Məhkəmə qərarları › İş №2(105)-870/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-870/2023

24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-870/2023 24.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və X2 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil3, Cavabdeh, onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia ərizəsinin qismən təmin edilməsi, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş cəmi 79500 (yetmiş doqquz min beş yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1103/2022 nömrəli 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, cavabdehdən 39.750 manat alınıb iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Cavabdeh kassasiya şikayəti təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv olunması, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh adına keçirtdiyi və cavabdeh tərəfindən satılmış Abşeron rayonu, Fatmayı kəndində yerləşən, 0.10 ha torpaq sahəsində onun tərəfindən tikilmiş, mülkiyyətində olan 1 ədəd 7000 manatlıq avtomat darvaza, 2 ədəd 2000 manatlıq jalüz, 2 ədəd 1000 manatlıq darvaza, 400 kv.m-lik 6000 manatlıq üzlük aqlay daş (çatdırılma ilə birgə), kubu 300 manat olmaqla 20 kub taxta-6000 manat, biri 350 manat olmaqla 8 ədəd pəncərə-2800 manat, 1 ədəd su motoru və 1 ədəd hidrofor su pompası300 manat, 6356 metr 16-lıq Rusiya istehsalı olan armatur-10 500 manat, 368 metr 20-lik Rusiya istehsalı armatur-700 manat, 70 kub 400 marka beton üçün 7 000 manat, 25 kamaz, hər maşında 1100 ədəd olmaqla 12500 manat dəyərində Bakı kubiki, 150 kamaz torpaq-7500 manat, 8000 ədəd kubik ölçüsündə (20x40-a olan) 3200 manatlıq bişmiş kərpic olmaqla, qeyd olunan avadanlıq və tikinti materiallarının, tikintinin onun hesabına sökülərək ona verilməsi (qaytarılması) yaxud həmin tikinti materialları olmadığı təqdirdə qiymətləndirilərək dəyərinin - yəni 69500 manatın, əlavə olaraq da tikintinin inşası üçün ustaya verilmiş 10000 manatın, kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınması üçün ödədiyi 3000 manatın - cəmi 82500 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, nikahları 2011-ci ildə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində pozulmuş və bu barədə xx.xx.2011-ci il tarixli, AZ-1124639 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. O, cavabdeh ilə rəsmi boşandıqdan sonra cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(005)-3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Abşeron rayonu, Fatmayı kəndində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsinin ½ hissəsinə onun mülkiyyət hüququ tanınaraq ½ hissəsinin ona verilməsi, həmin torpaq sahəsinin digər ½ hissəsinin isə Cavabdeh mülkiyyətində saxlanılaraq həmin hissənin cavabdehə verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində istifadədə olan 0,5625 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada 42 kv.m. ümumi, 32 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 saylı mənzilin ½ hissəsinə onun, həmin mənzilin digər ½ hissəsinin isə cavabdehin mülkiyyətinə verilməsi, göstərilən torpaq sahəsinin və mənzillərin ½ hissəsinin onun, digər ½ hissəsinin isə cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatının aparılması və tərəflərin hər birinə ½ hissədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermiş, həmin işə apellyasiya instansiyasında baxılarkən o və cavabdeh yenidən ailəni bərpa edib birlikdə yaşamaq şərtilə məhkəmədənkənar razılığa gəlmiş və bundan sonra cavabdeh iddiadan imtina etmiş və Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2011-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. O vaxtdan etibarən onlar 6-7 il birlikdə yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Hətta cavabdehlə barışıb qeyri-rəsmi də olsa birgə yaşadıqları üçün onu 28 iyun 2012-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Mayakovski küçəsi, 15 saylı evin, 13 saylı mənzilinə pasport qeydiyyatına saldırmışdır. Barışdıqdan sonra yenidən bir müddət birlikdə ailə kimi yaşayıb, təsərrüfatı birgə idarə edib, birgə yaşadıqdan sonra Cavabdeh təkrarən uşaqları da götürüb atasının ona bağışladığı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 77 kv.m. olan, 2 otaqlı mənzilə köçmüşdür. Bundan sonra da cavabdehlə yenidən ailəni bərpa etmək, barışıb birgə yaşamaqları mümkün olmamışdır. Ona görə o, min bir zəhmətlə əldə etdiyi əmlaklarını qaytarmaq üçün birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbi ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə işə baxılarkən məlum olmuşdur ki, sözügedən Abşeron rayonu, Fatmayı kəndində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsini cavabdeh onun razılığı olmadan X1. Halbuki, həmin torpaq sahəsi üzərində onun tərəfindən 2012-2014-cü illər ərzində, rəsmi boşandıqdan sonrakı dövrdə qeyriyaşayış sahəsi tikilmişdir. Həmin alqı-satqı zamanı isə yalnız torpaq sahəsi satılmış, üzərindəki tikili isə satılmamışdır. Həmin torpaq sahəsi üzərindəki tikili ona məxsusdur, onun tərəfindən tikilmiş, onun mülkiyyətindədir, lakin torpaq sahəsi satılan zaman tikilinin aqibəti müəyyən edilməmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən torpağın üzərində tikilinin olmasına əhəmiyyət verilməmişdir. Həmin alqı-satqının etibarsızlığı ilə bağlı məhkəmə mübahisəsi hələ də davam etməkdədir. Cavabdehlə onun arasında gedən məhkəmə mübahisələri zamanı cavabdeh də etiraf etmişdir ki, onlar boşandıqdan sonra qeyri-rəsmi olaraq 6-7 il birlikdə yaşamışlar. Halbuki, onlar boşanmamışdan əvvəl birgə nikah dövründə, 2008-ci ildə onun öz adına aldığı ünvan 2 ünvanında yerləşən 4 otaqlı evini rəsmi boşandıqdan sonra (boşanma 2011-ci ilin yanvar ayında olmuş, lakin 2011-ci ilin aprel ayında barışmışlar), lakin barışıb birlikdə yaşadıqları vaxt, yəni, 03 aprel 2012-ci il tarixdə satmış və həmin alqısatqı zamanı cavabdehin razılığı olmuşdur. Baxmayaraq ki, onlar artıq rəsmi boşanmışlar və mənzil də onun adına idi, yenə də birgə nikah dövründə əldə olunduğuna görə və cavabdehin mülkiyyət hüququ olduğu üçün cavabdehin mənzilin satılmasına razılığı alınmışdır. Lakin sözügedən Abşeron rayonu, Fatmayı kəndində yerləşən torpaq sahəsini cavabdeh onun razılığı olmadan satmış və onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki, cavabdehlə birgə nikah dövründə əldə olunmuş əmlaklardan bir neçəsi, o cümlədən bələdiyyə qərarı ilə onun öz adına aldığı, Abşeron rayonu, Fatmayı kəndində yerləşən, 0,10 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən cavabdehin adına çıxarış almışdır. Belə ki, həmin torpaq sahəsini bələdiyyə qərarı ilə öz adına almışdır. Uzun müddətdən sonra çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və ona torpaq sahəsi bələdiyyə qərarı ilə onun adınadırsa, çıxarışın ona verilməsinin mümkün olmadığı bildirilmişdir. Ona görə də o, məcbur qalıb torpaq sahəsinə dair həmin vaxt keçmiş arvadıcavabdehin adına çıxarış almışdır. Onların nikahı 2011-ci ildə rəsmi qaydada pozulduqdan sonra həmin torpaq sahəsində 2012-2014-cü illər ərzində tikinti işləri aparmışdır. Belə ki, qeyd olunan torpaq sahəsindəki tikinti işlərini Əliyar Əliyev küçəsində yerləşən 4 otaqlı mənzilinin 2012-ci ildə satılmasından əldə olunmuş vəsaitin hesabına həyata keçirərək, torpaq sahəsini hasara aldırmış, 3 mərtəbəli qeyri-yaşayış sahəsi tikdirmişdir. Bu hal onunla da sübut olunur ki, 4 otaqlı mənzili satdığı dövrdə adına heç bir əmlak almamış, yalnız Fatmayı kəndində qeyri-yaşayış sahəsini tikmiş və həmin pulun hamısını qeyd olunan torpaq sahəsindəki tikiliyə xərcləmişdir. Həmin tikinti işlərinin aparılması üçün icazənin verilməsinə dair Abşeron Rayon İcra Hakimiyyətindən sərəncam almış, tikintinin layihəsini çəkdirib, icra hakimiyyətində təsdiqlətmişdir. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə almış, bütün bu sənədləşmələr üçün dövlət rüsumları ödəmiş, lakin həmin icazə sənədləri cavabdehdə qalmışdır. Qeyd olunan icazələrin alınması uzun zaman çəkdiyindən tikinti işləri 2012-2014-cü illəri əhatə etmişdir. Bundan başqa, kommunal xətlərin çəkilməsi üçün elektrik dirəkləri basdırmış, kanalizasiya və su xətləri quraşdırmış, qaz xətti çəkdirmiş, sayğac qoydurmuş, bütün bunlara ümumilikdə 3000 manat xərc çəkmişdir. Həmin torpaq sahəsi çökək olduğuna görə orada tikinti işlərinin aparılması üçün 150 kamaz torpaq tökdürmüş, texnika ilə (traktor) həmin torpağı yaydırmış, həmin sahəni düzləşdirəndən sonra 0,10 ha torpaq sahəsinin (20x50 metr) 3 bir tərəfi boyunca Bakı kubiki ilə 4 metr hündürlüyündə, arxa tərəfindən isə 8 metr hündürlüyündə hasar tikdirmişdir. Sahənin içərisində 3 mərtəbəli, 20x13-ə, yəni 780 kv.mdən ibarət qeyri-yaşayış sahəsi tikdirmiş, lakin ailədaxili münaqişələr yenidən başladığı üçün 3-cü mərtəbəni tikdirib başa çatdıra bilməmiş, yarım şəkildə, yəni, tamamlanmamış şəkildə saxlamışdır. Həmin qeyri-yaşayış sahəsinin 260 kv.m-dən ibarət olan bünövrəsinin qurulması üçün 1 metr dərinliyində, 60 sm enində, 20-lik armaturla 368 metr uzunluğunda ikiqat karkaz qurulmuş və 400 marka sementlə 16 kub beton tökülmüşdür. Həmin tikilinin 2-ci mərtəbəsinin tikilməsi üçün sütunlara (kolonlara) və pəncərə üstü palasalara 224 metr 16-lıq armatur qoyulmuş, 6 kub beton tökülmüşdür. 2-ci mərtəbənin tavanı 5200 metr 16- lıq armaturla toxunmuş, ikiqat karkaz qurulmuş və 30 kub beton tökülmüşdür. 2-ci mərtəbədə 11 sütun üçün 132 metr 16-lıq armaturla karkaz qurulmuş və 6 kub beton tökülmüşdür. Tikilinin pilləkənlərinin salınması üçün 400 metr 16lıq armaturla karkaz qurulmuş və 2 kub beton tökülmüşdür. Həmin torpaq sahəsində 24 tonluq, üstü bağlı hovuz inşa etdirmişdir. Həmin hovuzun tikintisi üçün torpaq sahəsi 2,60 metr hündürlüyündə qazılmış, 6x2,60 metr ölçüdə hovuzun inşası üçün 400 metr 16-lıq armaturla karkaz qurulmuş, 10 kub beton tökülmüşdür. Həmin hovuza su motoru qoyulmuş və hidrofor su pompası əlavə edilmişdir. Bundan başqa, torpaq sahəsində, hasara 7000 manatlıq pultla idarə edilən avtomat darvaza qoyulmuşdur. Tikilinin qarşı tərəfində hərəsi 500 manat olmaqla, 2 ədəd 1000 manatlıq darvaza, arxa tərəfində isə hərəsi 1000 manat olmaqla 2 ədəd 2000 manatlıq jalüz qoyulmuşdur. Həyətdə tikilinin fasadını üzləmək üçün 400 kv.m-lik üzlük aqlay daş tökdürmüşdür. Tikiliyə ümumilikdə 20 kub taxta istifadə olunmuş, 8 ədəd pəncərə qoyulmuşdur. Bütün tikilinin inşa edilməsi üçün hər kamazda 1100 ədəd kubik olmaqla, ümumilikdə 25 kamaz Bakı kubiki, 8000 ədəd kubik ölçüsündə (20x40-a olan) bişmiş kərpic istifadə olunmuşdur. Bütün tikinti materialları həmin sahədə qalmaqdadır. O, yalnız torpaq sahəsini cavabdehin adına keçirtmişdir, üzərindəki tikilini isə boşandıqdan bir neçə il sonra tikmişdir. Cavabdeh də yalnız torpaq sahəsini onun məlumatı və razılığı olmadan satmış, həmin torpaq sahəsi üzərində yerləşən tikili və onun tərəfindən yığılmış tikinti materialları isə onun mülkiyyətindədir. Qeyd olunan tikinti materiallarının onun tərəfindən alınması və onun mülkiyyətində olmasını təsdiq edən sübutları vardır. Belə ki, həmin tikililəri inşa edən ustalar və həmin tikinti materiallarını aldığı satıcılar, onları həmin sahəyə gətirən kamaz sürücüsü şahiddir. Qeyd olunan avadanlıq və tikinti materialları onun mülkiyyətindədir və o, öz mülkiyyət hüququndan məhrum olmuşdur. Bu səbəbdən də hesab edir ki, onun pozulmuş hüquqları məhkəmə qaydasında təmin olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4429 saylı rəyi ilə tanış olmuş və razıdır. Belə ki, o, həmin tikilinin inşa edilməsində çox əziyyətlər çəkmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(012)- 237/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının ona qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş və həmin nikahdan iki övladları anadan olmuşdur. Xarakterləri uyğun gəlmədiyindən o, 2010-cu ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə qətnaməsi ilə tərəflərin nikahı 2011-ci ildə pozulmuşdur. Cavabdeh ailə nikah münasibətləri pozulduqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaka hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Lakin sonradan tərəflər ailə nikah münasibətlərini bərpa etmək məqsədilə faktiki bir yerdə yaşamağa başlamış, barışığa gəlmiş, nəticədə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)-1522/2011 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv olunmuşdur. O, birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 torpaq sahəsini alqı-satqı yolu ilə satmış, həmin pul vəsaitini isə Fransada magistratura təhsili alan oğlunun təhsil xərclərinə sərf etmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqinə səhvə yol vermiş, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29, 32-ci maddələrini və Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad etmişdir. Hazırkı iş üzrə məhkəmə ilk növbədə öhdəliyin yaranma əsasını müəyyən etməli oldugu halda, hüquqi səhvə yol verərək, mübahisəyə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü kimi yanaşmışdır. Hazırkı mübahisəyə yalnız əsassız varlanma konteksində yanaşmaq mümkündür. Onlar boşanmadan sonra bir müddət birgə yaşamışlar və 2014-cü ildə yenidən faktiki olaraq ayrılıblar və 2018-ci ildə həmin torpaq sahəsi üzərində olan tikili ilə birlikdə satıbdır, lakin məhkəmə iddia müddətini tətbiq etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Eyni zamanda mübahisəyə aidiyyət qaydalarının pozulması ilə baxıldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi ərazi aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdeh mübahisələndirmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aidiyyət qaydalarını pozmaqla baxdığından, qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Prosessual normanın məzmuna görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Lakin bir sıra hallar mövcuddur ki, həmin hallarda iddia tələbi cavabdehin deyil, müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın olduğu yerə görə verilməlidir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. İşdən görünür ki, iddia tələbi torpaq sahəsi üzərində tikilinin inşasına sərf edilmiş tikinti materiallarının, həmin tikinti materialları olmadığı təqdirdə isə onların dəyərinin ödənilməsi barədədir. Göründüyü kimi hazırkı iş üzrə tərəflər arasındakı mübasihəli onların birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi ilə bağlı deyil, üzərində inşa edilmiş tikili ilə bağlı yaranmışdır. Bu halda müstəsna aidiyyət qaydasında məhkəməyə müraciət etmək hüququ istisna edilməklə, iddia tələbi cavabdehin rəsmi qeydə alındığı yerə görə verilməlidir. Çünki prosessual qanunvericiliyin 35.1. maddəsində “qanunla başqa hal nəzərdə tutulmamışdır” ifadəsini təsadüfi işlətməmişdir. İşdən görünür ki, Cavabdeh ünvan 3 ünvanda qeydiyyatdadır. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan iddia tələbi ilə torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələblərini pozaraq iddiaçının tələbinə mübahisəli torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəmədə baxılması qənaətinə gələrək iddia ərizəsini icraata qəbul etməklə tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi cavabdehin yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olduğu halda, Abşeron Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-nin 35.1. maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 385.1.1. maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlardan kassasiya şikayəti verilə bilər (Mülki Prosessual Məcəllənin 402.2.5 maddəsi) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi üzərində inşa edilmiş tikinti materiallarının, həmin tikinti materialları olmadığı təqdirdə isə onların dəyərinin ödənilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar