Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-870/2024 16.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(060)-19/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektrik enerjisindən istifadəyə görə 1574 manat, qaz təchizatı ilə bağlı isə 24 manat qalıq borc və ümumi təmir bərpa işləri üçün 4793 manat olmaqla, ümumilikdə 6391 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil dəqiqləşmə verərək, iddia tələbinin “icarəyə verilmiş əmlakın dəyişməsi və pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrinin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışına əsasən, Sumqayıt şəhəri, 10cu məhəllə ərazisində (AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19A) yerləşən ümumi sahəsi 118.6 kv.metr olan qeyri-yaşayış binası ona məxsusdur. Əvvəllər nə özü, nə də başqa şəxslər tərəfindən istifadə olunmamışdır. Belə ki, ilk dəfə xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən həmin qeyri-yaşayış binasını 300 manat icarə haqqı ödəməklə Cavabdeh icarəyə vermişdir. Həmin müqaviləyə əsasən cavabdeh aylıq ödənişlərini ödəməklə həmin qeyri-yaşayış binasından istifadə etmişdir. Cavabdeh öz istəyi ilə 2022-ci ilin oktyabr ayında özünə məxsus əşya və əmlaklar ilə oradan çıxmış və açarları ona təhvil verərək, icarə münasibətlərini davam etdirmək istəmədiyini bildirmişdir. O da cavabdehlə razılaşmışdır. Lakin, cavabdeh onun əmlakından 3 il ərzində istifadə edərkən, həmin qeyriyaşayış sahəsini çox bərbad vəziyyətə gətirmiş, əmlakdan səliqəsiz istifadə etdiyi üçün binanın təmirinə çox ciddi ziyan vurmuşdur. Ziyan ilə bağlı cavabdehə iradını bildirdikdə isə ona hər hansı məbləğ ödəməkdən imtina etmişdir. Həmçinin cavabdehin əmlakdan istifadəsi nəticəsində kommunal borclar yaranmışdır. Belə ki, hal-hazırda elektrik enerjisindən istifadəyə görə 1574 manat, qaz təchizatı ilə bağlı isə 24 manat qalıq borc yaranmışdır. Bu məbləğlər də cavabdeh tərəfindən ödənilməmişdir. Bütün bu səbəblərdən o, əmlakını yenidən icarəyə verə bilmir. Əmlakını yenidən təmir etməklə bağlı təmir bərpa işlərinin görülməsi üçün müvafiq təşkilata müraciət etmiş və ümumi təmir bərpa işləri üçün 4793 manat məbləğində pul lazım olduğundan məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(060)-19/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh elektrik enerjisindən istifadəyə görə 1574 manat, qaz təchizatı ilə bağlı 24 manat borc və ümumi təmir bərpa işləri üçün 4793 manat olmaqla, ümumilikdə 6391 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh 50 manatın tutularaq X1 müxbir hesabına köçürülməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(060)-19/2024 nömrəli qətnaməsinin qismən ləğv edilərək, iddianın komunnal xərclərə dair hissəsində dəyişdirilmədən saxlanılmasını, digər hissədə ləğv olunaraq yeni qətnamə qəbul olunmasını və iddianın digər hissəsinə münasibətdə iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki məhkəmə qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə öz qətnaməsində yalnız və yalnız iddiaçının, onun nümayəndəsinin və iddiaçının vəkilinin izahatlarına istinad etmiş, məhkəmə qətnaməsində ancaq iddiaçı tərəfin izahatları öz əksini tapmış, onun iddiaya münasibəti, etirazı, etirazının əsası kimi istinad etdiyi halların heç biri öz əksini tapmamış, məhkəmə qətnaməsindən belə məlum olur ki, ümumiyyətlə cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Halbuki o, məhkəməyə öz etirazını və etirazının əsası kimi istinad etdiyi hallar barədə sübutlar və mülahizələr təqdim etmişdir. Məhkəmə hazırki qətnaməsinin maddi əsası kimi bildirmişdir ki, sözügedən əmlakın təmir-bərpa işlərinə görə ödənilmiş pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılması öhdəliyinin əsasını delikt təşkil edir. Hesab edir ki, məhkəmə haqlı olmamışdır. Belə ki, icarəyə götürülmüş tikiliyə hər hansı ziyan dəymişdirsə, əmlakın tərəflər arasında bağlanmış müqavilə üzrə istifadəsi nəticəsində baş vermişdir, Onun həmin sazişdən kənar əməli nəticəsində vurulmamışdır. O, icarəyə götürdüyü əmlakı, öz təyinatına uyğun istifadə etmişdir, təyinatdan kənar heç bir fəaliyyət növü ilə məşğul olmamışdır. Məhkəmə hesab etmişdir ki, divarlarda müxtəlif diametrli dəliklərin açılması, reklam xarakterli quş, heyvan şəkillərinin çəkilməsi, habelə isti döşəmənin, ümumilikdə bütün döşəmənin sıradan çıxarılması müqavilə üzrə istifadədən irəli gələn istifadəsi nəticəsində deyil, cavabdehin həmin sazişdən kənar əməli nəticəsində vurulmuşdur. Hesab edir ki, məhkəmənin bu mövqeyi ilə də razılaşmaq olmaz. Belə ki, o, qeyd olunan obyektdə ət və ət məhsullarının, ev quşlarının (kəsilmiş) satışı və təndirdə müxtəlif məmulatların bişirilməsi ilə məşğul olmuş, iddiaçının bundan xəbəri olmuşdur. Belə ki, iddiaçının nümayəndəsi (əri) məhkəmə iclasında dəfələrlə iştirak etmiş, iddianın mahiyyəti üzrə izahatlar vermiş, cavabdeh tərəfin suallarına cavab vermiş və bildirmişdir ki, daim obyektə gəlmiş, maraqlanmış, cavabdehdən müxtəlif ərzaq məhsulları almış, onun hansı fəaliyyət növü ilə məşğul olduğundan xəbəri olmuşdur. Lakin bu müddət ərzində nə şifahi, nə də ki, yazılı formada ona heç bir irad bildirməmişdir. Bundan başqa məhkəmə bildirmişdir ki, divarlarda müxtəlif diametrli dəliklərin açılması, reklam xarakterli quş, heyvan şəkillərinin çəkilməsi, habelə isti döşəmənin, ümumilikdə bütün döşəmənin sıradan çıxarılması müqavilə üzrə istifadədən irəli gələn deyil, bu anlayışın sərhədlərini aşan hərəkətin nəticəsidir. Hesab edir ki, məhkəmənin bu mövqeyi ilə də razılaşmaq olmaz. Belə ki, ümumiyyətlə isti döşəmənin bütövlükdə sıradan çıxçması faktı yoxdur. Nə işin araşdırılan hallarında, nə də ki, tərəflərin izahatlarında və iddia ərizələrində isti döşəmənin sıradan çıxmasından söhbət getmir. İddiaçının nümayəndəsi Məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “döşəmənin 60 kv.metrlik sahəsi ziyan çəkib”. Məhkəmə isə bu halı bütövlükdə döşəmənin sıradan çıxması kimi qiymətləndirmişdir. Bundan başqa Məhkəmə bildirmişdir ki, iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə araşdırması zamanı verdiyi izahatından da görünür ki, cavabdehə vurulmuş ziyanla bağlı irad bildirildikdə, sonuncu obyekti təhvil verdikdə təmir edəcəyini demiş, lakin bunu etməmişdir. Cavabdehin nümayəndəsi bu dəlili qəbul etməsə də, məhkəmə, hər hansı mülkiyyətçinin onun əmlakının yararsız hala salınması ilə razılaşmasını və təmirini tələb etməməsini ağlabatan hesab etmir. Hesab edir ki, məhkəmənin bu fikiri tamamilə subyektiv mülahizələrə əsaslanır. Belə ki, iddiaçının iş yeri icarəyə verilmiş obuyektin düz yanındadır. İddaçı və onun nümayəndəsi (əri) daim onunla kontakta olmuş, və obyektə gəlib getmişdir. İddiaçı bütün bunları görə-görə bir dəfə də etiraz etməmiş, polisə, məhkəməyə və s. orqanlara bununla bağlı müraciət etməmişdir. Əksinə icarə haqqını artırdığı üçün onunla razılaşmayıb başqa obyekt icarə götürdüyü üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh həmçinin ekspert rəyi ilə də razılaşmayıb deyd edir ki, çəkiləcək xərcin orta bazar qiymətinə dair Smetada divar səthinin qaşınmasına 82.5 manat xərcin tələb olunduğunu bildirsə də, divarın hansı hissələrdən ibarət olması, obyektin hansı hissələrinin divarının qaşınmasının nəzərədə tutulması bildirilməmişdir. Divarlara şpatlyovka vurulması və hamarlanması– dedikdə konkret olaraq obyektin divarlarının hansı hissəsinə nə qədər şpatlyovkanın vurulması əsaslandırılmamış, divarın kvadratı göstərilməklə kifayətlənmişdir. Divarlara boya vurulması - dedikdə konkret olaraq obyektin divarlarının hansı hissəsinə nə qədər boyanın vurulması əsaslandırılmamış, divarın kvadratı göstərilməklə kifayətlənmişdir. İsti döşəmənin ziyan dəymiş hissəsinin bərpası- dedikdə ziyan dəymiş hissənin həcminin nə qədər olması, hansı hissənin bərpa olunması və bərpaya hansı meyarlara əsasən 200 manat xərc çəkildiyi əsaslandırılmamış, sadəcə qiymət yazılmaqla kifayətlənmişdir. Eyni zamanda həm ümumilikdə metlax ölçüsünün yekun qiymətini çıxarmış, həm də isti döşəmənoin ayrıca qiymətini 200 manat həcmoində müəyyən etmişdir. Döşəməyə vurulan metlaxın sökülməsi və yenisi ilə əvəz edilməsi - bu bölmədə ekspert ümumiyyətlə döşəməyə vurulan metlaxın bazar qiyməti, hansı meyarlara əsaslanması və s. göstərilməmişdir. Bundan başqa bütövlükdə metlax səthinin yenidən vurulmasının niyə hesablanması əsaslandırılmamışdır. Divarda açılmış boşluqların doldurulması mücərrəd rəy olmaqla obyektin hansı nahiyyəsində hansı boşluqların doldurulması təsvir olunmamışdır. Belə ki, divarda açılan boşluqların əksəriyyətinin cavabdehə heç bir aidiyyatı olmamış, iddiaçı tərəfindən qaz, su və s. çəkilişi zamanı icarəyə verməmişdən qabaq açılmış boşluqlar olmuşdur. Aqlay üzlüklərin ziyan dəymiş hissələrinin bərpası, ölçüsü miqdarı, həcmi göstərilmədən yekun qiymət yazılmışdır. Hansı işlərin görülməsi əsaslandırılmamışdır. Santexnik işləri, hansı santexnik işlərinin görülməsi, həcmi, miqdarı və s. göstərilmədən yekun qiymət çıxarılmışdır. Elektrik işləri materiallarla birlikdə - yenə də hansı elektrik işlərinin görülməsi, həcmi, miqdarı və s. göstərilmədən yekun qiymət göstərilmişdir. Əlavə və nəqliyyat xərcləri-Əlavə xərclərin nədən ibarət olması əsaslandırılmamış, nəqliyyat xərclərinin nədən ibarət olması əsaslandırılmamış, yekun qiymət çıxarılmışdır. Məhkəmə isə bu xüsusatların heç birini araşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə işirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisində (AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19A) yerləşən ümumi sahəsi 118.6 kv.metr olan qeyriyaşayış binasının mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisi, AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti istifadədə olan 0.0072 ha torpaq sahəsində 19A ünvanında yerləşən ümumi sahəsi 118.6 kv.metr olan daşınmaz əmlakın (qeyri-yaşayış binası) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 60 kv.metr ərazini icarəçi Cavabdeh aylıq 300 manat olmaq şərtilə xx.xx.2024-cü il tarixinədək icarəyə vermişdir. İş materiallarında olan "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən ictimai iaşə xidməti təyinatlı qeyri-yaşayış binasında yerinə yetirilməsi nəzərdə tutulan təmir-bərpa işlərinin bazar qiymətləri ilə smetasından görünür ki, smeta dəyəri 4793 manatdır. İş materiallarında olan sifarişçi Nümayəndə2 və icraçi tərəfdən "xxxx" MMC-nin nümayəndəsi X5 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ictimai iaşə xidməti təyinatlı qeyri-yaşayış binasında Forma-2 üzrə yerinə yetirilmiş təmir-bərpa işlərinin qəbulu haqqında aktda adları qeyd edilən işlər görülmüş, təhvil verilmiş və bu işlərin dəyəri 4793.40 manat pul vəsaiti olaraq icraçıya nəğd şəkildə ödənilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər xx.xx.2019-cu il tarixdə beş illik icarə müqaviləsi bağlamış, lakin həmin müddət başa çatmamış 2022-ci ilin noyabrında kirayə münasibətlərinə son vermişlər. Cavabdehin həmin obyektdə fəaliyyəti dövrünə aid 1574 manat elektrik enerjisinin, 24 manat isə təbii qazın istehlakına dair borc yaranmışdır. Bundan əlavə icarəyə götürülmüş tikiliyə ziyan vurulmuşdur.. Birinci instansiya məhkəməsi iddiamı təmin edərək onunla əsaslandırmışdır ki, icarəyə götürülmüş tikiliyə ziyan, əmlakın tərəflər arasında bağlanmış müqavilə üzrə istifadəsi nəticəsində deyil, cavabdehin həmin sazişdən kənar əməli nəticəsində vurulmuşdur. Çünki, divarlarda müxtəlif diametrli dəliklərin açılması, reklam xarakterli quş, heyvan şəkillərinin çəkilməsi, habelə isti döşəmənin, ümumilikdə bütün döşəmənin sıradan çıxarılması müqavilə üzrə istifadədən irəli gələn deyil, bu anlayışın sərhədlərini aşan hərəkətin nəticəsidir. Məhkəmə hesab edir ki, qanunvericilik “müqavilə üzrə istifadə nəticəsində dəyişmə və ya pisləşmə” dedikdə, əşyanın müvafiq fəaliyyətə bağlı aşınmasını nəzərdə tutmuşdur. Odur ki, reklam işləri, binaya bilavasitə, fəaliyyət nəticəsində olmayan ziyan vurulması hüquqa zidd əməl kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən də görünür ki, icarəyə verən İddiaçı Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisi, AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti istifadədə olan 0.0072 ha torpaq sahəsində 19A ünvanında yerləşən ümumi sahəsi 118.6 kv.metr olan digər daşınmaz əmlakın (qeyri-yaşayış binası) tam mülkiyyət üzrə ona məxsus hissəsindən 60 kv.metr ərazini icarəçi Cavabdeh aylıq 300 manat olmaq şərtilə xx.xx.2024-cü il tarixinədək icarəyə vermişdir. Lakin işin halları ilə müəyyən olunur ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək qeyd edilən qeyriyaşayış binasının ona məxsus olan hissəsindən əlavə ikinci mərtəbəsindən də istifadə etmişdir.Bundan əlavə tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərində təndirxananın olması da nəzərdə tutulmasa da, işin halları, həmçinin ekspert rəyi ilə müəyyən olunur ki, təndirxana kimi də fəaliyyət göstərərək, qeyri-yaşayış binasının döşəməsinə ziyan vurulmuşdur. Həmçinin mülki işlə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2023-cü il tarixli, 10/4075 saylı rəyindən görünür ki, Sumqayıt şəhəri, 10-cu məhəllə ərazisində (AZ5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19A) yerləşən qeyriyaşayış binasında mövcud olmuş qüsurların aradan qaldırılması üçün çəkilməli xərc orta bazar qiymətlərinə uyğun təqribən 4909 manat məbləğində müəyyən olunur. İsti döşəməsinin ziyan dəymiş hissələrinin bərpası üçün çəkilməli xərc orta bazar qiymətlərinə uyğun təqribən 200 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Həmin Məcəllənin 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Bu Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(060)-19/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-870/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-870/2024
16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver