Məhkəmə qərarları › İş №2(105)-841/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-841/2024

16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-841/2024 16.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(028)-62/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1013/2020 saylı 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancın (başqa gəlirlərin) yarısının və həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 31 avqust 2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həmin nikahdan üç övladı var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1013/2020 saylı 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə onun arasında 31 avqust 2010-cu il tarixdə bağlanmış nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 analarının yanında qalması, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla ümumilikdə 510 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Təyin olunmuş aliment məbləği ilə uşaqlarını saxlamağa çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü - gündən artır. Hesab edir ki, uşaqların menafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə məhkəməyə müraciət edib. Birgə nikahdan olan üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən 3 uşağa görə qazancın (başqa gəlirlərin) yarısının tutulub ona verilməsini istəyir. Qubadlı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(028)-62/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1013/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub və həmçinin mediasiya üçün ödənilmiş 50 manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(028)-62/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verilmişdir və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, o, məhkəmə iclasında izahatında ikinci dəfə ailə qurduğunu bildirsə də və bunu təsdiq edən nikah haqqında şəhadətnaməni və yeni doğulmuş uşağının doğum haqqında şəhadətnaməsini məhkəməyə təqdim etsə də, məhkəmə tərəfindən qətnamədə həmin hallara qiymət verilməmiş, eyni zamanda iş materiallarına da əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin qanuni həlli üçün mühüm əhəmiyyəti olan bir sıra hallar aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi onun yeni ailəsinin olmasını göz ardı etmiş və keçmiş yoldaşından olan uşaqlarına aliment təyin edərkən alimentin məbləğini ədalətli təyin etməmişdir. Yəni onun yeni ailəsinin saxlanılması üçün normal məbləğ qalmamışdır. Bundan başqa məhkəmənin bu qətnaməsi yeni ailəsində də problemlər yaratmış. Yəni dolanışığın çətin olacağını düşündüyündən onun yeni yoldaşı ilə arasında ailə münasibətləri pozulmuş, hətta dağılmaq üzrədir. İddiaçı apellyasiya şikayətinə etiraz verərək onunla əsaslandırmışdır ki, cavabdeh uşaqların saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik etmir.Birgə nikahdan olan uşaqları təkbaşına saxlaya bilmir . İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil hər uşaq üçün 210 manat olmaqla, üç uşağa görə 630 manat miqdarında sabit məbləğdə aliment ödənilməsinə razı olduqlarını bildirdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Qubadlı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(028)-62/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1013/2020 saylı 02 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə X4 arasında 31 avqust 2010-cu il tarixdə bağlanmış nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 anaları X1 yanında qalmaları, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla ümumilikdə 510 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan MŞB/16/2023-002305 saylı xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və X4 ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesi davam etdirməmək qərarına gəlmişlər. X4 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya dair xərci ödəmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Cavabdehin apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahat verərək aylıq gəliriin 1066 manat olmasına baxmayaraq sabit aliment miqdarı olaraq hər uşağa görə ayda 210 manat, ümumilikdə 3 uşağa görə ayda 630 manat aliment ödənilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra tərəflər arasında barışıq sazişinin bağlanması üçün məhkəmə kollegiyasının iclası təxirə salınsa da, cavabdeh növbəti məhkəmə iclasında iştirak etməmiş, iddiaçı isə 3 uşağa görə aylıq 630 manat aliment ödənilməsinə razı olmadığını, aliment miqdarının ½ hissədə müəyyən edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Buna görə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi AR Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin tələbləri baxımından hər ay 3 uşağa görə cavabdehin qazancının (başqa gəlirlərin) yarısı miqdarında alimentın tutulması ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Bndan əlavə cavabdeh apellyasiya şikayətinin dəlillərində ikinci dəfə nikaha daxil olduğunu və bir azyaşlı uşağının olmasına istinad etsə də, bu onu alimenti ödəmək öhdəliyindən azad etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırki apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin maddi vəziyyətini, azyaşlı uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq, qeyd edilən miqdarda alimentin tutulması barədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(028)-62/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar