Məhkəmə qərarları › İş №2(105)-845/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-845/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-845/2022 12.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(027)-1247/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(027)-1247/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Vüqar Seyidov) iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11.10.2019-cu il tarixli, 2019/00688 nömrəli kredit müqaviləsinə və 03.09.2020-ci il tarixli, 2020/806 nömrəli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə 11.10.2019-cu il tarixli 2019/00688 nömrəli kredit müqaviləsi üzrə 4114,57 manat məbləğində əsas borc, 1566,73 manat faiz, 410 manat cərimə olmaqla, cəmi 6091,30 manat borc və 03.09.2020-ci il tarixli, 2020/00806 nömrəli kredit müqaviləsi üzrə 12600 manat məbləğində əsas borc, 4536,00 manat faiz, 1260 manat cərimə olmaqla, cəmi 18396 manat borc və 25 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus qızıl zinət əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə olan 11.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4114,57 manat məbləğində əsas borc, 1566,73 manat faiz, 410 manat cərimə olmaqla, cəmi 6091,30 manat borcun və 03.09.2020-ci il tarixli, 2020/00806 nömrəli kredit müqaviləsi üzrə 12600 manat məbləğində əsas borc, 4536,00 manat faiz, 1260 manat cərimə olmaqla, cəmi 18396 manat borcun və 25 manat dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin girov qoyan Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 2019/00688 nömrəli, 11.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 4114,57 manat əsas borc, 1060,65 manat faiz borcu və 810 manat dəbbə pulu olmaqla, cəmi 5.985,22 manat, 03.09.2020-ci il tarixli, 2020/00806 nömrəli kredit müqaviləsinə əsasən 12600 manat əsas borc, 3045,00 manat faiz borcu və 810,00 manat dəbbə pulu olmaqla, cəmi 16455,00 manat və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh ilə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti arasında bağlanmış 2019/00688 nömrəli, 11.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya şəxsi məqsədləri üçün 48 ay müddətinə, illik 36 faizlə 5000 manat məbləğində və 2020/00806 nömrəli, 03.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya şəxsi məqsədləri üçün 48 ay müddətinə, illik 30 faizlə 12600 manat məbləğində kreditlər verilmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmir. "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 11.10.2019-cu il tarixli, 2019/00688 nömrəli kredit müqaviləsinə və 03.09.2020-ci il tarixli, 2020/00806 nömrəli kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsinin təminatı qismində çıxış edən qızıl zinət əşyalarının açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin iddiaçıya ödənilməsi, Cavabdehdan iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə 15.11.2021-ci il tarixinə yaranmış 2019/00688 nömrəli 11.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 4114,57 manat əsas borc, 1566,73 manat faiz borcu və 1520,00 manat dəbbə pulu olmaqla, cəmi 7.201,30 manat və 03.09.2020-ci il tarixli, 2020/00806 nömrəli kredit müqaviləsinə əsasən 12600 manat əsas borc, 4 536 manat faiz borcu və 5065,20 manat dəbbə pulu olmaqla, cəmi 22.201,20 manat borcun və 30 manat dövlət rüsmunun cəmiyyətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, nəticədə hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Bundan başqa, məhkəmə rəqəmlərin iddiaçı tərəfindən şişirildiyi barədə şübhələri aradan qaldırmaq üçün ekspertiza təyin edilməsi barədə vəsatətini təmin etməmiş, bununla da maddi hüquq normasını pozmuşdur. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib işin mühasibatlıq eksperizasına göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 11 oktyabr 2019-cu il tarixli, 2019/00688 saylı istehlak kredit müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən 48 ay müddətinə illik 32% ödəmək şərti ilə Cavabdeh 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 03.09.2020-ci il tarixli, 2020/00806 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən 48 ay müddətinə illik 30% ödəmək şərti ilə Cavabdeh 12600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 03 sentyabr 2020-ci il tarixli, 2020/00806 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsinin təminatı olaraq 215,23 manat dəyərində, 583 əyarda, 3,1 qram çəkidə, 1 ədəd üzük (tək qaş), 719,97 manat dəyərində, 585 əyarda, 10,37 qram çəkidə, 1 ədəd qol bağı (komplekt), 486,00 manat dəyərində, 585 əyarda, 7 qram çəkidə, 1 ədəd sırğa (komplekt), 270,77 manat dəyərində, 585 əyarda, 3,9 qram çəkidə, 1 ədəd üzük (komplekt), 992,83 manat dəyərində, 585 əyarda, 14,3 qram çəkidə, 1 ədəd boyunbağı (komplekt), 118,03 manat dəyərində, 585 əyarda, 1,7 qram çəkidə, 1 ədəd sancaq (kloun əl), 41,66 manat dəyərində, 585 əyarda, 0,6 qram çəkidə, 1 ədəd sırğa (tək tərəf), 742,89 manat dəyərində, 585 əyarda, 10,7 qram çəkidə, 1 ədəd sep (zəncir), 310,50 manat dəyərində, 750 əyarda, 3,5 qram çəkidə, 1 ədəd kişi üzüyü, 275,01 manat dəyərində, 750 əyarda, 3,1 qram çəkidə, 1 ədəd qadın üzüyü, 1721,06 manat dəyərində, 750 əyarda, 19,4 qram çəkidə, 1 ədəd sırğa (Brend Ağ), 642,86 manat dəyərində, 999 əyarda, 5 qram çəkidə, 1 ədəd külçə, 192,86 manat dəyərində 1 ədəd klondan ibarət qızıl zinət əşyalarını "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə girov qoymuşdur. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin 15 noyabr 2021-ci il tarixli, 432 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 11.10.2019-cu il tarixli kredirt müqaviləsi üzrə 15.11.2021-ci il tarixə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə olan əsas borcu 4114,57 manat, faiz borcu 1566,73 manat, dəbbə borcu 1520,00 manat olmaqla, cəmi 7201,30 manat borcu mövcuddur. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin 15 noyabr 2021-ci il tarixli, 431 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 03.09.2020-ci il tarixli kredirt müqaviləsi üzrə 15.11.2021-ci il tarixə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə olan əsas borcu 12600,00 manat, faiz borcu 4536,00 manat, dəbbə borcu 5065,20 manat olmaqla, cəmi 22201,20 manat borcu mövcuddur. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən cavabdehə 5 gün müddətində banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30 sentyabr 2021-ci il tarixli, 9/5473 saylı rəyindən görünür ki, Cavabdeh 11 oktyabr 2019-cu il tarixli, 2019/00688 saylı kredit müqaviləsi üzrə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə olan əsas borcu 4682,73 manat, faiz borcu isə 957,36 manat, 03 sentyabr 2020-ci il tarixli, 2020/00806 saylı kredit müqaviləsi üzrə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə əsas borcu 12600,00 manat, faiz borcu isə 3490,00 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən Cavabdeh 11.10.2019-cu il tarixli, 2019/00688 saylı istehlak kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 32% ödəmək şərti ilə 5000 manat məbləğində, 03.09.2020-ci il tarixli, 2020/00806 saylı kredit müqaviləsinə əsasən isə 48 ay müddətinə illik 30% ödəmək şərti ilə 12600 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İş materiallrından, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30 sentyabr 2021-ci il tarixli, 9/5473 saylı rəyindən görünür ki, Cavabdeh 11 oktyabr 2019-cu il tarixli, 2019/00688 saylı kredit müqaviləsi üzrə ödənişləri qrafik üzrə aparmamış, 03 sentyabr 2020-ci il tarixli, 2020/00806 saylı kredit müqaviləsi üzrə isə heç bir ödəniş etməmişdir. "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti 18.05.2021-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən hallar Cavabdeh tərəfindən müqavilələrin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.3-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.7-ci maddəsinə görə girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 280.1-ci maddəsinə görə girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işdə iştirak edən şəxslərin izahatları və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11.10.2019-cu il tarixli, 2019/00688 nömrəli və 03.09.2020-ci il tarixli, 2020/806 nömrəli kredit müqavilələrinə xitam verilməsi, Cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə 11.10.2019-cu il tarixli 2019/00688 nömrəli kredit müqaviləsi üzrə 4114,57 manat məbləğində əsas borc, 1566,73 manat faiz və 03.09.2020-ci il tarixli, 2020/00806 nömrəli kredit müqaviləsi üzrə 12600 manat məbləğində əsas borc, 4536,00 manat faiz və 25 manat ödənilmiş dövlət rüsumun tutulması, tutmanın bank qarşısında girov qoyulmuş Cavabdeh məxsus qızıl zinət əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə olan 11.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4114,57 manat məbləğində əsas borc, 1566,73 manat faiz və 03.09.2020-ci il tarixli, 2020/00806 nömrəli kredit müqaviləsi üzrə 12600 manat məbləğində əsas borc, 4536,00 manat faiz və 25 manat dövlət rüsumu ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin girov qoyan Cavabdeh verilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərərək həmin məbləği azaltmışdır. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissələrdə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(027)-1247/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar