Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-844/2024 04.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması, sübutların qiymətləndirilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2024- cü il tarixli, 2(060)-46/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
2. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri dəniz kənarı ərazisində yerləşən adını bilmədiyi restoranın otağında qeyri-rəsmi münasibətdə olduğu Səmayə adlı qadının tanışları Rəşad və başqa adını bilmədiyi Qarabağ müharibəsi əlilləri tərəfindən döyülməsi barədə müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 (iyirmi min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə uşaqlıqdan eyni məhəllədə yaşayırdılar. 2009-cu ildən onu və ailəsini tanıyır. Xızı rayonunda Sitalçay hərbi şəhərciyində valideynləri ilə birlikdə yaşadığı zaman Kamil də qonşuluqda ailəsi ilə birlikdə yaşayırdı. O, 2011-ci il tarixdə ailə qurmuşdur. Həyat yoldaşı hərbi qulluqçu olduğundan onun işi ilə əlaqədar Cəlilabad rayonuna köçüb orada yaşamağa başlamışdır. Daha sonra 2-ci Qarabağ döyüşlərində həyat yoldaşı Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid oldu. Yoldaşının 40 mərasimində Kamil də bibisi ilə ora gəlmişdir. Bibisinin və Kamilin onun yoldaşının harada və necə şəhid olması barədə məlumatı var idi. Bundan sonra Kamilin nömrəsini tapmış həyat yoldaşının necə şəhid olması barədə məlumat almaq üçün ona zəng etmişdir. Təxminən 4-5 ay keçəndən sonra Kamil ondan 330 (üç yüz otuz manat) borc istəmiş və maaş alanda qaytaracağını bildirmişdir. Lakin maaş vaxtı çatanda “post’-a getdiyini, orada internet olmadığına görə ona zəng çatmayacağını, maaş vaxtının keçdiyini demişdir. Bu minvalla ona 10000 (on min manat) pul vermişdir. Bundan sonra həyat yoldaşı ilə birgə aldığı Sumqayıt şəhərində yerləşən mənzilə köçmüşdür. Valideynləri də onunla birlikdə yaşayırdı. Bir müddət sonra isə yoldaşının döyüşlərdə fəal iştirakına görə ona Abşeron rayonu, Mehdiabad qəsəbəsində fərdi ev hədiyyə edilmiş, bundan başqa 20000 manat pul verilmişdir. Həmin evə valideynləri ilə birgə köçmüşdür. Atası anası yaşlı və xəstə olduqlarına görə onları 15-20 gündən bir xəstəxanaya aparmaq lazım olurdu bu zaman Kamil ona onlara təcili tibbi yardım çağırmaqda anası xəstəxanaya aparmaqda köməklik göstərirdi. Həmin ərəfələrdə Kamilə çoxlu zənglər gəlirdi səbəbini soruşanda borcunun çox olduğunu demişdir. Ona nə qədər lazım olduğunu soruşmuşdur. O, da hesablayaraq 10000 (on min manat) borcu olduğunu bildirmişdir. Kamildən bu məbləği də ona versə borcunu qaytara bilcəksənmi deyə soruşanda o bildirdi ki, əvvəldən aldığı 10000 ilə birlikdə bütövlükdə 20000 manatı qaytaracağına söz vermişdir. Lakin buna şübhəsi olduğundan Kamilə onun atası Şamil Adıgözəlovun yanında digər 10000 manatı da vermişdir. Lakin cavabdeh onu aldatmış, borcunu hələ də qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh onun etibarından sui istifadə etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2024- cü il tarixli, 2(060)-46/2024 saylı qətnaməsi ilə (hakim G.Tağızadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 9250 (doqquz min iki yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Məhkəmə həmçinin iddiaçının məhkəmə iclasında tələb etdiyi məbləğin 10000 (on min) manatını cavabdehin atası Ş.Adıgözəlova verdiyini, eyni zamanda cavabdeh tərəfindən iddiaçıya borcundan 750 manat ödənilməsini nəzərə alaraq, hesab edib ki, cavabdehdən 9250 (doqquz min iki yüz əlli) manat pul məbləğində tutularaq iddiaçıya ödənilməlidir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 385.1, 739, 740, 1091, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi əsassız və qanunsuz qətnamə onun hüquqularını kobud surətdə pozmuşdur. Məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. İddiaçı hüquqdan sui-isfadə edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən əsassız olaraq pul tələb etmişdir. Məhkəmə isə qanunsuz və əsassız iddia tələbini təmin etmişdir. Məhkəmə iddia tələbini təmin edərkən hər hansı bir sübuta əsaslanmamışdır. Sadəcə formal olaraq belə nəcəyə gəlmişdir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Məhkəmə qeyd olunan hüquqi normalardan çıxış edərək, eyni zamanda iddiaçının məhkəmə iclasında tələb etdiyi məbləğin 10000 (on min) mananı cavabdehin atası Ş.Adıgözəlova verdiyini, eyni zamanda cavabdeh tərəfindən iddiaçıya borcundan 750 manat ödənilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehdən 9250 (doqquz min iki yüz əlli) manat pul məbləğində tutularaq iddiaçıya ödənilməlidir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh həm polis şöbələrində, həm də məhkəmə iclaslarında iddiaçının ona borc pul verdiyini qəbul etməmişdir. Yəni tərəflər arasında hər hansı bir borc münasibəti olmayıb. Tərəflərin şəxsi münasibətəri olub. Məhkəmə iddia tələbinə düzgün qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəcəyə əsasən əksinə iddiaçı əsassız olaraq varlanmış, cavabdeh isə əsassız şəkildə maddi ziyana düşmüşdür. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yerə bilməmişdir. Lakin məhkəmə əsassız olaraq iddia tələbini təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni əsaslı və qanuni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddia tələbində iddiaçı ilk öncə cavabdehdən borc verdiyini iddia etdiyi 20000 min manat məbləğində pulun qaytarılmasını tələb etmiş, məhkəmə gedişatında həmin pulun 10000 min manatını cavabdehin atasına verdiyini bildirmişdir. Bildirir ki, qeyd olunan iddia tələbinin əsaslarına dair iddiaçı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Cavabdehlə iddiaçının yaxın münasibəti olmuşdur. Onlar arasında iddia tələbində qeyd olunan formada borc münasibəti olmamışdır. Cavabdeh iddia tələbini qəbul etmir və bundan öncəki şikayətlərə dair qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda da cavabdehin borc öhdəliyini qəbul etməsinə dair heç bir sübut yoxdur. İddia tələbinin əsasını təstiq edən sübut kimi iddiaçı məhkəməyə səs yazılarını əks etdirən cd disk təqdim etmişdir ki, həmin səs yazısı cavabdehə aid deyil. Ümumiyyətlə səs yazısının hansı şəraitdə əldə edilməsi məlum deyil. İddiaçının səs yazısının əldə edilməsi şəraiti ilə bağlı qeyd etdikləri ağlabatan yanaşma deyildir. İşə baxan məhkəmə isə heç bir ciddi sübut dəlil olmadan əsassız iddia tələbini qismən təmin etmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni əsaslı qətnamə qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apellyasiya şikayəti əsassızdır. Cavabdehin apellyasiya şikayəti formal mülahizələrdən təşkil olunmaqla, əsassız şəkildə məhkəmə icraatının uzadılmasına xidmət edir. İddia tələbi əsaslıdır. Məhkəməyə təqdim etdiyi səs yazılardakı danışıq cavabdehlə onun dostu arasında keçmişdir və həmin səs yazıları iddiaçıya yenə cavabdehin özü tərəfindən göndərilmişdir. Bu barədə votsap yazışmaları da iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsində icraat zamanı da səs yazılarının ona məxsus olmamasını bildirmiş və faktın dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. Lakin cavabdeh ekspertizanın icrasında qərəzli şəkildə yayınmışdır. Bütün bunlar isə məhkəmə icraatının əsassız uzadılmasına xidmət edir. Göstərilənlərə əsasən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti iddianın təmin olunmuş hissəsinə münasibətdə qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(060)-46/2024 saylı qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. İddia tələbi cavabdehə verilmiş pulun geri qaytarılması barədədir.
18. Kollegiya ilk olaraq qeyd edir ki, etibarsız əqdlər üzrə əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varalanma baş verə bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlı olmuşdur. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar etibarsız əqd üzrə verilmiş olsa belə, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu baxımdan iddiaçı tərəfin cavabdeh tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, hazırkı iddia tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi düzgün olaraq əsassız varlanmaya dair maddi hüquq normalarını tətbiq etməklə, iddianı qismən təmin etmişdir.
19. Bu tələbin hüquqi əsası kimi, Mülki Məcəllənin əsassız varlanmaya dair normaları nəzərdən keçirilə bilər. Həmin normalara görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
20. Odur ki, hazırkı işdə iddianın əsaslı sayılması üçün cavabdehin iddiaçının hesabına müvafiq əsas olmadan varlandığı müəyyən edilməlidir.
21. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, o cavabdehlə eyni məhəllədə yaşamaqla, qonşuluq münasibətləri olmuşdur. O, cavabdehi və ailəsini uzun müddətdir ki, tanıyır. Onun mərhum əri 2-ci Qarabağ döyüşlərində Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olduqdan sonra cavabdeh Kamil də bibisi ilə yas mərasiminə gəlmişdir. Bibisinin və Kamilin onun ərinin harada və necə şəhid olması barədə məlumatı olduğundan o cavabdehlə bu barədə məlumat əldə etmək üçün əlaqə saxlamışdır. Təxminən 4-5 ay keçəndən sonra Kamil ondan 330 (üç yüz otuz manat) borc istəmiş və maaş alanda qaytaracağını bildirmişdir. Bundan sonra cavabdehə ümumilikdə 10000 (on min manat) pul vermişdir. Daha sonra mərhum həyat yoldaşının döyüşlərdə fəal iştirakına görə ona Abşeron rayonu, Mehdiabad qəsəbəsində fərdi ev hədiyyə edilmiş, bundan başqa 20000 manat pul verilmişdir. Həmin evə valideynləri ilə birgə köçmüşdür. Valideynləri yaşlı və xəstə olduqlarına görə onları 15-20 gündən bir xəstəxanaya aparmaqda cavabdeh onlara təcili köməklik göstərirdi. Həmin ərəfələrdə Kamilin borc pula ehtiyacı olmasını bilmiş və sonuncunun xahişi ilə 10000 manat pulu Kamilə onun atası Şamil Adıgözəlovun yanında digər 10000 manatı da vermişdir. Ümumilikdə cavabdehin ona 20000 min manat məbləğində borcu yaranmışdır. Keçən müddət ərzində cavabdeh borcunu qaytarmamış, nəticədə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
22. Cavabdehin apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının onunla şəxsi münasibəti olmuş, sonradan münasibətləri pozulmuşdur. Aralarında hər-hansı borc münasibəti yaranmamışdır. O, iddiaçıdan heç bir məbləğdə borc pul almamış və ona hər hansı borcu olmamışdır. İşə baxan məhkəmə heç bir sübut olmadan əsassız şəkildə ondan iddiaçının xeyrinə pul tutulması barədə qətnamə qəbul etmişdir.
23. Kollegiya cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilllərinə, həmçinin onun nümayəndəsinin (vəkilinin) məhkəmə iclasında vermiş olduğu izahata tənqidi yanaşaraq bildirir ki, iddiaçının yuxarıda qeyd olunan tələbi ilə əlaqəli qeyd etdiyi dəlilləri təsdiq edəcək yazılı sübutlarının olmaması, hələ tələbdə qeyd olunan halların ümumiyyətlə mövcud olmaması anlamına gəlmir.
24. Belə ki, araşdırılan işin faktiki hallarından məlum olur ki, cavabdehlə iddiaçının vaxtaşırı telefon danışığı, hətta 051 725 68 82 mobil telefon nömrəsindən “Wotsap” yazışması olmuş, həmin yazımalarda iddiaçı cavabdehə “kimsə sənə 20 mini verərdi? və s. bu kimi sullar vermiş, sonuncu hər dəfə müxtəlif cavablar yazmışdır.
25. Kollegiyanın araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili ümumiyyyətlə həmin telefon nömrəsinin cavabdehin sahiblik və istifadəsində olmadığını bildirmiş, hətta bununla bağlı aidiyyəti orqana sorğu da verilməsini xahiş etmişdir.
26. Kollegiya cavabdehin bu etirazına aydınlıq gətirmək məqsədilə “Elektron məhkəmə” informasiya sistemindən (“AZEMİS”-dən) istifadə edərək, cavabdehin əlaqə məlumatları bölməsinə baxış keçirmiş və bu zaman sonuncunun adına coxsaylı mobil telefon nömrələrinin, o cümlədən də 051 725 68 82 telefon nömrəsinin olması müəyyən edilmişdir.
27. Bundan əlavə kollegiya, sübutların təhlili zamanı iş materiallarına əlavə edilmiş “CD diskə” dinləmə aparmış və həmin diskdəki səs yazısında cavabdeh Kamil Adığözəlov digər bir şəxslə söhbət etdiyi, əsnada “.... o qızın yaxşılıq etdiyini, kömək məqsədilə ona 14-15 min manat məbləğində pul verdiyini” bildirmişdir.
28. Bu məsələyə də aydınlıq gətirmək məqsədilə məhkəmə kollegiyası cavabehin məhkəmə iclasında şəxsən iştirakını zəruri hesab etmiş və bu məqsədlə məhkəmə iclaslarını bir neçə dəfə təxirə salaraq, cavabdehə müxtəlif üsul və vasitələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat vermişdir. Lakin sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarında iştirak etməmiş, özünün izahatının alınmasına şərait yaratmamış, əksinə məhkəmə iclaslarından yayınmaqla ədalətli məhkəmə araşdırmasına maneçilik törətmişdir. Bütün bu cəhdlərdən sonra cavabdeh məhkəmənin sonucu iclasında nümayəndə vasitəsilə təmsil olunmaqla kifayətlənmişdir.
29. Məhkəmə kollegiyası “CD diskdə” olan səs yazısının tədqiqi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin icraatı zamanı bununla bağlı müvafiq ekspertiza təyin edilmiş, lakin cavabdeh tərəf ekspertizanın aparılmasında da maraqlı olmamış, ekspertiza tədqiqatının aparılmasına şərait yaratmayaraq, konret halda imtina etdiyindən müvafiq espertizanın keçirilməsindən imtina edilmişdir. Bundan sonra isə cavabdeh məhkəmə iclaslarından yayınaraq öbyektiv həqiqətin üzə çıxarılmasından yayınmışdır.
30. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər
31. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir.
32. Qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Mülki qanunvericiliyin tələbinə görə iddiaçı öz iddia tələbinin əsaslarını sübut etməli olduğu kimi, cavabdeh də iddia tələbinə etirazlarının əsaslarını sübut etməlidir. İddiaçı öz iddia tələbinin əsaslarını qismən sübut etməsinə baxmayaraq, cavabdeh iddiaya etirazının və apellyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir.
34. Kollegiyanın qənaətinə görə cavabdehin nümayəndəsinin (vəkilinin) çoxsaylı bildirişlərdən sonra məhkəmənin yalnız sonuncu iclasında iştirak edərək, əsassız vəsatət verməsi, əlavə olaraq sorğuların verilməsini tələb etməsi, işin sünu şəkildə uzadılmasından başqa bir şey deyildir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas ola bilməz.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2024- cü il tarixli, 2(060)-46/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.