Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-856/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, e-2(012)-506/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə 1996.89 manat borc, ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Xırdalan” fililalı ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********56 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X5 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 2900 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixdə 8V-969 nömrəli vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş qalan 1996.89 manat borcu qalmışdır. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, “Azərbaycan Beynəlxalq Bankı" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, mirasın qəbulu barədə ərizə ilə notariusa müraciət etsə də, miras əmlak olmadığından ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Yaşadığı evin sənədi yoxdur, özbaşına tikilidir. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, e-2(012)-506/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Cəmilə Səfiyeva) Qətnamədən iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə əlavə sübut kimi təqdim edilmiş “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarını nəzərə almamışdır. Həmin qərara əsasən məhkəmə iddia tələbini tam təmin etməlidir. Belə ki, qərarla müəyyən edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Həmin qərarın nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, e-2(012)-506/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı» ASC ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********56 saylı Kredit müqaviləsinin surətindən müəyyən edilir ki, bank X5 48 ay müddətinə, xx.xx.2023-cü il tarixinədək illik 20 % olmaq şərtilə 2900 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan BPM**********56 saylı kredit müqaviləsinə 1 saylı Əlavə ödəniş cədvəlindən görünür ki, borclunun xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan borcu 2900 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 706 №-li maliyyə arayışdan müəyyən edilir ki, X3 iddiaçı “Azərbaycan Beynəlxalq Bankı» ASC-yə kredit müqaviləsi üzrə 06 sentyabr 2022-ci il tarixinə 1500,83 manat əsas borc, vəfat etdiyi tarixə 496.06 manat faiz borcu, cəmi 1996.89 manat borcu vardır. Gədəbəy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 174790 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmişdir. İş materiallarında olan Cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat ofisinə ünvanladığı ərizənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, 2020-ci ildə ünvan 2 ünvanında yaşamış anası - X7 ölmüş, ondan irs qalmış əmlakı cavabdeh qəbul etmişdir, ondan başqa vərəsə yoxdur. Mirasın tərkibinə daxil olan yaşayış sahəsindən (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ona çatası hissəyə dair qanun üzrə (və ya vəsiyyətnamə üzrə, habelə məcburi paya) vərəsəlik şəhadətnaməsinin əmlakın növü və vərəsəliyə çağırılmanın əsası fərdi qaydada göstərilməklə verilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat ofisinin AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin rəisinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat ofisinə 07 iyul 2020-ci ildə vəfat etmiş X4 miras qalmış əmlaka dair Cavabdeh müraciət etmiş və vərəsələr sırasına daxil edilmişdir. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq, X5 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, X3 vərəsəsi Cavabdeh borcu 5 gün müddətində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, iddiaçı tərəfindən borcalanın qızı olan Cavabdeh anasından qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə mövcud deyildir. Belə bir şəhadətnamə məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddiaçı qarşısında öhdəliyini əsaslandıran sübut olmadığından iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, iddiaçı Cavabdeh X3 vərəsəsi olduğunu, notariat kontoruna müraciət etdiyini və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini qeyd etsə də, iş materiallarında cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini təsdiq edən heç bir sübut yoxdur. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, e-2(012)-506/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-856/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-856/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver