Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-868/2024 04.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Şərifova (Allahverdiyeva) Şəfa Nizami qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Şərifova (Allahverdiyeva) Şəfa Nizami qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5038/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ № 902583 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 07 fevral 2012-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.
2. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV № 417334 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28 yanvar 2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.
3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5914/2022 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh və İddiaçı arasında Sumqayıt nikah evində xx.xx.2009-cu il tarixdə bağlanmış, 992 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir.
4. İş materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 23 yanvar 2023-cü il tarixində verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahları pozulmuş və nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 03 nömrə ilə qeyd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5914/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay 440 manat sabit pul məbləğində alimentin tutulub, birgə nikahdan olan xx.xx.2012-cı il təvəllüdlü X3 və xx.xx.2020-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 13 dekabr 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2012-cı il tarixdə X3 və xx.xx.2020-cı il tarixdə X4 doğulmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(060)-5914/2022 saylı qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahdan olan uşaqların onun yanında qalmasının müəyyən olunması və həmin uşaqların saxlanması üçün hər ay cavabdehin qazancının 1/3 hissəsi miqdarında alimentin tutulub ona verilməsi qət edilmişdir. O, məhkəmə qətnaməsinə əsasən hazırda 272 manat aliment alır və həmin alimentlə övladlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun təlabatları da günü-gündən artır. O, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı nəzərə alınmalıdır.
7. Cavabdeh iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazını “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndi, “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci bəndi və Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbləri ilə əsaslandırmaqla göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət edir və aylıq əmək haqqı 827,03 manatdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5914/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə razıdır və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.
8. “Elektron Məhkəmə” sistemindən olan çıxarışa əsasən İddiaçı X6 Təhsil İdarəsində müəllim vəzifəsində çalışır, aylıq maaşı isə 359,44 manatdır.
9. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 62 nömrəli arayışdan məlum olur ki, Cavabdeh Dövlət Sərhəd Xidmətində xidmət edir, aylıq maaşı 827,03 manatdır.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5038/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin qismən təmin edilərək tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5914/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh aylıq əmək haqqının 1/3 hissəsi miqdarında tutulmuş alimentin dəyişdirilərək, Cavabdeh hər ay, hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 40,16 (qırx manat, on altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, alimentin tutulması formasının dəyişdirilməsi (qazancın müəyyən hissəsi əvəzinə sabit pul məbləğində tutulması) Ailə Məcəlləsinin 78.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olduğu halda mümkündür. Həmin maddədən görünür ki, bu əsasların sırasına “alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozması” da aiddir. Alimentin qazancın müəyyən hissəsi kimi tutulması iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, cavabdehin əmək haqqının müəyyən hissəsi kimi tutulma təxminən 272 (iki yüz yetmiş iki) manat təşkil edir. Bu məbləğ də “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qeyd olunmuş məbləğə uyğun deyildir. Bu hal iddiaçının marağının əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Odur ki, alimentin tutulma forması dəyişdirilməli, aliment sabit pul məbləği kimi tutulmalıdır.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2, 112.1-ci maddələri və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə 2 azyaşlı uşaqlarının saxlanması üçün əmək haqqının 1/3 hissəsi aliment olaraq tutulub İddiaçı ödənilir. X11 Ximətlərində çalışır və əmək haqqı 827.03 manat təşkil edir. İddiaçı ilə birgə nikah dövründə kredit və yaxın tanışlarına borcları üçün 30 mart 2023-cü il tarixdə “ATB” bankdan 9.137 manat kredit götürüb bir qismini borclarına ödəmişdir. Hazırda kreditlər onun tərəfindən ödənilir. Belə ki, hər ay “ATB” banka 396 manat məbləğində pul ödəyir. Şəxsi maddi təlabatlarına pul vəsaiti çatmadığı üçün çətinlik çəkir. Buna baxmayaraq övladlarına bir ata olaraq diqqətini əsirgəmir, onların istədiklərini lazım olduğunca borcla da olsa alır. Əlavə gəliri yoxdur, qətnaməni qanunsuz hesab edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək məktəbdə müəllimə işlədiyi üçün məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
19. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
20. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
21. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.
31. Məhkəmə kollegiyası qeyd edir ki, alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməldir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır.
32. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi barədə alimentin məbləği Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5914/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir.
33. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 62 nömrəli arayışdan məlum olur ki, Cavabdeh Dövlət Sərhəd Xidmətində xidmət edir, aylıq maaşı 827,03 manatdır.
34. Məhkəmə kollegiyası nəzərə alır ki, iki uşaqların saxlanması üçün cavabdehin əmək haqqının müəyyən hissəsi kimi tutulma təxminən 275 manat təşkil edir.
35. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 220 manat, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda isə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
36. Cavabdehdən uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə kollegiyası uşaqların yaş həddini, əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını və diqqətəlayiq olan digər halları əsas tutaraq hesab edir ki, alimentin məbləğinin hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə uyğundur və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kredit borcunun olması, maddi vəziyyətinin aşağı olması onu uşaqları saxlamaq, onların qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Cavabdehin qeyd etdiyi dəlillər onu uşaqlarını saxlamaq, ondan ayrılıqda yaşayan uşaqların haqqı çatan maddi təminatını ödəmək vəzifəsindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
39. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5038/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.