Məhkəmə qərarları › İş №2(105)-853/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-853/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-853/2025 11.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsinə qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1085/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Masazır kənd bələdiyyəsindən borcun məbləği olan 1700 manat miqdarında vəsaitin, həmçinin ödədiyi dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonunda 2006-cı ildən ailəsilə birgə qeydiyyatdadır. 2006-cı ildən 2018-ci il daxil olmaqla evi 144 kvadratmetr, torpağı 19 sot olmaqla hər il vaxtı vaxtında torpaq vergisini Masazır bələdiyyəsinə 80 manat dövlət rüsumu ödəmişdir. Həmin bu məsələ Abşeron Rayon Məhkəməsinin 2(012)-101/2020 qərarında öz təsdiqini tapmışdır. Buna baxmayaraq Masazır bələdiyyəsi 2018-ci ildə iddia qaldıraraq iddiaçının torpağını məhkəmə qərarı ilə əlindən almışdır. O, da iddia qaldırmış və Sumqayıt İnzibati Məhkəməsinin 2-1/118/1568/2021 nömrəli iş üzrə Masazır kəndi Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixindən 2018-ci il daxil olmaqla, ödədiyi torpaq vergisinə dair qəbzlərin Masazır bələdiyyəsində qeydiyyatdan keçib-keçməməsi və bu torpaq vergisi ilə bağlı bələdiyyənin hesabına pul vəsaiti ödənilib-ödənilməsi müəyyən edilməsinə dair iddiası təmin edilmişdir. Masazır bələdiyyəsinə həvalə olunmuş və bələdiyyənin iddiaçıya ünvanlanmış 2022-ci ilin 5 mart tarixli, xx/xx/0104/67/ nömrəli məktubunda bildirmişdir ki, Masazır bələdiyyəsinin keçmiş rəhbərliyi tərəfindən 2006-2013-cü il tarixinə aid müfaviq qəbzləri Abşeron rayon dövlət arxivinə göndərilməsi keçmiş rəhbərliyi tərəfindən bildirilsə də 2013-2018-ci ilinə aid digər qismi isə bələdiyyə seçilmiş yeni tərkibinə təhvil verilməmişdir. Odur ki, keçmiş rəhbərlik iddiaçının ödədiyi pulları 14 il dövlət büdcəsinə keçirməmiş, öz mənfəəti üçün mənimsəmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1085/2025 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Abşeron Rayonu Masazır Bələdiyyəsindən 80 (səksən) manat və ödənilmiş dövlət rüsumuna görə 2 (iki) manat pul vəsaitinin alınaraq, İddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iddia tələbində Abşeron rayon Masazır bələdiyyəsindən 1720 manat pulun alınaraq ona verilməsini tələb etsə də həmin məbləğin bələdiyyə tərəfindən borclu olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Abşeron rayon Masazır bələdiyyəsinin 123 saylı, xx.xx.2019-cu il tarixli arayışından və ona əlavə olunmuş ödəniş qəbzindən göründüyü kimi ünvan 2i, A.Abbasov küçəsində yaşayan İddiaçı istifadəsində olan 0.10 ha torpaq sahəsinə və ümumi sahəsi 144 kv. metr olan tikiliyə görə xx.xx.2018-ci il tarixdə əmlak və torpaq vergisinə görə 80 manat ödəniş etmişdir. Göründüyü kimi ünvan 2i, A.Abbasov küçəsində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı məxsus olmuş, lakin Abşeron Rayon Məhkəməsinin 2(012)- 101/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan cavabdeh İddiaçı tərəfindən qanunsuz zəbt olunmuş 0,05 ha torpaq sahəsinin geri qaytarılması, həmin torpaq sahəsində qanunsuz tikilmiş 1.0 metr hündürlüyündə 28.0 metr uzunluğunda, 1,60 metr hündürlükdə 15,0 metr uzunluğunda daş hasarın cavabdehin öz hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və iddiaçının mülkiyyətinə qaytarılması qət edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı əmlak və torpaq vergisi olaraq 80 manat ödədiyi halda, sözügedən məhkəmə qətnaməsi ilə həmin torpaq sahəsi Abşeron rayon Masazır bələdiyyəsinə geri qaytarıldığından, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsindən 80 manat pul vəsaiti alınaraq iddiaçı qızının xeyrinə ödənilməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 1091, 1092.1, Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1085/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə qərəzli və birtərəfli baxaraq qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işi hər tərəfli araşdırmamışdır. O, 2006-cı ildən 2018-ci il də daxil olmaqla 14 və 5 sot torpaq sahəsinə hər il vaxtı-vaxtında torpaq vergisini ödəmiş və qəbzləri bələdiyyəyə vermişdir. Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli məktubda da qeyd edilmişdir ki, Masazır kəndi, Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı ildən 2018-ci il daxil olmaqla torpaq vergisi tərəfindən ödənilmiş və bununla bağlı qəbzlər Masazır bələdiyyəsinin keçmiş rəhbərliyi tərəfindən də təqdim edilmişdir. Abşeron rayon Masazır bələdiyyəsinin 05 mart 2022-ci il tarixli məktubundan da görünür ki, Masazır bələdiyyəsinin keçmiş rəhbərliyi tərəfindən 2006-2013-cü il tarixinə aid müvafiq qəbzləri Abşeron rayon dövlət arxivinə göndərilməsi keçmiş rəhbərlik tərfindən bildirilsə də 2013-2018-ci ilinə aid digər qismi isə bələdiyyə seçilmiş yeni tərkibinə təhvil verilməmişdir. Eyni zamanda X1 Sistemində torpaq və əmlak borcunun olmaması qeyd edilmişdir. Buradan da görünür ki, keçmiş rəhbərlik ödədiyi pulları dövlət büdcəsinə keçirməmiş, öz mənfəəti üçün mənimsəmişdir. Lakin, məhkəmə işi hərtərəfli araşdırmamışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2000-ci ildən Masazır kəndində yaşayır. 19 sot torpaq üçün 2006-cı ildən 2018-ci daxil olmaqla bələdiyyə vergisini ödəmişdir. 2020-ci ildə Bələdiyyə ona qarşı məhkəmədə iddia qaldıraraq 5 sot torpaq sahəsindən çıxarılmasını tələb etmiş və iddia təmin edilmişdir. Bundan sonra Sumqayıt İnzibati Məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə ödədiyi qəbzlərin bələdiyyənin hesabına oturuboturmaması barədə məlumatın verilməsi öhdəliyi bələdiyyə üzərinə qoyulmuşdur. Bundan sonra Arxiv idarəsinə sorğu verilmiş, təqdim elədiyi qəbzlər arxivdə aşkar edilməmişdir. Hər il 144 kv.metr ev və 19 sot torpaq sahəsinə görə 80 manat ödəniş edirdi. 2018-ci ildə 5 sot torpaq sahəsini məhkəmə ilə geri almış, 300 manatdan çox cərimə ödəmişdir. Köhnə bələdiyyə sədri ödədiyi məbləğləri mənimsəmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi və üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

İşdə olan sübutlar

12. Abşeron Rayon Məhkəməsinin 2(012)-101/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətində olan cavabdeh İddiaçı tərəfindən qanunsuz zəbt olunmuş 0,05 ha torpaq sahəsinin geri qaytarılması, həmin torpaq sahəsində qanunsuz tikilmiş 1.0 metr hündürlüyündə 28.0 metr uzunluğunda, 1,60 metr hündürlükdə 15,0 metr uzunluğunda daş hasarın cavabdehin öz hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və iddiaçının mülkiyyətinə qaytarılması qət edilmişdir. Həmin qətnamədə istinad olunan Abşeron rayon Masazır bələdiyyəsinin 123 saylı, xx.xx.2019-cu il tarixli arayışına və ona əlavə olunmuş ödəniş qəbzə əsasən ünvan 2i, A.Abbasov küçəsində yaşayan İddiaçı istifadəsində olan 0.10 ha torpaq sahəsinə və ümumi sahəsi 144 kv. metr olan tikiliyə görə xx.xx.2018-ci il tarixdə əmlak və torpaq vergisinə görə 80 manat ödəniş etmişdir.

13. İşə əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(108)-1568/23021 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “Masazır kəndi, Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixdən 2018-ci il daxil olmaqla ödədiyi torpaq vergisinə dair qəbzlərin Masazır Bələdiyyəsində qeydiyyatdan keçib-keçməməsi və bu torpaq vergisi ilə bağlı bələdiyyənin hesabına pul vəsaitinin ödənilib-ödənilməməsinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi təmin edilmiş, İddiaçı Masazır kəndi, Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixdən 2018-ci il daxil olmaqla ödədiyi torpaq vergisinə dair qəbzlərin Masazır Bələdiyyəsində qeydiyyatdan keçib-keçməməsi və bu torpaq vergisi ilə bağlı bələdiyyənin hesabına iddiaçı tərəfindən pul vəsaitinin ödənilib-ödənilməməsi barədə məlumatın verilməsi öhdəliyi Abşeron rayonu Masazır Bələdiyyəsinə həvalə olunmuşdur.

14. Azərbaycan Respublikası Abşeron Rayonu Masazır Bələdiyyəsi tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Masazır bələdiyyəsi 22 noyabr 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin 21(118)-1568/2021 saylı, 6 oktyabr 2021-ci il tarixli qərarının tam icrası ilə əlaqədar Masazır kəndi, Akim Abbasov küçəsində yerləşən 14 və 5 sot torpaq sahəsinə görə 2006-cı il tarixdən 2018-ci il daxil olmaqla torpaq vergisinə dair ödəniş qəbzlərinin (surətləri) arxivdə olub-olmaması barədə məlumat verilməsi ilə bağlı Abşeron Rayon Dövlət Arxivinə sorğuyla müraciət olunmuşdur. Arxiv idarəsinin 17 dekabr 2021-ci il tarixli, H-391 saylı cavab məktubunda göstərilir ki, “X5 sənədlər müvafiq İcra strukturlarının qərar və sərəncamları, tarix və nömrəsinə uyğun olaraq saxlanılır. Qeyd etdiyiniz sorğuyla bağlı X5 hər hansı bir məlumat əldə etmək imkan xaricindədir.” Eyni zamanda Masazır bələdiyyəsinin keçmiş rəhbərliyi tərəfindən 2006-2013-ci il tarixlərinə aid müvafiq ödəniş qəbzləri Abşeron Rayon Dövlət Arxivinə göndərilməsi keçmiş rəhbərlik tərəfindən bildirilsə də 2013-2018-ci il tarixinə aid digər qismi isə bələdiyyəyə seçilmiş yeni tərkibə təhvil verilməmişdir. Masazır bələdiyyəsində X1 Sistemində İddiaçı göstərilən dövrlər üzrə torpaq və əmlak borcu isə yoxdur.

15. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı ünvan 2i ünvanında qeydiyyatdadır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

17. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1085/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən hissədə, iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 1085/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı hər il 144 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və 0,19 ha torpaq sahəsinə görə hər il 80 manat əmlak vergisini ödədiyni, lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-101/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Masazır bələdiyyəsinin iddiasının təmin edilərək, onun tərəfindən zəbt olunmuş 0,05 ha torpaq sahəsindən çıxarıldığını iddia edərək, 2006-2018ci illər ərzində ödədiyi əmlak vergisinə görə pulların geri qaytarılmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2006-2018-ci illər ərzində 144 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və 0,19 ha torpaq sahəsinə görə hər il 80 manat əmlak vergisi ödədiyini iddia edib, cavabdehdən 1700 manat pul tələb etmişdir. Hərçənd ki, 2006- 2018-ci illər üzrə hər il üçün 80 manat pul məbləğinin cəmi 960 manat təşkil edir ki, cavabdehdən 1700 manat pul edilməsi anlaşılan olmamaqla, iddiaçının nümayəndəsi də məhkəmə iclasında 1700 manatı hansı qaydada hesablanıb tələb edilməsini izah edə bilməmişdir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin 2(012)-101/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Masazır bələdiyyəsinin iddiası təmin edilərək, cavabdeh İddiaçı bələdiyyənin mülkiyyətində olan zəbt olunmuş 0,05 ha torpaq sahəsindən çıxarılması qət edilsə də iddiaçı 0,05 ha torpaq sahəsinə görə deyil, ümumilikdə 2006-2018-ci illər ərzində 144 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və 0,19 ha torpaq sahəsinə görə ödəmiş olduğu pul vəsaitlərinin geri qaytarılmasını xahiş etmiş, bu mövqeyni isə əsaslandıra bilməmişdir. Hərçənd ki, iddiaçı ümumiyyətlə zəbt olunmuş 0,05 ha torpaq sahəsinə görə pul ödəməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı tələbinin təsdiq edən sübut qismində edilmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(108)-1568/23021 nömrəli qərarına və həmin qərarın icrası ilə bağlı Abşeron Rayonu Masazır Bələdiyyəsi tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda istinad etsə də həmin sənədlərin məzmunu ilə də iddiaçı tərəfindən hər hansı bir hüquqi əsas olmadan müvafiq ödənişin edilməsi və bələdiyyənin həmin vəsait hesabına əsasszı varlanması müəyyən edilmir. Qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 2(012)-101/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində istinad olunan Abşeron rayon Masazır bələdiyyəsinin 123 saylı, xx.xx.2019-cu il tarixli arayışından və ona əlavə olunmuş ödəniş qəbzinə əsasən isə ünvan 2i, A.Abbasov küçəsində yaşayan İddiaçı istifadəsində olan 0.10 ha torpaq sahəsinə və ümumi sahəsi 144 kv. metr olan tikiliyə görə xx.xx.2018-ci il tarixdə əmlak və torpaq vergisinə görə 80 manat ödəniş etmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini əsassız hesab etmişdir.

22. Beləliklə, məhkəmə kollegiyası iddianın rədd edilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(012)-1085/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın.

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1085/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar