Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-850/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Siyəzən rayon məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(059)-352/2020 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən rayon məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3 iddiaçı "İddiaçı" QSCnin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 1930,03 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməsi qət edilmişdir. İddiaçı QSC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 yanvar 2015-ci il tarixli, 011R********** saylı kredit razılaşması və ona əlavə edilmiş saziş üzrə cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə 1930,03 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 sentyabr 2013-cü il tarixli uzunmüddətli kredit xətti müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı QSC tərəfindən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 07 yanvar 2015-ci il tarixli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə həmin tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar. Bundan əlavə, iddiaçı bankla Cavabdeh3 imzaladıqları 18 mart 2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 09 yanvar 2017-ci il tarixdən banka qaytarmamış, nəticədə qeyd edilən kredit razılaşması üzrə cavabdehin 1930,03 manat borcu qalmışdır. Cavabdehlərə bank tərəfindən xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, onlar kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbirlər görməmiş, kredit razılaşmasından irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı QSC Siyəzən rayon məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, zaminlərə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi, qismən, zaminə münasibətdə təmin edilməyən hissəsində maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Birinci instansiya məhkəməsi prosessual hüquq pozuntusuna, habelə mübahisəli iş üzrə maddi hüquq pozuntusuna yol vermişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prossual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Siyəzən rayon məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin müqavilə üzrə öhdəliyi lazımınca icra etməməsi və zaminə qarşı münasibətlərə xitam verilməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1., 442., 445.1., 448.1., 477.0.1., 739.1., 739.2., maddələrinə istinad etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticədən vermiş olduğu apellyasiya şikayətində məhkəmənin zaminlərə münasibətdə iddia tələbinin rədd edilməsi hissəsində gəldiyi nəticəni mübahisələndirmiş, həmin hissədə qətnamənin ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin zaminlərə aid hissədə iddianın rədd edilməsi barədə gəldiyi nəticənin mübahisələndirilməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 442 və 425.1. maddələri). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (448.1. və 445.1. maddələri). İşdən göründüyü kimi iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 10.09..2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh3 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları kredit xətti açılmış və həmin kredit xətti müqaviləsi üzrə 07.01.2015-ci il tarixli kredit razılaşmasına əsasən sonuncuya aylıq 2.25 faizlə 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliyinin icrasının təmin edilməsindən ötrü digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilədən irəli gələn öhdəliyin icra edilməməsinə görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini zaminlər Cavabdeh2 və Cavabdeh1 18 mart 2016-cı il tarixli, 011R**********S saylı sazişi imzalanarkən onların razılıqlarının alınmadığına görə təmin etməmişdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələri). Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarı). Həmçinin həmin qərarda qeyd edilmişdir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz. İddianı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid hissədə təmin etməyən birinci instansiya məhkəməsi sazişin imzalanarkən onların razılığının alınmaması kredit xətti üzrə sonradan yaranan dəyişikliklər üzrə məsuliyyətlərinin artmasına və onlar üçün əlverişsiz nəticələrə səbəb olduğuna istinad edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2019-cu il 25 iyul tarixli qərarı ilə əsaslandırmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin zaminlərə aid hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il Qərardadından görünür ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İşdən göründüyü kimi İddiaçı QSC ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış hüquq münasibəti 25 iyul 2019-cu il tarixdən əvvəl yaranmışdır. Belə ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında kredit xətt müqaviləsi 10.09.2013-cü il tarixdə, həmin kredit xətti müqaviləsi üzrə kredit razılaşması isə 07.01.2015-ci il tarixdə bağlanmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi 07.01.2015-ci il tarixdə bağlanmışdır. Lakin İddiaçı QSC isə hazırki iddia tələbi ilə 28 avqust 2020-ci il tarixdə Siyəzən rayon məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırki mülki iş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarı qüvvəyə minənədək məhkəmənin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdehlər arasında münasibətlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarları qüvvəyə minməsindən əvvəl yaranmışdır. Qeyd etmək lazımdır ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh2 arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli və Cavabdeh1 arasında bağlanmış 07 yanvar 2015-ci il tarixli, **********35302 saylı zaminlik müqavilələrinə əsasən İddiaçı qapalı səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh3 arasında bağlanmış 10 sentyabr 2013-cü il tarixli, 11L000003966 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin kimi Cavabdeh2 və Musayev X2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı QSC-nin Xaçmaz filialı ilə Cavabdeh3 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 18 mart 2016-cı il tarixli saziş üzrə 10 sentyabr 2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit razılaşması” üzrə borclunun öhdəliklərinin icrasını təmin edir, kredit xəttinin məbləği 30000 ABŞ dolları, kredit xəttinin müddəti 120 ay göstərilmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, zaminlik müqaviləsi üzrə öhdəlik götürmüş Cavabdeh2 və Cavabdeh1 da kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Siyəzən rayon məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı QSC apellyasiya şikayəti təmin edilsin. Siyəzən rayon məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1930 (min doqquz yüz otuz) manat 03 (üç) qəpik məbləğində kredit borcu İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-850/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-850/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver