olunan hərəkətlərinə bəraət verərək ona onların vurduqları zərərdən imtina edibdir. X2 və onun tabeliyində olan işçilər tərəfindən mülkiyyət hüququnun kobud surətdə pozulmasına dair aidiyyatı orqanlarına müraciət edib. İsmayıllı Polis şöbəsi tərəfindən araşdırmalar aparılıb. Tərəfindən təqdim edilən zəruri dəlillər və sübutlara hüquqi qiymət verilməyib, uzun müddət süründürməçiliyə yol verilərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İstintaq aparan Polis əməkdaşı ilə söhbət edib. Bildirib ki, qarşılarındakı "BUTA GROUP MMC" şirkətidir. Onlar heç nə edə bilmirlər. Bununla da mülkiyyət hüququnun pozulmasından uzun müddət keçməsinə baxmayaraq pozulmuş hüququnun bərpasına və ona vurulmuş ziyanın ödənilməsinə nail ola bilməyib. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. “BUTA GROUP MMC" şirkətinin əməkdaşlarının qeyri-qanuni əməlləri nəticəsində ona xüsusilə külli miqdarda ziyan vurulmuşdur. Belə ki, bu şirkətin Əməkdaşları tərəfindən ona vurulan ziyanın qiymətini 90.000 manat məbləğində hesab edir. Yuxarıda qeyd etdiyi kimi uzunluğu 2 metr 60 sm 76 mm turbanın bir metrinin bazar qiyməti 15-16 manat təşkil edir. Yəni bir ədəd 2 m 76 mm turbanın bazar qiyməti 15 manatdan 4 manat 14 qəpik təşkil edir. Həmin ölçüdə 276 ədəd turbaların bazar qiyməti 15,226 (on beş min iki yüz 26 manat) manat təşkil edir. Tikanlı məftillərin qiyməti isə 3 manat təşkil edir. Yəni tikanlı məftillərlə birlikdə 15,226 manatdır. Hazırda həmin ərazinin yenidən çəpərlənməsi üçün fəhlə isə 4 min manat məbləğində pul tələb edir. Turbaların basdırılması üçün bir ədəd quyunun 50-60 sm dərinliyində qazılması üçün 5 manat pul tələb edirlər. Beləliklə də tək çəpərə görə ona 20 min manatdan artıq ziyan vurublar. Tovuz rayounundan bir kiloqramını 75 qəpikdən aldığı 9 ton 600 kq kartof toxumuna 6 min 750 manat pul verib. 300 manat verərək yuxarıda qeyd etdiyi ünvana gətirərək, boşaltmasına 60 manat pul verib. Yenidən 60 manat pul verərək "xxxx" MMC-nin balansında olan **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək daşıma haqqı 250 manat verməklə Tovuz rayonuna gətirib. Boşaltmağa 60 manat verərək, toxumu aldığı Sakit adlı şəxsin həyətinə boşaltmışdır ki, bəlkə sata bilər. Lakin kartof səpin mövsümü başa çatdığından sata bilməyib. Göyərərək istifadəyə yararsız vəziyyətə düşübdür. Bu xərcləri də nəzərə alsa kartof toxumuna 8.230 manat məbləğində pul xərcləyib. Xüsusi mülkiyyətində olan torpaq sahəsinin də yerləşdiyi ərazidən 1 hektar 30-35 ton miqdarında məhsul verir. 1 hektar yerə toxumun səpilməsi aqrotexnik qaydalara riayət etməklə (sulanması, kultivizasiyası məbləğində pul təşkil edir. Yerli məhsul kartofun bir kq-nın qiyməti bir manat, 1 manat 50 qəpiyə qədərdir. 3 hektar isə 80-85 ton civarında kartof məhsulu verir. Bu 80-85 ton kartof təxminən 15 tonuna qədər kiçik ölçülü toxum üçün kartof təşkil edir. Yerdə qalan 60-65 ton kartof iri ölçüdə olduğundan və bazarda böyük tələbat olduğundan 1 kq-nın qiyməti 1.20-dən 1.50-dək təşkil edir. Kiçik ölçüdə olan kartofun qiyməti isə 70 qəpik təşkil edir. Əgər 60-65 ton kartofun 1 kq-ı bazar qiyməti 1 manatdan 10-15 ton kiçik ölçüdə kartofun isə bazar qiyməti 1 kq-1 m 70 qəpik təşkil edərsə bir ildə 3 hektardan 70 min manatadək məhsul götürülür. Bu məbləğdən səpin və əksinə çəkilən 18-20 manatı çıxdıqda yerdə 50-55 min manat xalis gəlir qalır. Deməli ildə 3 hektardan götürülən xalis gəlir 50-55 min manat təşkil edərsə 2 ildə isə 90-100 min manat xalis gəlir əldə etmiş olurlar. Ona məxsus olan torpaq sahəsinin çəpərlərinin sökülməsi, əkilməsi, kartof səpilməsi, becərilməsi, tədarük edilməsi İsmayıllı rayonu polis şöbəsinin xx.xx.2021-ci il tarixli "Cinayət işinn başlanmasının rədd edilməsi" barədə qərarı ilə tam təsdiq olunmuşdur. Yuxarıda göstərdiyi ziyan da bunun üstünə gəlinsə, "BUTA GROUP MMC"xxxx"BUTA GROUP MMC" şirkətinin əməkdaşlarının xüsusi mülkiyyətində olan 2.83 ha torpaq sahəsindən öz bildikləri kimi istifadə etmələri, sərəncam vermələri gizli yolla, çəpərin söküb talanmaları özbaşına əkib becərmələri götürdüklərı məhsulu mənimsəmələri xüsusi mülkiyyətində olmasına baxmayaraq 10 tona yaxın kartof toxumunun, səpilməsinə imkan verməmələri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Dövlətin təməl prinsiplərinə ziddir və haykırıdır. Belə ki, Azərbaycan Respubliası Konstitusiyasının 7-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Dövləti demokratik hüquqi, dünyəvi unitar Respublikadır. "BUTA GROUP MMC" şirkətinin bu qanunsuz əməlləri nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində nəzərdə tutulan, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququndan məhrum olunub. Qeyd edilən şirkətin əməkdaşlarının bu əməlləri ilə ona vurulan zərər qanundan əmələ gələn öhdəliklərə aid olmadığından Azərbaycan Respublikası MM-nin 1091-ci maddəsində nəzərdə tutulan əsassız varlanma anlayışına aid deyildir. Şirkətin əməkdaşları tərəfindən ona vurulan zərər Azərbaycan Respublikası MM-nin 9-cu bölməsində nəzərdə tutulan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərə aiddir. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqda və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Hərəkət və ya hərəkətsizlikdir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsində göstərilmişdir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Əlavə olaraq bildirir ki, az da olsa onun Ordu quruculuğunda əməyi vardır. 1-ci Qarabağ Müharibəsində doğma əmisi oğlu X11 şəhid olubdur. Doğma bacısı oğlu X9 2-ci qrup əlil olubdur. Doğma oğlu Allahyarov Kənan 2-ci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd rayonlarının və eləcə də Şuşa şəhərinin düşmən tapdağından azad olunmasında tam iştirak etməklə 2 ildən artıq hərbi xidmətdə olubdur. Azərbaycan Respublikası Prezidenti X14 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə medallarla təltif olunubdur. Bununla da göstərmək istəyir ki, Dövlətin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılmasında onun canı, qanı və təri vardır. Aidiyyatı orqanlara müraciətinə baxmayaraq yuxarıda qeyd olunan fakt və hallara biganə yanaşılıb, elə bil ki həmin torpaq sahəsinin mülkiyyətçisi o, yox "BUTA GROUP MMC" şirkətinin əməkdaşlarıdır. 2016-cı ilin yay ayından “limfoma" diaqnozlu bəd xərçəng xəstəliyindən əziyyət çəkir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

17. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən halların Cavabdeh MMC ilə hər hansı bağlılığı mövcud deyildir. Belə ki, Cavabdeh MMC-nin həm hüquqi, həm də faktiki ünvanı Sumqayıt şəhərində yerləşmişdir və nə Bakıda, nə də İsmayıllı rayonunda şirkətin hər hansı filialı, nümayəndəliyi və ya struktur bölməsi fəaliyyət göstərməmişdir. Bundan əlavə iddia ərizəsində adı çəkilən şəxslər – Şahid və X7 – heç vaxt Cavabdeh MMC-də işçi kimi çalışmamışlar və bu şəxslərin şirkətlə hər hansı əmək və ya xidmət münasibətləri olmamışdır. Bununla yanaşı qeyd edirlər ki, Cavabdeh MMC xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının 2 saylı Ərazi Vergilər Departamentinə rəsmi ərizə ilə müraciət edərək fəaliyyətinin dondurulması ilə bağlı müraciət etmişdir və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilə qədər şirkətin fəaliyyətinin dondurulması barədə vergi orqanının müvafiq təsdiqedici məktubu mövcuddur. İddia ərizəsində qeyd edilən hadisələr isə məhz şirkətin fəaliyyətinin dondurulduğu dövrə təsadüf edir. Bu isə hüquqi baxımdan ziddiyyətli və məntiqsizdir, çünki fəaliyyəti dondurulmuş bir şirkətin nə əməkdaşlarının olması, nə də həmin əməkdaşların şirkət adından qanunsuz fəaliyyət göstərməsi mümkün deyildir. Etirazda göstərilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi məqamları sübut etmək üçün heç bir fakt və ya dəlil təqdim edə bilməmişdir. İddia ərizəsində vurğulanan zərərin Cavabdeh MMC ilə bağlılığına dair hər hansı hüquqi və ya faktiki əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarına əsasən işəgötürən yalnız öz işçilərinin törətdiyi hərəkətlərdən irəli gələn zərərə görə məsuliyyət daşıyır. Bu iş üzrə isə qeyd edilən şəxslərin Cavabdeh MMC-nin işçisi və ya nümayəndəsi olması, eləcə də vurulmuş zərərin cavabdeh tərəfə aidiyyəti olduğu sübuta yetirilməmişdir. Buna görə də, iddia ərizəsində irəli sürülən tələblər hüquqi baxımdan əsassızdır və heç bir sübuta əsaslanmır. Beləliklə qeyd olunanlardan görünür ki, İddiaçı iddiası əsassızdır və rədd edilməlidir.

18. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(060)-397/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir

19. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(060)-397/2025 nömrəl qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçı iddia ərizəində göstərilmiş hallara istinad etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus olan torpaq sahəsinin çəpərlərinin sökülməsi, əkilməsi, kartof səpilməsi, becərilməsi, tədarük edilməsi İsmayıllı rayonu polis şöbəsinin xx.xx.2021-ci il tarixli "Cinayət işinn başlanmasının rədd edilməsi"xxxx"BUTA GROUP MMC"xxxx"BUTA GROUP MMC" şirkətinin əməkdaşlarının xüsusi mülkiyyətində olan 2.83 ha torpaq sahəsindən öz bildikləri kimi istifadə etmələri, sərəncam vermələri, gizli yolla çəpərin söküb talanmaları, öz başına əkib becərmələri götürdükləri məhsulu mənimsəmələri xüsusi mülkiyyətində olmasına baxmayaraq 10 tona yaxın kartof toxumunun səpilməsinə imkan verməmələri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlətin təməl prinsiplərinə ziddir. Şikayətdə daha sonra Mülki Məcəllənin Həmin məcəllənin 1099. 1-ci maddəsinə istinad edilərək göstərilir ki, hüquqi və ya fiziki şəxs öz İşçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Şikayətdə həmçinin işə birinci instansiya məhkəməsində baxılması ilə bağlı hallara istinad edilməklə göstərilir ki, hakim tərəfindən işin mahiyyəti üzrə heç bir prosessual hərəkətlər icra olunmamış, mötəbər mənbələrdən əldə etdiyi sübutlara hüquqi qiymət verilməyərək işə əlavə olunmuş, ekspertizaların təyin olunmasına dair vəsatətlər təmin olunmamış, is üçün zəruri olan sübutların müstəqil əldə etmək imkanı olmadığından (sübutların İsmayıllı rayonunda olması ağır xəstəliyimlə bağlı gedə bilməməyi) həmin sübutların tələb etmək barədə, həmçinin şahidlərin çağırılaraq dindirilməsi barədə verdiyim vəsatətlər də təmin olunmayıbdır. Sübutlardan biri İsmayıllı rayon Polis şöbəsinin istintaq bölməsinin MK1/1353 nömrəli 18 dekabr 2021-ci il tarixli qərarıdır. Bu qərar məhkəmələr və hakimlər üçün preydusiyal xarakter daşıyır, yəni məhkəmə və hakim üçün məcburidir. Belə qərarlar məhkəmə tərəfindən həqiqi məlumatlar kimi qəbul olunur və əlavə araşdırma, habelə mübahisə aparılmadan qətnamə və ya digər məhkəmə aktında onlara istinad edir. Deməli bu məlumatlar işə baxilarkən inkar edilə mübahisələndirilə bilməz. Qərarda əks olunan faktların 2 növü iş üzrə sübut olmaqdan azaddır. 1.Hərəkətin olub olmaması; torpaq sahəsinin sahəsinin çəpərin sökülüb, aparılması, kartof əkilərək tədarük olunması, 9600kq kartof toxumunun oz sahəmə əkə bilməməyim 2.Bu hərəkətin konkret şəxslər tərəfindən edilməsi (BUTA GROUP MMC-nin işləri) bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçının dairəsindən asılı olmayaraq hamı üçün preysdusiyal edir və bu faktı heç kim mübahisələndirə bilməz. Hakim vəsatətlərinin hansı əsas və səbəblərə görə vəsatətlərin təmin olunmamasını izah etməmiş və bu günə qədər bu qərardarların surətləri təqdim olunmayıb. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən verilmiş etirazda "BUTA GROUP MMC" nin guya İsmayıllı rayonunda heç bir filial, nümayəndəlik və digər bölmə strukutrunun olmamasını, Şahid və digərlərinin təmsil etdiyi şirkətin fəhlələri olmadığını, şirkətin xx.xx.2019-cu ildən 08.2024-cü ilədək fəaliyyətinin dondurmasını həmin dövr ərzində İsamyıllı rayonunda heç bir işlə məşğul olmadığını göstərmişdir. Cavabdehin nümayəndəsi həmçinin şirkətin fəaliyyətinin dondurlmasına dair, Bakı şəhəri 2 saylı vergilər departamentinin məktubunu təqdim etmişdir. Hakimə etirazda göstərilən faktların həqiqətə uyğun olmadığını, şirkətin 2018-ci ilin iyun ayında İsmayıllı rayonunun Kürdmaşı kəndində AQRO Park açdığını açıq üsulla kartof becərərək tədarük etdiyini bildirmişdir. Bu faktlar İsmayıllı rayonu Polis şöbəsinin istintaq bölməsinin apardığı araşdırılmalar nəticəsində təsdiq olunubdur və bu təsdiq istintaq bölməsinin qəbul etdiyi MK-1/1353 nömrəli xx.xx.2021-ci il tarixli Qərarında öz əksini tapıbdır. Hakim cavabdehin etiraz ərizəsində göstərilən halları həqiqiliyini yoxlamadığından həmin halların yoxlanılmasına dair bir neçə vəsatət vermişdir. Hakim Azərbaycan Respublikası MPM-nin 4,9,47, 78.2, 80,81, 82,4 184,88 184,4, 97.1, 167, 263 264, 266, 267, 395.1 2-ci maddələrinin tələblərini aşkar surətdə kobudcasına pozaraq işin 6 aydan icraatında olmasına baxmayaraq işini mahiyyəti üzrə heç bir prosessual hərəkətlər icra etməmişdir. Bununla da iddia tələbi barədə ərizəsi baxılmamış saxlanılmışdır. Bu dövrlər ərzində 3 dəfə hakimə etiraz ərizəsi ilə müraciət etmiş lakin heç bir nəticə əldə edə bilməmişdir. İşdə ancaq vəsatətlərin təmin olunmaması və hakimə etirazın təmin olunmaması haqqında qərardadlar vardır. Başqa heçnə yoxdur. Qeyd olunan qətnamədə göstərilmişdir ki, mənə məxsus torpaq sahəsinin sökülüb talanmasında 2019 və 2021 ci illərdə kartof əkilərək tədarük olunmasında iştirak edən şəxslər (Cəbiyev Tuarl və digərləri) cavabdehin işçiləri olmadığından Azərbaycan Respublikası MM- nin 1099.1 maddəsi tədbiq edilə bilməz. Həmçinin qeyd edilmişdur ki, Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18.12.12 2021 - ci il tarixli qərarda Şahid izahaatında özünün BUTA Şirkətinin işçisi olduğunu bildirsə də məhz "xxxx"MMCnin işçisi olduğunu bildirməmişdir. Bu nəticə tamamilə qanunsuz və əsassızdır.

21. Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz təqdim etməklə, etirazda birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazın dəlillərinə və iş üzrə qətnaməyə istinad edərək göstərmişdir ki, iddiaçı qeyd etdiyi məqamları sübut etmək üçün heç bir fakt və ya dəlil təqdim edə bilməmişdir. Apellyasiya şikayətində vurğulanan zərərin Cavabdeh MMC ilə bağlılığına dair hər hansı hüquqi və ya faktiki əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarına əsasən, işəgötürən yalnız öz işçilərinin törətdiyi hərəkətlərdən irəli gələn zərərə görə məsuliyyət daşıyır. Bu iş üzrə isə qeyd edilən şəxslərin Cavabdeh MMCnin işçisi və ya nümayəndəsi olması, eləcə də vurulmuş zərərin cavabdeh tərəfə aidiyyəti olduğu sübuta yetirilməmişdir. Buna görə də, irəli sürülən tələblər hüquqi baxımdan əsassızdır və heç bir sübuta əsaslanmır. Qeyd olunanlardan görünür ki, İddiaçı şikayəti əsassızdır və təmin edilməməlidir. Etirazda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 397/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur.

İşdə iştirak edən şəxslərin izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər.

23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, sonrakı məhkəmə iclasları barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli qərarı

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104. Şahid ifadələri 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iddiaçının, onun vəkili və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, İsmayıllı rayonu, Diyallı kəndində 2.8279 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. İddiaçı həmin torpaq sahəsində olan, ona məxsus 276 ədəd turbanın və məftillərin "BUTA GROUP MMC" şirkətinin əməkdaşları Tural və Samir adlı və tanımadığı digər şəxslər tərəfindən gizli yolla talanaraq oğurlandığını, eyni zamanda ona məxsus torpaq sahəsinin onun razılığı olmadan cavabdehin əməkdaşları tərəfindən əkin sahəsi kimi istifadə edildiyini, nəticədə ona 90000 manat məbləğində ziyan dəydiyini bildirmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək yuxarıda qeyd edilən məzmunda etiraz təqdim etmiş, iddia ərizəsində adı çəkilən Şahid və X4 heç vaxt Cavabdeh MMC-də işçi kimi çalışmadıqlarını və bu şəxslərin şirkətlə hər hansı əmək və ya xidmət münasibətləri olmadığını bildirmişdir.

29. İddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində Cavabdeh işçiləri Tural və Samir adlı şəxs tərəfindən onun torpaq sahəsinə bu və ya digər qaydada (ona məxsus əşyaların oğurlanması, torpaq sahəsindən ondan xəbərsiz istifadə edilməsi və s.) ziyan vurulduğunu bildirsə də, həmin şəxslərin cavabdeh MMC-nin işçisi olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şahid izahatında özünün “Buta” şirkətinin işçisi olduğunu bildirsə də, məhz Cavabdeh MMC-nin işçisi olduğunu bildirməmişdir. Məhkəmə tərəfindən isə müəyyən edilmişdir ki, Cavabdeh MMC iddiaçının istinad etdiyi illərdə ümumiyyətlə fəaliyyət göstərməmiş, onun fəaliyyəti xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. məhkəməyə təqdim edilmiş sübutlarla cavabdehin (və ya onun işçilərinin) hər hansı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya iddia etdiyi qaydada maddi zərər dəyməsi, iddiaçıya istinad etdiyi məbləğdə ziyan dəyməsi ilə cavabdehin hərəkətləri arasında hər hansı səbəbli-əlaqə olması təsdiqini tapmadığından İddiaçı Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

30. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

31. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri əsasında müvafiq araşdırma aparmış, o cümlədən iş üçüm mühüm sübut əhəmiyyəti kəsb etdiyindən iddiaçının Şahid qismində dindirilməsi üçün təqdim edəcəyini bildirməsini və bu barədə vəsatətini nəzərə alaraq Şahid qismində dindirilməsi üçün dəvət etsə də şahid məhkəmə iclasına gəlməmişdir. İddiaçı şahidin hazırda da cavabdehin işçisi olduğunu, onunla əlaqə saxlasa da gəlib ifadə verməkdən boyun qaçırdığını bildirmişdir.

32. Kollegiya qeyd edir ki, iddiaçının tələbinin qanuni əsası olan Mülki Məcəllənin Maddə 1099.1-ci maddəsi hüquqi şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşımasını və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməli olmasını nəzərdə tutur. Qeyd edilən maddə üzrə tələbin ödənilməsi üçün müvafiq halları sübutetmə yükü iddiaçının üzrəinə düşür. İddiaçı iddia ərizəsində ona faktiki hərəkətləri ilə zərər vurduqlarını iddia etdiyi Tural və Samir adlı şəxslərin (Şahid və X4) Cavabdeh MMC-nin əmək müqaviləsi əsasında işçiləri, yaxud mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxslər olmasını təsdiq edən hər-hansı mötəbər sübutu məhkəmə istər birinci instansiya məhkəməsinə, istərsə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. Hətta iddiaçının vəsatəti əsasında şahid qismində dəvət edilmiş və "Elektron məhkmə" İnformasiya sistemində hazırkı iş üzrə proses iştirakçısı kimi əlavə edilmiş Şahid Cavabdeh MMC ilə mövcud olan hər-hansı əmək müqaviləsi qeyd aşkar edilməmiş, onun VÖEN nömrəsi ********** olan X10 ilə əmək müqaviləsinin mövcudluğu müəyyən edilmişdir. Halbuki, zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli qərarı).

33. İddiaçının istinad etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarın məzmununda da Şahid və X4 məhz hazırkı iş üzrə cavabdeh olan Cavabdeh MMC-nin işçiləri olması barədə hal müəyyən edilməmişdir.

34. İşin qeyd edilən halları nəzərə alınmaqla məhkəmə kollegiyası tərəfindən iddiaçıya qanunvericiliyin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən 18 aprel 2022-ci il tarixli qərarının tələbləri izah edilmiş, onun pozulmuş hüquqlarının müdafiə vasitəsi kimi “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan şikayət etmək, habelə ona bilavasitə zərər vurduğunu iddia etdiyi fiziki şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilmişdir. İddiaçı hazırda təqdim etdiyi sübutların iddia tələbinin təmin edilməsi üçün kifayət etdiyini bildirməklə, işin nəticəsindən asılı olaraq gələcəkdə aidiyyəti orqanlara müraciət edəcəyini bildirmişdir.

35. Qeyd olunanları nəzərə alaraq kollegiya bu nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları - Tural və Samir adlı şəxslərin (Şahid və X4) Cavabdeh MMC-nin işçiləri olmasını sübut edə bilmədiyindən onun istinad etdiyi digər sübutlar, o cümlədən cavabdehin müəyyən müddət ərzində İsmayıllı rayonu Diyallı kəndi ərazisində kartof əkərək tədarük etməsi, dəymiş zərərin və əldən çıxmış faydanın məbləğləri barədə istinad etdiyi digər dolayı sübutlar (bu qərarın 6-7, 11-14-cü bəndləri) apellyasiya şikayətinin və iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz.

36. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırılmış qətnaməsi ilə nəticə etibari ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddianı rədd edərkən birinci instansiya məhkəməsi işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(060)-397/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar