Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-844/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin ödənilməsi tələbi barədə mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-667/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-667/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borcu üzrə 2689.66 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla ümumilikdə 2689.66 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borcu üzrə 2689.66 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla ümumilikdə 2689.66 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşüzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır. BOKT “xxxx” MMC Şabran şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşmiş, 2019-cu ilin sonuna kimi fəaliyyət göstərmişdir. 2019-cu ilin sonuna kimi, yəni MMC bağlanana kimi dəfələrlə müraciət edib qalıq borcunun restrukturizasiya edilməsini tələb etmiş, lakin hər dəfə onu çağıracaq və restrukturizasiya edəcəkləri bildirilmişdir.. Qaytarılmalı olan 2500 manat əsas borcdan silinir, lakin restrukturizasiya edilməmişdir. 2020-ci ilin avqust ayının 5-də iddiaçı tərəfindən ünvanına qalan borcun üç gün müddətində ödənilməsi badədə bildiriş göndərilir. Bundan sonra onlar bildirişdə göstərilən telefon nömrəsinə zəng edərək MMC-nin nə vaxtdan fəaliyyətə başlaması, restrukturizasiya üçün hara müraciət müracitə etmələri soruşulur. Lakin telefonda danışan şəxs dediklərinin onların maraq dairəsində olmadığını bildirərək pulun 3 gün ərzində ödənilməli olmasını, əks halda məhkəməyə müraciət edəcəkləri bildirilmişdir. Cavabdeh1 fiziki şəxs olaraq bərbər fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən “Özünəməşğulluq” dövlət proqramı çərçivəsində ona köməklik göstərilməsi xahiş edilmiş, X1 göndərişi ilə kursa getmiş, 2020-ci ilin mart ayından dövlət tərəfindən bərbər fəaliyyəti ilə məşğul olmaq üçün avadanlıqlar verilmişdir. Lakin pandemiya səbəbindən fəaliyyətində müəyyən fasilələr olmuşdur. Ailəsi dörd nəfərdən ibarətdir, iki azyaşlı uşağı var, dövlətdən heç bir müavinət almır. Müqavilə restrukturizasiya olunsaydı 5 il müddətinə aylara bölünərək hər ayda 44,82 manat ödənilməsi üçün MMC tərəfindən bu istiqamətdə işlər aparılmalı idi. Bu səbəbdən məhkəmədən iddianın rədd edilməsi, müqavilənin restrukturizasiya edilərək 5 il müddətinə ödənilməsini xahiş etmişdir. Odur ki, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-667/2020 saylı qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrətərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin, cavabdehlərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, işə əlavə edilmiş Bank Olmayan Kredit Təşkilatı «Vijn Fond xxxx» MMC-nin Şabran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh1 48 ay müddətinə xx xxxxxx 2021-ci il tarixə qədər aylıq qalıq borcun 0% dərəcəsini tətbiq etməklə 6255.65 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli LD/1710/00010 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli 1639 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 kredit borcunun ödənilməsi barədə Bank Olmayan Kredit Təşkilatı «Vijn Fond xxxx» MMC tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsas borca görə 2689,66 manat pulun tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh1 müqaviləsi üzrə 2689,66 manat borcu olması iş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışı ilə təsdiqini tapır. Eyni zamanda ödənilmiş dövlət rüsumunun da cavabdehlərdən tutulmalı olması barədə məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, borcun borcalanla birlikdə zamində də tutulması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, xx xxxxxx 2017-ci il tarixli LD/1710/00010 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Azərbaycan Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz özərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, kredit müqaviləsinin restrukturizasiya olunmalı olması barədə dəlini müzairə edərək qeyd edir ki, hazırki iş materiallarında cavabdehlərin kredit müqaviləsinin restrukturizasıya edilməsi ilə əlaqədar iddiaçı təşkilata rəsmi qaydada müraciət etmələri barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda iş materiallarının 41-ci səhifəsində olan cavabdehlər tərəfindən təqdim edilmiş ərizədən görünür ki, cavadbehlər tələb edlən 2689,66 manat məbləğində pulu maddi vəziyyətləri ilə əlaqədar hissə-hissə ödəyəcəklərinə söz verirlər. Ekspertiza keçirilməsinə ehtiyac yoxdur. Göründüyü kimi, cavabdehlər banka olan borcunu məhkəməyə təqdim etdikləri ərizə ilə də etiraf etmişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də bunu əsaslandırmamış, hər hansı bir mötəbər sübut təqdim etməmişir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-667/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-844/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-844/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver