Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-862/2024 20.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məmmədova Cavahı̇ r Ağakərı̇ m qızının cavabdeh Səfərəlı̇ yev Fuad Malı̇ k oğluna qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Məmmədova Cavahı̇ r Ağakərı̇ m qızının cavabdeh Səfərəlı̇ yev Fuad Malı̇ k oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2(027)-269/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(105)-1617/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq birgə nikahlarından doğulmuş 14 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı ödədiyi 50 (əlli) manat rüsumun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 07 iyun 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 14 iyul 2011-ci il təvəllüdlü X5 adlı uşağı anadan olmuşdur. Cavabdehlə münasibətləri uyğun gəlmədiyi üçün o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 04 fevral 2014-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, azyaşlı övladı onun himayəsində saxlanılmış və uşağın saxlanılması üçün cavabdehdən aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qeyd edilən aliment miqdarı 60 manat məbləğində təşkil edirdi. Həmin aliment məbləği ilə uşağa baxmaq çətin olduğu üçün o, alimentin artırılması tələbinə dair məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 04 fevral 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, 12 sentyabr 2017-ci il tarixdən başlayaraq 14 iyul 2011ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 80 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir.O, qət edilmiş aliment məbləği ilə razılaşmadığı üçün Quba Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2(027)- 3683/2017 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(105)-1617/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2(027)-3683/2017 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, 12 sentyabr 2017-ci il tarixdən başlayaraq 14 iyul 2011-ci il təvəllüdlü X1 üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda qeyd edilən məbləğ bir uşağın bir aylıq təlabatını belə ödəmir. Qızı böyümüş, artıq məktəblidir. Hazırda qızı yeddinci sinifdə oxuyur. O, özü uşağının tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkir. Qızının məktəblə bağlı təminatlarını tək başına qarşılayır. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşağının qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. İlkin olaraq o, işin məhkəmədən kənar qaydada həll edilməsi üçün alimentin artırılması tələbinə dair mediasiyaya müraciət etmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Apelyasiya Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(105)- 1617/2018 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 20 oktyabr 2017ci il tarixli, 2(027)-3683/2017 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, 12 sentyabr 2017-ci il tarixdən başlayaraq 14 iyul 2011-ci il təvəllüdlü X1 üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Quba Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2(027)-269/2024 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddianın qismən təmin edilməsi, 14 iyul 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(105)-1617/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddiaçının ilkin mediasiya prosesi zamanı ödədiyi 50 (əlli) manat rüsumun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pulun yarısının yəni, 50 (əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 32 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 112.1ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
7. Cavabdeh Səfərəlı̇ yev Fuad Malı̇ k oğlu apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2(027)-269/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı ilə birgə nikahlarından 14 iyul 2011-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alımentin miqdarının hər ay 130 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsi qəbul edilərkən maddi hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli olan hallar düzgün araşdırılmamışdır. Uşaqların saxlanılması hər iki valideynin borcudur, o da uşağının saxlanılması üçün aliment ödəyir və bundan sonra da ağlabatan, ödənilməsi mümkün olan miqdarda alıment ödəyə bilər. Lakin hazırkı qətnamə ilə müəyyən olunan alimentin miqdarı onun maddi və ailə vəziyyətinə uyğun deyildir. Onun himayəsində, Səfərəliyeva Səkinəxanımdan başqa, digər nikahından olan üç yetkinlik yaşına çatmayan uşaqları da vardır. Bu hal iş materiallarında olan Quba Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarıxli, 2(027)-3683/2017 nömrəli qətnaməsində və həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 11 may 2028-ci il tarixli, 2(105)-1617/2028 saylı qətnaməsində də əks olunmuşdur. Uşaqların saxlanması üçün lazım olan xərclərin yalnız bir valideynin üzərinə qoyulması düzgün deyildir. Həmin tarixdən, yəni alimentin müəyyən edildiyi vaxtdan onun maddi vəziyyəti yaxşılaşmamış, qazancı artmamışdır, əksinə azalmışdır. Müəyyən edilən alimenti çətinliklə ödəyir, ailəsini güclə dolandırır. Həmçinin iddiaçı özü də əmək qabiliyyətlidir, işləyir. Belə olduğu təqdirdə hazırkı qətnamə ilə alimentin miqdarının ikiqat artırılaraq 200 manat müəyyən edilməsi onun maddi durumuna uyğun deyildir. Göründüyü kimi o, eyni zamanda beş nəfərin dolanışığını təmin etməlidir. Hazırkı iş üzrə qətnamə qəbul edilərkən iddiaçı və cavabdehin ailə və maddi vəziyəti, gəlirləri nəzərə alınmamışdır. Tərəflərin maddi və ailə vəziyyətində hansı dəyişikliyin olması, bu dəyişikliyin alimentin miqdarının artırılması üçün əsas olubolmaması nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, rəmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
11. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
14. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
21. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq birgə nikahlarından doğulmuş 14 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 14 iyul 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(105)-1617/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir.
24. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
26. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
27. Göründüyü kimi apellyator şikayətin dəlillərini digər nikahından olan üç yetkinlik yaşına çatmayan uşaqlarının olması, alimentin müəyyən edildiyi vaxtdan onun qazancının artmaması, müəyyən edilən alimenti çətinliklə ödəməsi ilə əsaslandırmışdır.
28. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir.
29. Kollegiyanın qənaətincə şikayətin qeyd olunan dəlilləri cavabdehin hazırkı aliment öhdəliyindən azad olunması, yaxud alimentin miqdarının azaldırmasına əsas verən hal kimi çıxış edə bilməz.
30. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.
31. Qeyd olunmalıdır ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.
32. Məhkəmə uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması üçün minimum dolanışıq xərclərinə yaxın məbləğdə alimentin cavabdehdən iddiaçının xeyinə tutulmasını əsaslı və ədalətli, eləcə də valideynlərin üzərinə uşaqların saxlanılması vəzifəsinin qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir.
33. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı halda alimentin təyin edilmiş məbləği öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etmir, onun əlverişsiz vəziyyətə düşməsinə şərait yaradacaq məbləğ kimi qiymətləndirilə bilməz. Təyin edilmiş aliment miqdarını məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Quba Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2(027)-269/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.