Məhkəmə qərarları › İş №2(105)-84/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-84/2024

05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-84/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi, əsassız varlanma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-1124/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. JN-0055 KOD 41013028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şamaxı rayonu Muğanlı kənd sakinləri İddiaçı, X5 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 32 nömrəli qərarı ilə 0,74 ha torpaq sahəsi verilmişdir.

2. Şamaxı rayon Statistika İdarəsinin 20 iyul 2022-ci il tarixli arayışından görünür ki, Muğanlı kəndi ərazisində dənlilərin məhsuldarlığı 2015-ci il 21, 2016- cı il 17,9, 2017-ci il 18,9, 2018-ci il 27,7, 2019-cu il 34,4, 2020-ci il 19,6 və 2021-ci il 25,9 kimi olmuşdur.

3. 27 iyul 2022-ci il tarixli aktdan görünür ki, Şamaxı rayonu, Muğanlı kəndində 2022ci il tarixdə biçin mövsümündə biçilmiş buğdanın qiyməti 60-65-68 qəpik intervalda olmuşdur.

4. JN-0054 KOD 41013028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şamaxı rayonu Muğanlı kənd sakinləri X8 və onun ailə üzvlərinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 32 nömrəli qərarı ilə 1,80 ha torpaq sahəsi verilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6831 nömrəli ekspert rəyindən görünür ki, JN-0055 KOD 41013028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasən İddiaçı mülkiyyətinə verilmiş Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0.74 ha ümumi torpaq sahəsinin 55Z nömrəli çevrədəki 0.65 torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. JN-0055 KOD 41013028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0.74 ha ümumi torpaq sahəsinin mübahisə predmeti olan, 5 nömrəli çevrədəki 0.65 ha torpaq sahəsinin 0.38 ha hissəsi cavabdeh X9 tərəfindən istifadə olunur. JN-0055 KOD 41013028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı mülkiyyəti verilmiş torpaq sahəsinin cavabdeh X9 tərəfindən istifaddə olunan hissəsinin hansı istiqamətdə və ölçüdə olması mütəxəssis rəyinə əlavə olunm yerquruluşu planında öz əksini tapmışdır. Elektron baza məlumatlarına əsasən JN-0055 KOD 41013028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçım mülkiyyətinə verilmiş Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0.74 ha ümumi torpaq sahəsinin 55Z nömrəli çevrədəki 0.65 ha torpaq sahəsi və JN-0054 KOD 41013028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X6 mülkiyyətinə verilmiş Şamaxı rayonu Muğanlı kəndində yerləşən 1.80 ha ümumi torpaq sahəsinin 54Z nömrəli çevrədəki 1.59 ha torpaq sahəsi üst-üstə düşmür. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1144-9/5630 nömrəli ekspert rəyindən görünür ki, JN-0055 Kod 41013028 saylı İddiaçı mülkiyyətinə verilmiş Şamaxı rayonu, Muğanlı kəndində yerləşən 0.74 ha ümumi torpaq sahəsinin mübahisə predmeti olan Cavabdeh tərəfindən istifadə olunan 0.38 ha hissəsində hal-hazırda heç bir kənd təsərrüfatı bitkisi əkilməmişdir. X9 tərəfindən istifadə olunan İddiaçı mülkiyyətinə verilmiş Şamaxı rayonu, Muğanlı kəndində yerləşən 0.38 ha torpaqda buğdanın əkilməsi nəticəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssis rəyi əsasında 2015-ci il üzrə 518.00 manat, 2016-cı il üzrə 461.00 manat, 2017-cci il üzrə 486.00 manat, 2018-ci il üzrə 725.00 manat, 2019-cu il üzrə 896.00 manat, 2020-ci il üzrə 600.00 manat və 2021-ci il üzrə isə təxminən 640.00 manat gəlir əldə edilə bilər. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, ona yetirilmiş 7380 manat məbləğində maddi zərərin və ödənilmiş 93,80 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli 32 saylı qərarına və Torpağa mülkiyyət hüququna dair JN-0055 saylı 41013028 kodlu Dövlət aktına əsasən ona və oğlu Fəridə (Aktda səhvən Nurlan kimi yazılmışdır.) Muğanlı kəndi ərazisindən 0,74 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi 2 hissədən ibarətdir. Qardaşı ilə mübahisəli sahə 55Z konturunda yerləşən 6524,46 kv.m-dan ibarət olan əkin sahəsidir. Həmin sahəni cəmi bir il əkmişdir. Şamaxı şəhərində olduğuna görə çox vaxtı qardaşı Xudiyar onun da yerini əkirdi. Əvvəllər bir söz demirdi. Amma 10 ilə yaxındır ki, münasibətləri bir qədər soyuqdur. Ona görə də ona xəbər göndərmişdir ki, onun yerini əkməsin. Ya özü əkəcək, əkə bilməsə, otunu biçəcəkdir. Bir də xəbər tutmuşdur ki, yenə əkmişdir. Dəfələrlə ona xəbərdarlıq etmiş, amma ona qulaq asmır. Hər il torpaq sahəsini əkir, ya da otunu biçib satır. Sonuncu dəfə keçən il ona xəbərdarlıq etmişdir ki, yerini əkməsin, əksə şikayət edəcək və bu neçə ildə ona vurduğu ziyanı tələb edəcəkdir. Amma Xudiyar yenə qulaq asmamışdır. 6524.46 kv.m-dən ibarət olan torpaq sahəsini əkmiş, əslinə baxanda 2015-ci ildən etibarən ondan qəti şəkildə tələb edir ki, yerini əkməsin. O isə qulaq asmırdı. Ona görə də həmin illərdən bəri ona yetirilmiş ziyan (əldən çıxmış faydanı) ondan tələb etmək istəyir. İllər üzrə orta məhsuldarlıq 23.6 sentner olmuşdur. 8 ilə vursa 18880 kq buğda deməkdir. Torpaq sahəsinin 6524,46 kv.m olduğunu nəzərə alsaq belə nəticəyə gəlmək olar ki, son 8 ildə Xudiyar onun torpaq sahəsindən 12300 kq məhsul əldə etmişdir. Hazırda hər kq taxılın qiymətini minimum 0.60 manatdan hesablansa cavabdeh onun torpağından 8 ildə 7380 manat fayda götürmüşdür. Bu onun üçün son səkkiz ildə əldən çıxmış faydadır. Həmin ziyanı cavabdehdən tələb edir

9. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-1124/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Natiq İsmayılov).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-1124/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına daxil edilmiş sənəd və sübutlardan aydın görünür ki, Şamaxı rayonu Muğanlı kəndi ərazisindən onlara 0,74 ha, Cavabdeh və onun ailə üzvlərinə isə 1,80 ha torpaq sahələri verilmişdir. Məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək 2015-ci ildən orada əkin-biçin işləri aparıb ona maddi ziyan vurmuşdur. Bu qeyd etdiklərinə dair şahidləri də var. Lakin Şamaxı Rayon Məhkəməsi iş üzrə şahidləri dinləmədən, o cümlədən cavabdehin onun torpaq sahəsini tamamilə zəbt edib qeyri-qanuni olaraq orada torpağının mülkiyyətçi kimi fəaliyyət göstərməsi halları nəzərə alınmamışdır. Azərbaycan Mülki Prosessual Qanunvericiliyinin tələbinə görə apellyasiya Məhkəməsi işə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsi aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Şamaxı Rayon Məhkəməsinin iş üzrə qətnaməsindən görünür ki, qətnamə qət edilərkən maddi və prosessual hüquq normaları pozularaq qanunlar və normativ aktlar düzgün tətbiq və təfsir edilməmiş, iş üzrə mühüm əhəmiyyətli bütün faktiki hallar aydınlaşdırılmamış, o cümlədən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Belə halda birinci instansiya məhkəməsinin qət etdiyi qətnamə tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

17. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

18. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

21. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

22. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

26. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

28. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

35. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Apellyasiya şikayətindən görünür ki, iddiaçı X1 Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(074)-1124/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

40. Bu səbəbdən kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

42. Belə ki, iddiaçının iddiasına görə o, özünə məxsus torpağın cavabdehin sahibliyində olan müddətdə əldə olunmuş gəliri, yəni 7380 manat məbləğində pul vəsaitini tələb edir.

43. İddianı təmin etməyən birinci instansiya məhkəməsi heç bir maddi hüquq normasına istinad etmədən qeyd etmişdir ki, İddiaçı Ağaəli oğlu ona məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən əkilməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır.

44. Mülki mübahisənin obyektiv həlli üçün kollegiya tərəfindən qəbul edilmiş qərardad əsasında əldə edilmiş ekspert rəyləri ilə müəyyən olunur ki, JN-0055 KOD 41013028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0.74 ha ümumi torpaq sahəsinin mübahisə predmeti olan, 5 nömrəli çevrədəki 0.65 ha torpaq sahəsinin 0.38 ha hissəsi cavabdeh X9 tərəfindən istifadə olunur. Həmçinin digər ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətinə verilmiş Şamaxı rayonu, Muğanlı kəndində yerləşən 0.38 ha torpaqda buğdanın əkilməsi nəticəsində 2015-ci il üzrə 518.00 manat, 2016-cı il üzrə 461.00 manat, 2017-ci il üzrə 486.00 manat, 2018-ci il üzrə 725.00 manat, 2019-cu il üzrə 896.00 manat, 2020-ci il üzrə 600.00 manat və 2021-ci il üzrə isə təxminən 640.00 manat gəlir əldə edilə bilər.

45. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

46. Kollegiya həmçinin qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir.

47. Belə ki, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək iddia həll edilməlidir.

48. Belə olan halda tərəflər arasındakı mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.

49. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli,

2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

50. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı cavabdeh əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan (yəni iddiaçı 2018-ci ildə torpağının qaytarılmasını cavabdehdən tələb etdiyi vaxtdan) götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etməyə haqlıdır.

51. Odur ki, ekspert rəyinə əsasən, cavabdehdən 2018-2021 illər üzrə (725+896+600+ 640=2861) hesablanmış 2861 manat məbləğində pul vəsaiti alinaraq iddiaçının xeyrinə ödənilməlidir.

52. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 150 manat pul vəsaitindən 100 manat İddiaçı, 50 manat X4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-1124/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh X4 2861 (iki min səkkiz yüz altmış bir) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 150 (yüz əlli) manat pul vəsaitindən 100 (bir yüz) manatı İddiaçı, 50 (əlli) manatı X4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar