Məhkəmə qərarları › İş №2(105)-854/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-854/2022

01.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-854/2022 01.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Telman Qədir oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh Ələm oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Ələm oğluna qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən Cavabdeh Ələm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh Ələm oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ələm oğlunun ona məxsus zəbt etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, 06.03.2020- ci il qeydiyyat tarixli Çıxarış əsasında Quba-Bakı yolunun kənarında Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0.209 ha torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsinin Cavabdeh Ələm oğlunun hesabına boşaldılması, ona məxsus torpaq sahəsinə Cavabdeh Ələm oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bu qətnamədən Cavabdeh Ələm oğlu tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosesual müddətin bərpası barədə ərizə Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qərardadı ilə təmin edilmiş, apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Quba Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qərardadı ilə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4086/2021 saylı 28.12.2021-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən Cavabdeh Ələm oğlu tərəfindən verilmiş apellyasiya şikayət qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin 02.02.2022-ci il tarixli, 2(027)-244/2021 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra cavabdeh tərəfindən yeni qaydalara uyğun apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materialları ilə aydın olur ki, Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət Quba Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qərardadı ilə təmin edilməmiş, lakin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmadan, hazırkı apellyasiya şikayətinə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin izahatını dinləyib hesab edir ki, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya baxışı qeyri-mümkün hesab edilməli, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmədən, Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Cavabdeh Ələm oğluna qarşı Torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən Cavabdeh Ələm oğlu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar