Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-847/2023 16.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X3 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-8031/2021 nömrəli qərardadından cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-8031/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 18.200 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin məhkəmə qətnaməsini xx.xx.2021-ci il tarixdə təhvil almışdır. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-8031/2021 nömrəli qətnaməsindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-8031/2022 nömrəli qərardadı ilə vəsatətin təmin edilməməsi və apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən yenidən həmin məhkəmə qətnaməsindən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-8031/2021 nömrəli qərardadı ilə (hakim Əfqan Ələkbərov) cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməmiş, apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 133.2, 133.3, 133.5, 133.6 və 363.1.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh və onun nümayəndəsi apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Buraxılmış prosessual müddətin üzrlü səbəbdən ötürülməməsi qənaətinə gəlir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-8031/2021 nömrəli qərardadından şikayət verilmişdir. Şikayətin dəlilləri: Cavabdehin nümayəndəsi və vəkilii müvafiq məhkəmə qərardadından şikayət verərək, onun ləğv olunması və buraxılmış prosesual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mülki işin materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə istinad edərək, Cavabdeh iddia ərizəsində göstərilən ünvanında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8031/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin onun tərəfindən xəbərnaməyə imza olunmaqla xx.xx.2021-ci il tarixdə qəbul edildiyi qənaətinə gələrək, buraxılmış prosesual müddətin bərpa edilməsi haqqnda ərizənin təmin edilməməsinə dair xx.xx.2023-cü il tarixli, 2(060)-8031/2021 saylı qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(060)-8031/2021 saylı qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 135.3-cü maddələrinin tələblərini pozmaqla qəbul etmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh mülki işin materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə xx.xx.2021-ci il tarixdə imza etməklə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8031/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini rəsmi qaydada aldığını göstərsə də, istinad edilən xəbərnamədəki imza Cavabdeh və onun mərhum həyat yoldaşı X4 işdə olan imza nümunələri ilə açıq-aşkar uyğunluq təşkil etmədiyini adi gözlə görməmək mümkün deyildir. Belə olan halda məhkəmənin 2(060)-8031/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi Cavabdeh rəsmi qaydada verilmiş hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin isə ünvan sahibinin əvəzinə məhkəmənin 2(060)-8031/2021 saylı qətnaməsini qəbul etmiş şəxsin xəbərnamədə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli olduğu halda göstərməməsini nəzərə almmaması mübahisələndirilən qərardadın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyini təsdiq edir. Apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərək bərpa edilməlidir. Apellyasiya instansiya məhkəməsində icraat Şikayətə qarşı yazılı izahat və etirazlar daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003-cü il tarixli işində qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Apellyasiya baxışının həddi Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya baxışının predmetini şikayət məhkəmə qərardadının tam ləğvinə yönəldiyindən, qərardadın tam qanuniliyinin yoxlanılması təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, müvafiq məhkəmə qətnaməsi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza edilməklə şəxsən təhvil almışdır. Deməli, mülki prosessual qanunveriicliyin tələbinə əsasən hazırki mülki iş üzrə cavabdehin müvafiq məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququ xx.xx.2022-ci il tarixədək olan müddətdə mövcud olmuşdur. Həmin məhkəmə qətnaməsindən isə cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-8031/2022 nömrəli qərardadı ilə vəsatətin və apellyasiya şikayətinin geri qaytarılması (MPM-nin 361-ci maddəsinin tələbinə uyğun verilmədiyindən) qərara alınmışdır. Cavabdeh tərəfindən yenidən həmin məhkəmə qətnaməsindən xx.xx.2023-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Cavabdeh tərəf qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə ərizədə üzrlü hal kimi atasının və arvadının ölümü ilə bağlı yas mərasimlərinə başının qarışması kimi hallara istinad etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamələrdən görünür ki, cavabdehin atası X8 xx.xx.2022-ci il tarixdə, arvadı X5 xx.xx.2022-ci il tarixdə ölmüşlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf müvafiq məhkəmə qətnaməsini xx.xx.2021-ci il tarixdə şəxsən özü təhvil almışdır. Üzrlü hal kimi istinad etdiyi hallar isə qeyd edilən vaxtdan 5 ay sonra baş vermişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, cavabdehin istinad etdiyi hallar ötürülmüş prosessual müddətin bərpası ilə bağlı üzrlü hal kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin, qeyd olunmalıdır ki, cavabdeh tərəfindən başqa hər hansı əsasa istinad edilməmiş və bununla bağlı başqa hər hansı sübut vasitəsi təqdim edilməmişdir. Qeyd olunan qanunvericilik normalarının təhlilindən görünür ki, həmin normalarda prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, cavabdehin şikayətində göstərdiyi dəlillər məhkəmənin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, şikayət təmin edilməməli,barəsində şikayət verilən məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-8031/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-847/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-847/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver