Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-865/2024 04.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X12 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-288/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Quba Rayon Məhkəməsinin 2(027)-133/2023 nönmrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 100.000 (bir yüz min) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1183/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-133/2023 nömrəli qətnaməsi dəyişdirilmiş, Cavabdeh 30.000 (otuz min) manat və cavabdeh X2 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 89.250 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 436 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ilin yay ayında qohumu X3 vasitəçiliyi ilə keçmiş süd zavodunun müdürünün oğlu X7 alıb onun yanına gəlmişdir. Zavodun özəlləşdirilməsi üçün pul lazım olduğunu, ondan pul köməkliyi etməyini bunun əvəzində isə həmin ərazidən torpaq sahəsi verəcəklərini bildirdilər. Onda pul olmadığı üçün 1-2 gün vaxt istəmişdir. Bakı şəhərində yaşayan qohumları ilə məsləhətləşəndən sonra gələcəkdə orada inşaat malları mağazası açmaq məqsədi ilə onlardan pul götürmüşdür. İlkin olaraq 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pulu Məhəmməd və Azərə vermişdir. Təqribən 1-2 həftə sonra pulun çatmadığını, orada payı olan keçmiş işçilərdən paylarını almaq lazım olduğunu bildirərək 3 ay ərzində bu məsələnin həll olunacağını bildirmişlər. Yenə də, ondan 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul alınmışdır. Daha sonra payçılardan Rza adlı bir şəxsin payını vermədiyini, məsələnin həllinin bir azda qeyri-müəyyən vaxta qədər təxirə salındığını bildirmişlər. Bir müddət sonra eşitmişdir ki, payçılardan olan Rzaya 50.000 (əlli min) manat verib onun payını alıblar. Yenə də bir müddət sonra ona torpaq vermək vədlərini yerinə yetirmədən müəssisəni özəlləşdirmək üçün pul lazım olduğundan onun yanına gəlmişlər. Bu ərəfədə də, 65.000 (altımış beş min) ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh ona olan borcu ümumilikdə 105.000 (yüz beş min) ABŞ dolları məbləğində təşkil edirdi. Müəssisə də, yerləşən tikliləri özəlləşdirdilər. Yenə də ondan torpağı özəlləşdirmək üçün pul istədilər. O, pul verə bilməmişdir. Bunun müqabilində Bakıdan başqa bir adamdan 30.000 (otuz min) alıb ona 30 faizlik payçı ediblər. Ona düşən pay olaraq Heydər Əliyev prospektindən 40 metrin 25 metrə olan hissəsini razılaşmışlar. Lakin cavabdeh verdiyi sözə əməl etmədi və ona bildirdilər ki, “sənin pay əvəzinə pulunu 2 qat ödəyəcəyik.” Beləcə illər keçdi dollar bahalaşdı o, çox narahat olmuşdur. Azərlə görüşmüş ona bildirmişlər ki, sən narahat olma söz vermişik sənə borclu olduqları pulu yaxın zamanda qaytaracaqlar. Bundan başqa, Azər ona özəlləşmədə qohumu Cavabdeh adına özəlləşdirdiyini bildirdi. Buna səbəb isə Azərin 8 bacısı olduğunu, bacılarının həmin ərazidə paylarının olduğunu, gələcəkdə bacılarının ailəsində problem olarsa bacılarının ailə qurduğu şəxslərin həmin paydan pay tələbi etməməsi olmuşdur. Müəyyən vaxtdan sonra eşitmişdir ki, cavabdeh zavodun yarısını 420.000 (dörd yüz iyirmi min) manata satmışdır. O, məsələni araşdırmaq üçün cavabdehlə görüşmüşdür. Ona bildirilmişdir ki, 270.000 (iki yüz yetmiş min) manat özəlləşməyə xərcləri çıxıb, yerdə qalan pulu da 3 yerə bölüblər. O, əsəbləşib səs-küy salandan sonra xahiş etmişlər ki, onların pula ehtiyacı çox olduğu üçün bölmüşlər ona zavodun ikinci yarısı satılanda borcunu tamamilə geri qaytaracaqlar. Bir müddət vaxt keçdikdən sonra zavodu baha qiymətə sata bilmədiklərini, buna görə də, borcun 250.000 manatla razılaşmağını istədilər. O, onlara güzəşt edərək, ümumi məbləğ 250.000 (iki yüz əlli min) manat borcun ona verilməsinə razılıq vermişdir. Bu məbləği onunla razlaşdıqdan sonra yenidən qohumunu Məhəmməd razılaşdırılmış 250.000 (iki yüz əlli min) manat məbləği video çəkilişlə ona təqdim etmişdir. O, qeyd olunan pul tələbi ilə əlaqədar Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-133/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 100.000 (bir yüz min) manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Qeyd olunan iddia ərizəsindən Cavabdeh apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1183/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-133/2023 nömrəli qətnaməsi dəyişdirilmiş, Cavabdeh 30.000 (otuz min) manat və cavabdeh X2 70000 (yetmiş min) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi qət edilmişdir. Tərəflər Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1183/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verməmişlər, qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Hazırda bu iddiasında əldən çıxmış faydanın qanunvericiliyin tələbinə əsasən cavabdehdən alınaraq ona verilməsini tələb edir. Belə ki, cavabdeh qeyd olunan pul vəsaiti əsasında özünə iş qurmuş və gəlir götürmüşdür. Belə ki, cavabdehin dediyinə görə o, pendir sexi işlətmiş, həmin ərazidə müxtəlif obyektləri icrayə verərək uzun illərlə gəlir əldə etmişdir. Həmçinin, həmin ərazinin alğı-satqısı zamanı onu aldadaraq çoxlu gəlir əldə etmişdir. Bundan başqa, cavabdeh həmin ərazini satarkən özünə 300 kv.m dən ibarət obyekt saxlamış və hazırda da oradan gəlir götürməkdədir. Hazırki bazar qiyməti ilə cavabdehin mülkiyyətində olan 300 kv.m ərazinin 500.000 manat dəyəri vardır. Cavabdeh ona həmin ərazidən yer verəcəyini öz üzərinə öhdəlik götürsə də, alğı-satqı zamanı ərazini tam olaraq digər şəxslərə satdığını qeyd etmiş, lakin özünə həmin ərazidən pay ayırmışdır. Bütün bu qeyd etdikləri ilə bir daha sübuta yetirilir ki, cavabdeh onun qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nə həmin ərazidən ona pay verməmiş, nə də ki, ərazinin özəlləşdirilməsi üçün ondan aldığı borc pulu geri qaytarmamışdır. Bunlar məhkəmə qətnamələri ilə də öz təsdiqini tapmışdır. Cavabdeh hazırda da həmin ərazidən gəlir götürərək onun qanunvericliklə qorunun hüquqlarını kobud sürətdə pozmaqdadır. O, isə cavabdehə verdiyi borc əsasında böyük ziyana uğramışdır. Qeyd olunan əldən çıxmış faydanın 89.250 ABŞ dolları məbləğində hesablanmalıdır. Belə ki, o, cavabdehə 105.000 ABŞ dolları məbləğində pul vermişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Belə olan halda, 105.000 ABŞ dollarının illik 5% 5250 ABŞ dolları edir. Cavabdeh ondan 105.000 ABŞ dolları məbləğində pulu 2006-cı ildə almışdır. Belə olan halda 17 ildir ki, cavabdeh ondan aldığı puldan gəlir götürməkdədir. 17 ilin əldən çıxmış faydası 89.250 ABŞ dolları edir. Ona görə də, qeyd olunan məbləğ cavabdehdən alınaraq ona verilməlidir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o və Azər iddiaçıdan Məhəmməd vasitəsi ilə müxtəlif tarixlərdə ümumilikdə 105.000 ABŞ dolları pul almışlar. Pulu şəxsən ona gətirib vermişlər. Onun pulu almaqda məqsədi Quba şəhərində yerləşən böyük əmlak kompleksini özəlləşdirmək olmuşdur. O, həmin pulla qeyd edilən əmlakı özəlləşdirmişdir. Lakin iddiaçıya mübahisəli ərazidən yer verə bilmədiyi üçün ona həmin verdiyi pul əvəzində 250.000 manat pul qaytaracağına söz vermiş və aralarında müqavilə bağlamışlar. 2021-ci il tarixdə qeyd olunan pulun əvəzi olaraq 150.000 manat məbləğində pul qaytarmışdır.
6. İş materiallarında olan xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 150.000 manat məbləğində pul vermişdir.
7. İş materiallarında olan iltizamdan görünür ki, X1 Ramazanovdan borcunun əvəzi olan 70.000 manat məbləğində pul almışdır.
8. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-288/2024 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia qismən təmin edilərək, Cavabdeh 78.500 (yetmiş səkkiz min beş yüz) ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla alınaraq, İddiaçı verilməsi və Dövlət rüsumunun əvəzi olan 436 (dörd yüz otuz altı) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh süd zavodunun özəlləşdirilməsi məqsədi ilə, iddiaçıya həmin ərazidə torpaq sahəsi verəcəyini vəd edərək, iddiaçıdan müxtəlif tarixlərdə ümumilikdə 105.000 (yüz beş min) ABŞ dolları məbləğində pul almışdır. Daha sonra qeyd olunan ərazidə iddiaçıya torpaq sahəsi verə bilməmiş, lakin ona borclu olduğu 105.000 (yüz beş min) ABŞ dolları məbləğində pulun əvəzini iki qat şəkildə ödəyəcəyini vəd etmişlər. İş materiallarında olan iddiaçının əlyazması ilə yazılmış iltizamdan görünür ki, Cavabdeh tərəfindən iddiaçıya 150.000 manat məbləğində pul qaytarılmışdır.
10. İş üzrə iddia tələbinin əsaslılığı Quba Rayon Məhkəməsinin 2(027)-133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1183/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh iddiaçıya mübahisəli ərazidən torpaq sahəsi verəcəyinə dair öz üzərinə öhdəlik götürsə də, alğı-satqı zamanı ərazini digər şəxslərə satmışdır. Cavabdeh özünə həmin ərazidən pay ayırmışdır. Bununla da bir daha sübuta yetirilir ki, cavabdeh iddiaçı qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, həmin ərazidən iddiaçıya pay verməmişdir. Ərazinin özəlləşdirilməsi üçün iddiaçıdan aldığı borc pulu 15 il sonra geri qaytarmışdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 443.1- 443.4, 439.1– 439.4, 445.7, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 9 iyul 2009-cu il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarlarının tələbləri ilə əsaslandırmışdır.
12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, dayısı oğlu X11 və iddiaçının qohumu X6 2006-cı ildə İddiaçı yanına gələrək süd zavodunu özəlləşdirmək üçün pul lazım olduğunu, ondan pul köməklik etməyini, bunun əvəzində isə həmin ərazidən torpaq sahəsi verəcəklərini bildirmişlər. Bundan sonra İddiaçı tərəfindən qohumu X5 və onun dayısı oğlu X8 hissə-hissə olmaqla, ümumilikdə 105.000 (yüz büş min) ABŞ dolları məbləğində pul verilmişdir. Bu proseslərdə onun heç bir iştirakı olmamışdır. Sonradan həmin torpaq sahəsini İddiaçı qaytarmaq mümkün olmadığı üçün X11, X6 və onunla İddiaçı arasında 105.000 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikasının pul vahidi olan məzənnəsi nəzərə alınmaqla 105.000 X 1,7 = 178.500 manat məbləğində borcun və borcun ödənilməsinin gecikdirilməsi üçün əlavə olaraq 71.500 manat məbləğində ümumilikdə 250.000 manat məbləğində pulun iddiaçıya qaytarılması barədə razılıq əldə edilmişdir. Bundan sonra razılaşdıqları həmin müqaviləyə uyğun olaraq onun tərəfindən iddiaçıya 150.000 manat məbləğində pul verilmişdir və iddiaçıya çatdırılması üçün qohumu X5 70.000 manat məbləğində pul verilmişdir, lakin maddi imkanı olmadığı üçün qalan 30.000 manatı ödəyə bilməmişdir. Eyni zamanda iddiaçıya çatdırılması üçün qohumu X5 verilmiş 70.000 manat məbləğində pul onun tərəfindən iddiaçıya verilməmişdir. Bundan sonra İddiaçı tərəfindən aralarında razılaşdırdıları həmin müqaviləyə istinad edilərək həmin müqavilədə razılaşdırılmış məbləğin ona ödənilməyən hissəsi olan 100.000 manat məbləğində pulun ondan və X2 alınaraq iddiaçıya verilməsi barədə Quba Rayon Məhkəməsinə iddia verilmişdir və Quba Rayon Məhkəməsinin 2(027)-133/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə ilə iddia təmin edilərək 100.000 manat məbləğində pulun ondan və X4 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1183/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək ondan 30.000 manat və digər cavabdeh X2 70.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Onun tərəfindən həmin 30.000 manat məbləğində pul vəsaiti hissə-hissə iddiaçıya ödənilir. İşin faktiki halından göründüyü kimi iddiaçı ilə aralarında gecikdirilmiş 105.000 ABŞ dolları məbləğində pulun hansı qaydada ödənilməsi barədə razılaşdırılmış müqavilə mövcud olmuşdur, həmin müqavilə ilə 105.000 ABŞ dolları x 1,7 manat = 178.500 manat məbləğində borcun və borc alınan pulun ödənilməsinin gecikdirilməsi üçün əlavə olaraq 71.500 manat məbləğində ümumilikdə 250.000 manat məbləğində pulun iddiaçıya verilməsi müəyyən edilmişdir. Bu müqaviləyə uyğun olaraq onun tərəfindən iddiaçıya 105.000 ABŞ dolları x 1,7 manat = 178.500 manat məbləğində borc əvəzinə 150.000 manat + 70.000 = 220.000 manat məbləğində borc və gecikdirmə pulu ödənmişdir və ödənilməmiş 30.000 manat məbləğində pulun ondan alınaraq iddiçıya verilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir və onun tərəfindən həmin pul vəsaiti hissə-hissə iddiaçıya ödənilir. Mövcud vəziyyətdə iddiaçı tərəfindən ona qarşı 105.000 ABŞ dolları məbləğində borcun ödənilməsinin gecikdirilməsi üçün illik beş faizin ödənilməsi tələbinə dair iddia verilmişdir və birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edilərək iddia təmin edilmişdir. İddiaçıya borcun ödənilməsinin gecikdirilməsi üçün illik beş faizin ödənilməli olması barədə məhkəmənin gəldiyi nəticəni düzgün və qanuni hesab etmir. Belə ki, məhkəmənin istinad etdiyi MM-nin 445.7-ci maddəsinin tələbinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda kreditorun borcun ödənilməsinin gecikdirilməsi üçün illik beş faizin ödənilməsini tələb etmək hüququ olur, əks halda kreditorun belə hüququ yoxdur. Mövcud vəziyyətdə ödənilməsi gecikdirilmiş 105.000 ABŞ dolları (178.500 manat) məbləğində borc üçün 250.000 manat məbləğində pulun ödənilməsinə dair onunla iddiaçı arasında razılaşdırılmış müqavilə vardır, müqavilə ilə razılaşdırılmış məbləğin 220.000 manat hissəsi onun tərəfindən ödənmişdir, qalan 30.000 manat məbləğində pulun ondan tutularaq İddiaçı verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır və həmin pul məbləği onun tərəfindən hissə-hissə ödənilir. Bununla da müqavilədə ayrı qayda nəzərdə tutulduğu üçün qanunvericiliyin tələbinə və işin faktiki halına əsasən iddiaçının borcun ödənilməsinin gecikdirilməsi üçün illik beş faizin ödənilməsini tələb etmək hüququ yoxdur və iddiaçıya borcun ödənilməsinin gecikdirilməsi üçün illik beş faizin ödənilməli olması barədə məhkəmənin gəldiyi nəticə düzgün və qanuni deyildir. Məhkəmə qətnaməsində borcun ödənilməsinin gecikdirilməsi üçün iddiaçıya illik beş faizin ödənilməli olması barədə gəldiyi nəticənin əldən çıxmış fayda kimi göstərilməsi düzgün deyildir, burada aşkar şəkildə iddianın predmeti və hüquqi əsasını fərqli şəkildə göstərilməyə çalışılmışdır, lakin mahiyyəti dəyişdirmək mümkün olmamışdır və bu tələb iddiaçı və məhkəmə tərəfindən necə adlandırılmasından asılı olmayaraq MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuş borcun ödənilməsinin gecikdirilməsi üçün illik beş faizin ödənilməsi tələbidir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən MM-nin 445.7-ci maddəsinin tələbləri pozularaq 105.000 ABŞ dolları məbləğində borcun gecikdirilməsi üçün İddiaçı həm müqavilədə nəzərdə tutulmuş əlavə məbləğin ödənilməsi barədə, həm də illik beş faizin ödənilməsi barədə ayrı-ayrı qətnamələr qəbul edilmişdir. Bundan əlavə gecikdirilmiş 105.000 ABŞ dolları (178.500 manat) məbləğində borcun 250.000 manat məbləğində qaytarılması barədə iddaiçı ilə razılaşdırılmış müqavilənin olduğu, müqavilə ilə razılaşdırılmış məbləğin 220.000 manat hissəsinin ödənildiyi, İddiaçı iddiası əsasında qalan məbləğin ondan alınaraq iddiaçıya verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğu üçün yenidən eyni predmet və hüquqi əsasla borcun gecikdirilməsi üçün ondan illik beş faizin alınaraq ona verilməsi barədə iddia verməyə İddiaçı subyektiv hüququ olmamışdır və birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 153.2.2 və 261.0.2-ci maddələrinin tələbləri pozularaq işə baxılıb qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsinə və iddia müddətinin keçməsinə baxmayaraq məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməmişdir, bununla da Mülki Məcələnin 375.2-ci maddəsinin tələbləri pozulmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qanunsuz və əsassızdır, qətnamə ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazda göstərilir ki, şəkər xəstəsi olduğu üçün həyəcandan bəzi faktları unudaraq deyə bilməmişdir. Süd zavodu üçün verdiyi 105.000 ABŞ dollarını hissə-hissə Bakıdakı qohumlarından almış, həmin şəxslər zərgərliklə məşğul idilər. Ona borc verəndə pulu qızılın qiymətinə uyğunlaşdırmışdılar. O, vaxt qızıl 15-20 ABŞ dolları idi. O, da məcbur olub qaytaranda 45-60 ABŞ dolları olmuşdu. Bu işdə xeyli zərər çəkmişdir. Apellyasiya şikayəti vermiş cavabdeh göstərir ki, guya o, pulu artıqlaması ilə ödəyib. Əvvəla, onlar torpaq sahəsi verə bilməsə əvəzində pulu ikiqat ödəyəcəklıəri barədə yazılı şəkildə söz vermişdilər. Yəni 210.000 ABŞ dolları məzənnəyə əsasən 357.000 manat təşkil etmişdir. Həm mərhəmət, həm də onların guya ki, “müəssisə satıla bilmir" bəhanəsinə inanaraq bu məbləğin 250.000 AZN-ə endirilməsinə razılaşmışdır. Məhkəmələr dövründə məlum olmuşdur ki, Cavabdeh hamını aldadaraq özü üçün həm pul alıb, həm torpaq sahəsindən 300 kv.metr saxlayıb, həm də o böyüklükdə obyektdə özünün dediyinə görə 3%, lakin bəzi mənbələrə görə 25 %-ə payçı olub. O obyekt “Megastore” və “Hyperstore” - 15000 kvadrat metr, iki mərtəbə ticarət mərkəzidir. Ora açılandan sonra Quba rayonunun neçə böyük marketi bağlanmış, hətta Quba Bazarı da bağlanmaq üzrədir. Bütün ticarət orada cəmləşib. Saxladığı 300 kvadrat metrdə onun üçün Süd emalı fabriki tikmişlər, küçəyə çıxışında da satış yeri qoymuşlar ki, tək elə bu obyektin qiyməti 500.000 - 600.000 manatdır. Onun tələb etdiyi iddia məbləği onun 5-6 aylıq gəliridir. Oradan əldə etdiyi gəlirdən və faiz payından qazandığı pullarla çay kənarında iki ədəd villa, qabağında da böyük kommersiya obyekti tikdirib. Bugünkü gündə onlar 2 milyon manatdan çox edir. O, isə heç verdiyi pulu ala bilməmiş, nəinki qazanc əldə etmişdir. Ona görə də, məhkəməyə müraciət etdiyi və məhkəmə iddiasının qismən təmin edən qətnamə çıxardıb. İşə əlavə olaraq diskdə obyektin, villalarının şəkilləri və ətraflı video görüntüsünü yerləşdirmişdir. Qeyd olunlara əsasən iddia ərizəsinin təmin olunaraq Cavabdeh ona dəymiş ziyanın və əldən çıxmış fayda olan 85.000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsini təmin edilməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, ... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
29. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
30. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
33. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
38. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisənin düzgün həlli üçün ilk olaraq əsas öhdəlik üzrə borc məbləğinin hansı tarixdə ödənilməli olması müəyyən edilməlidir. Bundan sonra, həmin öhdəlik tam icra olunduğu halda, borcun hesablandığı tarixdən icra olunduğu tarixədək, öhdəlik müddəti bitdiyi tarixdən sonra icra edildiyi halda isə - öhdəlik üzrə müəyyən olunmuş müddətin sonunadək qətnamə ilə müəyyən edilən əsas borca pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi üçün faizin məbləği Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən əsas borca illik beş faiz dərəcəsi ilə zərərin məbləği müəyyən edilməli göstərilən maddi hüquq normaları tətbiq edilməklə cavabdehə qarşı iddia tələbinin dəlillərinə hüquqi qiymət verilməlidir.
39. İş materiallarında olan qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1183/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəf süd zavodunun özəlləşdirilməsi məqsədi ilə iddiaçıya həmin ərazidə torpaq sahəsi verəcəklərini vəd edərək, iddiaçıdan müxtəlif tarixlərdə ümumilikdə 105.000 ABŞ dolları məbləğində borc almışlar. Daha sonra qeyd olunan ərazidə iddiaçıya torpaq sahəsi verə bilmədikləri üçün Cavabdeh 105.000 ABŞ dolları məbləğində pulun əvəzinə 250.000 manat qaytarılmasına razılaşmış, cavabdeh həmin razılaşmalarına görə iddiaçıya ümumilikdə 220.000 manat ödəmişdir.
40. Həmin qətnaməyə əsasən Cavabdeh 30.000 (otuz min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir.
41. İş materiallarında olan İddiaçı Quba rayon İcra və probasiya şöbəsinə yazdığı xx.xx.2023-cü il tarixli ərizənin surətindən (səh.46) görünür ki, aralarında razılıq olduğundan Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-1183/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatını xx.xx.2024-cü il tarixədək dayandırılmasını, borclu Cavabdeh razılaşmaya əməl etmədiyi təqdirdə icra proseslərinin davam etdirilməsi barədə ərizə ilə müraciət edəcəyini göstərmişdir. Hal hzırda heç bir tələbi və şikayəti yoxdur.
42. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
43. İş materiallarında olan xx.xx.2021-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı sonuncu dəfə 150.000 manat məbləğində pul vəsaiti ödəmişdir.
44. Hazırki iş üzrə iddiaçı, xx.xx.2023-cü il tarixdə mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2006-cı ilin yay ayından etibarən cavabdehin qanunsuz saxladığı pul vəsaitindən faizlər ödəməli olmasını əsas gətirmişdir.
45. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh ərazinin özəlləşdirilməsi üçün iddiaçıdan aldığı borc pulu 15 il sonra geri qaytarmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, tərəflər sonradan yəni xx.xx.2018-ci il tarixdəki razılaşmalarına əsasən qaytarılmalı olan pulun məbləğini kompensasiya etməklə ümumilikdə 250.000 manat məbləğində müəyyənləşdirmişlər və bu məbləğdən cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş qalan məbləğ 30.000 manat təşkil etmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 447.5-ci maddəsi təşkil edir.
47. Belə ki, Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan 24 dekabr 2014-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər.
48. Göründüyü kimi birinci instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddia tələbinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
49. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı xx.xx.2018-ci il razılaşmada öhdəlik üçün müddət müəyyən edilmədiyindən, işdəki xx.xx.2021-ci il tarixli iltizama əsasən cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş həmin vaxt icra edildiyindən və həmin vaxtdan 30.000 manat məbləğində pul öhdəliyi icra edilməmiş qaldığından, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilən xx.xx.2023-cü il tarixədək olan müddət üçün ödənilmədən qalmış həmin borca illik beş faiz dərəcəsi ilə zərərin məbləği müəyyən edilməlidir.
50. Belə ki, qeyd olunan müddət, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 1 il 10 ay 26 gün təşkil etdiyi üçün, ödənilməmiş 30.000 manata görə illik beş faiz dərəcəsi ilə 2858,31 manat (1 il üçün 1500 manat + 10 ay üçün 1250 manat + 26 gün üçün 108,316 manat) Cavabdeh alınaraq İddiaçı verilməlidir.
51. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 436 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır.
52. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
55. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş, lakin işə baxılan ərəfədə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etməmişdir. Ərizə işə baxıldıqdan sonra məhkəməyə təqdim edilmişdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, gecikdirilmiş vaxt üçün illik beş faiz xx.xx.2021-ci il tarixindən hesablanmalı olduğundan iddiaçı tərəfindən mövcud iddianın irəli sürülməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Həmçinin tərəflər arasında əvvəllər mövcud olmuş yuxarıda adı çəkilən işlə hazırkı iş eyni predmet barəsində və eyni əsaslar üzrə olmadığından, iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.
57. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
58. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
59. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-288/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh gecikdirilmiş vaxt üçün illik beş faiz - 2858,31 (iki min səkkiz yüz əlli səkkiz manat otuz bir qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 436 (dörd yüz otuz altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli və iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-288/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh gecikdirilmiş vaxt üçün illik beş faiz - 2858,31 (iki min səkkiz yüz əlli səkkiz manat otuz bir qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 436 (dörd yüz otuz altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.