Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-845/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin e-2(028)-170/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli qərardadı ilə (hakim R.Quliyev) Quliyeva İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Qubadlı Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-170/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş şikayətin təmin olunmaması və şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı Barışıq Sazişi ilə müəyyən edilmiş hər ay 220 manat sabit pul məbləğində aliment məbləğinin dəyişdirilərək, xx.xx.2022-ci il təvəllüdlü Yağmur Zeynalovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün atası Cavabdeh hər ay 246 manat sabit pul məbləğində alimentin, yaxud sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin və eyni zamanda göstərilən xidmət haqqına görə vəkilə ödədiyi 300 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Qubadlı Rayon Məhkəməsinin 10 21 aprel 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında Bakı 13 saylı mediasiya təşkilatında 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı barışıq sazişi bağlanmış, həmin sazişə əsasən, tərəflərin birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası - Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti uşağın anası – İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirmişdir. Əgər Cavabdeh 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı barışıq sazişində qeyd olunan alimentlə bağlı öhdəliyini yerinə yetirməsəydi və sözügedən sazişin şərtlərinin könüllü icrasından imtina etsəydi, onda İddiaçı Mülki-Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, sazişin təsdiq olunması üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət edərdi. Bu səbəbdən də o, sözügedən barışıq sazişində müəyyən olunmuş aliment məbləğinin artırılması ilə bağlı yeni iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı sazişlə müəyyən olunmuş aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə, mediasiyaya müraciət etmiş, lakin cavabdeh alimentin artırılması ilə bağlı razılaşmamışdır. Ona görə də sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişikliklər və əlavələr edilmişdir. Edilmiş dəyişiklik və əlavələrin 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-3-cü bəndinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhəməsinin Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanladığı 14 yanvar 2025-ci il tarixli, 1-8-16-1/2-57/2025 saylı məktubunun dördüncü bəndində qeyd olunmuşdur ki, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edilə bilər. - Tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda, məhkəmə tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləğin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Eyni mövqe, iddia icraatının gedişatında analoji barışıq sazişlərinin təsdiqi zamanı da nəzərə alınmalıdır. Bununla yanaşı, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. Buradan da aydın olur ki, əgər tərəflər arasında mediasiya prosesində “aliment” tələbi ilə bağlı barışıq sazişi bağlanmışsa və həmin sazişdə alimentin indeksasiyası göstərilməmişsə, onda iddiaçı alimentin indeksasiyası (artırılması) üçün icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilməz. Bu zaman iddiaçı Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi məhkəməyə müraciət etməlidir. Yuxarıda qeyd olunanlara əsasən, hesab edirəm ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarını əsas götürərək və eyni zamanda Azərbaycan Respublikası Ali Məhəməsinin Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanladığı 14 yanvar 2025-ci il tarixli, 1-8-16-1/2- 57/2025 saylı məktubuna istinad edərək, rəsmi nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı 13 saylı mediasiya təşkilatında bağlanmış 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı barışıq sazişi ilə müəyyən edilmiş hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment məbləği dəyişdirilərək, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün atası Cavabdeh hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment, yaxud sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin və eyni zamanda göstərilən xidmət haqqına görə vəkilə ödənilən 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli və onunla bağlı 06 may 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hazırki iddia tələbinin yaşayış minimumu məbləğinin artımına əsaslanması və iddianın mahiyyəti indeksasiya xarakteri daşıması əsası ilə icraata xitam verilməsi qənaətinə gəlmiş, bu nəticədən İddiaçı narazı qalaraq şikayət vermişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarının 8.4.3-cü bəndində qeyd edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq işin icraatına xitam verməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Qubadlı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli və onunla bağlı 06 may 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli və onunla bağlı 06 may 2025ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-845/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-845/2025
29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver