Məhkəmə qərarları › İş №2(105)-845/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-845/2024

15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-845/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: Podrat müqaviləsindən irəli gələn tələblər-subyektiv hüquq) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı2, onun nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(060)-29/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evin tikintisinə görə ödənilmiş 38030 manat, qiymətləndirmə hesabatına görə ödənilmiş 500 manat, eləcə də 210 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçının nümayəndəsi Vəkil İddiaçı1 əsl İddiaçı2 ilə əvəz olunmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının daha əvvəldən tanıdığı uzaq qohumudur. O, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən torpaq sahəsində fərdi ev tikdirmək məqsədi ilə cavabdehlə razılaşmışdır. Həmin torpaq sahəsini baldızı İddiaçı2 baş etibarnamə əsasında almışdır. Belə ki, o cavabdehin tikinti işləri ilə məşğul olduğunu bilmiş, məhz bu səbəbdən də qohum olduqları üçün ona etibar etmişdir. Razılaşmaya əsasən Cavabdeh cari ilin may ayından işə başlayaraq avqustda, yəni 3 ay ərzində evin tikintisini başa çatdırmağı öhdəsinə götürmüşdür. O isə evin tikintisi üçün 35000 manat, işlərin görülməsinin haqqı olaraq isə 5000 manat verməyi öhdəsinə götürmüşdür. Xidmət haqqı olan pul məbləği məhz işin sonunda ödənilməli idi. Aralarında bağlanmış şifahi müqaviləyə əsasən cavabdehə təxminən may ayının 10-15 aralığında cavabdehə 25000 manat, daha sonra ayrı-ayrı vaxtlarda 4500, 2500 və 3300 manat məbləğində olmaqla, ümumilikdə 35300 manat məbləğində pul ödənilmişdir. Lakin, cavabdeh evi vaxtında hazır etməmiş, daha sonra əlavə 10000 manat da istəmişdir. Sonuncu istənilən 10000 manat məbləğində pul tərəflər arasında daha əvvəlki razılıqda olmamışdır. Cavabdeh məhz evi 3 ay ərzində 35000 manata tikib hazır etməli idi. Lakin, Cavabdeh istədiyi pul məbləği tərəfindən tam halda ödənilsə də tikili yarımçıq və qəzalı vəziyyətdədir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc haqqında qiymətləndirmə hesabatına əsasən çəkilmiş ümumi xərc 19240 manat müəyyən edilmişdir. Hesabatın nəticə hissəsində hazırki tikilinin istifadəyə yararsız olduğu və göstərilən nöqsanların aradan qaldırılması üçün tikilinin tam sökülərək yenidən tikinti norma və qaydalarına uyğun inşa edilməli olduğu qeyd edilmişdir. Cavabdeh isə bunun əksini, yəni ödənilən 35300 manat məbləğində pulun tam olaraq evə sərf edildiyini bildirmişdir. Cavabdeh özü Sumqayıt şəhərində fəaliyyət göstərən “Daş Bazarı” adlandırılan ərazidə tikinti materiallarının satışı ilə məşğuldur. Həmçinin cavabdeh fərdi evin tikintisi üçün sənədlərin düzəldilməsi adı ilə 2730 manat məbləğində pul alsa da sonradan həmin məbləği də məhz evin tikintisinə sərf etdiyini bildirmişdir. Cavabdehin evin sənədlərinin düzəldilməsi adı ilə aldığı 2730 manat məbləğində pulu da evin tikintisinə sərf etdiyi nəzərə alınsa ümumilikdə 38030 manat məbləğində pul cavabdehə verilmişdir. Lakin, sərf edilmiş xərcin dəyəri 19240 manat müəyyən edilsə də nəticədə göstərilmişdir ki, nöqsanları aradan qaldırmaq üçün tikili sökülməli və yenidən tikinti normalarına riayət edilməklə tikilməlidir. Bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən evin tikintisinə ödənilmiş 19240 manat pulun heç bir əhəmiyyəti yoxdur. Qeyd olunan hallar ilə bağlı şahidlər də vardır. Belə ki, cavabdehin özünün və ustalarının iştirakı ilə sərf edilmiş materialların bazar qiymətinə uyğun olaraq dəyəri hesablansa da, cavabdeh bununla razılaşmamış, qiymətləri dəyərindən çox artıq söyləmişdir. Həmçinin cavabdeh “Watsapp” yazışmalarında da qeyd olunan məbləğdə pulun verildiyi faktını təsdiq etmiş, lakin tam şəkildə tikiliyə sərf etdiyini bildirmişdir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(060)-29/2024 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia qismən təmin edilərək, Cavabdeh 17147 manat, qiymətləndirmə hesabatına görə ödənilmiş 225.50 manat pul və ödənilmiş 141.44 manat dövlət rüsumunun tutularaq İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı2 27.45 manat, Cavabdeh 22.55 manatın tutularaq, X1 müxbir hesabına köçürülməsi qət edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında şifahi razılaşma olmuş, cavabdeh aldığı pul müqabilində torpaq sahəsində ev tikib hüquqları rəsmiləşdirərək təhvil verməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən tam yerinə yetirilməmişdir. Cavabdeh iddiaçıdan cəmi 35200 manat məbləğində pul almış, lakin, həmin pulun müqabilində üzərinə götürdüyü ev tikmək öhdəliyini vaxtında və layiqincə yerinə yetirməmişdir. Cavabdeh inşaat işlərinə 18053 manat sərf etdiyindən, iddia 17147 manatın tələbi həcmində əsaslı hesab edilmişdir.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1 442, 445.1, 448.1, 752.1 və 752.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(060)-29/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o iddiaçıdan aldığı pulları qeyd olunan evin tikintisinə sərf etmiş və birinci instansiya məhkəməsində həmin evin tikintisi ilə bağlı aldığı materialların dəyəri ilə bağlı sübutlar və özündə apardığı qeydiyyat məlumatlarını təqdim etmişdir. Bu işlər 5 ay davam etmiş, 80 kv.m tikili əvəzinə 120 kv.m. tikili inşa etmiş, bu 5 ay müddətində tikinti materiallarının alınması, yüklənməsi, daşınması, avtoqənliyyat xərcləri, iri daş kubiklərin yuxarı mərtəbəyə daşınması və ona bu işlər müqabilində iddiaçı 6000 manat pul ödəməli oldugu halda, 3000 manat ödəmiş, 3000 manat borclu qalmışdır. Evdə mərtəbələrarası «kəmər»in salınmasına sərf olunan tikinti materialları, tikinti işlərinin aparılması ilə bağlı əlavə yardımçı tikinti alətlərinin alınması, dəyişdirilməsi, təmiri xərclərinin heç biri və eyni zamanda bu evin eskizinə və tikintinin aparılmasına memarlıq tərəfindən icazənin verilməsi üçün çəkilən xərclər də hesablanmamışdır. Bu xərcləri nəzərə aldıqda və düzgün qiymətləndirmə aparıldıqda verilmiş bütün pulların tərəfindən sərf edildiyi tam təsdiqi tapar. Lakin məhkəmə yarımçıq məlumatlar əsasında verilmiş və həmin evin tikintisinə sərf edilən bütün məlumatları özündə doğru-düzgün əks etdirməyən bir ekspertiza rəyinə əsaslanmaqla guya iddiacıdan artıq pul almağı qənaətinə gəlmiş və bu da sonda üzərinə əlavə məsrəflərin qoyulması ilə nəticələnmişdir. Məhkəmə qeyd olunan maddi normalara istinad etməklə belə bir nəticəyə gəlmişdir ki, o üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyi üçün ekspertiza rəyində müəyyən edilmiş məbləğ çıxılmaqla qalan mələği iddiaçıya qaytarmalıdır. Bu yanaşma ilə razı deyil. Əvvəla iddiaçı tərəfindən verilmiş vəsait tam olaraq bu tikiliyə sərf edilmiş və həmin vəsaitlə bütün tikinti materiallarını almaqla yanaşı, onların bu əraziyə gətirilməsini, daşınmasını, yüklənməsini, fəhlələr vasitəsi ilə yuxarı mərtəbələrə qaldırılmasını, aralarında həmin pul müqabilində razılaşdırılmış bütün işlərin icrasını həyata keçirməyə sərf etmiş və əvvəldən də iddiaçıya həmin evin qeyd edilmiş məbləğ civarında tikiləcəyini demiş və iddiaçı da onunla razılaşmışdır. Həmin vəsaitləri ona hissə-hissə verməsi də bu razılaşmadan irəli gəlmişdir. Əgər o bu məbləğə razı deyildisə, onda ödənişi dayandırardı və ya başqa ustaya müraciət edərdi. Bundan başqa o da nəzərə alınmalıdır ki, bu torpaq sahəsi boş olmuş, orada tikilən bu evdən sonra evin dəyəri çəkilən xərcə uyğun olaraq artmışdır. Ekspertiza rəyində bu evə alınmış materialların və görülmüş işlərin bir çoxunun,hətta quraşdırılmış pilləkənin (dəyəri 875 manat) yer almamasını, evin zirzəmisinə vurulan dayaqların (420 manat), pola vurulan 79 ədəd diklərin (dəyəri 3318 manat), 4 m.kub 5x15 ölçüdə laqaların (dəyəri 1640 manat), profnastillərin (dəyəri 4470 manat, ekspert rəyində bunlar şifer kimi qeyd edilmiş, halbuki onların dəyəri arasında fərq 1180 manat təşkil edir), kubiklərin qaldırılmasına görə fəhlələrə ödənilən 900 manat pulun və usta işlərinə görə ödənilməli olan vəsaitin-3000 manat pulun, 500 manat ödənilmiş əlavə xərclərin bu rəydə də olmamasını nəzərə almayaraq bu rəylə razılaşmış, nəticədə onun hüquqlarının pozulmasına xidmət edən qətnamə qəbul edilmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, evin tikintisində taxta-şalban istifadə olunub ki, bu da 4000 manata yaxın pul edir. Lakin, məhkəmənin əldə etdiyi ekspert rəyində evin tikintisində taxta-şalban istifadə olunması qeyd olunmayıb. Eyni zamanda qarşı tərəflə 6000 manat zəhmət haqqı alacağı ilə bağlı razılaşmışdır. Faktiki olaraq evin tikintisi ilə bağlı işlərin 50 faizini gördüyü halda hələ də heç bir ödəniş almamışdır. Bundan başqa qeyd olunub ki, guya evin damına sovet dövrünün şiferi vurulmuşdur. Halbuki, o dəmir şifer vurmuşdur ki, bu da yalandır. Evi tikinti-inşaat normalarına uyğun qaydada tikmişdir. Məhkəmənin suallarında cavabında isə bildirmişdir ki, iddiaçı Nəzakət xanımla qohumluq əlqəsi olsa da evin tikintisi ilə bağlı onunla heç bir razılaşması olmamış, tikinti işlərinin aparılması ilə bağlı razılaşma onunla İddiaçı1 arasında olmuşdur. Sadəcə olaraq evin tikildiyi torpaq sahəsi Nəzakətin adına olduğundan sonradan iddiaçı kimi o, işə qoşulmuşdur. Bildiyinə görə Şahin torpaq sahəsini 8000 manata alımışdır. Qızı onların ailəsində gəlin olduğu üçün söz-söhbət yaranmaması üçün 5000 manat pul verməyi qəbul etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətinin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, cavabdeh onun bacısı ərinin qohumu olmaqla, bacısıgilə ev tikmişdir. İddiaçı1 isə onun bacısının əridir. Torpaq sahəsi onun adına olsa da, torpağı o, etibarnamə əsasında Şahinə satmışdır. Şahin də həmin torpaqda özünə ev tikmişdir.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırda evin tikntisi ilə bağlı razılaşmanın İddiaçı1lə aparılması, o cümlədən evin ona tikilməsi ilə bağlı səsləndirilən fikirlər təmsil etdiyi şəxsin hüquqlarının pozulmasına gətirib çıxarmaqla, mübahisənin uzadılmasına xidmət edir. Əslində iddia qismən təmin olunsa da daha çox vaxtın itirilməməsi üçün onlar tərəfindən apellyasiya şikayəti verilməmişdir. Mövqeyi isə ondan ibarətdir ki, torpaq İddiaçı2 mülkiyyətində olmuşdur. Həmin evi Nəzakət xanım tikdirmiş, işi isə İddiaçı1 gördürmüşdür. Buna görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

İşdə olan sübutlar

13. Daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 0.0405 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçı2dır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərc haqqında qiymətləndirmə hesabatına əsasən çəkilmiş ümumi xərc 19240 manat müəyyən edilmişdir

15. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən İddiaçı2 məxsus torpaq sahəsində inşa olunmuş tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan tikilinin inşası tamamlanmadığından, nöqsanın aradan qaldırılması üçün lazım olan vəsaitin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Tədqiq olunan tikilinin "xxxx" MMC tərəfindən tərtib edilmiş və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəyə uyğun olmadığı müəyyən edilmişdir. Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən İddiaçı2 məxsus torpaq sahəsində fərdi yaşayış evi üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 18053 manat məbləğində olduğu müəyyən olur

16. İş üzrə xx.xx.2023-cü il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 50 manat təşkil etdiyi göstərilmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

18. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

19. Mülki Prosessual Məcəllə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

20. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024cü il tarixli, 2(060)-29/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(060)- 29/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir.

22. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

23. Məhkəmə kollegiyasının iclasında isə İddiaçı2 hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması müəyyən edilmişdir.

24. Belə ki, iş materiallarından göründüyü kimi ilk əvvəl məhkəməyə iddia ərizəsi ilə İddiaçı1 müraciət etmiş və iddia ərizəsində göstərmişdir ki, cavabdehlə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən torpaq sahəsində fərdi ev tikdirmək məqsədi ilə razılaşmışdır. Həmin torpaq sahəsini baldızı İddiaçı2 baş etibarnamə əsasında almışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 da qeyd edilən faktı təsdiq edərək, İddiaçı1 onun bacısının əri, cavabdehin isə onun qohumu olmaqla, bacısıgilə ev tikməsini, evin inşa edildiyi torpaq sahəsinin onun mülkiyyətində olsa da həmin torpağı etibarnamə əsasında İddiaçı1 satdığını və Şahinin də həmin torpaqda özünə ev tikdiyini bildirmişdir ki, bununla da evin inşası ilə bağlı podrat müqaviləsinin İddiaçı1 ilə Cavabdeh arasında bağlanması və inşa edilmiş evin məhz İddiaçı1 tərəfindən, özü üçün inşa edilməsi öz təsdiqini tapmışdır.

25. İşə birinci instansiyası məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi Vəkil İddiaçı1 əsl İddiaçı2 ilə əvəz olunmasını xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir. Həmin qərardadla, o cümldən işdə olan prosessual əvəzçiliklə bağlı ərizələrdən iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinin səbəbi müəyyən edilməmkdədir. Lakin, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinin səbəbi əslində inşa edilmiş evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin İddiaçı2 olması olmuşdur.

26. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli evin inşa edildiyi torpaq sahəsinin etibarnamə əsasında İddiaçı2 tərəfindən İddiaçı1 satması ilə bağlı hüquq münasibəti hazırkı mübahisənin predmeti olmamaqla, onlar arasında bağlanmış əqdin eitbarlı olubolmaması hazırkı iş üzrə əhəmiyyət də kəsb etməmişdir. Lakin, torpaq sahəsinin İddiaçı2 mülkiyyətində olması hazırkı iddianı qaldırmaq üçün ona subyektiv hüquq verməmişdir. Belə ki, əvəz edilmiş İddiaçı1 məhkəməyə təqdim etdiyi iddia ərizəsi ilə yanaşı, həmçinin məhkəmə kollegiyasında iddiaçının və cavabdehin izahatları ilə də evin işası ilə bağlı podrat müqaviləsinin İddiaçı1 ilə Cavabdeh arasında bağlanması və inşa edilmiş evin məhz İddiaçı1 üçün inşa edilməsi, o cümlədən İddiaçı2 isə podrat müqaviləsinin tərəfi olmaması öz təsdiqini tapmışdır. Buna görə də iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır.

27. Birinci instansiya məhkəməsi isə hüquq münasibətində olan tərəfləri düzgün müəyyən etməməklə, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən onların prosessual hüquqlarını həyata keçirməsində lazımı köməklik göstərməmiş və nəticədə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquq olmayan şəxsin iddiasını qismən təmin etmişdir. Halbuki, işin hallarına əsasən məhkəməyə iddia ərizəsini təqdim etmiş İddiaçı1 hazırkı tələblə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

28. Məhkəmə kollegiyası İddiaçı2 nümayəndəsi Vəkil torpağın İddiaçı2 mülkiyyətində olması, həmin evi Nəzakət xanımın tikdirməsi, işi isə İddiaçı1 gördürməsi ilə bağlı izahatına münasibətdə isə qeyd edir ki, nümayəndəsinin izahatı təmsil etdiyi şəxsin izahatı ilə ziddiyyətli olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi İddiaçı2 məhkəmə kollegiyasının 23 aprel 2024-cü il tarixli və 15 may 2024-cü il tarixli məhkəmə iclaslarında eyni izahatı verməklə, evin inşa edildiyi torpaq sahəsinin onun mülkiyyətində olmasına baxmayaraq, torpağı etibarnamə əsasında İddiaçı1 satdığını və Şahinin də həmin torpaqda özünə ev tikdiyini bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin qeyd olunan izahatını məhkəmə gedişatında iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamasını anlaması və hazırkı iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüquqa malik olmasını əsaslandırmaq istəməsi kimi qiymətləndirmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmamışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(060)-29/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməməlidir.

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(060)-29/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı2 50 (əlli) manat tutularaq, Məhkəmə X1 müxbir hesabına köçürülsün (Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar