Məhkəmə qərarları › İş №2(105)-869/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-869/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-869/2022 31.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli, 2(012)-337/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.110615.00001 saylı «kredit müqaviləsi» üzrə xx.xx.2017-ci il tarixə yaranmış 49000 (qırx doqquz min) manat əsas kredit borcu, 7806.59 (yedi min səkkiz yüz altı manat 59 qəpik) manat faiz borcu, 86.32 (səksən altı manat 32 qəpik) manat cərimə borcu, ümumilikdə 56892.91 (əlli altı min səkkiz yüz doxsan iki manat 91 qəpik) manat məbləğində borcu, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmə ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan - Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsinin üzərində yerləşən 2 saylı fərdi yaşayış evinə və Cavabdeh1 məxsus olan - Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.30 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh4 ümumilikdə 56892.91 (əlli altı min səkkiz yüz doxsan iki manat 91 qəpik) manat məbləğində borcu İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetlərindən - Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsinin üzərində yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 (əlli beş min) manat məbləğində, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.30 ha torpaq sahəsinin ilkin satış qiyməti 50000 (əlli min) manat məbləğində müəyyən edilməsi, İddiaçı ASC-nə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qaytarılsın və ya ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc ümumi qaydada tutulması, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh2 və və X3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etsinmələri, ev boşaldılması və həmin şəxslərin evə istifadə hüquqları itirilmiş hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh2, X2 və Cavabdeh1 qarşı «Kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 100.LN.2004.110615.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 49000 manat əsas, 7806.59 manat faiz, 1686.32 manat cərimə olmaqla, ümumilikdə 58492.91 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsinin üzərində yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.30 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş Cavabdeh2 məxsus yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh2 və və X1 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, evin boşaldılması, həmin şəxslərin evə istifadə hüquqlarının itirilməsi barədə və ipoteka qoyulmuş Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.30 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda torpaq sahəsinə həmin şəxsin istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, 100.LN.2004.110615.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh4 36 ay müddətinə, illik 6 faizlə 49000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə ipoteka qoyan arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.CL.110615.00001/c saylı ipoteka müqaviləsinin şərtlərinə görə İddiaçı ASC-yə Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsinin üzərində yerləşən 2 saylı fərdi yaşayış evinə ipoteka hüququ verilmiş, onun qeydiyyatı xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. xx.xx.2015-ci il tarixli, 100.CL.110615.00001/d saylı ipoteka müqaviləsinin şərtlərinə görə İddiaçı ASC-yə Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.30 ha torpaq sahəsinə ipoteka hüququ verilmiş, onun qeydiyyatı xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Bundan başqa Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh4 kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixə olan borcu 49000 manat əsas, 7806.59 manat faiz, 1686.32 manat cərimə olmaqla, ümumilikdə 58492.91 manat təşkil edir. Bu günədək Cavabdeh4 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Kərimov X4 Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iştirakı təmin edilməmiş, bank əməliyyatlarının heç birində iştirak etməmişdir. Məhkəmə qətnaməsindən xəbəri olmamış, qətnamə prosessual hüquq normalarına uyğun qəbul edilməmiş, bu səbəbdən qətnamənin ləğv edilməsini xahiş edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehlərin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməməsi ilə əsaslandırmışdır. Cavabdeh1 bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmiş və şikayətinin dəlillərindən biri də məhkəmə iclası barədə məlumatlandırılmaması olmuşdur. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, Cavabdeh1 məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). İşdən göründüyü kimi mübahisəyə baxılarkən cavabdehin iştirakı lazımı qaydada təmin edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı ASC ilə borclu Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.110615.00001 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə illik 6%-lə 36 ay müddətinə 49000 manat məbləğində məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təmin edilməsi məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 100.CL.110615.00001/c saylı və xx.xx.2015-ci il tarixli, 100.CL.110615.00001/d saylı ipoteka müqavilələri bağlanmış, müqavilələrin şərtlərinə görə Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsinin üzərində yerləşən 2 saylı fərdi yaşayış evinə və Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.30 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Göründüyü kimi tərəflər arasında kredit müqavilələrindən, irəli gələn öhdəlik hüquq münasibəti yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdehlər kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçı qarşısında icra etməmiş pul öhdəliyi yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiklərindən Mülki Məcəllənin 385.1, 425.1, 442, 445, 448.1, 470.1, 472, 739-cu maddələrinin tələblərinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehlərdən tələb etməkdə haqlı olmuş, odur ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.110615.00001 saylı kredit müqaviləsi üzrə 49000 (qırx doqquz min) manat əsas kredit borcu, 7806 (yeddi min səkkiz yüz altı) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 86 (səksən altı) manat 32 (otuz iki) qəpik cərimə borcu tutulmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinə yönəltmə edərkən ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəllənin 319.1. və 319.6. maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qanunun mənasına görə əsas öhdəlik icra edilmədikdə və ya müqavilə üzrə nəzərdə tutulmuş qaydada lazımınca icra edilmədikdə, öhdəliyin icrasının təminatı olan ipoteka müqaviləsinə yönəldilmə edilərək əsas öhdəliyin icrası təmin edilə bilər. Məhkəmə kollegiyası apelyyasiya şikayətinin dəlillərini nəzərə almaqla hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin cavabdehlər tərəfindən icra edilmədiyindən, kredit müqaviləsinin ləğv edilməsi, əsas borc, ona hesablanmış faiz və ipoteka predmetinə tutmanın yönəldilməklə mənzilin açıq hərracda satılması, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi hissəsində iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Məcəllənin 319.4. maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd etmək lazımdır ki, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. Bu zaman ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. İkin satış qiyməti iki üsulla müəyyən edilir. Birincisi tərəflərin iradə ifadəsi ilə bağlanmış razılaşma əsasında, ikincisi isə mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, "xxxx" MMC tərəfindən verilmiş 08 iyul 2022-ci il tarixli 02-59/22 № ekspertizası rəyi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsinin üzərində yerləşən 2 saylı fərdi yaşayış evinin 08 iyul 2022-ci il tarixinə likvid dəyəri 56.000 (əlli altı min) manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.30 ha torpaq sahəsinin 08 iyul 2022-ci il tarixinə likvid dəyəri 52.000 (əlli iki min) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetləri olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsinin üzərində yerləşən 2 saylı fərdi yaşayış evinin likvid dəyəri 56.000 (əlli altı min) manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.30 ha torpaq sahəsinin likvid dəyəri 52.000 (əlli iki min) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində boşaldılması və hüquqların itirilməsi hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3. maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi ipoteka qoyulduğundan, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehlər həmin mənzilin ipotekaya qoyularkən tutmanın yönəldilməsi və o satıldıqda mənzili tərk etməsi barədə yazılı öhdəlik götürdüyündən, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.2004.110615.00001 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə yaranmış 49000 (qırx doqquz min) manat əsas kredit borcu, 7806 (yeddi min səkkiz yüz altı) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 86 (səksən altı) manat 32 (otuz iki) qəpik cərimə borcu, ümumilikdə 56892 (əlli altı min səkkiz yüz doxsan iki) manat 91 (doxsan bir) qəpik məbləğində borcu, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan - Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsinin üzərində yerləşən 2 saylı fərdi yaşayış evinə və Cavabdeh1 məxsus olan - Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.30 ha torpaq sahəsinə yönəldilsin, həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracdan satılsın və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh4 ümumilikdə 56892 (əlli altı min səkkiz yüz doxsan iki) manat 91 (doxsan bir) qəpik məbləğində borcu İddiaçı ASC-nin hesabına ödənilsin. İpoteka predmetlərindən - Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.İsmayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsinin üzərində yerləşən 2 saylı fərdi yaşayış evinin likvid dəyəri 56000 (əlli altı min) manat məbləğində, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.30 ha torpaq sahəsinin likvid dəyəri 52000 (əlli iki min) manat məbləğində müəyyən edilsin. İddiaçı ASC-nə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qaytarılsın və ya ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc ümumi qaydada tutulsun. İpoteka qoyulmuş yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh2 və və X3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etsinlər, ev boşaldılsın və həmin şəxslərin evə istifadə hüquqları itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar