Məhkəmə qərarları › İş №2(105)-857/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-857/2023

11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-857/2023 11.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və cavabdeh Həsənov Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Həsənov Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(060)-450/2023 nömrəli qətnaməsindən cavabdeh Həsənov Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Həsənov Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-12290/2016 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızının və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək cavabdeh Həsənov Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızının və xx.xx.2014- cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(060)-12290/2016 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızı və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun X1 yanında qalmaları, Həsənov Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2012-ci il təvəlliüdlü Həsənli Nuray Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 117 manat sabit pul mələğində alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi, Həsənov Cavabdeh hər ay 50 manat miqdarında alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək tutulub X2 verilməsi, iddianın qalan hissədə rədd olunması qət olunmuşdur. Hazırda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-12290/2016 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızının və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun saxlanması üçün müəyyən edilmiş aliment miqdarının indiki reallıqda uşağın saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin görülməsı üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi zərurəti yaranmışdır və ona görə də sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Cavabdeh Həsənov Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-12290/2016-cı il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızının və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər uşaq üçün 117 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. O, aliment qət edildiyi gündən uşaqların saxlanması üçün alimenti tam və artıqlaması ilə ödəmiş və hal-hazıra kimi heç bir aliment borcu yoxdur. Bildirir ki, hazırda o heç yerdə işləmir və ailə vəziyyəti olduqca ağırdır. Belə ki, qardaşı X5 1-ci X3 rayonunun Gülablı kəndi ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Himayəsində qoca və xəstə anası vardır. Ona görə də iddiaçının tələb etdiyi hər ay hər uşaq üçün 193 manat aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, 2016-cı il tarixdən hazıra kimi imkanı daxilində uşaqlarının saxlanması üçün hər ay 117 manat alimentə qarşı 300-340 manat, 250-280 manat və 240 manat məbləğlərində, hətta artıq aliment ödəmişdir. Uşaqlar onun uşaqlarıdır, o, uşaqlara baxmağa borcludur. O hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment ödəyə bilər. Hazırda onun iş yeri və başqa gəlirləri yoxdur, ona görə də iddiaçının tələb etdiyi alimenti ödəmək iqtidarında deyildir. O, imkanı daxilində uşaqlarının saxlanması üçün aliment ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(060)-450/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 12290/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızı və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdeh Həsənov Cavabdeh hər ay hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan cavabdeh Həsənov Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(060)-450/2023 nömrəli qətnaməsini iddianın tam təmin edilməsi hissəsində ləğv edərək yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızının və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun maddi və ailə vəziyyətini araşdırmadan, ödəmək qabiliyyətinin olub-olmamasını nəzərə almadan ondan hər uşaq üçün 193 manat alimentin alınaraq iddiaçıya verilməsi barədə qərar qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Həsənov Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 927556 saylı və AZ-İİİ ******* saylı doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızı və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlu anadan olmuşlar. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-12290/2016 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızı və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun X1 yanında qalmaları, Həsənov Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 117 manat sabit pul məhləğində alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi, Həsənov Cavabdeh hər ay 50 manat miqdarında alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək tutulub X2 verilməsi, iddianın qalan hissədə rədd olunması qət olunmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Həsənov Cavabdeh ilə X1 birgə nikah münasibətlərindən xx.xx.2012-ci il tarixdə Həsənli Nuray Cavabdeh qızı və xx.xx.2014-cü il tarixdə Həsənli Bayram Cavabdeh oğlu doğulmuşlar. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş, ailə münasibətlərinə son qoymuşlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-12290/2016 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızı və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun X1 yanında qalmaları və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla sabit pul mələğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. Hazırda tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızı və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlu iddiaçının himayəsindədirlər və uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği onların artan tələbatlarını ödəmək üçün kifayət etmədiyindən iddiaçı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 03 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12290/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirərək, xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızı və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdeh Həsənov Cavabdeh hər ay hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qənaətinə gəlmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində təyin edilmiş aliment miqdarının azaldılmasının dəlili kimi heç bir yerdə işləməməsini və maddi imkanının olmamasını göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlilləri onun azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunmuş aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Eləcə də, birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2022-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini nəzərə almışdır. Odur ki, tərəflərin azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızı və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşağa görə hər ay 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutulması uşaqların mənafeyi baxımından məqsədəuyğundur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Həsənov Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(060)-450/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar