Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-838/2023 16.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1869/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1869/2023 saylı qərardadı ilə (sədrlik edən, hakim Məlahət Abbasova) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki iş üzrə tərəflər Abşeron rayonu ərazisində qeydiyyatda olmadığından mülki işə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. İddiaçı tərəf Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1869/2023 saylı qərardadından qərardadından qərardadından şikayət vermişdir. Şikayətin dəlilləri: İddiaçı müvafiq məhkəmə qərardadından şikayət verərək, onun ləğv edilməsini və iddia ərizəsinin icraat götürülməsi barədə yeni qəraradad çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh sonuncu olaraq Abşeron rayon Polis İdarəsinin inzibati binasınınn yerləşdiyi ünvanda qeydiyyatda olmuşdur. Respublikada polis orqanlarının inzibati binasında qeydiyyatda olan şəxslərin qeydiyyatı kütləvi surətdə bir tərəfli qaydada xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 36.1-cı maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Hal hazırda cavabdeh paylı mülkiyyətində olan ünvan 2 ünvanında yaşayır. Apellyasiya instansiya məhkəməsində icraat Şikayətə qarşı yazılı izahat və etirazlar daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. 372.7-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Apellyasiya baxışının həddi Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya baxışının predmetini şikayət məhkəmə qərardadının tam ləğvinə yönəldiyindən, qərardadın tam qanuniliyinin yoxlanılması təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi alimentin miqdarının artırılması tələbindən ibarət olmuşdur. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı Ağstafa rayonu, Poylu kəndində, Cavabdeh isə ünvan 3 ünvanında qeydiyyata alınmışdır. İddiaçı cavabdehin Abşeron rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olması halına istinad etsə də,indiki halda qeyd edilən hal öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə kollegiyası iddiaçının şikayətin əsası kimi istinad etdiyi digər hallarl bağlı onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən alimentin alınması ilə bağlı iddia tələbi cavabdehin rəsmi qeydiyyat ünvanı üzrə və ya iddiaçının yaşayış yeri üzrə verilə bilər. Göründüyü kimi, qanunvericilikdə bununla bağlı tələbin cavabdehin yaşayış yeri üzrə verilməsinə dair norma nəzərdə tutulmamışdır. Həmçinin, hazırki mülki iş üzrə cavabdehin rəsmi qeydiyyat ünvanı bəlli olduğundan, MPM-nin 36.1-ci maddəsinin (Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər.) dispozitiv şərtləri hazırki mülki iş üzrə mövcud olmamışdır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı indiki halda qeyd edilən iddia tələbi ilə ərazi aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə və ya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qeyd olunan hallara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilməklə verilmədiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuş, iş üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə qərardadı qanuni və əsaslıdır, iddiaçının şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, şikayətdə göstərilən dəlilləri araşdıraraq, hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1869/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-838/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-838/2023
16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver