Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-866/2024 04.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı1 hüquqi varisi, eyni zamanda İddiaçı2 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-301/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) ABŞ dolları məbləğində borcun, 120 (yüz iyirmi) manat 60 (altımış) qəpik ödənilmiş dövlət rsumunun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İddiaçılar ərizəsini onunla əsaslandırmışlar ki, Cavabdeh onların yaxınıdır. Cavabdeh bələdiyyə işlədiyi dövrdə, 2017-ci ilin aprel-may aylarında aralarında olan razılığa əsasən 0,12 ha torpaq sahəsinin satılması və sənədləşmə işlərinin aparılması üçün onlardan 8000 (səkkiz min) manat məbləğində pul istəmişdir. Bundan sonra Cavabdeh ona və yoldaşına Quba rayonu Küpçal kəndi ərazisində 0.24 ha olan boş torpaq sahəsi göstərərək həmin sahədən 0.12 ha hissəsinin onlara satılacağını bildirmişdir. 2017-ci ildən 2021-ci ilədək hissə-hissə olmaqla ümumilikdə Cavabdeh 0,12 ha torpaq sahəsinin satılması və sənədləşmə işlərinin aparılması üçün 6000 (altı min) ABŞ dolları məbləğində pul verilmişdir. Lakin nə razılaşdıqları torpaq sahəsini onlara vermiş, nə də verdikləri pulu geri qaytarmışdır. Dəfələrlə Cavabdeh söz verdiyi 0,12 ha torpaq sahəsini onlara verməyi tələb etsələr də müxtəlif bəhanələr gətirirək işin icrasından yayınmışdır. Həmin torpaq sahəsini vermədiyindən, verdiyi pulu ondan istəsələr də, nağd qaydada pulu geri qaytarmamışdır. Pulu geri qaytarması barəsində ona bir neçə dəfə müraciət etmişlər. Pulu qaytarmayacağı təqdirdə şikayət edəcəylərini bildirəndə gedin hara istəyirsiniz şikayət edin demişdir. Üzərindən bir müddət keçdikdən sonra ondan pulu istəsələr də, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Hər dəfə ödəyəcəyini bildirərək onları aldatmışdır. Məcburiyyət qarşısında qalaraq Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişlər. Quba rayon Polis Şöbəsi tərəfindən Cavabdeh izahatı alınmışdır. Cavabdeh rayon polis şöbəsinə verdiyi izahatında borcunu etiraf etmişdir. Belə ki, Quba rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barəsində qərarında Cavabdeh borcunu etiraf etdiyi qeyd olunmuşdur. Ancaq Emin borcunu tam etiraf etməmişdir.
3. İş materialından görünür ki, İddiaçı2 ərizəsi əsasında Quba RPŞ-də HK-1/1002 saylı təhqiqat materialı üzrə iş açılmışdır. Cavabdeh təhqiqat materialındakı izahatından görünür ki, o bacısı Şövkət Paşayevaya məxsus 0.11 ha torpaq sahəsini dayısı İddiaçı1 adına sənədləşdirmək üçün ondan 4000 ABŞ dolları aldığını etiraf etmişdir.
4. İşdə olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 may 2022-ci il tarixli qərardan göründüyü kimi İddiaçı2 ərizəsi əsasında toplanmış HK1U002 nömrəli materilada cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və ona Cavabdeh pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
5. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-301/2024 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia qismən təmin edilərək Cavabdeh 4000 (dörd min) ABŞ dolları ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş dövlət rüsumundan 80 (səksən) manat 40 (qırx) qəpik hisəsinin alınaraq İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və dövlət rüsumunun 40 (qırx) manat 20 (iyirmi) qəpik hissəsinin iddiaçılara aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbində cavabdehdən 6000 ABŞ dolları məbləğin tutulması xahiş olunmuşdur. Cavabdeh xidmət göstərilməsilə bağlı 4000 ABŞ dolları qəbul etdiyini ibtidai araşdırma zamanı verdiyi izahatında, həmçinin məhkəmə araşdırması zamanı etiraf etmiş və iddia tələbi üzrə istinad edilmiş 6000 ABŞ dolları məbləğin verilməsilə bağlı hallara dair hər hansı digər sübut təqdim edilmədiyindən tələb 4000 ABŞ dolları həcmində əsaslıdır və təmin edilməlidir.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 4.1, 385.1, 443.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində qeyd etmişlər ki, guya ona 2017-ci ildən 2021-ci ilə qədər hissə-hissə olmaqla 6000 ABŞ dolları məbləğində pul vermişlər. İddia tələbində guya pulun hissəhissə verildiyi bildirilsə də, İddiaçı1 nümayəndəsi X1 məhkəmə iclasında verdiyi izahatında bir yerdə pulun hissə-hissə verildiyini, digər bir yerdə isə qardaşının “ParaBank” vasitəsilə atasının və anasının adına pul göndərdiyini və həmin pulu bankdan çıxardıqdan sonra evlərində anası, atası və özünün iştirakı ilə 6000 ABŞ dollarını guya ona verdiklərini bildirir. Göründüyü kimi iddiaçının nümayəndəsi özü ziddiyətli izahat verərək əslində ona heç bir zaman 6000 ABŞ dolları məbləğində pul vermədiklərini etiraf etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi ziddiyyətli izahat verərək gah pulu iddiaçı olan atası İddiaçı1 verdiyini, gah da həmin pulu hər kəsin verdiyini bildirir. Bununla da iş üzrə İddiaçı2 hazırki iddia tələbi üzrə hansı əsasla iddiaçı qismində çıxış etməsi qaranlıqdır. Qətnamədə onun izahatı məhkəmədə verdiyi formada deyil, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan köçürülmüşdür. Əgər polis şöbəsində alınan izahat olduğu kimi köçürələcəkdisə, onda nəyə görə onu məhkəməyə dəvət edir və sanki çəkişmə əsasında işə baxılması görüntüsü niyə görə yaradırdılar? Bir daha qeyd etmək istəyir ki, o, iddiaçıların iddiasını qəbul etmir, etməmiş və məhkəmədə iştirak edərkən də iddianı qismən qəbul etməklə bağlı heç bir ərizə və ya şifahi şəkildə fikir bildirməmişdir. Əksinə məhkəmə iclasında polis şöbəsində təsir altında olunduğunu, öz sərbəst iradəsi ilə deyil, təhqiqatçının öz istədiyi kimi yazdığı izahatı imzalamağa məcbur olduğunu bildirmişdir. Bir daha iddiaçıların ona qarşı olan tələbləri ilə bağlı bildirir ki, 1999-2009-cu illərdə Küpçal Bələdiyyəsinin üzvü olmuş, 2007-ci il oktyabr ayında dayısı İddiaçı1la bələdiyyə sədri Elman Qubanov arasında torpaq barəsində razılıq əldə olunmuşdur. Həmin söhbət əsnasında İddiaçı1 ona dəyişdirmək üçün 1000 ABŞ dolları məbləğində pul vermiş, o, da həmin vaxtın məzənnəsi ilə pulu dəyişdirərək 780 manat məbləğində pulu gətirib İddiaçı1 vermiş və iddiaçı da həmin pulu bələdiyyə sədrinə vermişdir. 2008-ci ilin may ayında İddiaçı1 ona 1100 manat məbləğində pul vermiş, o, da həmin pulu bələdiyyə sədrinə çatdırmışdır. Əgər iddiaçılar ondan həmin məbləğləri tələb edirlərsə, həmin məbləğ ona deyil, adını qeyd etdiyi bələdiyyə sədrinə verilmişdir, əlavə olaraq bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti də ötürülmüşdür. İddiaçılar iddia ərizəsində iddia edirlər ki, guya onlardan 2017-2021-ci illərdə bələdiyyədə işlədiyi vaxt hissə-hissə pul almışdır. Hansı ki, 1999-2009-cu illərdə bələdiyyə üzvü olmuş və bələdiyyə üzvünün də torpaq satmaq ixtiyarı yoxdur. İddiaçılar eyni zamanda iddia edirlər ki, guya onlara rəhmətlik bacısının torpaq sahəsini satmağı vəd etmiş, bu da həqiqət deyildir. Belə ki, onun bacısı X3 01 fevral 2014-cü ildə vəfat etmişdir. Onun adına hər hansı torpaq sahəsi olmamış, olmayan torpaq sahəsinin alqı-satqısından da söhbət gedə bilməz. 2022ci ilin may ayında iddiaçının şikayəti ilə bağlı onu polis şöbəsinə dəvət edərək təsir göstərməklə 6000 ABŞ dolları məbləğində pul aldığını etiraf etdirməyə çalışmışlar, o, da eynilə yuxarıda qeyd etdiyi kimi izahat verdikdə ona təsir göstərilərək və iradəsinin ziddinə olaraq guya iddiaçılardan 4000 ABŞ dolları məbləğində pul almağı ilə bağlı sənədə imza etdirilmişdir. Birinci instansiya məhkəməsi onun dediyi heç bir halı qiymətləndirmədən bir tərəfli olaraq qətnamə çıxarmışdır. Onun iddiaçılardan həqiqətən 6000 və ya 4000 ABŞ dolları məbləğində pul almağı ilə bağlı heç bir sübut yoxdur. Məhkəmənin öz qətnaməsini əsaslandırmaq üçün sübut qismində istifadə etdiyi, hətta onun ifadəsini də həmin qərardan olduğu kimi əks etdirdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin ifadə onun sərbəst iradə ifadəsini əks etdirmir. Məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardakı izahatı sübut kimi qəbul edərək, həmin sübutu obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra digər sübutlarla birlikdə qiymətləndirməmişdir. İddiaçılar da həmin qərardan əlavə məhkəməyə başqa hər hansı sübut təqdim etməmişlər. Halbuki iddia tələbini sübut etmə yükü hər zaman iddiaçının üzərindədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfin etirazı daxil olmmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 hüquqi varisi, eyni zamanda İddiaçı2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
14. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
18. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
20. Maddə 48. Mülki prosessual hüquq qabiliyyəti Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir.
21. Maddə 58. Prosessual hüquq varisliyi 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
23. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
26. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.3. qətnaməni dəyişdirə bilər; (...)
30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
33. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Onun qızı Nümayəndə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək onun hüquqi varis qismində tanınmasını xahiş etmişdir.
34. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
35. MPM-in 58.1-ci maddəsinin tələbinə uyğun olaraq İddiaçı1 prosessual hüquq varisi, birinci növbəli vərəsəsi olan qızı - Nümayəndə ilə əvəz edilmişdir.
36. İddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0,12 ha torpaq sahəsinin satılması və sənədləşmə işlərinin aparılması üçün 6000 (altı min) ABŞ dolları məbləğində pul verilməsinə istinad edərək həmin pulun cavabdehdən alınaraq onlara verilməsini xahiş etmişdirlər.
37. İşin araşdırılan halları ilə müəyyən olunur ki, tərəflər arasında yazılı müqavilə olmamışdır. Cavabdeh torpaq sahəsi ilə bağlı iddiaçı tərəflə aralarında heç bir danışığın olmadığını göstərsə də, Quba RPŞ-də HK-1/1002 saylı təhqiqat materialı üzrə araşdırma zamanı verdiyi izahatında o, bacısı Şövkət Paşayevaya məxsus 0.11 ha torpaq sahəsini dayısı İddiaçı1 adına sənədləşdirmək üçün ondan 4000 ABŞ dolları aldığını etiraf etmişdir.
38. Cavabdeh apellyasiya şikayətində təhqiqat materialı üzrə araşdırma zamanı verdiyi izahatını təzyiq altında verdiyini göstəsə də, bu barədə məhkəməyə hər hansı sübut növü təqdim etməmiş, əksinə həmin material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 may 2022-ci il tarixli qərarın ləğv edildiyi və ya verdiyi həmin izahata sonradan əlavə və dəyişikliyin edilməsi müəyyən edilməmişdir.
39. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
40. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
41. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
42. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
44. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla cavabdehin əsassız olaraq varlandığı müəyyən edildiyindən, pul vəsaitindən məhrum olan iddiaçıların həmin pulu tələb etməsi üçün hüquqi əsas vardır.
45. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Lakin İddiaçı1 vəfat etdiyindən və o, prosessual hüquq varisi, birinci növbəli vərəsəsi olan qızı - Nümayəndə ilə əvəz edildiyindən kollegiya hesab edir ki, qətnamə dəyişdirilməli, Cavabdeh 4000 (dörd min) ABŞ dolları ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə alınaraq İddiaçı2 və Nümayəndə xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-301/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 4000 (dörd min) ABŞ dolları ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş dövlət rüsumundan 80 (səksən) manat 40 (qırx) qəpik alınaraq İddiaçı2 və Nümayəndə xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.