Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-860/2025 23.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş ziyan və əldən çıxmış faydanın ödənilməsi - barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, İddiaçı MMC-nin qanuni təmsilçisi Nümayəndə2, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi Nümayəndə1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-601/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. xx.xx.2024-cü il tarixli, 86 saylı icarə müqaviləsindən və ona edilmiş əlavədən (Akt) görünür ki, İddiaçı MMC (icarə verən) “Kia Optima” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, hər gün üçün 79 manat hesablanmaqla Cavabdeh (icarəyə götürən) icarəyə vermişdir.
2. Həmin müqavilənin 4.5.2-ci maddəsinə əsasən, icarəyə götürən müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlı məhv olması və.s halları üçün cavabdehlik və məsuliyyət daşıyır.
3. 4.5.3-cü maddəsinə əsasən, icarəyə götürən icarəyə götürdüyü avtomobili saz və işlək vəziyyətdə icarəyə verənə geri qaytarmalıdır. Aktdan görünür ki, Cavabdeh “Kasko sığorta yoxdur cavabdeh özüməm” qeydi edib, imza etmişdir.
4. xx.xx.2024-cü il tarixli Qüsur aktından görünür ki, “Kia Optima” markalı, 77PG470 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 5030 manat məbləğində ziyan dəymişdir.
5. Apellyasiya icraatı zamanı tərəflər arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. (işə əlavə olunur).
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC Cavabdeh qarşı dəymiş ziyan və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5030 (beş min otuz) manat dəymiş ziyanın, hər gün üçün 79 (yetmiş doqquz) manat olmaqla məhkəməyə müraciət edilən tarixədək ümumilikdə 551 (beş yüz əlli bir) manat əldən çıxmış fayda məbləğinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 75,81 (yetmiş beş manat səksən bir qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 86 №- li icarə müqaviləsinə əsasən, İcarəyə verən “KİA Optima” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı (texniki passport № BB228811) nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixinədək icarəyə götürənin müvəqqəti istifadəsinə icarəyə verir. Nəqliyyat vasitəsinin icarə qiyməti hər gün üçün 79 (yetmiş doqquz) manat razılaşdırılmışdır. Müqavilənin şərtlərinə əsasən, icarəyə götürən icarəyə götürdüyü avtomobili müqavilədə nəzərdə tutulmuş müddətdə, saz və işlək vəziyyətdə icarəyə verənə qaytarmağa borcludur. İcarəyə verən müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etsə də, icarəyə götürən öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən müəyyən edilmiş nəqliyyat vasitəsini saz və işlək vəziyyətdə cavabdehin istifadəsinə icarəyə vermiş lakin icarəyə götürən müqavilənin şərtlərinə zidd olaraq saz və işlək vəziyyətdə iddiaçıya qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə avtomobildən texniki təyinatı üzrə istifadə etməməsi və lazımi qaydada diqqət göstərməməsi nəticəsində avtomobili nasaz vəziyyətə gətirmişdir. Bununla bağlı icarəyə verənə məlumat verildikdən dərhal sonra avtomobil texniki xidmət tərəfindən servisə aparılmış və motorunun nasaz vəziyyətə gətirilməsi müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş “30” avqust 2024-cü il tarixli “Qüsur Aktı”na əsasən, İddiaçı MMC-yə məxsus **-PG-*** dövlət qeydiyyat nişanlı, KİA Optima markalı minik avtomobilinə ümumilikdə 5030 (beş min otuz) manat həcmində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.5.3-cü maddəsinə əsasən, icarəyə götürən icarəyə götürdüyü avtomobili saz və işlək vəziyyətdə icarəyə verənə geri qaytarmalıdır. Həmin müqavilənin 4.5.2-ci maddəsinə əsasən, icarəyə götürən müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlı məhv olması və.s halları üçün cavabdehlik və məsuliyyət daşıyır. Dəymiş ziyanın ödənilməsi məqsədilə cavabdehə dəfələrlə müraciət və xəbərdarlıq edilmiş lakin çoxsaylı vədlərə baxmayaraq bu günə kimi dəymiş ziyanın ödənilməsi məqsədilə hər hansı addım atılmamışdır. İddiaçı kommersiya hüquqi şəxsdir və fəaliyyət istiqaməti avtomobillərin icarəyə verilməsi ilə gəlir əldə etməkdir. Cavabdehin icarəyə götürdüyü avtomobili istifadəyə yararsız vəziyyətə salması, törətdiyi hüquq pozuntusunun vaxtında aradan qaldırılması üçün hər hansı addım atmaması iddiaçıya 5030 manat məbləğində məddi ziyan vurmaqla yanaşı onu gələcəkdə də əldə edəcəyi gəlirlərdən məhrum etmiş olur. Təqdim edilmiş icarə müqaviləsindən, həmçinin iddiaçıya məxsus web saytından görünür ki, icarəyə verilən nəqliyyat vasitəsinin günlük icarə haqqı 79 (yetmiş doqquz) manat müəyyən edilmişdir. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması və nəqliyyat vasitəsindən istismar qaydalarına zidd şəkildə istifadə edilməsi nəticəsində avtomobil istifadəyə yararsız vəziyyətə düşmüşdür və həmin tarixdən məhkəməyə müraciət edilən tarixədək (23 avqust 2024- cü il tarixdən 21 sentyabr 2024-cü il tarixinədək) iddiaçı həmin nəqliyyat vasitəsindən əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Odur ki, əldən çıxmış fayda olaraq hər gün üçün 79 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-601/2025 nömrəli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, İddiaçı MMC Cavabdeh ona 5030 manat maddi ziyan vurduğunu iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, qanunvericiliyə əsasən əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür ki, tərəflər arasında icarə müqaviləsi bağlanarkən hər hansı qiymətləndirilmə aktı tərtib edilməmiş, məhkəmə araşdırması zamanı da həmin aktın olması öz təsdiqini tapmamışdır. Belə olan halda Cavabdeh iddiaçı qarşısında öhdəlik daşımasına əsas hesab edilə bilməz. Bu baxımdan məhkəmə hesab edib ki, İddiaçı MMC-nin 5030 manat pulun ödənilməsi barədə hazırki tələbi təmin edilə bilməz. Məhkəmə iddia tələbinin hər gün üçün 79 (yetmiş doqquz) manat olmaqla məhkəməyə müraciət edilən tarixədək ümumilikdə 551 (beş yüz əlli bir) manat əldən çıxmış fayda məbləğinin iddiaçının xeyrinə tutulması hissəsində də qeyd edib ki, əsas tələb təmin edilmədiyindən bu hissədə də iddia tələbi təmin edilə bilməz.
10. İddia tələbini rədd edən məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 682, 700, 701, 1096.1, 1096.2, 1108-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi icarəçinin müqavilə üzrə öhdəlikləri nəzərə alınmadan, dəymiş ziyanın təsadüfən məhvolma nəticəsində baş verməsini araşdırılmadan, icarə predmetinin təyinatı üzrə istifadə edilibedilməməsini aydınlaşdırmadan formal mülahizələrə və cavabdehin izahatlarına əsaslanaraq qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim edilmiş sübutlara qiymət verilməmiş, tərəflər arasında müqavilə münasibətləri olduğu halda müqavilənin qüvvədə olan müddəalarına toxunulmamış, formal mülahizələrlə iddia tələbinin rədd edilməsi qərara alınmışdır ki, bu da iddiaçının ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnmişdir. Məhkəmə qətnamədə Mülki Məcəllənin 701-ci maddəsinə istinad edərək bildirir ki, İddiaçı MMC Cavabdeh ona 5030 manat maddi ziyan vurduğunu iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, qeyd edilən normalara əsasən əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür ki, tərəflər arasında icarə müqaviləsi bağlanarkən hər hansı qiymətləndirilmə aktı tərtib edilməmiş, məhkəmə araşdırması zamanı da həmin aktın olması öz təsdiqini tapmamışdır”. Halbuki iddiaçı ziyanın vurulması ilə bağlı yetərli sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflər arasında icarə ləvazimatının dəyərləndirilməsi barədə sübut olmadığına istinad edərək iddianı rədd etmiş lakin tərəflər arasında olan müqavilənin şərtlərinə diqqət etməmişdir. Sual olunur ki, əgər nəqliyyat vasitəsindən təyinatı üzrə istifadə edilmişdirsə və 30-40 dəqiqə sonra nəqliyyat vasitəsi bu vəziyyətə düşmüşdürsə icarəyə götürən niyə görə ona yeni nəqliyyat vasitəsinin verilməsini və ya ödədiyi icarə haqqının geri qaytarılmasını tələb etməmişdir? Burdan aydın olur ki, cavabdeh nəqliyyat vasitəsindən təyinatı üzrə düzgün istfadə etməmişdir. Həmçinin nəqliyyat vasitəsinin 30-40 dəqiqə sonra yararsız vəziyyətə düşdüyünü iddia edirsə bu zaman istinad olunan halın sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçıya məxsus olan gps izləmə sistemindən görünür ki, nəqliyyat vasitəsindən təyinatı üzrə istifadə edilməmiş və nəqliyyat vasitəsi bir neçə saat sonra yararsız vəziyyətə düşmüşdür. Tərəflər arasında olan müqaviləyə əsasən, icarəyə götürən müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsində olması müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlı məhv olması və.s halları üçün cavabdehlik və məsuliyyət daşıyır və icarəyə götürdüyü avtomobili saz və işlək vəziyyətdə icarəyə verənə geri qaytarmalıdır. Məhkəmə prosesi zamanı cavabdeh izahat verərkən bildirmişdir ki, həmin avtomobili 3 gün əvvəl də icarəyə götürmüş lakin istifadə zamanı heç bir çətinlik yaşamamış və avtomobilin texniki cəhətdən heç bir nasazlığı olmamışdır. Qüsur aktından göründüyü kimi nəqliyyat vasitəsinin ziyan dəymiş hissəsi onun motorudur. Məlumdur ki, avtomobilin təyinatı üzrə istifadəsi zamanı onun motorunun yararsız vəziyyətə düşməsi mümkünsüzdür və bu texniki məsələ olduğundan mütəxəssis rəyinin alınması zəruridir. İşə baxan birinci instansiya məhkəməsi işin ədalətli və obyektiv həlli baxımından avtomobilin motorunun hansı hallarda istifadəyə yararsız vəziyyətə düşməsi, hadisənin texniki çatışmazlıq səbəbindən, yoxsa təyinatı üzrə istifadə edilməməsi səbəbindən baş verməsini araşdırmadan, formal mülahizələrlə iddanı rədd etmişdir. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi tərəfindən sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla da iddiaçının pozulmuş hüquqlarının bərpası mümkün olmamışdır. Halbuki icarəyə götürən müqavilənin əlavə şərtlərində “kasko sığorta yoxdur, cavabdeh özüməm” qeyd edərək avtomobilə dəymiş bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-601/2025 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı MMC-nin qanuni təmsilçisi Nümayəndə2 izahatında bildirdi ki, hazırkı iş üzrə cavabdeh tərəflə aralarında barışıq sazişi bağlanmışdır və məhkəmə kollegiyasından həmin barışıq sazişinin təsdiq edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iş üzrə tərəflər arasında mübahisənin həllinə dair razılığa gəlmişlər. Ona görə də hazırkı halda məhkəmə kollegiyasından tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, barışıq sazişində qeyd olunan şərtlərlə aralarında hazırda mübahisənin həllinə dair razılıq əldə edilib. Bu səbəbdən cavabdeh məhkəmə kollegiyasından barışıq sazişinin təsdiq edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 da eynizməmunlu izahat verərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə.
262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-601/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən tərəflərin təqdim etdiyi barışıq sazişini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, barışıq sazişinin şərtləri daxilində iş üzrə icraata xitam verilməlidir.
22. Belə ki, İddiaçı MMC-nin qanuni təmsilçisi Nümayəndə2 ilə Cavabdeh, (həmçinin onun nümayəndəsi Nümayəndə1) arasında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır.
23. Barışıq sazişində göstərilir ki; Biz aşağıda imza edənlər Cavabdeh, Kral Avto” MMC-nin qanuni təmsilçisi (direktoru) Nümayəndə2 aşağıdakı qaydada razılığa gəlmişik. Mən Cavabdeh 1500 manat məbləğində pulu ödəməyə razıyam, ilkin olaraq həmin məbləğin 500 manatını 7 iyul tarixinə qədər, qalan məbləği isə aylıq 250 manat olmaqla 4 ay müddətinə ödəyəcəyəm. Mən Nümayəndə2 cavabdeh tərəflə yuxarıda göstərilən qaydada razılığa gəlmişəm və hazırki iş üzrə iddiadan imtina edirəm. (imzalar Cavabdeh, Nümayəndə2 Nümayəndə1 xx.xx.2025).
24. Qeyd edilir ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə və ya barışıq sazişi ilə işi yekunlaşdıra bilərlər .
25. Mülki Prosessual Məcəllənin 52-ci maddəsinin tələblərindən göründüyü kimi tərəflər barışıq sazişini bağlamaqda haqlıdırlar, lakin həmin akt məhkəmə tərəfindən təsdiq edildiyi halda qüvvəyə minir.
26. Tərəflərin barışıq sazişi bağlaması dedikdə, iddiaçının cavabdehə olan öz maddihüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi deyil, barışıq sazişinin şərtləri ilə işi yekunlaşdırması başa düşülür. Tərəflərin barışıq sazişi bağlaması ikitərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə barışıq sazişinin motivlərini qiymətləndirmir, lakin o, barışıq sazişinin qanuniliyini qiymətləndirməli və bu zaman sazişin azad iradə ifadəsi nəticəsində baş vermədiyini aşkar etdikdə sazişin təsdiq edilməsindən imtina etməlidir. Tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir.
27. Göründüyü kimi barışıq sazişi ikitərəfli əqddir ki, tərəflər bir-birlərinə güzəştə getməklə, mübahisəli hüquq münasibətləri üzrə hüquq və vəzifələrini yenidən müəyyən edirlər. Barışıq sazişini bağlamaq hüququ yalnız mübahisəli hüquq münasibətlərinin subyektlərinə məxsusdur. Məhkəmə, tərəflərin barışıq sazişi qanunvericiliyə zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, bu barədə əsaslandırılmış qərardad çıxarılmaqla barışıq sazişini təsdiq etməməli və işə mahiyyəti üzrə baxmaqda davam etməlidir.
28. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, barışıq sazişini imzalayan şəxslər (tərəflər), barışıq sazişinin təsdiqlənməsi ilə bağlı prosessual hərəkətlərin MPM-nin 191, 261 və 262-ci maddələrində nəzərdə tutulmuş hüquqi nəticələrinin onlara aydın olduğunu sazişdə yazılı şəkildə ifadə etmişlər.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflərin barışıq sazişi bağlamaqla işi yekunlaşdırması onların həqiqi niyyətini əks etdirdiyindən, həmin barışıq sazişi qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, eləcə də barışıq sazişinin doğuracağı nəticə tərəflərə aşkar surətdə məlum olduğundan saziş təsdiq edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-601/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
30. Azərbaycan Respublikası MPM-in 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.
31. Kollegiya qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən dövlət rüsumunun qaytarılması haqqında məsələyə də münasibət bildirilməlidir.
32. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.4 maddələrinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır.
33. Ona görə də kollegiya hesab edir ki, iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinə ödənilmiş (qəbz nömrəsi **********83) 75,81 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.5 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş ziyan və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə aşağıdakı şərtlərlə bağlanmış 23 iyun 2025-ci il tarixli barışıq sazişi təsdiq olunsun. Barışıq sazişində göstərilir ki; Biz aşağıda imza edənlər Cavabdeh, Kral Avto” MMC-nin qanuni təmsilçisi (direktoru) Nümayəndə2 aşağıdakı qaydada razılığa gəlmişik. Mən Cavabdeh 1500 manat məbləğində pulu ödəməyə razıyam, ilkin olaraq həmin məbləğin 500 manatını 7 iyul tarixinə qədər, qalan məbləği isə aylıq 250 manat olmaqla 4 ay müddətinə ödəyəcəyəm. Mən Nümayəndə2 cavabdeh tərəflə yuxarıda göstərilən qaydada razılığa gəlmişəm və hazırki iş üzrə iddiadan imtina edirəm. (imzalar Cavabdeh, Nümayəndə2, Nümayəndə1 xx.xx.2025). Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-601/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 75 (yetmiş beş) manat, 81 (səksən bir qəpik) dövlət rüsumu (qəbz nömrəsi **********83) İddiaçı MMC – yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verilə bilər.