Məhkəmə qərarları › İş №2(105)-869/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-869/2024

22.04.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-869/2024 22.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mənzil üzərində mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulması və iddiaçının mənzil üzərindəki sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: İddia ərizəsinin geri qaytarılması- iddia ərizəsi ərazi aidiyyatı üzrə verilmədiyinə görə) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı mənzil üzərində mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulması və iddiaçının mənzil üzərindəki sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-209/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh MTK-ya qarşı mənzil üzərində mənzilin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulması və iddiaçının mənzil üzərindəki sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatət ilə məhkəməyə müraciət edərək, hazırki işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir

3. Vəsatətdə göstərilmişdir ki, hüquqlarını müdafiə etdiyi qurumun hüquqi ünvanı ünvan 1ə hesab edir ki, hazırkı mübahisəli məsələ ilə bağlı iddia ərizəsinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-209/2024 nömrəli, xx.xx.2024-cü il qərardadı ilə (hakim Ə.Ələkbərov) vəsatət təmin edilməmiş, işə mahiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılması qərara alınmışdır.

5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 qeyd edilən qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-209/2024 nömrəli, xx.xx.2024-cü il qərardadının ləğv edilməsini və vəsatətinn təmin olunmasını xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-209/2024 nömrəli, xx.xx.2024-cü il qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, AR MPM-in 36.11-ci maddəsinə əsasən iddiaçının seçiminə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddianın müqavilənin icra yerinə görə də verilə bilməsi imkanı nəzərdə tutulduğundan, işə iddia ərizəsinin iddiaçının seçiminə görə verildiyi Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki- Prosessual Məcələsinin 36.11, 45.1, 45.2-ci maddələrinə əsasən əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin vəsatəti təmin etməməsi barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh MTK-nin ünvanı ünvan 3 Nizami Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. 40.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 209/2024 nömrəli, xx.xx.2024-cü il qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

14. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.

17. Araşdırılan iş materiallarında olan xx.xx.2013-cü il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, müqavilənin əsas predmetini ünvan 4 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,65 kv.m olan mansar sahəsi təşkil edir. xx.xx.2013-cü il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, cavabdeh ünvan 4 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,65 kv.m olan mansar sahəsini bir pay kimi verir.

18. Kollegiyanın qənaətinə görə məhkəmənin mövqeyi əsaslıdır və qanunvericiliyin tələbinə uyğundur. Belə ki, daha öncə qeyd olunduğu kimi, AR MPM-in 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər və həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.

19. Apellyasiya kollegiyası həmin normaların tələbindən çıxış edərək bildirir ki, hazırkı iddia tələbi mahiyyət və predmet etibarı ilə həm müstəsna aiddiyyət, həm də icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar kateqoriyasına aiddir. Belə olan halda hazırkı iddia tələbinə yuxarıda qeyd olunan əsaslar üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılması daha məqsədəmüvafiqdir.

20. Qeyd olunmalıdır ki, şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur. Lakin o da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər də müəyyən olunmuşdur.

21. Məhz bu kontekstdən yanaşaraq qeyd etmək lazımdır ki, Mülki Prosessual Məcəllədə ərazi aidiyyət qaydaları dəqiq müəyyən edilərək, formal əsaslara söykənməklə iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Bu institutun tətbiq edilməsi mülki işlərin eyni dairədən olan məhkəmələr arasında bölüşdürülməsi qaydasını müəyyən etməklə yanaşı, həm də ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Ərazi aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır

22. Beləliklə yuxarıda qeyd olunan prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, ona görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-209/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-209/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar