Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-871/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-300/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-8196/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8196/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 220 manat olmaqla ümumilikdə iki uşağa görə 440 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını və həmçinin mediasya üçün ödədiyi 50 manat rüsumunun da cavabdeh aid edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 235 manat olmaqla ümumilikdə iki uşağa görə 470 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh Baxşiyev Tahir Əliəddin oğlu ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları var: xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X5 oğlu. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8196/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X5 oğlunun onun yanında qalmasının müəyyən olunması və birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəlliidlü X5 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər ay bir uşaq üçün 137 manat olmaqla ümumilikdə iki uşağa görə 274 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Qeyd edir ki, o, 274 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə onların təlabatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2023-cü il respublikada uşaqlar üçün yaşayış minimumunun 220 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbindən də göründüyü kimi aliment miqdarı artılır o zaman ki, cavabdehin maddi vəziyyətində dəyişiklik olunsun. Onun isə maddi vəziyyəti müsbətə deyil, mənfiyə doğru dəyişmişdir. Belə ki, əvvəllər pensiya təminatı olsa da, hazırda o da mövcud deyildir. Bu halı məhkəmə nəzərə almayaraq aliment miqdarını artırmışdır. Qətnamə qəbul edilən zaman onun gəlirləri və ümumiyyətlə maddi vəziyyəti nəzərə alınmamışdır. Məhkəmə qəbul edilən zaman iş üçün əhəmiyyəti olan bir çox məsələlər aydınlaşdırılmamışdır. Belə ki, məhkəmə alimentin artırılması barədə qətnamə qəbul edən zaman onun ailə vəziyyətini və maddi vəziyyətini yoxlamalı olduğu təqdirdə bununla bağlı heç bir tədbir görməmişdir. Onun işsiz olduğunu, maddi vəziyyətinin isə pis olduğunu nəzərə almamışdır. Hətta iddiaçı onun uşaqları ilə görüşdürməkdən, hətta telefon vasitəsilə belə əlaqə saxlamaqdan məhrum etmişdir. Məhkəmə yalnız iddiaçının verdiyi sübutlarla yetərlənmiş, onun tərəfindən hər hansı bir sübutun ola biləcəyini belə nəzərə almamışdır. Məhkəmə iddiaçının əsas gətirdiyi halları, yəni, onun hərbiçi olduğunu, pensiya aldığını və prezident təqaüdçüsü olduğunu əsas gətirməklə alimentin artırılmasını tələb etsə də, dediyi halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının qanunvericiliyi iddia edilən hər bir halın sübut edilməsi vəzifəsini məhz iddiaçının üzərinə qoymuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin hazırda subay olmaqla yenidən nikaha daxil olmadığını, himayəsində başqa övladı olmadığını, 2024-cü il üçün yaşayış minimumunu və uşaqların tələbatlarını nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hüquqi qiymət verilməsini zəruri hesab edir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X5 oğlunun anadan olması və həmin uşaqların hazırda iddiaçının himayəsində olmaları, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 137 manat olmaqla, ümumilikdə 274 manat məbləğində alimentin tutulması qət edilmişdir. Mövcud iddia tələbi isə həmin qətnamə ilə müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112-ci maddəsi təşkil edir. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (Ailə Məcəlləsinin 112.1. maddəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaşı artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X5 oğlunun saxlanılmaları üçün Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı hər ay hər uşaq üçün sabit pul məbləğində 137 manat olmaqla, ümumilikdə 274 manat miqdarında müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan 7 ilə yaxın müddətin keçməsi nəzərə alınarsa, alimentin artırılmasını qaçılmaz edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, uşaqların saxlanılmaları üçün ödəniləcək alimentin məbləğində ardıcıllığın və bununla da uşağın mənafeyinin əsaslı olaraq pozulmaması üçün alimentin məbləği qismən artırılmaqla bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan bir uşaq üçün 137 manat olmaqla, ümumilikdə 274 manat miqdarında alimentin artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat miqdarda tutulması təşkil edir (470-274=196 manat). Həmin artımın bir il ərzində məcmusu isə (196 X 12 ay = 2352 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə uyğun olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Lakin hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, başqa sözlə desək, qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə mindiyindən, alimentin tutulması dərhal icra edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217.2, 234.2.1, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8196/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-871/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-871/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver