Məhkəmə qərarları › İş №2(105)-849/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-849/2022

13.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-849/2022 13.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)-541/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)-541/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 vurulmuş zərərin əvəzi olaraq 22.950 manat (iyirmi iki min doqquz yüz əlli) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14 (on dörd) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh1 141 (bir yüz qırx bir) manat və İddiaçı 159 (bir yüz əlli doqquz) manat tutuluraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.(A.Süleymanova) Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)-541/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh1 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 onun xeyrinə 48000 manat maddi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə dəyişiklik barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 44670,58 manat pul vəsaitinin, digər cavabdeh “Xalq Bank" Açıq Səhmdar Cəmiyyətindən isə 3329,42 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2012-ci il tarixli 2(105)-558/2012 saylı qətnaməsi ilə ASC ’’Xalq” Bankı (’’Bank”) və Cavabdeh1 arasında bağlanmış 18 aprel 2011-ci il tarixli, **********11 nömrəli Kredit müqaviləsi üzrə Bankın tələblərinin təmin edilməsi üçün bağlanmış 18 aprel 2011-ci il tarixli, 022008/0212/11/09 nömrəli İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə ona məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 20A/36 nömrəli binanın, 1-ci mərtəbəsində yerləşən 40,7 kv.m. ümumi, 28,3 kv.m. yaşayış, 12,4 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 2 nömrəli mənzilə tutma yönəldilməsi və həmin mənzilin dəyərindən Bankın iddia tələbinin ödənilməsi qərara alınmışdır. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.04.2011-ci il tarixli, **********11 nömrəli Kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 25% ödəmək şərtiilə 19000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 bank qarşısında kredit öhdəliyini yerinə yetirmədiyinə görə bank məhkəməyə müraciət etmiş və yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mənzil "xxxx" MMC-nin 509 nömrəli, 29.12.2012-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabatı”na əsasən mənzil 36000 manat dəyərində qiymətləndirilmiş və "xxxx" MMC-də hərraca çıxarılmışdır. "xxxx" MMC-nin 18 iyun 2013-cü il tarixli məlumatında qeyd edilir ki, göstərilən mənzil hərraca çıxarılmış və ilkin 36000 manatdan dəyəri 22 950 manata endirilmişdir. Bank həmin məbləğə həmin mənzili almış, hal-hazırda bankın mülkiyyətindədir. "xxxx"ın 25.10.2013-cü il tarixli, 2135 nömrəli bildirişindən görünür ki, Bank tərəfindən qeyd edilən mənzil qanunvericiliyə uyğun olaraq 05.10.2013-cü il tarixdə əldə edilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin əmlak üzərində Bankın mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* №-li Çıxarış alınmışdır. Bank bu prosuduru bitirdikdən sonra məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 19.08.2014-cü il tarixli qətnaməsi ilə evdən çıxarılmaları qət edilmişdir. Sonradan həmin qətnamədən apellyasiya və kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 avqust 2016-cı il tarixli, 2(102)-1407/2016 saylı qəran ilə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 2017-ci ildən o və digər övladları mənzildən çıxarılmışdır. Hal-hazırda qızının himayəsində kirayədə yaşayır. Bankdan kredit götürən cavabdeh isə kredit öhdəliyinin yerinə yetirilməməsi nəticəsində ona vurulmuş ziyanı ödəməkdən imtina edir. Hal-hazırda mənzilin orta bazar dəyər 40.000 manat manatdır. Bundan başqa, yaranmış vəziyyətdən çıxmaq üçün dəfələrlə məhkəmələrə iddia ərizəsi ilə müraciət etmiş, vəkillərin hüquqi yardımından istifadə etmişdir. Bununla bağlı təqribən 2000 manat pul xərcləmişdir. Bundan başqa, iki ildən artıqdır ki, kirayədə yaşayır, ayda 250 manat, iki il ərzində 6000 manat kirayə pulu xərcləmişdir. Cavabdeh həmin xərcləri ödəməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, yaranmış mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, o məhkəmə iclaslarına dəvət edilməmiş, bu da nəticədə hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iddianı təmin edərkən hansı əsasa görə qətnamə qəbul etməsini əsaslandırmamışdır. İddiaçı cavabdehin mənzilinin ipoteka ilə yüklü edilməsini istəmiş və onun razılığı ilə mənzil ipoteka ilə yüklü edilmişdir. Məhkəmə MM-nin 21-ci, 311-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iddiaçının xeyrinə qəbtnamə qəbul edərkən guya cavabdehin öhdəliyini icra etməməsinə istinad etmişdir ki, bu hal həqiqət deyil. Məhkəmə iddia tələbini əsaslandırmamış, əsassız, qərəzli qətnamə qəbul etmişdir. Beləliklə sadalanan xüsusatlar nəzərə alınmalı, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Apellyasiya baxışı zamanı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında şikayətə etiraz edərək, bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayəti formal xarakter daşıyır. Bu səbəbdən təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 (iştirak etdiyi məhkəmə iclasında) apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, şikayətin dəlilləri tam əsaslıdır. Məhkəmə qətnaməsi onun hüquqlarını kobud surətdə pozur. Şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-558/2012 saylı iş üzrə 27 iyun 2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ASC "xxxx"ının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2012-ci il tarixli, 2(060)- 472/2012 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "xxxx"ın cavabdeh İddiaçı və üçüncü şəxs Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi, 18 aprel 2011-ci il tarixli, 022008/0212/11/09 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayonda ev 36/20A-da yerləşən 28,3 kv.m. yaşayış, 12,4 kv.m. köməkçi sahədən ibarət 2 otaqlı, 2 nömrəli mənzilə tutmanın yönəldilməsi, İddiaçı 18 aprel 2011-ci il tarixli, **********11 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx"ı qarşısında 18.244 (on səkkiz min iki yüz qırx dörd) manat məbləğində əsas borcu, 23 dekabr 2011-ci il tarixinə 1.277,04 (bir min iki yüz yetmiş yeddi manat 04 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə 23 dekabr 2011-ci il tarixinə qədər 99,54 (doxsan doqquz manat, 54 qəpik) manat məbləğində hesablanmış cərimə faizləri - cəmi 19,620,58 (on doqquz min altı yüz iyirmi manat, 58 qəpik) manat tutulması, 23 dekabr 2011-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 40 faiz hesabı ilə hesablanan cərimə faizləri və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və apellyasiya şikayətinin verilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. "xxxx" MMC-nin 22 iyun 2021-ci il tarixli, № H/03- PLS saylı rəyindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(060)- 541/2021 saylı qərardadının icrası ilə bağlı qiymətləndirici eksperti tərəfindən toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar dəyəri 50.000 (əlli min) manat təşkil etmişdir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. ASC "xxxx"-ın 15.10.2021-ci il tarixli, 1823 saylı məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27.06.2012-ci il tarixli, 2(105)-558/2012 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası zamanı borclu İddiaçı məxsus tutma yönəldilmiş ünvan 2 ünvanında yerləşən 2 otaqlı 2 nömrəli mənzil icra qurumu tərəfindən hərraca çıxarılmış, keçirilmiş hərraclarda alıcı olmadığından əmlak borc müqabilində alınması üçün Banka təklif edilmiş, Bank tərəfindən təklif qəbul edilərək əmlak son satış qiyməti olan 22.950 manat müqabilində Bankın balansına keçmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə Bankın iddia tələbləri tam təmin edildiyindən (iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməşi tarixinə qədər əsas borc məbləğinə illik 40 % hesabı ilə hesablanan faizlərin ipoteka predmetinin dəyərindən Bankın xeyrinə tutulması təmin edilmişdir), borcalan Cavabdeh1 qətnamə üzrə borcu əmlakın balansa keçdiyi 20.11.2013-cü il tarixinə 28.344,60 manat təşkil etmişdir. Əmlakın dəyəri (22.950 manat) Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə təmin olunmuş borc məbləğinin (28.344,60 manat) ödənilməsinə kifayət etməmişdir. Borcalanın qətnamə üzrə ödənilməmiş digər borcları X1 24.12.2020-ci il tarixli, 135 nömrəli Protokolu ilə Borc alana güzəşt edilmişdir. Azərbaycan Respublikası Xammal və X2 Mərkəzi "xxxx" MMC-nin Sumqayıt şəhər İcra Şöbəsinə, ASC "xxxx"-a, İddiaçı və Cavabdeh1 ünvanlandığı 18 iyun 2013-cü il tarixli, 01/1630 saylı məlumatdan görünür ki, İddiaçı məxsus olan ipoteka ilə yüklənmiş Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 36/20A saylı evin 2 saylı mənzili məlumat daxil olan tarixdən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən (36000 manat) 25% aşağı qiymətlə, yəni 22 950 (iyirmi iki min doqquz yüz əlli man., 0 qəp) manata əldə edilməsi banka təklif edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, iddianın təmin edilməyən hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən həmin hissədə araşdırma aparılmamalıdır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)-541/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ASC "xxxx" ilə Cavabdeh1 arasında 18 aprel 2011-ci il tarixli, **********11 nömrəli Kredit müqaviləsi bağlanmış, həmin kredit öhdəliyinin təminatı olaraq İddiaçı məxsus yaşayış sahəsi Bank qarsında ipoteka ilə yüklü edilmişdir. Borclu kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Bank tərəfindən ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi barədə iddia qaldırılmış, məhkəmə qətnaməsinə (Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-558/2012 saylı iş üzrə 27 iyun 2012-ci il tarixli qətnaməsi) əsasən iddia təmin edilmişdir. İpoteka predmeti 36.000 manat məbləğində qiymətləndirilərək ilkin satış qiyməti göstərilən məbləğdə müəyyən edilmiş və hərraca çıxarılmış, hərracın keçirilməsi barədə tərəflərə məlumat verilmiş, təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti ilkin satış qiymətindən 25% aşağı qiymətlə 22.950 manat müqabilində ASC ’’Xalq Bank”-nın mülkiyyətinə keçmişdir. Hazırda İddiaçı Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində maddi zərərə uğradığını, əmlakından məhrum olduğunu və bu əsasla mənzilin dəyərini, o cümlədən əlavə xərcləri tələb edir. İddiaçı digər cavabdeh ASC ’’Xalq Bank”-dan əmlakın təklif olunan məbləğinin borc məbləğindən artıq olduğunu və həmin artıq qalmış 3.329,42 manat məbləğin Bank tərəfindən əsassız olaraq ona ödənilmədiyini iddia edir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddia tələbini ASC ’’Xalq Bank”-a münasibətdə haqlı olaraq əsassız hesab etmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi məhkəmə qətnaməsinə əsasən 23 dekabr 2011-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 40 faiz hesabı ilə hesablanan cərimə faizlərinin tutulması qət edilmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə Cavabdeh1 aid hissədə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə düzgün olaraq mübahisəni həll edərkən aşağıdakı normalara istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Həmin Məcəllənin 311.2-ci maddəsinə görə əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Yenə həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh1 iddiaçı İddiaçı qarşısında öhdəliyi yaranmışdır və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 bank qarşısında öhdəliyini yerinə yetirmədiyinə görə tələb onun öhdəlyinin təminatı qismində ipotekaya qoyulmuş Ədilə Mustafayevanın mənzilinə yönəlmiş, son nəticədə o, mənzilindən məhrum olmuşdur. Belə olan təqdirdə Ədilə Mustafayeva tələbində haqlıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(060)- 541/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar