Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-868/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4748/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4748/2024 nömrəli, qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4998,95 manat əsas, 837,56 manat faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 5856,51 manat borc və 83 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-4748/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4748/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və işin apellyasiya şikayətinə baxılması üçün göndərilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə 2(012)-4748/2024 saylı iş üzrə baxaraq İddiaçı ASC-nin ona qarşı iddia ərizəsini təmin etmişdir. O, sözügedən qətnaməni məhkəmənin inzibati binasında xx.xx.2025-cü il tarixdə almışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq o, Abşeron Rayon Məhkəməsinin 2(012)-4748/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4748/2024 nömrəli ilə Cavabdeh ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Cavabdeh Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4748/2024 saylı qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4748/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilib iş üzrə apellyasiya şikayətinə baxılması üçün göndərilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə, 2(012)-4748/2024 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiasını qismən təmin etmiş, ondan 4998,95 manat məbləğində əsas, 837,56 manat məbləğində faiz borcu, cəmi 5856,51 manat məbləğində kredit borcu və ödənilmiş 83 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul etmiş, qətnamə qanuni qüvvəsini almamış icra vərəqəsi verilmişdir. Həmin qətnamə qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin mahiyyət və tələblərinə ziddir, ona görə də ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Ona görə də o, sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsinə əsasən istinad edilən maddi hüquq normasına görə mülki hüquq subyektləri bərabərdir. İşə baxan məhkəmə iddiaçıya üstün hüququ tanınmış, müvafiq ekspertiza təyin edib keçirmədən, borc məbləğini müəyyən etmədən, iddiaçının əsası olmayan iddia ərizəsini öz qətnaməsinə köçürərək qanunsuzluq etmişdir. Belə ki, iddia tələbinin məhz hansı əsasa və sübuta görə təmin edilməsi aydın deyildir. Məhkəmə onun hüquqlarını pozaraq məhdudlaşdırmışdır. Abşeron Rayon Məhkəməsi onun konstitusion və mülki hüquqlarını pozaraq bərpa etmək əvəzinə qanunvericiliyin mahiyyətinə zidd qərar qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 8.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Abşeron Rayon Məhkəməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozaraq qanunsuz və əsassız olaraq qətnamə qəbul etmişdir. Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Abşeron Rayon Məhkəməsi mühakimənin çəkişmə və tərəflərin bərabərliyini təmin etmədən işə baxıb qanunsuzluq etmişdir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir və öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə onu dinləməmiş, iştirakını təmin etməmiş, ona suallar verilməsinə şərait, imkan yaratmamış, mülki iş üzrə əsassız və qanunsuz qərar qəbul etmişdir. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Abşeron Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2024-cü ildə qəbul edilsə də iki ay sonra məhkəmənin elektron sisteminə yerləşdirilmiş və ona rəsmi qaydada təqdim edilməmişdir. Bu mənada qətnamə və sonradan qəbul edilmiş qərardad da qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron qaydada dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikası Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Məhkəmə işin hallarını araşdırmadan iddiaçı tərəfin əsassız iddia ərizəsini öz qətnaməsinə köçürmüşdür. Məhkəmə iddiaçının mübahisələndirilən iddia tələbinə münasibətdə ehtimallarını əsas götürmüşdür. Məhkəmə maddi hüquq normasını tətbiq edərkən hüquq münasibətlərinə faktları və dəlilləri əlaqəli təhlil etməmişdir. Bu, ona dəlalət edir ki, məhkəmə tətbiq etdiyi maddi və prosesual hüquq normalarını qərəzli tətbiq etmişdir. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qərar qəbul edə bilər. Bu prosessual hüquq normasını və qətnamənin əsassızlığını nəzərə alaraq məhkəmə onun müddətin bərpa edilməsi barədə ərizəsini rədd etmiş, işin apellyasiya instansiyasına getməsinə imkan verməmiş, qətnamə qanuni qüvvəsini almamış icra vərəqəsi vermişdir. Məhkəmə işi apellyasiya instansiyasına buraxmamaqla onun hüquqlarını kobudcasına pozmuş və məhdudlaşdırmışdır. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. O, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadını məhkəmənin elektron sistemində xx.xx.2025-ci il tarixdə oxumuş və əldə etmiş, on gün müddətini ötürmədən şikayətini təqdim etmişdir. Məhkəmə prosessual hüquq normasını tətbiq etməmiş, tətbiq edilmiş hüquq normaları həmin münasibətləri tənzimləmir. Məhkəmə işin apellyasiya instansiyasında ləğv edilib dəyişdiriləcəyini bildiyinə görə müddətin bərpa edilməsindən xx.xx.2025-ci il tarixdə imtina etmişdir və o, cavabdeh olaraq şikayətlərini müddətləri ötürmədən vaxtında vermişdir. İşə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən mülki prosessual hüquq normaları kobudcasına pozulmuş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. O, məhkəmənin qərardadından aldığı (oxuduğu) tarixdən 10 günü ötürmədən şikayətlərini təqdim etmişdir. Abşeron Rayon Məhkəməsinin qərardadı qanunvericiliyin tələblərinə uyğun deyildir. Qərardad Azərbaycan Respublikası MPM-in 4, 8, 9, 10, 10-1, 47.4, 268.1ci maddələri ilə ziddiyyət təşkil edir. Abşeron Rayon Məhkəməsinin məqsədi ona qarşı iddia tələbini təmin etmək olmuşdur. Məhkəmə digər sübutlara əhəmiyyət verməmiş, iş üzrə dəlillərini dinləməmiş, onun sübutlarını və etirazlarını tədqiq etməmiş, heç bir xüsusatı araşdırmadan səhv nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən o, şikayətin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4748/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 4748/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4748/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, Cavabdeh elektron kabineti mövcud olduğundan onun apellyasiya şikayəti vermə müddətinin axımı da həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixdən başlamış, həmin müddət xx.xx.2025-ci ildə qurtarmışdır. Cavabdeh isə qeyd olunan qətnamədən apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermiş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də hansı səbəbdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin səbəbinin üzrlü olması ilə bağlı onun tərəfindən hər hansı bir sübut təqdim edilməmiş və hər hansı bir sübuta istinad edilməmişdir. Həmçinin Cavabdeh ərizəsində sözügedən qətnaməni xx.xx.2025-ci il tarixdə rəsmi qaydada qəbul etdiyini bildirsə də Cavabdeh xx.xx.2024-cü il tarixdən etibarən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinin mövcud olmasına baxmayaraq apellyasiya şikayəti vermə müddətinin axımının xx.xx.2024-cü il tarixdən başladığı nəzərə alınmayaraq üzrsüz səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülmüş, bu səbəbdən məhkəmə buraxılmış prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir. X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Həmin dəlillər müddət bərpa barədə ərizə ilə eyniməzmunlu olmaqla mübahisələndirilən qərardadın ləğvi üçün heç bir əsasa söykənmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4748/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4748/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-868/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-868/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver