Məhkəmə qərarları › İş №2(105)-858/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-858/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-858/2021 31.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki iş Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)3013/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)3013/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 769,43 manat məbləğində kredit borcu, həmin müqavilənin müddətinin bitmə tarixinə 200,62 manat məbləğində faiz borcu və 27 manat cərimə, cəmi 997 manat 05 qəpik, xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 915,63 ABŞ dolları məbləğində kredit borcu, həmin müqavilənin müddətinin bitmə tarixinə 846,47 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1772,10 ABŞ dolları pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı-nə ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva) Qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin qismən, zaminlərə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə də təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada bankın xeyrinə 005R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 769,43 manat məbləğində kredit borcu, 310,71 manat məbləğində faiz borcu və 294,34 manat məbləğində cərimə olmaqla, cəmi 1374, 48 manat, 005R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 915,63 ABŞ dolları məbləğində kredit borcu, 1069,09 ABŞ dolları məbləğində faiz borcu və 359,18 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2343,90 ABŞ dolları ümumilikdə hər iki razılaşma üzrə cəmi 12854,43 ABŞ dolları məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. .İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı-nin nümayəndəsi X1 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsini yalnız zaminlərə dair iddianın təmin edilməməsi hissəsini mübahisələndirirlər. Belə ki, məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Plenum) xx.xx.2018-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra AR MM) 477.0.4-cü maddəsi ilə əsaslandırılmışdır. İlkin olaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hazırkı iş üzrə Plenumun istinad olunan qərarını tətbiq etməklə səhvə yol vermiş və Plenumun "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarına dair" xx xxxxxxx 2019-cu il tarixli Qərardadını nəzərə almamışdır. Belə ki, yuxarıda istinad olunan Qərardada əsasən "Plenumun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka” haqqında Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4,405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağlanmış kredit razılaşmaları müvafiq olaraq xx.xx.2012-ci il və xx.xx.2015-ci il tarixlərində imzalanmışdır. Digər cavabdeh, yəni Xxx Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi və ona edilmiş əlavə saziş müvafiq olaraq xx.xx.2012-ci il və xx.xx.2017-ci il tarixlərində bağlanmışdır. Bununla yanaşı, istinad olunan müqavilələr üzrə İddiaçı iddia tələbi ilə xx.xx.2020-ci il tarixində Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarlarının qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də Abşeron Rayon Məhkəməsi Plenumun müvafiq qərarlarını hazırkı iş üzrə mübahisəyə tətbiq etməklə, səhvə yol vermişdir. Məhkəmənin digər əsaslandırmasına münasibət bildirirək, qeyd etməyi zəruri hesab edir ki, zaminin öhdəliklərin qüvvədə olma müddəti məhkəmə tərəfindən nəzərə alınmamış və AR MM-nin 477.0.4-cü maddəsi düzgün tətbiq edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə müddət ilkin olaraq 2017-ci ilin dekabrına, xx.xx.2017-ci il tarixli "zaminlik müqaviləsinə edilməsinə dair" sazişlə isə həmin müddət xx.xx.2026-ci il tarixinə kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən zaminə qarşı tələb həmin müddət çərçivəsində olmuşdur, yəni artıq 2020-ci il iyun ayında, iddiaçı tərəfindən bütün cavabdehlərə qarşı məhkəmə müstəvisində iddia tələbi irəli sürülmüşdür. Abşeron Rayon Məhkəməsi tərəfindən AR MM-nin 477.0.4-cü maddəsinə istinad edilsə də, həmin maddənin birinci cümləsi nəzərə alınmamış, düzgün təhlil və tətbiq edilməmişdir. Belə ki, sözügedən maddənin 1-ci cümləsinin məzmununa görə, "zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. İddiaçı ilə cavabdeh zaminlər arasında bağlanmış müvafiq müqavilələrdə müddət müəyyən edilmiş və İddiaçı tərəfindən irəli sürülən tələb isə həmin müddətlər daxilində olmuşdur. İstinad olunan maddənin 2-ci cümləsindəki 1 illik iddia müddətin tətbiq edilməsi "tərəflər arasında bağlanmış müqavilələrdə belə miıddət təyin edilmədiyi" hallara şamil olunur. Lakin, hazırkı mübahisə predmetini təşkil edən məsələ bu halı ehtiva etmir. Hətta hesab edilsə ki, zaminlərə qarşı tələb iddia müddəti ötürülməklə irəli sürülmüşdür (halbuki, iddiaçı bununla razı deyil və hüquqi əsasları yuxarıda qeyd etmişdir), Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı maddi və prosessual hüquq pozuntusuna yol verilmişdir. Belə ki, AR MM-nin 375-ci maddəsinə (İddia müddətinin tətbiqi) əsasən "hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hesab edir, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilən zaman AR MM-nin 375.2-ci maddəsinin pozuntusuna yol verilmişdir. Belə ki, cavabdehlər iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizəsi məhkəməyə təqdim etməmişdirlər. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, qətnamənin qismən, zaminə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatında apelyasiya şikayətinin dəlillərinə etiraz edib onun təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahatında apelyasiya şikayətinin dəlillərinə etiraz edib onun təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat apelyasiya şikayətində qətnamənin yalnız zaminlərə münasibətdə iddia tələbinin təmin edilməməsi hissəsini mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini zaminlərə dair iddianın təmin edilməməsi hissəsini müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)3013/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan kredit və zaminlik müqavilələrindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ilə xx.xx.2012-ci il tarixdə bağladığı 05L000002630 saylı kredit xətti müqaviləsi əsasında 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2017-ci il tarixli 05L000002630S saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edərək kredit xətti 179 ay müddətinə 300000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2750 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 005R**********S saylı, xx.xx.2016-cı il tarixli 005R**********SA saylı, xx.xx.2016-cı il tarixli 005R**********SB saylı, xx.xx.2017-ci il tarixli 005R**********SC saylı, xx.xx.2017-ci il tarixli 005R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Bundan başqa Cavabdeh1 İddiaçı ilə bağladığı xx.xx.2015ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,875% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2750 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 005R**********S saylı, xx.xx.2016-cı il tarixli 005R**********SA saylı, xx.xx.2016-cı il tarixli 005R**********SB saylı, xx.xx.2017-ci il tarixli 005R**********SC saylı, xx.xx.2017-ci il tarixli 005R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2012-ci il tarixdə bağladığı 05L000002630 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bağlanmış xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixinə Cavabdeh1 İddiaçı-yə xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 769,43 manat məbləğində kredit borcu, 310,71 manat məbləğində faiz borcu və 294,34 manat məbləğində cərimə olmaqla, cəmi 1374 manat təşkil edir. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixinə Cavabdeh1 İddiaçı-yə xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 915,63 ABŞ dolları məbləğində kredit borcu, 1069,09 ABŞ dolları məbləğində faiz borcu və 359,18 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2343,9 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixinə Cavabdeh1 İddiaçıyə xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 769,43 manat məbləğində kredit borcu, 200,62 manat məbləğində faiz borcu və 277,02 manat məbləğində cərimə olmaqla, cəmi 1247,07 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2018-ci il tarixinə Cavabdeh1 İddiaçı-yə xx.xx.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması üzrə 915,63 ABŞ dolları məbləğində kredit borcu, 846,47 ABŞ dolları məbləğində faiz borcu və 91,56 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1853,66 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən tərəflər arasında kredit müqaviləsi bağlanmasını, cavabdehin üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməməsini, nəticədə banka borcu yaranmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada borcalan münasibətdə təmin etmiş, digər cavabdehlə münasibətdə isə təmin etməmiş, qeyd edilən hissədə gəldiyi nəticəni Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin zaminə dair iddianın təmin edilməməsi barədə gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə iddia tələbini zaminlərə münasibətdə təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki işdən görünür ki, İddiaçı ilə Cavabdeh2 ilə bağlanmış xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. İş materiallarından görünür ki, xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsindən sonra xx.xx.2017-ci ildə zaminlik müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə saziş imzalanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli kredit razılaşması və ödəniş planın a dəyhişiklik edilməsi haqqında sazişdən görünür ki, müqaviləyə və ödəniş planına dəyişiklik edilmiş və ödənişin son günü xx xxxxxx 2018-ci il tarixə müəyyən edilmişdir. Hazırki işdən də görünür ki, iddiaçı təşkilat iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020ci il tarixdə müraciət etmişdir. Buna görə də AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Beləliklə, müəyyən edilir ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da iddiaçı zaminə qarşı xx.xx.2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)3013/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)3013/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar