Məhkəmə qərarları › İş №2(105)-838/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-838/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-838/2024 25.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(060)-734/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2(060)-7921/2018 nömrəli qətnaməsi ilə 23 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutulması müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılması və hər ay 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməsi, vəkil xidmətinə görə ödənilmiş 200 (iki yüz) manat, mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş əri Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli,2(060)-7921/2018 nömrəli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, onunla cavabdeh arasında bağlanmış 28 aprel 2017-ci il tarixli nikah pozulmuş, 23 yanvar 2018-ci il təvəllüdlü X2 iddiaçının yanında qalması müəyyən edilmiş, X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 avqust 2017-ci il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və hər aya 45 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Adı çəkilən məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsinin bu şəkildə çıxarılmasından istifadə edərək tələb olunan aliment məbləğinin ödənilməsindən yayınmışdır. Belə ki,hər ay cəmi 100 manat aliment ödəyən cavabdeh həmin məbləği də müntəzəm şəkildə ödəməməkdədir. Cavabdehlə nikahının pozulduğu zaman cavabdeh Şamaxı rayonunda işləyib yaşamış, sonradan Bakı şəhərinə köçüb orada stomatoloji klinikada stomatoloq olaraq işə düzəlmiş və Bakı şəhərində yaşamağa başlamışdır. Aydındır ki, cavabdehin Bakı şəhərində işlədiyi müddətdə aylıq gəliri (qazancı) də artmışdır. Lakin buna baxmayaraq cavabdeh ödədiyi aliment məbləğini nəinki artırmamış, əksinə ödənişləri kəsinti ilə həyata keçirməyə başlamışdır. Hal-hazırda qiymətlərin artmasının, gündəlik xərclərin çoxalmasının iddiaçının maddi durumuna da mənfi təsir göstərməsi səbəbindən və övladının normal şəkildə saxlanılması üçün daha çox xərc tələb olunduğundan, iddiaçı aliment məbləğinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, övladı böyüdükcə onun saxlanılma xərcləri də artmışdır ki, bu xərclər hal-hazırda birgə yaşadığı valideynlərinin hesabına çəkilir. Halbuki, bu xərclərdə övladının atası kimi cavabdeh iştirak etməlidir. Cavabdehin Bakı şəhərində yaşayıb işləməsi onun maddi durumunun yaxşılaşaraq kifayət qədər qənaətbəxş olduğunu və daha yüksək məbləğdə aliment pulunu ödəməyə maddi imkanının olduğunu sübuta yetirir. Cavabdehin qazancını dəqiq müəyyən etmək mümkün olmadığından, hesab edir ki, məhkəmənin təyin etdiyi qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və hər aya 45 manat sabit pul məbləğində alimentin tutulması qaydası dəyişdirilməli və cavabdehdən yalnız sabit pul məbləğində aliment tutularaq qeyd edilən aliment daha yüksək məbləğdə müəyyən edilməlidir. Hal-hazırki şəraitdə iddiaçının maddi durumu və cavabdehdən tutulan aliment miqdarı övladının normal şəkildə saxlanılmasına imkan vermir. Buna görə də belə bir şəraitdə iddiaçının bütün bu yükü daşımağı mümkünsüzdür, cavabdeh isə övladını könüllü şəkildə normal qaydada saxlamaqdan yayınır ki, bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müəyyən olunmuş aliment məbləğinin artırılmasını tələb etməyi qərara almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(060)-6705/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7921/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manatın və vəkilə ödənilmiş 150 manatın əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(060)-734/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində göstərilmişdir ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İddiaçı tərəf onun əmək haqqının artdığını desə də, onun qazancı, gəliri artıbsa, qazancdan, gəlirdən tutulan hissə də artmış olur. O, kənar işlə məşğul olmur, həftənin beş günü, məsələn saat 10:00-dan 20:00-a qədər stomatoloq işləyir və konkret əmək haqqı alır. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə heç bir hüququ yoxdur. Qanunvericiliyə görə, alimentin miqdarı tərəfin maddi və ya ailə vəziyyətində dəyişiklik olarsa, yəni maddi və ya ailə vəziyyətində pisləşmə olarsa, iddiaçı tərəfindən alimentin miqdarının artırılması tələb oluna bilər. Lakin iddiaçı tərəfindən qeyd edilən hallarla bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçının ailə vəziyyətində, maddi vəziyyətində hər hansı bir dəyişikliyin olması məhkəmədə sübut edilməməsinə baxmayaraq, məhkəmə iddianı qanunsuz və əsassız olaraq təmin etmişdir. Məhkəmə yalnız normativ hüquqi aktları sadalamaqla hesab etmişdir ki, iddia təmin edilməlidir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmədə onun qazancının qeyri-müntəzəm olması, qazancının bir hissəsinin xarici valyuta ilə alması öz təsdiqini tapmamışdır. O, məhkəməyə iş yeri və qazancı barədə rəsmi arayış verməsinə baxmayaraq, məhkəmə bu sübuta qiymət verməmişdir. Qətnamədə düzgün olmayaraq onun iş vaxtı saat 09-dan 15-ə qədər göstərilmişdir, halbuki məhkəməyə onun iş yeri, əmək haqqı barədə təqdim etdiyi arayışdan görünür ki, onun iş vaxtı saat 10-dan saat 20:00 arasındadır.Həmin vaxtdan sonra da əlavə iş ilə məşğul ola bilmək mümkün deyildir. Eləcə də onun ailə vəziyyətində dəyişiklik olması, yəni yeni nigahda bir uşağının olması barəda doğum haqqında şəhadətnaməni də məhkəməyə təqdim etməsinə baxmayaraq, məhkəmə yeni doğulan uşağın hüquqlarını pozmaqla qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZ-İV № 267586 doğum haaqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)- 7921/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X2 anası X3 yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2017-ci il tarixdən etibarən hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və hər ay 45 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan MŞŞ/MT030/2023-02552 saylı xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə qarşılıqlı razılığa glə bilməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat rüsum İddiaçı tərəfindən ödənmişdir. Sumqayt şəhər 1 saylı vəkil bürosunun verdiyi xx.xx.2023-cü il tarixli, 774 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Vəkil1 ilə 1221 saylı müqavilə bağlanmış və hüquqi yardımın göstərilməsi ilə bağlı Büronun hesabına 200 manat köçürülmüşdür. Beləliklə vətəndaş İddiaçı hüquqi yardımın göstərilməsinə görə 200 manat xərcləmişdir. "xxxx" MMC-nin 372 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixindən "xxxx" MMC-nin 32 Beauty stomatoloji klinikasında aylıq vəzifə maaşı 400 manat olmaqla həkim stomatoloq vəzifəsində çalışır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7921/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2018-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onun böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Cavabdehin apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay uşağa 235 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində maaşının az olmasına istinad etsə də, bu onu alimenti ödəmək öhdəliyindən azad etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırki apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin maddi vəziyyətini, azyaşlı uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq, qeyd edilən miqdarda alimentin tutulması barədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(060)-734/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar