Məhkəmə qərarları › İş №2(105)-871/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-871/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-871/2021 14.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(060)3095/2020 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(060)3095/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, əsas borc üzrə 9666,37 ABŞ dolları, faiz borcu üzrə 132,89 ABŞ dolları, 23.09.2017-ci il tarixdən 18.03.2020-ci il tarixədək illik 5% hesabı ilə hesablanmış faiz borcu üzrə 1031,20 ABŞ dolları, cərimə borcu üzrə 106,88 ABŞ dolları olmaqla, cəmi 10.937,34 (on min doqquz yüz otuz yeddi ABŞ dolları otuz dörd sent) ABŞ dolları məbləğində pul (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın “Chevrolet Aveo minik” markalı, ağ (metal) rəngli, 2013-cü il buraxılışlı, ** FN *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, cavabdehə məxsus “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsi, avtomobilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC-yə olan borc ödənildikdən sonra avtomobilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 19452 (on doqquz min dörd yüz əlli iki) ABŞ dolları (satış vaxtı ABŞ dollarının manata olan ekvivalentində manatla) məbləğində müəyyən edilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(060)3095/2020 saylı qətnaməsinin qismən, “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 19452 (on doqquz min dörd yüz əlli iki) ABŞ dolları (satış vaxtı ABŞ dollarının manata olan ekvivalentində manatla) məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23.09.2013-cü il tarixli, 117491-1-8885 saylı kredit müqaviləsinə, həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 05.08.2016-cı il tarixli, 01 saylı Razılaşmaya əsasən 18 mart 2020-ci il tarixə 9666,37 ABŞ dolları məbləğində əsas borcun, 132,89 ABŞ dolları məbləğində müqavilə bitdiyi 23.09.2017-ci il tarixə faiz borcunun, 1031,20 ABŞ dolları məbləğində 23.09.2017-ci il tarixdən 18.03.2020-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış faiz borcunun, 106,88 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 10937,34 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, tələbin “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun ”Bank VTB” (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iş üzrə ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.02.2021-ci il tarixli 2(105)- 871/2021 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3627 nömrəli 16.07.2021-ci il tarixli ekspert rəyi ilə “Chevrolet Aveo” markalı, 2013-cü il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 11.000 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, ekspert tərəfindən müəyyən edilmiş orta bazar qiyməti reallığı əks etdirmir. Belə ki, sözügedən avtomobil ekspertiza tədqiqatına təqdim edilməmiş, bu səbəbdən ekspertiza obyektinə baxış keçirilməmiş və faktiki olaraq avtomobilin hazırda istismar nəticəsində hansı vəziyyətdə olması müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı, tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud real qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyinin eyni həcmdə müdafiə edilməsini tələb edir. Bu baxımdan, əmlakın real qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək ehtimal əsasında, ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz. Bundan başqa, ekspert rəyi ilə avtomobilin orta bazar qiyməti müəyyən edilmişdir. Halbuk qanunvericiliyin tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti bazar dəyəri ilə deyil, likvid satış dəyəri ilə müəyyən olunmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olarac ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olar əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, 20 iyul 2020-ci il tarixi qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cı maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmet olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən İpoteka predmeti olan «Chevrolet Aveo minik» markal, ağ (metal) rəngli, 2013-cü il buraxılışlı, sedan tipli, mühərrik A14XER19YT0324, ban KL1TA69F9DB115098 olan ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə təkrar qiymətləndirmə ekspertizası təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat apellyasiya şikayətində ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin 19452 ABŞ dolları həddində müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Bu səbədən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 19452 (on doqquz min dörd yüz əlli iki) ABŞ dolları müəyyən edilməsi hissəsində dəyişdirilməli, “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 11000 manat müəyyən edilməlidir. AB seriyalı, 979439 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Aveo minik” markalı ** FN *** dövlət nömrə nişanlı minik avtomobili mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Cavabdeh1 ilə iddiaçı arasında bağlanan 23.09.2013-cü il tarixli, 117491-1-8885 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, illik 17 % ödənilməsi şərtilə 17506 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan ödəniş planına əsasən cavabdeh kredit müqaviləsi üzrə hər ay 508,09 ABŞ dolları, sonuncu ay isə 314,78 ABŞ dolları ödəniş etməli idi. 117491-1-8885 saylı, 23.09.2013-cü il tarixli “avtomobil krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 05.08.2016-cı il tarixli, 01 saylı Razılaşmaya əsasən Cavabdeh1 borcu kapitallaşdırılaraq 10547 ABŞ dolları məbləğində müəyyən edilmiş, o, həmin borcu 13 ay 18 gün müddətinə, yəni 17.04.2018-ci il tarixinədək qaytarmağı və 17 % ödəməyi öhdəsinə götürmüşdür. 23.09.2013-cü il tarixli, 117491016-12725 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə özünə məxsus “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İşdən görünür ki, ”avtomobil krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi ilə əlaqədar tərəflər arasında 23.09.2013-cü il tarixli 117491-16-12725 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 05.08.2016-cı il tarixli, 01 saylı Razılaşma bağlanmışdır. İşdən görünür ki, avtomobil krediti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 23.09.2013-cü il tarixli 117490-75342 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Eyni zamanda avtomobil krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi ilə əlaqədar tərəflər arasında 23.09.2013-cü il tarixli, 117491-7-5342 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 05.08.2016-cı il tarixli 01 saylı Əlavə Razılaşma bağlanmışdır. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh1 iddiaçıya 1174911-8885/1 saylı, 05.08.2016-cı il tarixli avtomobil krediti müqaviləsi üzrə 18.03.2020-ci il tarixinə 9666,37 ABŞ dolları əsas, 132,89 ABŞ dolları faiz (23.09.2017-ci il tarixinə), 1031,20 ABŞ dolları faiz (23.09.2017-ci il tarixdən 5% hesabı ilə), 106,88 cərimə borcu olmaqla, cəmi 10937,34 ABŞ dolları borcu vardır. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 23.09.2013-cü il tarixli, 102895 saylı çıxarışa əsasən Cavabdeh1 məxsus “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdən göründüyü kimi iddiaçı tərəfindən göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsində 13.10.2019-cu il tarixində qeydə alınmışdır. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətini müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətini tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə istinad edərək 19452 ABŞ dolları həddində müəyyən etmişdir. Qeyd edilən hal iddiaçı təşkilat tərəfindən mübahisələndirilmişdir. Belə ki, tərəflər arasında müqavilə 2013-cü il tarixdə bağlanmış, həmin tarixdən 2020-ci ilədək avtomobil cavabdeh tərəfindən istismar olunmuşdur. Avtomobilin istismar edilməsi nəzərə alınarsa, onun dəyərində dəyişiklik olması təbii haldır. Bu səbəbdən də avtomobilin hazırda dəyərinin ipoteka müqaviləsi bağlanarkən müəyyən edilmiş həddə, yəni 19452 ABŞ dolları olması ağlabatan deyildir. Buna görə də gələcəkdə bununla bağlı yarana biləcək şübhələrin qarşısını almaq üçün ipoteka predmeti olan avtomobilin hazırki gündə ilkin satış qiymətinin müəyyən edilməsi zəruridir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən də, iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilərək avtomobilin ilkin satış qiyməti müəyyən edilməlidir. Qeyd edilən halın aydınlaşdırılması üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin16 iyul 2021-ci il tarixli, 9/3627 saylı ekspert rəyindən görünür ki, 2013-cü il buraxılışlı “Chevrolet Aveo minik” markalı avtomobilin normal vəziyyətdə istifadəyə yararlı halda orta bazar qiyməti 11000 (on bir min) manat müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə qeyd edilən hissədə dəyişdirilməli, ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti 11000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin ekspert rəyinə etiraz edərək təkrar ekspertiza təyin edilməsi dəlilinə qiymət verərək qeyd edir ki, nümayəndə təkar ekspertizanın keçirilməsini əsaslandıra bilməmişdir. Həmçinin avtomobilin ekspertə təqdim edilməməsini, belə olan halda avtomobili görmədən ekspertin avtomobilə qiymət qoyması barədə dəlilə qiymət verərək qeyd edir ki, nəqliyyat vasitəsinin ekspertizaya təqdim olunması mümkün olmadıqda, avtomobilin qiyməti qeydiyyat şəhadətnaməsindəki göstəricilər əsasında köhnəlmə faizi (aşınması) nəzərə alınmaqla da müəyyən edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 19452 ABŞ dolları müəyyən edilməsi hissəsində dəyişdirilməli və ipoteka predmeti olan əmlakın ilkin satış dəyəri ekspert rəyinə uyğun olaraq 11000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə, “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 19452 (on doqquz min dörd yüz əlli iki) ABŞ dolları məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli, “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 11000 (on bir min) manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının apellyasiya şikayəti təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(060)3095/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə, “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 19452 (on doqquz min dörd yüz əlli iki) ABŞ dolları (satış vaxtı ABŞ dollarının manata olan ekvivalentində manatla) məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 11000 (on bir min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı ASC-dən, 50 (əlli) manatı Cavabdeh1 alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar