Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-865/2023 18.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə Hüseyn qızının iştrakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(060)-272/2023 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları a)Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6226/2019 saylı, 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişərək, birgə nikahlarından olan 06 iyun 2013-cü il təvəllüdlü X1 və 09 iyun 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 440 manat məbləğində alimentin tutulması, həmçinin mediasiya üçün ödədiyi 50 manat məbləğin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan iki övladları vardır: xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 iddiaçının yanında qalması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6226/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsi ilə birgə nikahlaarından olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 125 manat olmaqla, cəmi iki uşağa görə 250 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı 250 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. İddia ərizəsinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(060)-272/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 06 iyun 2013-cü il təvəllüdlü X1 və 09 iyun 2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6226/2019 saylı, 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 180 manat olmaqla, hər ay cəmi 360 (üç yüz altmış) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev) Birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə nəticəyə gəlmişdir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilsə də bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı uşaqları üçün 440 manat aliment tələb etsə də cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh yenidən ailə qurmuşdur və başqa bir uşağı vardır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75. 78. 112.1, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(060)-272/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilikdə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsi qoyulmuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Lakin məhkəmə birtərəfli və qeyriobyektiv mövqe nümayiş etdirməklə bu mübahisəyə qiymət vermiş, tətbiq etdiyi maddi normaları düzgün təfsir etməmiş, nəticədə qanunsuz qətnamə çıxarmışdır. Belə ki, onun daimi rəsmi iş yeri yoxdur, daimi qazanc və gəlirə malik deyil, ailə həyatı qurmuş və onun 5 aylıq körpə övladı vardır, həyat yoldaşı uşağa baxdığı üçün heç yerdə işləmir, atası 1-ci qrup əlil olmaqla onunla bir ünvanda yaşayır, məcburi köçkün olmaqla ağır və acınacaqlı bir vəziyyətdə kirayədə yaşayır, aliment qət edildikdən sonra maddi vəziyyətində müsbət dəyişiklik olmamış, əksinə ailə yükü bir qədər də artmışdır. Məhkəmə qətnaməsi ilə qət edilmiş alimenti çətinliklə ödədiyi bir halda onun yenidən aliment yükünün artırılması ağır olan maddi durumunu daha da çətinləşdirir, həmin vəsaiti ödəmək imkanında deyil, iddiaçı da bir valideyn olaraq uşaqların saxlanılmasında və maddi təminatında iştirak etməlidir, belə ki, uşaqları saxlamaq hər 2 valideynin borcudur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçının apellyasiya şikayətinə etirazı daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Qanuni nümayəndə Hüseyn qızı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, oğlu işləmir, xəstədir, yenidən ailə qurub, bir uşağı doğulub, 3700 manat aliment borcu da qalıb, ödəyə bilmir. İddiaçı işləyir, mağazası var. Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(060)- 272/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iki uşaq üçün 250 manat aliment alıb, həmin məbləğ də uşaqların saxlanması üçün yetərli deyil, aliment borcu da qalıb, evlənib ayrıca yaşayır, istifadəsində nəqliyyat vasitəsi var. Rəsmi iş yeri olmasa da onunla ailəli olduğu vaxt gəlirinin yüksək olduğunu görüb. Artıq uşaqlar böyüyüb, əlavə məşğələlərə gedirlər. Hazırda işləmir, gəliri yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(060)-272/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3. Aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, qətnamədə dəyişiklik edilərək dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması müəyyən edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü ildə Məhəmməd və xx.xx.2011-ci ildə Məryəm adlı uşaq doğulmuş, tərəflər arasında nikaha xx.xx.2021-ci il tarixində xitam verilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6226/2019 saylı, 01 avqust 2019cu il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən bir uşaq üçün 125 manat olmaqla, iki uşağa görə 250 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən cavabdeh xx.xx.2022ci ildə X2 doğulmuş X7 atası hesab edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə X5r. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilsə də bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı uşaqları üçün 440 manat aliment tələb etsə də cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh yenidən ailə qurmuşdur və başqa bir uşağı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 180 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün müəyyən edilmiş 125 manat məbləğindəki aliment 2019-cu ilin iyul ayında, yəni uşaqların müvafiq olaraq 8 və 6 yaşı olanda tutulmuş, hazırda isə uşaqlar 12 və 9 yaşlıdır və məktəblidir. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 180 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə, maddi vəziyyətinin aşağı olması, ikinci nikahından 1 uşağının olması barədə dəlillərinə qiymət verərək hesab edir ki, göstərilən dəlillər cavabdehin uşağını saxlamaq öhdəliyindən azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək hər uşaq üçün 180 manat aliment müəyyən etməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas sayıla bilməz. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğinin artırılması nəticəsinə gəlsə də artırılmış alimentin tutulma vaxtını müəyyən etməmişdir. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(060)-272/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, qətnamədə dəyişiklik edilərək dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(060)-272/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(060)-272/2023 saylı qətnaməsinin qətnaməsində dəyişiklik edilərək dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması müəyyən edilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-865/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-865/2023
18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver