Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-863/2025 24.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə çəkilmiş xərcin əvəzinin tutulması tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-360/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-360/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 20950 (iyirmi min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 156 (yüz əlli altı) manat pulun tutularaq İddiaçı ödənilməsi, həmçinin Cavabdeh ekspertiza xərci olaraq 100 (yüz) manat pulun tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) xx.xx.2024-cü il tarixli 2(105)-1446/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək Cavabdeh 20950 (iyirmi min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 156 (yüz əlli altı) manat pulun tutularaq İddiaçı ödənilməsi, həmçinin Cavabdeh ekspertiza xərci olaraq 100 (bir yüz) manat pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1446/2024 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Zaur Əliyev (məruzəçi), Vüsalə Baxışova və Zəki Babayev) xx.xx.2025-ci il tarixli, 2(102)- 884/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1446/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Hazırkı işdə məhkəmələr tərəfindən iddia tələbinin maddi-hüquqi əsası ilə bağlı hallar üzrə araşdırma aparılmamış, sübutlar düzgün qiymətləndirilməmiş, qətnamə işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara aidiyyəti hüquq normalarının dispozisiya şərtləri əsasında qiymət vermədən iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz... Bu səbəbdən Kollegiya hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın yuxarıda göstərilən hüquq normaları əsasında yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apelyasiya baxışına göndərilməlidir. İşin halları: İddiaçı Cavabdeh qarşı mənzilə çəkilmiş xərcin əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən mənzilə tərəfindən çəkilmiş xərcin əvəzi olaraq 22000 manat və dövlət rüsumuna görə ödədiyi 156 manat, cəmi 22156 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı Bayramova (Mehrabova) Şahzadə Dilbazi qızı ilə X4 arasında xx.xx.2014-cü il tarixdə 1815 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Rəsmi nikahdan iki övladları - xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 dünyaya gəlmişdir. Qızı ailə qurduqdan sonra 2 ildən artıq müddətə qaynatası Cavabdeh məxsus Binəqədi rayonunda yerləşən evdə yaşamışlar. 2016-cı ilin iyun ayında cavabdeh ona zəng edərək, onun Abşeron rayonu, Masazır qəsəbəsində ümumi sahəsi 72.9 kv.m, yaşayış sahəsi 44.9 kv.m və köməkçi sahəsi 28 kv.m olan mənzili olduğunu bildirmişdir (Abşeron rayon İcra Hakimiyyəti tərəfindən həmin mənzilə verilmiş xx.xx.2013-cü il tarixli 2988 nömrəli Orderin surəti əlavə olunur). Lakin həmin mənzil tamamilə təmirsizdir olmuş, heç arakəsmələr də mövcud olmamışdır. Cavabdehin oğlu və onun qızının isə onlarla bir yerdə yaşamaqları müəyyən çətinliklər və narahatlıqlar törədir. Bu səbəbdən sözügedən mənzili təmir etməyə hazırda imkanı olmadığını, bunu onların etməyini xahiş etmiş və təmir üçün çəkilən xərci daha sonra ona qaytaracağını bildirmişdir. Bundan sonra qızının yoldaşı X4 da onların evinə gələrək, bu barədə onlarla, yəni onunla və yoldaşı ilə danışdıqdan sonra atasına zəng vurmuşdur. Bir daha atası ilə danışdıqdan sonra onlarla mənzili təmir edəcəkləri və daha sonra təmirə çəkilən xərcin onlara qaytarılacağı barədə razılığa gəlmişlər. Daha sonra o və yoldaşı sənədlərini iddia ərizəsinə əlavə etdiyi Mirzaev Asrat və Garanizade Makhmudla razılaşaraq 2016-cı ilin iyul ayında evin təmiri işinə başlamışlar. Təmir başlayan zaman mənzildə nə arakəsmələr, nə qapılar olmamış, nə də heç bir iş görülməmişdir. Təxminən 6-7 ay təmirdən sonra mənzil tam hazır olmuş və 2017-ci ilin yanvar ayında qızı ailəsi ilə cavabdehə məxsus mənzilə köçmüşlər. Son illərdə onların ailəsində münasibətlər kəskin şəkildə pisləşmişdir. Qızı ilə yoldaşı arasında ziddiyyətlər daha da artmış və bunun nəticəsində də onu uşaqları ilə birlikdə yaşadıqları mənzildən qovmuşlar. Hazırda isə Abşeron Rayon Məhkəməsində aralarında olan nikahın pozulmasına dair iş məhkəmənin icraatındadır. Təmirə və ustalara çəkilən xərclər 22000 (iyirmi iki min) manat təşkil etmişdir. Bunu ustalar da öz ifadələri ilə təsdiq edə bilərlər. Bundan əlavə, məhkəməyə təqdim etdikləri səs yazısından da görünür ki, cavabdehin oğlu, yəni qızının yoldaşı özü təsdiq edir ki, evin təmiri onlar tərəfindən həyata keçirilmiş və cavabdeh tərəf bu təmirə çəkilmiş xərclərin əvəzini onlara ödəyəcəkdir. Həmçinin, Cavabdeh özü başqa məhkəmə iclasında etiraf etmişdir ki, oğlunun hazırda yaşadığı mənzil iddiaçı tərəfindən təmir edilmiş və bütün xərclər iddiaçı tərəfindən çəkilmişdir. Bu səbəbdən də həmin xərclərin əvəzini ödəməyə hazırdır. Hazırda qızı ilə yoldaşı arasında ailə münasibətlərinin bitməsi və onun təmir etdiyi evdən qovulması onların hazırkı iddia ilə məhkəməyə müraciət etmələrinə və təmir üçün çəkilmiş 22000 (iyirmi iki min) manat xərcin əvəzinin ödənilməsini tələb etməyə əsas verir. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə tərəfindən çəkilmiş xərcin əvəzi olaraq 20950 manat və dövlət rüsumuna görə ödədiyi 156 manat, cəmi 22156 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-360/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə işin faktiki hallarını, eyni zamanda təqdim edilmiş sübutları və cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsini nəzərə almadan, ümumiyyətlə bu ərizəyə hüquqi qiymət vermədən, hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə cavabdeh tərəfndən təqdim edilmiş ərizəni nəzərə almamış və ona hüquqi qiymət verməmişdir. İşə baxan hakim öz qətnaməsini və iddia tələbinin təmin edilməsi barədə qənaətini Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 448.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Halbuki, tərəflər arasında borc pulun verilməsi və sonradan həmin pulun geri qaytarılması ilə bağlı heç bir şifahi və yazılı razılıq mövcud olmamışdır. Cavabdeh özü də təsdiq edir ki, iddiaçı tərəf mənzilin təmiri ilə bağlı bildirmişdir ki, gənclərin, yəni onların övladlarının ayrı yaşamaları üçün onlar da maddi yardım göstərə bilərlər və bu onların gənclərə hədiyyələri olacaq. Cavabdeh razılaşmasa da, sonradan mənzili təmir etdirmək qərarına gəlmişlər. Mənzilə iddiaçının ailəsi tərəfindən, bildiyinə görə, 5.000-10.000 manat aralığında hissə-hissə pul vəsaiti cavabdehin oğlu Rəşad Bayramov vasitəsi ilə qoyulmuş, təmirə xərclənən qalan məbləğ isə cavabdehin və oğlunun maddi vəsaiti hesabına həyata keçirilmişdir. Tərəflərin övladları isə həmin mənzildə 2017-ci ilin yanvar ayından başlayaraq 2023-cü ilədək övladları ilə birlikdə həmin mənzildə yaşamış və mənzilin təmiri tam olmasa da, yararsız vəziyyətə salınmışdır. Göründüyü kimi, burada məhkəmənin gəldiyi qənaətə görə nə öhdəliyin zərər vurulması, nə əsassız varlanma mövcud olmamışdır. Qeyd olunduğu kimi, iddiaçı və onun ailəsi tərəfindən təqdim edilən vəsait hədiyyə kimi təqdim edildiyindən, üzərindən 6 il keçdikdən sonra onun geri tələb edilməsi də tam absurddur. Məhkəmə belə olan halda Mülki Məcəllənin 666.1-ci maddəsini tətbiq etməli idi. Belə ki, həmin maddəyə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 669-cu maddəsinə əsasən, nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Göründüyü kimi, artıq iddiaçı təmirə sərf olunan vəsaitin bir qismini hədiyyə etməklə və vəsait qəbul edilənədək geri götürülmədiyindən, bu vəsaiti 6 il keçdikdən sonra geri tələb edə bilməzdi. Məhkəmə həqiqətin müəyyən edilməsində iştirak etməkdən çəkinmiş, faktiki olaraq ədalət mühakiməsini həyata keçirməmişdir. Tərəfindən təqdim edilmiş ərizə və sübutlara lazımi qiymət verilməmişdir. Göründüyü kimi, cavabdeh məhkəməyə rəsmi ərizə təqdim etməklə, iddiaçının göstərdiyi kimi, bu məbləğin borc olduğunu bildirirsə, bu halda məhkəmə qanunla müəyyən edilən müddətin, yəni Mülki Məcəllənin 373.3-cü maddəsində göstərildiyi kimi, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə almalı idi və Mülki Məcəllənin 375.2-ci maddəsinə müvafiq olaraq, irəli sürülən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməli idi. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-360/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edir. Təkrar apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh və vəkili-nümayəndəsi Vəkil verdikləri apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdilər, apellyasiya şikayətinin təmin olunmasını və Abşeron Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Cavabdeh izahatında həmçinin qeyd etdi ki, oğlu Rəşadın ailəsi təxminən 2 il onlarla birlikdə yaşamış, sonra o, gəlinin atası Dilbazinin yaşadığı Nərimanov rayonundakı evinə dəvət olunmuş və orada Abşeron rayonunda yerləşən ona məxsus mənzilin təmir olunaraq övladlarının həmin mənzilə köçürülməsi barədə söhbətləri olmuş, söhbət zamanı bildirmişdir ki, hazırda nə onun, nə də oğlunun mənzili təmir etmək üçün maddi imkanları yoxdur. Mənzildə təmirin gəlin tərəfin aparacağı barədə razılığa gəlmişlər və bildiyinə görə, iddiaçı həmin mənzilin təmirinə 10.000 manata yaxın vəsait xərcləmişdir. Lakin o, iddiaçıdan mənzilin təmiri üçün borc istəməmiş və almamış, nə də təmirə çəkiləcək xərcin qaytarılmasını öhdəsinə götürməmişdir. İddiaçı təmirə sərf olunan pulu öz qızına hədiyyə etmişdir. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Təkrar apellyasiya baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İzahatında qeyd etdi ki, valideynləri cavabdehə məxsus mənzilin təmirinə ona görə xərc çəkmişlər ki, o və uşaqları cavabdehin oğlu (keçmiş əri) ilə birlikdə ailə həyatlarının sonrakı dövrünü həmin mənzildə yaşasınlar, onların ayrıca mənzili və normal yaşayış şəraitləri olsun. İşlərə şəxsən özü nəzarət etmiş, anasının (iddiaçının) ona hissə-hissə verdiyi pullar hesabına ustaların haqqını və alınan materialların dəyərini ödəmiş, materialların və avadanlıqların seçilməsində, alınmasında şəxsən iştirak etmişdir. Mənzil 2 otaqlıdan 3 otaqlıya dəyişdirilmiş, arakəsmə divarlar tikilmiş, natamam tikinti işləri başa çatdırılmış və əsaslı təmir işləri aparılmışdır. Tikinti-təmir işləri təxminən 6-7 ay davam etmişdir. Lakin o, təmir etdirdiyi mənzildə təxminən 5 il yaşamış, cavabdehin oğlunun ailədə nalayiq davranışı nəticəsində birgə yaşamaları mümkün olmamış və o, yaşadıqları mənzildən uşaqları ilə birlikdə çıxmağa və boşanmağa məcbur olmuşdur. İddiaçının təmir etdirdiyi mənzil cavabdehə məxsusdur və iddiaçı, yəni onun valideynləri cavabdeh üçün mənzil təmir etməyə borclu olmamışlar. Hesab edir ki, təmirə çəkilən xərc iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, eyni zamanda Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-360/2024 nömrəli qətnaməsi ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin faktiki halları baxımından tərəflər arasındakı mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı qızının ailəsi (əri və uşaqları) ilə birlikdə yaşadığı, cavabdehə aid mənzilin tikinti-təmirinə pul xərclədiyini bildirərək çəkdiyi xərcin ona qaytarılmasını tələb edir. Cavabdeh isə təmirə sərf olunan pulun bir qisminin iddiaçı tərəfindən gənc ailəyə hədiyyə olaraq verildiyini, qalan xərcin isə özləri tərəfindən çəkildiyini bildirərək iddiaya etiraz edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, 4 b, 10 saylı mənzildə tikinti-təmir işlərinin aparılması və həmin işlərə 20950 manat vəsait xərclənməsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi, habelə iddiaçının izahatı və mənzildə usta kimi işləmiş şahidlərin məhkəmə iclasında verdikləri ifadələri əsasında öz təsdiqini tapması ilə əsaslandırmışdır. Məhkəmə öz qətnaməsində iddia tələbinin onun tərəfindən müəyyən edilmiş maddi-hüquqi əsasını konkret olaraq göstərməsə də, lakin istinad etdiyi normalardan belə başa düşmək olur ki, məhkəmə iddiaçı tərəfindən mənzilə çəkilmiş xərcləri cavabdehə verilmiş borc kimi qiymətləndirmiş və cavabdehin həmin borcu iddiaçıya qaytarmaq öhdəliyi daşıdığı qənaətinə gəlmişdir. Əvvəlki apellyasiya icraatı zamanı məhkəmə kollegiyası isə hesab etmişdir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, baxılan iş üzrə iddia tələbi mənzilə çəkilmiş xərcin əvəzinin tutulması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Ali Məhkəmənin Mülki Kollegiyasının hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli 2(102)- 884/2025 nömrəli qərarında isə qeyd olunur ki, birinci instansiya məhkəməsi konkret qanuni əsas göstərmədən iddanı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 157.7-ci maddəsinə istinad edərək eyni nəticəyə gəlmişdir. Lakin zəruri dispozisiya şərtləri aşkar edilmədən Mülki Məcəllənin 157.7-ci maddəsinin işə tətbiqi doğru olmamışdır. Ona görə də Ali Məhkəmənin Mülki Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-1446/2024 nömrəli qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına qaytarmışdır. Kassasiya kollegiyası qərarında həmçinin qeyd etmişdir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, sənə uyğun hüququ verim”) prinsipinə əsaslanır... Bu baxımdan işin müəyyən edilmiş halları nəzərə alındıqda tələbin qanuni əsası kimi Mülki Məcəllənin 1092.1-ci maddəsi də yoxlanıla bilər. Həmin normaya görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tərkibi xüsusi olaraq vurğulayır ki, iddianın həmin norma əsasında təmin edilməsi üçün cavabdehin iddiaçının hesabına hər hansı (həcmdə) əmlak əldə etməsi kifayət deyil. Hazırkı işdə məhkəmələrin əsas diqqəti təmir xərclərinin tərəflərdən məhz hansının çəkməsini müəyyənləşdirməyə ayırdıqlarını və xərclərin iddiaçı tərəfindən çəkilməsini sanki həlledici məqam kimi götürdüklərini nəzərə alaraq, kassasiya məhkəməsi vurğulayır ki, həmin xüsusat özüözlüyündə iddianın əsassız varlanma qaydasında təmin edilməsi üçün yetərli deyil. Bundan ötrü əsassız varlanma institutunun bütün zəruri şərtləri məhkəmə tərəfindən təsbit edilməlidir... Digər tərəfdən, baxılan işdə cavabdeh bildirir ki, mənzili övladlarının - gənc ailənin daha yaxşı şəraitdə yaşamalarını təmin etmək üçün təmir etmişlər; bu səbəbdən iddiaçının verdiyi vəsait də hədiyyə məqsədli olmuşdur. Belə olan halda tərəflərin faktiki münasibətləri fonunda aparılmış təmir işlərinə sərf olunan vəsaitin bağışlama mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyətlidir... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir... Ali Məhkəmənin Mülki Kollegiyasının bu iş üzrə xx.xx.2025-ci il tarixli, 2(102)- 884/2025 nömrəli qərarının hüquqi mövqeyi və göstərişləri baxımından hazırkı təkrar apellyasiya baxışının vəzifəsi iddia tələbinin maddi-hüquqi əsası ilə bağlı hallar üzrə araşdırma aparmaq, sübutları düzgün qiymətləndirməklə işin hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmış məhkəmə aktı qəbul etməkdən ibarətdir. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) rədd edilir. Qeyd edildiyi kimi, iddia tələbinə cavabdehin etirazının dəlilləri ondan ibarətdir ki, təmirə sərf olunan pulun bir qismi iddiaçı tərəfindən gənc ailəyə hədiyyə olaraq verilmiş, qalan xərc isə özləri tərəfindən çəkilmişdir. Cavabdeh iddia edir ki, mənzili övladlarının gənc ailənin daha yaxşı şəraitdə yaşamalarını təmin etmək üçün təmir etmişlər. Bu səbəbdən iddiaçının verdiyi vəsait də hədiyyə məqsədli olmuşdur. Belə olan halda tərəflərin faktiki münasibətləri fonunda aparılmış təmir işlərinə sərf olunan vəsaitin bağışlama mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Baxılan işdə iddiaçı, sözügedən pul vəsaitini cavabdehə və ya üçüncü şəxs(lər)ə bağışlama düşüncəsi ilə vermədiyinə istinad edirsə, həmin halı sübut etmək yükünü də daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından iddiaçının mənzilin tikinti-təmirinə sərf etdiyi pulu qızına və ya gənc ailəyə, yaxud cavabdehə (onun oğluna) hədiyyə kimi verdiyi, təmirə pul verərkən bağışlama düşüncəsi ilə hərəkət etdiyi müəyyən olunmur. Belə ki, iddiaçı pulu məhz konkret məqsəd, yəni cavabdehə aid mənzilin təmiri üçün vermiş, bu zaman qızını və ya qızının ailəsini zənginləşdirmək deyil, onların ayrıca mənzildə və daha yaxşı şəraitdə yaşamasını təmin etmək düşüncəsi ilə hərəkət etmişdir. İddiaçı öz vəsaiti ilə sözügedən mənzili təmir etdirərkən niyyəti və gözləntisi o olmuşdur ki, qızı ailəsi ilə birlikdə ailə həyatının sonrakı dövrünü təmir olunmuş və yaxşı şəraitli ayrıca mənzildə sıxıntı və çətinlik çəkmədən yaşasın. İddiaçı maddi imkanından asılı olmayaraq bir valideyn kimi qızının mənzil şəraitini yaxşılaşdırmağı özünə borc bilmiş və buna görə mənzilin təmir xərcini çəkməyi boynuna götürmüşdür. Belə vəziyyətdə iddiaçının pulu bağışlama deyil, məcburiyyət qarşısında vermə düşüncəsi ilə hərəkət etdiyi aşkar surətdə görünür. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə, təmirə sərf olunan pulun bir qisminin iddiaçı tərəfindən gənc ailəyə məhz hədiyyə olaraq verilməsi barədə cavabdehin dəlili əsassız və qəbulolunmazdır. İşin faktiki hallarından isə belə görünür ki, iddiaçı mənzilin təmirinə çəkdiyi xərc müqabilində nəticə etibarilə cavabdehi zənginləşdirmişdir. Belə ki, cavabdehin təqdim etdiyi sənədlərdən məlum olur ki, o, sözügedən 2 otaqlı mənzili xx.xx.2013-cü il tarixli podrat müqaviləsinə əsasən "xxxx" MTK-dan 34000 manat ödəməklə əldə etmişdir. Cavabdehin yaşayış yeri üzrə qeydiyyatı da həmin mənzilədir. Cavabdeh etiraf edir ki, mənzili alandan sonra onu təmir etməyə maddi imkanı olmamışdır. Mənzilin təmiri iddiaçının maliyyə yardımı ilə 2016-cı ilin ortalarından başlamış və 2017-ci ilin əvvəlində iddiaçının qızı ailəsi ilə birlikdə təmiri başa çatmış mənzilə köçmüşlər. 2022-ci ildə iddiaçının qızı 2 azyaşlı uşağı ilə yaşadıqları mənzildən çıxmış, buna səbəb cavabdehin oğlu ilə ailə münasibətlərinin pozulması olmuşdur. Həmin vaxtdan təmirli və yaşayış üçün hazır vəziyyətdə olan mənzil cavabdehin öz sərəncamındadır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak (o cümlədən mövcud əmlakın dəyərini artıran əlavə və yaxşılaşdırmalar) əldə etməsi; həmin əmlakı (əlavə və yaxşılaşdırmaları) iddiaçının hesabına əldə etməsi; bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Odur ki, baxılan işdə ilk növbədə cavabdehin varlandığı, yəni bir iqtisadi dəyər əldə edərək əmlakının aktivini artırdığı müəyyən edilməlidir. Bu əlamət işin faktiki halları ilə təsdiqini tapır. Belə ki, cavabdeh sözügedən mənzil üzərində mülkiyyət hüququna dair müvafiq sənəd (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) almasa da, lakin həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır və bu mənzil onun rəsmi yaşayış (qeydiyyat) yeridir. Yəni sözügedən mənzil cavabdehə məxsusdur. Cavabdehin ilkin vəziyyətdə 34000 manata aldığı mənzilin indiki təmirli vəziyyətdə daşınmaz əmlak bazarında dəyəri əhəmiyyətli dərəcədə artmışdır (iddiaçının nümayəndəsinin internet bazasına istinadən bildirdiyi məlumata görə, müvafiq yaşayış məntəqəsində belə mənzillərin hazırkı satış qiyməti 65-70 min manat civarındadır). Bu da mənzilin təmiri hesabına onun dəyərinin artması nəticəsində mənzilin sahibi olan cavabdehin varlanmasına dəlalət edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/983 saylı rəyinə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, 4b, 10 saylı mənzilin 2016-2017-ci il tarixinə təmir-tikintisinə sərf olunmuş ümumi xərclərin dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Həmin mənzildə yerinə yetirilmiş tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 20.950 manat məbləğində olduğu müəyyən edilmişdir. Cavabdeh həmin xərcin təqribən 10.000 manat hissəsinin iddiaçı tərəfindən ödənildiyini etiraf edərək, qalan xərcin özləri tərəfindən çəkildiyini bildirir. Lakin cavabdeh həm də onu etiraf edir ki, 2016-cı ilin ortalarında mənzili təmir etdirmək üçün onun maddi imkanı olmamış, təmir xərclərində oğlu Rəşad şəxsi vəsaiti ilə iştirak etmişdir. X4 isə birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadəsində Cavabdeh oğlu olduğunu, "xxxx" MMC-də təhlükəsizlik mühəndisi vəzifəsində işlədiyini, sözügedən mənzildə 2016-cı ildə təmir işləri ilə özü məşğul olduğunu, atasıgilin də onlara kömək etdiyini, təmirə başlamamışdan əvvəl atasının ona 10.000 manat pul verdiyini, İddiaçı isə ona hədiyyə olaraq 5000-6000 manat pul verdiyini, təmirə nə qədər vəsait xərcləməsi barədə qeydiyyat aparmadığını bildirmişdir. Göründüyü kimi, cavabdeh təmirə özünün pul vermədiyini, təmirin oğlu Rəşadın şəxsi vəsaiti hesabına aparıldığını, Rəşad Bayramov isə atasının (cavabdehin) təmirə 10.000 manat pul verdiyini iddia edirlər. Bu ziddiyyətli məlumatlara işdə olan digər sübutlarla birgə qiymət verdikdə belə nəticəyə gəlmək olur ki, cavabdeh və oğlu Rəşad Bayramov mənzilin təmirinə çəkilmiş xərclərdə iştirak etməmişlər, mənzilin təmiri bütünlüklə iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir. Cavabdehin əldə etdiyi əmlakı (onun dəyərinin artmış hissəsini) iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma normaları çərçivəsində təmin edilməsinə kifayət etmir. Bunun üçün növbəti dispozisya şərti əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir. Əgər əmlak qanunda nəzərdə tutulan hər hansı bir əsasla (məsələn, vərəsəlik üzrə, vurulmuş zərərin təzminatı olaraq və s.), yaxud tərəflər arasında bağlanmış müqavilə (bağışlama və s.) ilə əldə edilirsə, bu cür qazanma (varlanma) əsassız sayılmır, əsaslı hesab edilir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi qanuni əmlak artımıdır və bu qaydada varlanmış şəxs əmlakı ona vermiş şəxs qarşısında əldə etdiyi predmetləri və ya onun dəyərini geri qaytarmaq öhdəliyi daşımır. Lakin işin hallarından görünür ki, hazırkı işdə qeyd edilən dispozisiya şərti də var – cavabdehin varlanması sonralar aradan qalxmış əsasa söykəndiyindən əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı cavabdehin mənzilinin təmirinə ona görə xərc çəkmişdir ki, onun qızı ilə cavabdehin oğlu nikahda olmuş, bu nikahdan onların övladları doğulmuş, tərəflər arasında həmin nikaha əsaslanan qohumluq münasibəti mövcud olmuşdur. Bu əsasa görə iddiaçı cavabdehin mənzilinin təmirinə xərc çəkmiş və ümid etmişdir ki, onun qızı ailə həyatının sonrakı dövründə əri və uşaqları ilə birlikdə həmin mənzildə yaşayacaq, başqa sözlə, çəkdiyi xərcdən qızı və qızının ailəsi-uşaqları faydalanacaq. Əgər bir necə ildən sonra qızının boşanaraq cavabdehə məxsus mənzildən çıxmalı olacağını qabaqcadan bilsəydi, təbii ki, həmin mənzilin təmirinə xərc çəkməzdi. İddiaçının qızı ilə cavabdehin oğlu arasında nikahın pozulması iddiaçı tərəfindən cavabdehə məxsus mənzilin təmirinə xərc çəkilməsinin və bununla cavabdehin varlandırılmasının əsasını təşkil etmiş halın (səbəbin) sonradan aradan qalxmasına dəlalət edir. Eyni zamanda, iddiaçının qızı ilə cavabdehin oğlu arasında nikahın pozulması iddiaçı tərəfindən cavabdehə məxsus mənzilin təmirinə xərc çəkilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) kimi təzahür edir ki, bu da cavabdehin əsassız varlanması halını yaradır. Mülki Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddiaçı cavabdehə məxsus mənzilin təmirinə çəkdiyi xərcin əvəzini tələb etmək üçün buna hüququ yarandığı vaxtdan qısa müddət ərzində məhkəmədə iddia qaldırmış və Mülki Məcəllənin 1095-ci maddəsində müəyyən olunmuş tələb (iddia) müddətini ötürməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası əsassız varlanma çərçivəsində iddiaçının tələbini haqlı sayır. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmiş olsa da, lakin iddia tələbinin maddi-hüquqi əsasının müəyyən olunmasında səhvə yol vermiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdehin apellyasiya şikayətinə gəlincə məhkəmə kollegiyası həmin şikayətin dəlillərini əsassız və qəbulolunmaz hesab edir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, eyni zamanda Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-360/2024 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia təmin edilərək Cavabdeh ona məxsus mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 20950 (iyirmi min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 156 (yüz əlli altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, həmçinin Cavabdeh ekspertiza xərci olaraq 100 (yüz) manat pul tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli, e-2(012)-360/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Cavabdeh ona məxsus mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 20950 (iyirmi min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 156 (yüz əlli altı) manat olmaqla cəmi 21.106 (iyirmi bir min yüz altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Həmçinin Cavabdeh ekspertiza xərci olaraq 100 (yüz) manat məbləğində pul tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-863/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-863/2025
24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver