Məhkəmə qərarları › İş №2(105)-858/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-858/2023

12.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-858/2023 12.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdeh2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-453/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16020/2017 saylı, 20 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin xitam olunması, Cavabdeh1 oğlundan "xxxx" İKB ASC-nin xeyrinə xx.xx.2015-ci tarixli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə banka 26195,76 ABŞ dolları əsas, 10262,89 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 36457,65 ABŞ dolları məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 4 otaqlı, 88,3 kv.m ümumi, 59,8 kv.m yaşayış, 28,5 kv.m yardımçı sahədən ibarət 23A/8saylı evin 50 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 "xxxx" İKB ASC-nə olan borcunun ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16020/2017 saylı, 20 noyabr 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilərək ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 4 otaqlı, 88,3 kv.m ümumi, 59,8 kv.m yaşayış, 28,5 kv.m yardımçı sahədən ibarət 23A/8saylı evin 50 nömrəli mənzilin ilkin satış qiyməti 80000 (səksən min) manat müəyyən edilmiş, Cavabdeh1 məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Agentliyinin və 150 manatın alınaraq Əmlak ekspert Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7189/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfinfən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 4 otaqlı, 88,3 kv.m ümumi, 59,8 kv.m yaşayış, 28,5 kv.m yardımçı sahədən ibarət 23A/8saylı evin 50 nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə "xxxx" İKB ASC-nə məxsusdur. Sumqayıt şəhər İcra Hakimiyyəti MKT İstehsalat Birliyinin 9 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2014-cü il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 4 otaqlı, 88,3 kv.m ümumi, 59,8 kv.m yaşayış, 28,5 kv.m yardımçı sahədən ibarət 23A/8saylı evin 50 nömrəli mənzildə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X5, Cavabdeh4, X11, X6 və X9 qeydiyyatda olmaqla yaşayırlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 88,30 kv.m ümumi sahədən ibarət 23A\8 saylı evin 50 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 88.30 kv.m ümumi sahədən ibarət 23A\8 saylı evin, 50 saylı mənzilinə Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2(060)- 16020/2017 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 08 noyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 31 avqust 2014-cü il tarixli arayışından və “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair çıxarışdan göründüyü kimi, Cavabdeh1 məxsus, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 88,30 kv.m ümumi sahədən ibarət 23A\8 saylı evin, 50 saylı mənzilində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatda olmaqla yaşayır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-453/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 9- cu mikrorayonda yerləşən 88,30 kv.m ümumi sahədən ibarət 23A\8 saylı evin 50 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılaraq İddiaçı ASCnə təhvil verilməsi qət edilmişdir. (hakim Elmir Hüseynov) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.5, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verib Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-453/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: xx.xx.2015-ci il tarıxdə ”Nikoyl” İKB ASC-dən kredit götürmüş və yaşadıqları evi banka ipoteka ilə yüklü etdirmişdir. Dolların məzənnəsinin artması, ”Karvan” ticarət mərkəzinin yanması, işlərin zəifləməsi ilə əlaqədar kreditin ödənişini gecikdirmişdir. Bankla razılığa gəlmək, müəyyən, yəni kifayət qədər böyük məbləğdə ödəniş etmək, borcun böyük hissəsini bağlamaq istəyir. Lakin iddiaçı güzəşt etmək istəmir. Onların yaşamağa ikinci mənzilləri yoxdur. Onun ailəsindən əlavə, mənzildə faktiki 2 ailə azyaşlı uşaqları ilə yaşayır. 2-ci qrup əlil, ruhi xəstə, fəaliyyət qabiliyyəti olmayan oğluna zamin kimi kreditə imza etdirərək razılıq alaraq mənzili banka ipoteka etmişlər. Hazırda fəaliyyət qabiliyyəti olmayan X3 ailəsi və azyaşlı övladı yaşayış yerindən məhrum olmaq təhlükəsi qarşısındadır. Götürdüyü krediti qaytarmaq istəyir. Hesab edir ki, respublikada dolların məzənnəsinin 3 qat artması onun günahı deyil. Bu səbəbdən bank da müəyyən güzəşt etməlidir. Məhkəmə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda, ehtimallara əsaslsnmışdır . Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı ASC-nin nümayəndəsi və digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü, 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh1 apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-453/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 88,3 kv.m ümumi, 59,8 kv.m yaşayış, 28,5 kv.m yardımçı sahədən ibarət 23A/8 saylı evin 50 nömrəli mənzil İddiaçı ASC-nə məxsusdur. Həmin əmlak açıq hərracda İddiaçı ASC tərəfindən əldə edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehlərin mübahisəli əmlaka dair hazırda heç bir hüquqları yoxdur, onun həmin mənzilin istismarını dayandırmaması və əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verməməsi mülkiyyətçinin maraqlarına ziddir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbinin təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, istinad olunan «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinin məzmunundan göründüyü kimi, ipoteka qoyan tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi tutmanın həmin əmlaka yönəldilməsi və satışı ilə şərtləndirilir. İşin faktiki hallarından aydın olduğu kimi isə qanunda qeyd olunan hüquqi prosesdurlar artıq baş vermiş və mübahisə predmeti olan mənzilin yeni hüquqi rejimi (mülkiyyətçisinin dəyişməsi) müəyyən edilmişdir. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə ona sərbəst surətdə sahiblik və maneəsiz istifadə etməyə əsas verir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında borc üzrə tutma ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 88,3 kv.m ümumi sahədən ibarət 23A/8 saylı evin 50 nömrəli mənzilinə yönəldilərək açıq hərracdan satılmış və mübahisəli mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə "xxxx" İKB (hazırda İddiaçı) ASC-yə məxsusdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin həmin evdə yaşamaq hüquqlarının saxlanmasına heç bir əsas yoxdur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 453/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-453/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar